Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:58

Pərviz Cəbrayıl "AĞ BAYRAQ" (Kilkə-7)


I KAĞIZ

Əyilib boğazını irəli uzatdı, ağzındakı siqareti qaz piltəsində alışdırdı.

Qaz cızıldayıb söndü. "İndi də burdan dammağa başladı", - deyib, diqqətlə tavana baxdı. Heç nə sezmədi.

Key-key "çırt" eləyib küçəyə çıxdı. Siqaretə təzə bir qullab vuranda ağzına suda söndürülmüş siqaret tamı gəldi, öyüdü, siqaretin tamam islanıb ovulduğunu gördü. Kötüyünü barmaqlarının arasına qoyub havaya sıxdı. Əlini cibinə saldı.

Yenicə açdığı qutu da islanmışdı. Təəccübləndi

Hamının ona tərs-tərs, daha çox qorxuyla baxdığını görüb, lap çaşdı.

Şəhərdə bir xeyli avaralandı və iş yerinə nə vaxt gəlib çatdığından xəbəri olmadı.

Dəhlizdə qapıyla üzbəüz güzgü vardı. Vərdiş eləmişdi hər içəri girəndə durub özünə baxmağa. Və hər dəfə güzgünün tərləməsi onu təbdən çıxarırdı. İndi də fikirli-fikirli, ani baxışla güzgüyə baxıb qapıya döndü.

Birdən ildırım vurmuş kimi durdu. Bir an geri dönməyə cürət eləmədi. Sonra: "Ola bilməz, - dedi, - axı, elə dünənəcən güzgü vardı burda? Eh, mən də ki..." Arxayınca dönüb baxdı.

Güzgü hardaydı? Yerində akvarium qoyulmuşdu, içində də bircə balıq - gözləri üç dəfə özündən böyük - heyrətlə ona baxırdı. "Deyirəm axı, - düşündü, - belə şey ola bilməz, deməli, güzgünü götürüblər. Heyf..."

- Salam, nə yaman güzgüyə baxırsan, xeyr ola, qardaş? - iş yoldaşıydı. Diksindi. Dönüb "salam" əvəzinə: "Nə, güzgü?.." - çaşqın-çaşqın soruşdu, geri qanrıldı, güzgüdən mat-mat özünə baxırdı. Güzgü yenə də tərləmişdi. Matı-qutu qurudu. Qupquru...

Çantasını açıb hazırladığı yazını redaktora verdi. Su haqda yazmışdı: şəhərə su verilmirdi. Redaktor: - Bu nədi, ə, vərəqlər niyə yaşdı?

Elə bil, tövbə-tövbə, çimizdirib gətirmisən, - dedi, - görək hələ içində nə var. Yazını oxuyub: - Suyu çoxdu, suyunu çıxarsan, pis deyil, pis olmaz, - fikrini bildirdi.

Yan otağa keçib heç nə demədən ərizəsini yazdı, katibənin stolu üstə qoydu. Durub yuxulu-yuxulu baxırdı. Katibə başını qaldırmadan nəsə soruşdu; bayaqdan qurumuş dodaqlarını boyayırdı. Ağzından pis iy gəlirdi. Axır, dikəlib ona baxdı və ... dəli kimi qışqırdı.

... Hələ də açıq qapının kandarındaca durmuşdu - ümid, ümid, ümid dolu gözlərilə.

Qız qorxa-qorxa yaxınlaşıb, onu içəri çəkdi. Qapını bağlayıb kilidini keçirdi. Özünü ona sıxıb boynuna sarıldı. Üzünü-gözünü, boynunu, qulaqlarını öpməyə başladı. Yavaş-yavaş, soyundura-soyundura çəkib çarpayıya uzatdı və bütün bədənini öpüşlərə bələdi.

Sonra o da qızı soyundurmaq istədi. Qız: "Neynirsən, - fısıltıyla dedi, - gələn olar. Elə belə yaxşıdı.

Gözlərini yum. Yum-yum. Beləə. AH..."

Maraq boğdu və zorla, gözüyumulu qızın xalatının düymələrini açdı.

Qız yenə fısıltılı bir "ehh,"- dedi,- sənin də ki bədəninin suyu lap canımı aldı. "Su" sözünü eşitcək diksinib ayıldı, gözlərini açdı və qızın bədəninin çat-çat, qurumuş, tüklü, üfunət saçan gördü. Bərk-bərk gözlərini yumdu. Tüpürüb qalxdı, əynini geyinmədən çıxıb qaçdı.

Qaçdı, qaçdı, - Allaha qədər qaçacaqdı, - gözlərini ruhi xəstəxananın 23-cü qatında açdı. Şüşələri sahilə bənzətdi, sıra-sıra axıb tökülən tər damlalarını dənizin ləpələrinə.

...Ömrü boyu dənizdə çimməmişdi. Hər gecə yuxularında gördüyü dənizdən başqa.

Əvəzində, bu həvəsi söndürmək üçün öz içinə baş vurmuşdu.
Dəniz arzusu illərlə, zaman-zaman yay kimi gərilmişdi içində və onu ox kimi atmaqdan ötrü dənizi gözləmişdi. Bu da dəniz! Özü də özü gəlib - o boyda canıyla.

Canındakı sevincdən uçuna-uçuna geri çəkilib, dənizə baş vurmağa cumdu.

... Dənizə sallanmış balıqçı qarmaqları "gəl-gəl" deyirdi...

II KAĞIZ

Neçə saatdı əlləşirdilər. Az qala nəfəsləri kəsilirdi. Başdan-ayağa suyun içindəydilər. Boğulurdular...

Ölüm qorxusu qılınc kimi başlarının üstündən asılmışdı. Əlləri qana bulaşmış mamaçalar deyinə-deyinə, söyə-söyə ora-bura qaçışırdı. Uşağın bir damcı da doğulmaq fikri yox idi. Cərrah uşağı lənətləyə-lənətləyə qərara gəlməyə çalışırdı:

- Əclafın başını əzməsək, bir şey çıxmayacaq. Bəlkə, üstdən götürək? Ya ana, ya uşaq... İkisindən birinə fatihə!

...Ananın qışqırığı kəsildi - islanmış bədəninin ovuqları ağ mələfə üstdə qaralırdı. İndi ayaqlarını yerə dirəyib, geri dartına-dartına körpə qışqırırdı. Şəfqət bacısı qıyya çəkdi:

"İlahi, necə də gözəldi, elə bil su pərisidi!"

Hamı dönüb baxdı. Nəsə xoş bir hiss keçdi ürəklərindən. Nəsə xoş bir şeyi xatırlamaq istədilər. Bu ləzzətli hissdən ürəkləri döyündü, döyündü, az qaldı ki, qopub tökülsün, birdən ayıldılar və üstlərinə bir qazan qaynar su ələndi elə bil. "Nə pərisi?!!" - quru içlərindən tükürpərdici fəryad qopdu.

Kirpikləri, alnının qırışları ovulub tökülə-tökülə gözləri quru kəlləsinə çıxmışdı cərrahın - uşaq balıq idi - bu dəqiqə sudan quruya atılmış balıq.

Çapalaya-çapalaya şivən qoparırdı. Cərrah gözlərinə inanmadı. Əti ürpəşdi, qəlpələndi, canından bumbuz gizilti keçdi. Sulanmış gözlərini silib bir də, bir də baxdı. Həmən şey idi...

III KAĞIZ

Susuzluqdan il-il dil çıxarmış, ucu-bucağı görünməyən çöllüyün ortasında təkotaqlı bir ev ağarırdı. Evin çevrəsi boyu axan dibsiz çayın əvvəli-sonu yoxdu, eləcə dövrə vururdu.

Çaydan sonra heç bir canlı-cinlinin keçə bilməyəcəyi hasar gəlirdi. Ev yaşıllıq içindəydi. O üzdə göydən od ələnirdi. Quruyub-quruyub çürümüş irili-xırdalı evlər, imarətlər bir damcı yağışa bənddi ki, sökülüb tökülsünlər.

Adamlar da beləcə. Susuzluqdan qupquru qurumuşdular.

Quruyu-quruyub çat-çat olmuşdular. Cadar-cadardılar.

Quruluqlarından çürümüşdülər. Çürüyüb-çürüyüb tökülür, iy verirdilər.

Bədənlərinin üfunət qoxuyan çatlarından kirli, toza bələnmiş, his-pas basmış quru içləri, qurudan-quru ürəkləri görünürdü. Damarlarından qan yerinə qatı çirk-irin axırdı.

Bu üzdən də bu adamlar oddan qorxan kimi sudan qorxurdular.

Hava üfunət qoxuyurdu. İt-pişik, mal-qara, toyuq-cücə, bör-böcək, həşəratlar adamların içində ölgün-ölgün oynaşan siçanlar - tanrının bütün yaratdıqları bu gündə, bu rüzgardaydı. Göydən quruyub qaxac olmuş quşlar ələnirdi.

"Qoy ələnsin, təki, yağış yağmasın" - bir-birini əzib suyunu çıxarmış adamlar dua eləyirdi. Bu suyla da dolanırdılar. Daha özlərindən heç bir qorxuları yoxuydu.

Yad ellərdən uçub gələn quşlar da bu yerin göyündəcə quruyub can verirdi.

Qurumuş quşları qurumuş itlər yeyirdi, toyuq-cücəni qurumuş siçanlar, qurumuş siçanları qurumuş pişiklər... Hər şeyi qurumuş adamlar, qurumuş adamları qurumuş adamlar, bütün adamları da qurumuş torpaq yeyirdi.

Bu yerin canlıları o çaydan o üzə, o üzdəki evə baxırdılar, nifrətdən, kindən, qəzəbdən ovuq-ovuq ovulurdular.

... O ev də dözməmişdi ona. O ev... O evin yeddi kilidli dəmir qapısı vardı; bircə dəfə - o da bağlandığı gün açılıb-örtülmüşdü. Rəngi soyulub tökülmüşdü. Üstündə nə ad, nə soyad, nə də sayı vardı.

Pasa bələnmişdi, açar oyuqları da çürüyüb qalmışdı.

Qapının gözlüyü içəri baxırdı. İçərini görməksə, imkansızdı - gözlüyün gözünü tər tutmuşdu. Görünən yalnız boz-bulanıq su damcıları və tutqun, alatoran kölgələrin hərəkətiydi.

IV KAĞIZ

Qapısı qədər köhnə, paslı dəmir çarpayıda uzanmışdı. Qışqırır, əl-qol atır, anlaşılmaz sözlər deyirdi. Gözündən, bədənindən sel kimi axan dupduru yaş yerini islatmışdı. Tavanda tər damcıları sıralanmışdı.

Divarın küncləri nəmdən qaralmışdı. Divar kağızları sulanmışdı. Pəncərədən pərdə yerinə tər-su asılmışdı. Yarıya kimi su ilə dolub yanmış işıq lampalarından torbalanmış su damcıları asılmışdı.

Otağın tən ortasında iri bir masa, masanın çarpayı üzündə kətil qoyulmuşdu.

Kətildə ağ çarıq, ağ şalvar, ağ xalat, ağ rezin əlcək, ağ baş örtüyü geyinmiş, ağ üzlük və qara qadın eynəyi taxmış həkim oturmuşdu.

Ağ iri çantasını açıb içindən çıxardığı yığın-yığın qəzet, jurnal, kitab, hərbi vərəqə, siyasi xadimlərin portretləri, bəyanatları, seçkiqabağı çıxışları,.. az qala, dünyada nə kağız əməl vardısa hamısını səliqəylə, ayrı-ayrı, dəst-dəst ağ örtük saldığı masanın üstünə düzürdü; hamısı da suçəkən kağızdan...

Gətirdiklərini yerbəyer eləyib çantasını bağladı.

Yaxınlaşan ayaq səsinə döndü.

- Həkim, bizi evlər idarəsindən göndəriblər. Evi təmir eləməliyik.

Axır ki, xəstə də gözlərini səsə açdı. Həkimi, təmirçiləri gördü. Bərkdən, hönkür-hönkür ağladı. Söyürdü, yalvarırdı, anladırdı? Heç nə anlaşılmırdı. Bircə söz belə həkimə tanış deyildi.

Həkim təmirçilərə: "Mən morfi vurmuşam, gözləyirəm. Zalım oğlu anadangəlmə belədi. Görək də neynirik. Siz işinizi görün. Mənə bir maneçiliyiniz olmaz". - dedi.

V KAĞIZ

Ağlaya-ağlaya bədəninə kəsik-kəsik kağız düzən həkimin əlcəkli əllərini öpürdü. Az öncə nifrət elədiyi, yaxınına buraxmaq istəmədiyi həkimə belə isinişməsi, çəkinə-çəkinə olsa da sağalmaq istəmi özünə də qəribə gəlirdi, yenə də ürəyindən həkimi söymək, acılamaq, qovmaq keçirdi (axı O, getməliydi, deyəsən arxasınca da gəlmişdilər, ya gəlməliydilər).

Di gəl, nə üçünsə yazığı gəlib susur, dili ağzında quruyurdu. Heç nə demir, için-için ağlayıb həkimi öpür, bağrına basır, hətta, həkim islanmış kağızları götürüb yenilərini düzmək üçün bircə anlığa ondan ayrılanda qəhərlənirdi.

...Həkim axırıncı yaş kağızlarını da qoparıb əvvəlkilər kimi üstün nəsə yazdı, xəstəyə sarı dönüb: "Darıxma. Sən heç darıxma. Bir şey qalmayıb, bir az da dözsən bitiririk. Baxarsan, hər şey yaxşı olacaq. Sən istəyən kimi.

Döz canım-ciyərim, döz", - dedi, - ən son iki yarpaq kağızı da xəstənin damcı-damcı yaş çıxan gözlərinə qoydu. Sonra yazdıqlarını dəstələyib pəncərəyə yanaşdı, nəfəsliyi açıb "oxqay" dedi, dərindən nəfəs aldı:

"Əməliyyat bitdi", - qışqıra-qışqıra kağız parçalarını nəfslikdən çölə tulladı. Külək kağızları götürüb çaydan o üzə apardı. Oüzlülər kağızları

havadaca qapıb yel kimi bu üzə götürdülər; sevinə-sevinə, qışqıra-qışqıra, bağıra-bağıra, çığıra-çığıra. Gözündəki kağızın birini götürüb bədəninə baxdı. Bədənindəki çatı, çatdağı görüb üşəndi, gözüylə həkimi, təmirçiləri aradı.

Bədəninin çatından içinə boylandı.

Ürəyindən səs eşitdi - kimsə sığallayırdı ürəyinin içini. Kətilin başında ağ qadın tumanı yellənirdi.
Həkimin gətirdiyi ağ kağızların qalanı divara yapışdırılmışdı. Akvariumun suyu çəkilmiş, balıqları qurumuşdu. İşıq lampalarından asılmış son üç damla da qopub qurumuş dibçək güllərinin üstünə düşdü.

Xəstə, gözündə bircə kərə, haçansa, yalnız bircə kərə doyunca ağlayacaq qədər yaş qalanda o biri gözündəki o biri kağızı qoparıb qalxdı, qələmə keçirib pəncərənin ağzına gəldi, evin on addımlığında durmuş adamlara baxıb əllərini yuxarı qaldırdı...

VI KAĞIZ

Atlı birisi çapıb əlindəki kağızı pəncərədən içəri uzatdı. Yazılanları sözlə də dedi:

- Sabah, Filankəs, böyük oğlu Sizə toy eləyir, Sizi də dəvət eləyir.

Kağızı alıb: "Allah mübarək eləsin. Xoşbəxt olsunlar", - dedi.

VII KAĞIZ

Susuzluqdan il-il dil çıxarmış, ucu-bucağı görünməyən çöllüyün ortasında bir ev qaralırdı. Ağ-ağ.
XS
SM
MD
LG