Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:29

İsa Qəmbər də bloqçu oldu


Bu günlərdə bloqosferə daha bir siyasətçi qoşulub, Müsavat partiyasının başqanı İsa Qəmbər! «Gələcəyə inanmayanlar keçmişdə qalacaqlar» deyən bloqçunun son video postu Xocalı soyqırımına aiddir.

***

Şahin yazır ki, bu günlərdə İctimai Televiziyasında Xocalı haqda verilişdə aparıcı «qədim Xocalı şəhəri yerlə yeksan edilib» deyib:

«Birincisi, Xocalı faciədən iki il əvvəl şəhər olub, ikincisi, hücum və şəhəri ələ keçirən zaman ciddi dağıntı olmayıb. İnsanları şəhərdən kənarda, Naxçivanik kəndi yaxınlığında öldürüblər. 1998-ci ildə mən şəxsən vertolyotdan Xocalının salamat olduğunu görmüşəm. Məhz bu cür məsuliyyətsiz bəyanatlara görə ermənilər bizi tarixi saxtalaşdırmaqda günahlandırırlar...».

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalını işğal edib. 613 nəfər dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.

***
REFERENDUM OLSUN

İlqar Məmmədov təklif edir ki, bu il yenidən referendum keçirilsin. Səbəbini isə belə izah edir:

«Baş naziri prezidentin yerinə gətirəcək 2002-ci il Ana Yasa dəyişikliyi o zaman sadəcə İlham Əliyevə xidmət edirdisə, indi millət üçün gerçək təhlükəyə çevrilib. Rəsi-zadənin 75 yaşı var, azından gözləri elə xəstə durumdadır ki, həkim ondan cəmi bir neçə saatlıq məsafədə olmalıdır.

Onu kimə dəyişirsən dəyiş, bəzi xarici qüvvələr o dəyişiklik ətrafında yeni siyasət qurmağa başlayacaqlar. Başqa planlamaları demirəm, amma prezidentin başına təsadüfən bir iş gəlsə, Ana Yasanın 101-ci maddəsinə ötən il edilən dəyişiklik «müharibə şəraiti» bəhanəsilə bütün seçkiləri müddətsiz ertələdər və beləliklə, Azərbaycan dövlətinin başında heç saxta seçkilərdə deyil, qəti seçkilərdə qalib gəlməmiş bir şəxs dura bilər.

Məncə, bu ilin parlament seçkiləri zamanı bir sıra önəmli konstitusion dəyişikliklərini də həyata keçirmək olardı. Onlar sırasında, bu praktiki təhlükəni aradan götürən yenilik də olmalıdır».

***

RZA NURİYEVİN ÖLÜMÜ - QƏTLİ İDİ

Devrimsol yazır ki, Bənəniyar hadisələri zamanı həbs olunan müxalifətçi Rza Nuriyev əcəli ilə ölməyib, onu qətlə yetiriblər:

Cəlladlar çox olanda, heç kəs özünü cəllad saymır. Dövlət terrorizmi qatilləri hətta mənəvi əzabdan da azad edir. Və qatillər dönüb olurlar «dövlətçiliyin dayaqları». Eynilə nasist Almaniyasındakı kimi. Rza Nuriyevin ölümü qətli idi. Günahkarların nəinki məhkəmə ilə cəzalanacağına, heç gecənin bir qaranlığından soyuq tər içində oyanıb qorxu-xəcalət-dəhşət içində çapalayacaqlarına da ümid yoxdur. Legitimləşdirilmiş qətl artıq qətl sayılmır, norma sayılır.

Eynilə 2001-ci ilin Katex hadisələri zamanı Zaqatalanın Car kəndindən 40 ilin müəllimini polis şöbəsinə aparıb söymüş, təhqir etmişdilər. Bir neçə gün sonra o, evinə dönəndə ailəsinə bircə cümlə demişdi: «Daha yaşaya bilmərəm». Həmin gün də ürəyi dayanmışdı. Təmiz adamlar sınmış, əyilmiş halda yaşaya bilməzlər. Əks halda onlar hakimiyyətdə olardılar».

***
AZƏRBAYCANLILAR DAHA ÇOX RUSiYA MAŞINI SÜRÜR

Dərvişin hücrəsindən yazan bloqçu qeyd edir ki, 2009-cu ildə Azərbaycana idxal olunan minik maşınların təxminən 80 faizi Rusiya, Cənubi Koreya və Yaponiyanın payına düşüb:
«Almaniya avtomobilləri idxalın cəmi 6 faizini təşkil edir. Britaniya avtomobilləri Azərbaycan gömrüyündə 29 min dollara, Rusiya maşınları isə 4639 dollara rəsmiləşdirilir. Ümumilikdə 2009-cu ildə Azərbaycana idxal olunan minik avtomobillərinin sayı 36,5 faiz azalıb».
XS
SM
MD
LG