Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:36

H.Əliyev Mərkəzinin özülünə ölkənin bir illik elm xərclərindən çox pul gedib


Heydər Əliyev Mərkəzinin planı
Heydər Əliyev Mərkəzinin planı

HƏR DOĞULAN UŞAĞA BİRDƏFƏLİK MÜAVİNƏT 75 YOX, 1400 MANAT OLARDI, ƏGƏR...

(Mətnin sonunda Heydər Əliyev Mərkəzinin təsdiqlənmi. planından şəkillərə baxın)

Bakıda inşa olunan Heydər Əliyev Mərkəzinin təkcə özülünün inşasına dövlət büdcəsindən son üç ildə üst-üstə 140 milyon vəsait ayrılıb.

İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu deyir ki, bu pul digər büdcə xərcləri ilə müqayisədə çox böyükdür:

“140 milyon manat Azərbaycanın birillik elm xərclərindən 1,5 dəfə böyükdür, bu il elm xərclərinə 98, 2 milyon manat ayrılıb.

Bu gənclər, idman və turizm xərclərinə ayrılmış vəsaitdən altı dəfə böyükdür. 2010-cu ilin büdcəsindən sahəyə cəmi 23 milyon manat
ayrılıb.

140 milyon manat ölkənin məktəbəqədər və ibtidai təhsil xərclərindən təqribən iki dəfə böyükdür.

Bütövlükdə mədəniyyət və incəsənət xərclərindən 40 milyon manat artıqdır.

140 milyon manata bələdiyyələrə verilən dotasiyaları 40 dəfə artırmaq mümkün idi.

Ölkədə yeni doğulmuş uşaqlar üçün illik müavinət fondu 7, 5 milyon manatdır. 140 milyon manat hesabına hər doğulan uşağa birdəfəlik müavinət kimi 75 yox, 1400 manat müavinət vermək olardı”.

Qubad İbadoğlu deyir ki, nəzərə alanda ki, 140 milyon manat sadəcə özül üçündür, onda belə nəticə çıxarmaq olar ki, binanın tikintisi və komplektləşdirmə işləri üçün bundan bir neçə dəfə artıq vəsait ayrılacaq.

ANALOQU OLMAYAN MƏRKƏZ

Heydər Əliyev Mərkəzinin tikilməsi haqda prezident İlham Əliyev 2006-cı ilin dekabrında sərəncam verib. Az sonra isə tikintiyə başlanıb.

Hakimiyyət rəsmiləri bu layihəni “analoqu olmayacaq tikili” kimi xarakterizə edirlər.

Mərkəz ümumilikdə 15,25 hektar sahəni əhatə edir. Bina müasir texnologiyalarla təchiz olunacaq və çoxşaxəli struktura malik olacaq, beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edəcək.

“21-Cİ ƏSR BAKISINA LAYİQ MƏRKƏZ TİKMƏYİN VAXTI İDİ”

Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan üzvü Nazim Məmmədov bu fikirlə razılaşmır ki, Heydər Əliyev Mərkəzinin tikintisi üçün büdcədən ayrılan vəsaitin həcmi böyükdür:

“Bu, olduqca möhtəşəm bir tikilidir. Odur ki, vəsaitin məbləği təəccüblü olmamalıdır. Mərkəz Azərbaycanın beynəlxalq imicinə müsbət təsir edəcək, dünya əhəmiyyətli görüşlərə ev sahibliyi edəcək, Bakıya xüsusi bir özəllik və gözəllik verəcək.

Böyük tədbirlərin keçirildiyi salonların hamısı Sovet hökuməti dövründən qalıb. Artıq zamanıdır ki, 21 –ci əsr Bakısına layiq, yaraşıqlı bir mərkəz tikilsin. Amma ona da bilməlisiniz ki, büdcədən bu layihəyə ayrılan vəsaitin necə xərclənməsinə qəpiyinə qədər nəzarət olunur”.

2007-ci ildə təsdiqlənmiş Heydər Əliyev Mərkəzinin layihəsindən görüntülər.

XS
SM
MD
LG