Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:33

İlham Əliyev: «Xəzərin suyu şirinləşdirilməlidir»


«Xəzər suyunun şirinləşdirilməsi, bu sudan suvarma üçün və gələcəkdə içməli su kimi istifadə edilməsi üçün lazımi tədbirlər görülməlidir».

Fevralın 18-də ekoloji məsələlərə həsr olunmuş iclasda prezident İlham Əliyev belə deyib.

Prezident bildirib ki, lazımi tədbirlər görülərsə, bu məsələnin həllinə nail ola bilərik: «Hesab edirəm ki, vacib olan məsələlərdən biri Azərbaycanda heç vaxt sınaqdan keçməmişdir. Ancaq biz nə vaxtsa buna başlamalıyıq və Xəzər suyunun şirinləşdirilməsi, bu sudan suvarma üçün və gələcəkdə içməli su kimi istifadə edilməsi üçün lazımi tədbirlər görülməlidir. Mən hesab edirəm ki, 2010-cu ildə pilot layihəsi icra edilməlidir. Bu təcrübə başqa ölkələrdə vardır. Yaxın Şərq ölkələrində bu təcrübədən geniş şəkildə istifadə edilir. Biz bu gözəl təcrübəni tətbiq etməliyik».

Prezident deyib ki, bu, bahalı layihədir, ancaq insanların sağlamlığı, ekoloji və su təhlükəsizliyinin təmin edilməsi üçün maliyyə problemlərinə baxılmamalıdır : «2010-cu ildə, hesab edirəm ki, biz ilkin layihəni görməliyik».

Prezident həmçinin deyib ki, Abşeronda, Bakı ətrafında mövcud olan bəzi göllər qurudulmalıdır.

«Ancaq, eyni zamanda, bəzi göllər abadlaşdırılmalıdır, onların suyu təmizlənməli və insanların istirahəti üçün yaxşı vəziyyətə gətirməlidir. Böyükşor gölü, Zığ gölü, Bülbülə, Hacıhəsən, Qırmızı göl, Masazır, Mirzələvi, Çuxurdərə, Zabrat, Qala, Puta, Daşgil gölləri abadlaşdırılmalıdır».

Bu göllərin abadlaşdırılması üçün konkret təkliflərin olduğunu bildirən prezident deyib ki, bu işi aparmaq üçün gərək maliyyə mənbələri müəyyən edək.

«Beləliklə, biz bu gün Bakının ətrafında, yəni, çox bərbad mənzərə yaradan, müxtəlif məişət tullantıları ilə, neft tullantıları ilə, digər zəhərli maddələrlə çirklənmiş bu gölləri təmizləyəcəyik».

Prezident atmosfer havasının mühafizəsi üçün ciddi tədbirlər görüldüyün də deyib:

«Verilən məlumata görə, 2000-2008-ci illər ərzində avtomaşınların sayı 423 mindən 823 minə qədər artmışdır. Bu, özlüyündə əlbəttə ki, havanın çirklənməsi üçün əsas amillərdən biridir. Biz Avrostandartlara keçməliyik. Bu ildən bu istiqamətdə göstəriş verilib. Biz «Avro-2» və ondan sonra «Avro-3”, «Avro-4», «Avro-5» səviyyəsinə çatmalıyıq. Biz bu sahədə ölkədəki vəziyyəti tam şəkildə Avropa standartlarına uyğunlaşdırmalıyıq».
XS
SM
MD
LG