Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:38

«Eynullanı nə qədər sıxsalar, o bir o qədər möhkəmlənir»


Eynulla Fətullayev məhkəmədə, 20 aprel 2007
Eynulla Fətullayev məhkəmədə, 20 aprel 2007
- Ola bilsin ki, bunların işini bəyənməyiblər. Ona görə də işlərini təkmilləşdirmək üçün əlavə vaxt qazanmaq istəyirlər.

Bu fikirləri jurnalist Eynulla Fətullayevin istintaq təcridxanasında saxlama müddətinin uzadılmasını dəyərləndirən vəkil Elçin Sadıqov deyir.

PROKURORLUQDAN BİR-BİRİNƏ ZİDD İKİ MƏKTUB?

Fevralın 25-də Qaradağ Rayon Məhkəməsi «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin redaktoru Eynulla Fətullayevin təcridxanada daha iki ay saxlanması ilə bağlı qərar verib. Terrora çağırış, mili ədavəti qızışdırma və vergidən yayınmada günahlandırılaraq 8 il yarım azadlıqdan məhrum edilən jurnalistin üzərindən ötən il dekabrın 29-da həbsxanadaca heroin tapılmışdı.

Nəticədə də Eynulla Fətullayev haqqında növbəti cinayət işi açılmış və o Bakı İstintaq Təcridxanasına göndərilmişdi.

Elçin Sadıqov
Eynulla Fətullayevin vəkili Elçin Sadıqov deyir ki, hələ fevralın 20-da Qaradağ Rayon Prokurorluğu təcridxanaya məktub göndərərək istintaqın başa çatdığını bildirmişdi. Ancaq onlar işlə tanış olacaqlarını gözlədikləri bir halda rayon prokurorluğu mövqeyini dəyişib. Bu dəfə istintaqın davam etdiyi bildirilərək, Eynulla Fətullayevin təcridxanada saxlanmasının daha 2 ay uzadılması zəruri sayılıb.

Qaradağ Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcəklərini bildirən vəkilin fikrincə, məhkəmə də istintaqın bu qənaətə hansı zərurətdən gəldiyi ilə maraqlanmağa ehtiyac duymayıb:

QOŞULAN NAĞILIN BƏZƏNMƏSİ?

- Məncə, istintaq öz qoşduğu nağılı bəzəməklə məşğuldur. Bu, süründürməçilikdir. Təqribən 10 gün hərəkətsiz qalıb sonra da istintaqı davam etdirməyə qərar vermək əslində gizli niyyətdən xəbər verir.

Ancaq prokurorluq isə vəkilin fikirlərinə cavab olaraq hər hansı bir açıqlama vermir. Gün ərzində dəfələrlə əlaqə saxlasaq da, Respublika Prokurorluğunun mətbuat xidmətindən bizə
Emin Fətullayev
Bakı Şəhər Prokurorluğunun mətbuat xidməti ilə əlaqə saxlamağı tövsiyə etdilər. Bakı Şəhər Prokurorluğunun mətbuat xidməti isə açıqlama vermədi.

EYNULLANI NƏ QƏDƏR SIXSALAR, O BİR O QƏDƏR MÖHKƏMLƏNİR…

Eynulla Fətullayevin atası Emin Fətullayev isə qeyd edir ki, gələn ay Avropa İnsan Hüquqları Məhkəməsi oğlunun işinə baxmalıdır. Onun fikrincə, bu istintaqı uzatmaqla Eynulla Fətullayevin azadlığa çıxmasını mümkün qədər uzatmaq istəyirlər. Fevralın 25-də Qaradağ Rayon Məhkəməsində Eynulla Fətullayevlə uzaqdan-uzağa hal-əhval tutan ata düşünür ki, oğlu bundan sonra da mübarizəyə hazırdır:

- Eynullanı nə qədər sıxsalar, o bir o qədər möhkəmlənir. Allah hamınızın işini avand etsin, görək də…

Fevralın 26-da Bakı İstintaq Təcridxanasında Eynulla Fətullayevlə görüşən vəkil Elçin Sadıqov da onun əhval-ruhiyyəsinin yüksək səviyyədə olduğunu deyir. Vəkil qeyd edir ki, fevralın 25-də Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi də Eynulla Fətullayevə baş çəkib. Elçin Sadıqovun sözlərinə görə, Eynulla Fətullayevdə avropalı qonaq, daha narahat bir təəssürat yaradıb. Eynulla Fətullayevin vəkillə bölüşdüyü gümanlarına görə, beynəlxalq təşkilatlar da Azərbaycanda baş verənlərin çox ciddi fərqindədirlər. Hər halda ona dözümlü olmağı məsləhət biliblər…
XS
SM
MD
LG