Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:38

Azərbaycan mətbuatı bir jurnalistini də itirdi


İbrahim Bayandurlunun qida borusunun venaları partlayıb və güclü qanaxma nəticəsində səhər saatlarında vəfat edib
İbrahim Bayandurlunun qida borusunun venaları partlayıb və güclü qanaxma nəticəsində səhər saatlarında vəfat edib
Martın 16-da tanınmış jurnalist İbrahim Bayandurlu xəstəxanada vəfat edib. Bir gün əvvəl səhər saatlarında onun vəziyyəti pisləşib. Daxili qanaxma ilə 1 saylı xəstəxanaya aparılıb və dərhal da reanimasiyaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, qanaxmanı dayandırmaq mümkün olmayıb.

1 saylı xəstəxananın reanimotoloqu Şöhrət Verdiyevin sözlərinə görə, İbrahim Bayandurlunun qida borusunun venaları partlayıb və güclü qanaxma nəticəsində səhər saatlarında vəfat edib.

Bayandurlu qara ciyərin sirrozu, Hepatit C, qida borusu venalarının genişlənməsindən əziyyət çəkirmiş. Sonuncu dəfə onunla görüşən və jurnalistin qardaşıyla birlikdə onu təcili yardım maşınında xəstəxanaya aparan dostu, «Demokrat» qəzetinin redaktoru Mustafa Hacıbəylinin dediyinə görə, elə yoldaykən İbrahim Bayandurlunun vəziyyəti çox ağır imiş.

«Biz həkimlərdən dəfələrlə soruşduq ki, bəlkə cərrahi müdaxiləyə ehtiyac var, bəlkə hansısa başqa xəstəxanaya aparmaq lazımdır. Dedilər ki, yox ilk növbədə daxili qanaxmanı kəsmək üçün əlləşirik, bundan sonra nə isə etmək mümkündür».

ÖLÜM EV NÖVBƏSİNDƏN ƏVVƏL GƏLDİ

Mustafa Hacıbəyli deyir ki, vəziyyətinin ağır olmasına baxmayaraq o, xəstəxanaya getmək istəmirmiş.

İbrahim Bayandurlu martın 16-da dəfn olundu
«İbrahim ölmək istəmirdi, onun böyük planları var idi. O həm «Zerkalo» qəzetində işləyirdi, həm bizim «Demokrat» qəzetində məsləhətçi kimi, ekspert kimi bizə kömək edirdi. Bundan başqa AzadlıqRadiosunda yenicə işləməyə başlamışdı. Radiodakı işindən çox razı idi. Deyirdi mən radioda həm istədiyimi yaza bilirəm, həm də orda gözəl bir atmosfer var. Gələcək üçün çox gözəl planları var idi».

Mustafa Hacıbəyli deyir ki, son bir il ərzində jurnalistin vəziyyəti bir neçə dəfə pisləşibmiş.

İbrahim Bayandurlu Qarabağ müharibəsində də iştirak edib, 1992-ci ildə başından ağır yaralanıb. Bir müddət Almaniyada müalicə olunub. İkinci qrup əlil olan jurnalist uzun müddət idi kirayədə yaşayırdı.

İbrahim Bayandurlu müharibə əlili kimi ev növbəsində imiş və mart ayında ona ev veriləcəyi gözlənilirmiş.

Mərhum jurnalistdən ata itkisini o qədər də anlamayan dörd yaşlı qızı Turan yadigar qalıb.

«MƏN ONU TANIYANDA BAPBALACA UŞAQ İDİ»

«Yeni Nəsil» jurnalistlər birliyinin sədri Arif Əliyev deyir İbrahimi lap uşaqlığından tanıyır:

İbrahim Bayandurlu
«Mən onu tanıyanda o bapbalaca uşaq idi. 1989-90-cı illər idi. Son dövrlərdə olduğu qədər çox hərəkətli, yaşına uyğun olmayan tərzdə enerjili, 90-cı il 20 yanvar hadisələrindən sonra o, bizim jurnalist qrupunun ən fəal üzvlərindən biri idi. Çox balaca idi, bilmirəm onda onun 10-15 yaşı var idimi? Qrupun tərkibində onun Vilnusa səfəri yadımdadır. Mən onu o vaxtlardan tanıyırdım. Olduqca bacarıqlı, savadlı və enerjili bir jurnalist idi».

ÖLÜMÜNDƏN 6 GÜN ƏVVƏL...


AzadlıqRadiosunun Azərbaycan redaksiyası ilə əməkdaşlığa yenicə başlayan İbrahim Bayandurlu böyük oxucu marağına səbəb yazılar, müsahibələr hazırlayıb.

AzadlıqRadiosuna gələndən sonra onun ilk müsahibəsi «Solidarnost» Rusiya demokratik hərəkatının yaradıcılarından biri Hari Kasparovla, son müsahibəsi isə hazırda Londonda mühacirətdə yaşayan Rusiya oliqarxı Boris Berezovski ilə olub.
XS
SM
MD
LG