Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:06

Dövlət xərclərini artırmaq üçün Neft Fondundan vəsait cəlb olunmasın


İnvestisiya xərcləri isə 2010-cu ildə dövlət büdcəsinin təqribən dörddə birini təşkil edir - 3.5 milyard manat
İnvestisiya xərcləri isə 2010-cu ildə dövlət büdcəsinin təqribən dörddə birini təşkil edir - 3.5 milyard manat
İbrahim Quliyev metronun «Nizami» stansiyasından üzüyuxarı, gözətçi işlədiyi mağazaya tələsir. 64 yaşlı keçmiş mühəndisin işi hamı evə gedəndən sonra, gecə növbəsi ilə başlayır:

BİZ BUNU HARADAN BİLƏSİYİK Kİ?!

«İşsizlikdən gəlmişik Bakıya, kirayədə qalırıq, şəraitimiz çox pisdir, «oxran» dururam, aya iki yüz manat alıram».

İbrahim Quliyev Bakıya Şəkidən gəlib. Deyir ki, Azərbaycanın neft gəlirləri, 11 milyardlıq dövlət büdcəsi ilə maraqlanmağı heç vaxt ağlına gətirməyib:

«Körpülər, yollar salınır, bunu bilirik, amma büdcə necə bölünür, qəpiyinə kimi necə xərclənir, biz haradan biləsiyik ki?!».

Dövlət büdcəsinin necə xərclənməsini nəinki gözətçi İbrahim Quliyev, heç bu sahənin monitorinqini aparan iqtisadçılar da dəqiq bilmirlər.

Milli Büdcə Qrupunun üzvü, iqtisadçı Kənan Aslanlı deyir ki, Azərbaycanda büdcə hesabına həyata keçirilən investisiya layihələri və tikinti xərclərinin hər birinə nə qədər vəsaitin ayrıldığını çox çətinliklə öyrənmək olur. Müraciətlərə baxmayaraq, Nazirlər Kabineti investisiya layihələrinin detallı siyahısını vermir.

Kənan Aslanlı
Nazirlər Kabinetinin internet saytında da bu haqda məlumat yoxdur. Üstəlik hökumətin mətbuat xidməti telefon zənglərimizə də cavab vermədi.

ANCAQ ÜMUMİ MƏLUMATLAR

İqtisadçı Kənan Aslanlı deyir ki, büdcə haqqında ictimaiyyətə açıqlanan ancaq ümumi məlumatlardır. Geniş büdcə sənədi – büdcə zərfini ancaq şəxsi əlaqələr vasitəsilə əldə etmək mümkündür.

Kənan Aslanlı deyir ki, hər il dövlət büdcəsindən «Azərenerji»nin saxlanılmasına vəsait ayrılır. Amma «Azərenerji» kimi iri vergi ödəyicilərinin ödədiyi verginin məbləği büdcə zərfində göstərilmir deyə, kənardan gəlirli görünən qurumun ümumiyyətlə dövlət yardımına ehtiyacının olub-olmaması bəlli olmur. Kənan Aslanlı beynəlxalq təcrübədən misal gətirir:

«Hindistan, Rusiya, Norveç və Böyük Britaniya, eləcə də digər ölkələrdə büdcə geniş variantda internet saytlarda yerləşdirilir və imkan yaradılır ki, ictimaiyyət həmin məlumatları analiz etsin».

Beynəlxalq Valyuta Fondunun Azərbaycanda səfərdə olan missiyası da öz işini başa vurub və martın 3-də hökumətə tövsiyələrini açıqlayıb.

NEFT FONDUNDAN VƏSAİT CƏLB OLUNMASIN


Tövsiyələrdən biri də budur ki, 2010-cu ildə neftin qiymətləri büdcədə nəzərdə tutulduğundan az olsa belə, dövlət xərclərini artırmaq üçün Neft Fondundan vəsait cəlb olunmasın.
Nazim Məmmədov
Missiyanın rəhbəri Ninke Omes deyir:

«Çünki hökumət öz xərclərinin keyfiyyətini və səmərəliliyini artırmaq üçün kifayət qədər imkana malikdir. Xərclərin səmərəliliyini artırmaq üçün birinci addım olaraq büdcə maddələri hökumətin veb səhifələrində nəşr edilməlidir»

Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Nazim Məmmədov isə deyir ki, o, geniş büdcənin internetdə dərc olunmasının ictimaiyyət üçün mühüm məlumat mənbəyi olacağına inanmır. Onun fikrincə, dərc olunan büdcə layihəsində kifayət qədər məlumat var. Bununla belə, Nazim Məmmədov deyir ki, o, bu təklifi parlamentdə qaldıracaq:

«Etiraf edirik ki, dediyiniz o bir neçə səhifəlik kitab Milli Məclisin saytında yerləşdirilsə, bəhanələr də kəsilər».

Detalları əlçatmaz olan investisiya xərcləri isə 2010-cu ildə dövlət büdcəsinin təqribən dörddə birini təşkil edir - 3.5 milyard manat. İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin ekspertlərinin proqnozlarına görə isə büdcə xərclərinə bu il xüsusilə ehtiyatlı yanaşmaq lazım gələcək. Çünki 2010-cu ildə büdcə kəsiri də əvvəlki illə müqayisədə 7 dəfə artacaq və tarixində ilk dəfə 1 milyard 249 milyon manata çatacaq.
XS
SM
MD
LG