Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:12

Orxan Pamuk dövlətin yardımından imtina etdi


Nobel mükafatlı türk yazarı Orxan Pamuk onun İstanbulda yaratmaqda olduğu “Məsumiyyət muzeyi”nə dövlət tərəfindən ayrılan puldan imtina edib.

Büdcədən muzeyə pul ayrılması qalmaqal yaratmış, “Pamuk özü varlı adamdır, dövlət onun muzeyinə niyə pul ayırır, həmin pul şikəstlərin probleminin həllinə ayıra bilərdi” tipli fikirlər səslənmişdi. (Mübahisələr haqda ətraflı burda oxu).

“2010 İstanbul Avropa Mədəniyyət Paytaxtı” layihəsi çərçivəsində İstanbulda bir sıra layihələr gerçəkləşdirilir və Pamukun son romanının adını daşıyan muzeyin tikilməsi də həmin layihələrdən biridir.

Muzeydə şəhərin axır 50 ildəki tarixi müxtəlif əşyalar, fotolar, rəsmlərlə anladılacaq.

Muzeyin yaradılması üçün xərcin 70 faizini Pamuk özü çəkib, qalan 750 min lirəni isə yazıçının xahişi ilə dövlət verməyi boynuna götürmüşdü.

Amma Pamuk layihə rəhbərlərinə məktub yazaraq istəyindən imtina etdiyini və indiyəcən muzeyin tikintisinə ayrılan pulun faizi ilə geri qaytarılacağını bildirib.

“2010 İstanbul Avropa Mədəniyyət Paytaxtı” layihəsinin rəhbəri Şekib Avdagiç Pamukun layihədən imtinasına səbəb olan tənqidlərə münasibətini bildirib, onun qərarından üzüldüyünü qeyd edərək Nobel mükafatlı yazıçının hədsiz töhmətlərə məruz qoyulmasının səbəbini anlamadığını dilə gətirib.

“Orxan bəyi arayıb 20-25 dəqiqə danışdım, birtəhər inandıra bildim, amma ikinci dəfə əleyhinə yazılar çıxanda layihədən tamamilə imtina etdi. Əlimizdən bir şey gəlmədi”.

Şekib Avdagiç muzeyin yazarın öz vəqfi tərəfindən tikilib tamamlanacağını deyib.

Həmçinin oxu

Herta Müllerin "PASSPORT"u: Diktaturanın "bac aldığı" namus
XS
SM
MD
LG