Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:58

Nehrəmli Bakıda qaçqın statusu istəyir…


Nehrəm bazarı, sentyabr 2007
Nehrəm bazarı, sentyabr 2007
Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kənd sakini Sahib Hüseynov fevralın 15-dən Bakıda aclıq aksiyasına başlayıb.

Fevralın 16-da «İşdən sonra» proqramının qonağı olan Sahib Hüseynov Naxçıvandakı vəziyyətlə bağlı bunları deyib:

«Bakı ilə Naxçıvan arasında böyük fərq var. Sözünü çatdıracağın yer yoxdur. İstədikləri təzyiqi edirlər. Özünüz bunun şahidisiniz. Vasif Talıbov hakimiyyətin onurğa sütunudur. Ölkə başçısı kimi İlham Əliyev baş verənlərə reaksiya vermədi. Tələbim Naxçıvanda insan hüquqlarının bərpasıdır. Bərpa olunmasa, bizə qaçqın statusu verilsin. Biz Naxçıvandan məcburi şəkildə gəlib Bakıya sığınmışıq, amma burada da işsizik. Mən belə düşünürəm ki, partiya liderləri də qorxurlar ora getməyə. Bu gün Azərbaycanda həqiqət budur ki, partiyalar da artıq öz mənafelərini güdürlər. Biz əzilirik və bizə heç yerdən kömək gəlmir. Bizim başımıza oyunlar gəldi, bir dənə müxalifət lideri Naxçıvana gəlmədi…».

Sahib Hüseynovun təzyiqlərə məruz qalması tarixçəsi Norveç Helsinki Komitəsinin Naxçıvan haqda hesabatına da düşüb. Fevralın 16-da açıqlanan hesabatda əksini tapan tarixçəni Sahib Hüseynov Azadlıq Radiosunun dinləyicilərinə danışdı:

«2005-ci ilin iyul ayları idi, biz seçkilərə hazırlaşırdıq. Mən Babək rayonu, Nehrəm kəndi 17-ci seçki dairəsindən parlamentə namizədliyimi vermək istəyirdim. AXCP–nin yerli təşkilatının sədri Asəf Quliyevin Nehrəmə gələcəyi bildirildi. Təklif edildi ki, namizədliyimizi o partiyadan verək. Biz də razılaşdıq, onlar Nehrəmə gəlsinlər, bizimlə görüşsünlər. Bizim görüşümüzün səhəri Naxçıvan polis əməkdaşları məni evimdən götürüb Babək rayon Polis Şöbəsinə apardılar. Orada bir neçə saat saxladıqdan sonra məni Şərur rayon ərazisinə tərəf apardılar. Dedilər ki Türkiyəyə gedəcəksən, seçkilər qurtarandan sonra qayıdacaqsan. Mən razılaşmadım, məni döydülər. Qabırğalarımı sındırdılar. Döyüləndən sonra məcburi şəkildə razılaşdım. Sonra məni Türkiyəyə göndərdilər. Ora gedəndən sonra ağrılar hiss etdim. Zəng vurub dedim ki vəziyyətim ağırdır. Nehrəm kənd sakinləri yolu kəsib məni evə qaytardılar».
Sahib Hüseynov sonralar dəfələrlə təzyiqlə üzləşib və 2006-cı ildə Bakıya köçüb. Dediyinə görə, «Naxçıvanda yaşamaq üçün biət etməlisən. İş yoxdur. Orada onların tərəfinə keçməlisən ki, sənə iş versinlər ya da sürünməlisən».

Proqrama telefonla qoşulan Naxçıvanda Demokratiya və İnsan Azadlıqları Mərkəzinin rəhbəri Məlahət Nəsibova Norveç Helsinki Komitəsinin Naxçıvan haqqında hesabatı barədə məlumat verib:

«Hesabat Naxçıvanda baş verən hadisələri tam reallıqla əks etdirir. Sahib Hüseynovun başına gətirilənləri biz gözümüzlə görmüşük. Hər seçkidən əvvəl Naxçıvanda hadisələr törədilir. Parlament seçkiləri vaxtı namizədliyi irəli sürülən müxalifətçilərin başına da dəhşətli oyunlar gətirilir. Hətta jurnalistlərin də üzərinə hücumlar olur. İşsizlik problemi var. İşçilərin rahat işləmələrinə də imkan verilmir. Hər an qorxu, hər an basqı var. Vətəndaşa günahdır partiya üzvü olmaq, müstəqil mətbuata müsahibə vermək, hər hansı ictimai təşkilatın üzvü olmaq...».

AUDİONU DİNLƏYİN.
XS
SM
MD
LG