Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:17

Ərdoğanın ermənilərlə bağlı hədələri şərh edildi


ABŞ dövlət katibinin müavini Filip Qordon
ABŞ dövlət katibinin müavini Filip Qordon
DÖVLƏT DEPARTAMENTİ İLƏ KONQRESİN “ERMƏNİ SOYQIRIMI” RAZILAŞMASI YOXDUR

“ABŞ Dövlət Departamenti ilə Konqres arasında “erməni soyqırımı” sənədinin müzakirəsini davam etdirməmək barədə hər hansı razılaşma yoxdur”. Bunu dövlət katibinin müavini Filip Qordon martın 22-də Vaşinqtonda Türkiyədən olan nümayəndələrlə görüşündə bildirib.

Onun sözlərinə görə, Konqres müstəqil hakimiyyət qoludur, onlar doğru bildikləri qərarlar əsasında hərəkət edirlər.

ABŞ-da Nümayəndələr Palatasında Osmanlı imperiyasında ermənilərə qarşı soyqırımı törədildiyi qeyd olunan qərar layihəsi qəbul olunandan sonra belə fikirlər yayılmışdı ki, Dövlət Departamenti bunun Türkiyə ilə münasibətləri korlayacağını əsas gətirərək sənədin Konqresə çıxarılmamasına nail olub. Amma Dövlət Katibinin müavini Filip Qordon bu gün bildirib ki, belə bir razılaşma mümkün deyil.

VAŞİNQTON TÜRKİYƏ SƏFİRİNİN MÜMKÜN QƏDƏR TEZ GERİ QAYITMASINI İSTƏYİR

Filip Qordon qeyd edib ki, Türkiyənin bu müzakirələrə görə öz səfirini geri çağırmasından təəssüflənirlər və mümkün qədər tez səfirin geri qayıtmasını arzulayırlar: “Təəssüf edirik ki, indi Türkiyənin səfiri burada deyil. Biz Türkiyə ilə əlaqələri davam etdirmək istəyirik. Səfirin geri qayıdışını ancaq alqışlayardıq.

Əlbəttə, indiki vəziyyət münasibətlərdə geriləmədir. Belə vəziyyət bizim qurmaq istədiyimiz əməkdaşlıq münasibətlərinə heç də kömək etmir. Amma biz irəli getmək istəyirik, bizim Türkiyə ilə görmək istədiyimiz çox işlər var.

Mən əməkdaşlıq etdiyimiz çox əsas sahələrin heç birində hər hansı ciddi geriləmə görmürəm. Bəli, səfir geri qayıdıb, Türkiyə olduqca sərt etirazlar səsləndirib, amma biz dünya boyu əməkdaşlığımızı davam etdirməkdəyik”.

Filip Qordon Türkiyə səfirinin aprelin 24-dən – “erməni soyqırımı” iddialarının anım günündən tez Vaşinqtona qayıtmayacağı barədə məlumatları şərh etməkdən boyun qaçırıb. Yalnız onu qeyd edib ki, Türkiyə səfirinin burada olmasından Ankara yararlana bilər, səfirin gəlməməsindən Vaşinqton özünə bir fayda görmür.

DÖVLƏT DEPARTAMENTİ LƏNG TƏRPƏNMƏSİ BARƏDƏ TƏNQİDLƏRİ QƏBUL ETMİR

Filip Qordon ABŞ administrasiyasının Nümayəndələr Palatasında “erməni soyqırımı” sənədinin qarşısının alınmasında fəal olmaması barədə səslənən tənqidləri də qəbul etməyib: “Administrasiyanın bu səsvermə məsələsində mövqeyi başlanğıcdan aydın idi. Onu dövlət katibi Klinton da, Müdafiə naziri Qeyts də ifadə etmişdilər ki, bütün diqqət normallaşma prosesinə yönəlməlidir, ona əngəl ola biləcək şeylərə yox. Ona görə də qeyd edirdik ki, bu cür səsvermə həmin prosesə mane ola bilər və biz bunun əleyhinə idik.

Administrasiyanın mövqeyi hələ bir il əvvəl aprel ayında prezident Obamanın çıxışı zamanından aydın idi. Dövlət Katibinin çıxışlarında bu mövqe ifadə olunurdu. Həmin mövqe Nümayəndələr Palatasındakı səsvermədən bir həftə əvvəl də Klintonun müraciətində əksini tapmışdı”.

O, bildirib ki, ABŞ Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına dair keçən ilin oktyabrında imzalanmış protokolların da mümkün qədər tez ratifikasiya olunmasına çalışır. Bunun üçün də hər iki ölkə ilə davamlı olaraq müzakirələr aparır. Hələlik ratifikasiya prosesi arzu edilən sürətlə getməsə də nə Ankara, nə də Yerevandan ratifikasiya prosesinin dayandığını eşitməyiblər.

Türkiyənin Baş nazirinin aprelin 12-dən 14-ə qədər Vaşinqtonda keçiriləcək Nüvə Təhülkəsizliyi Sammitinə gəlməyəcəyi barədə məlumatlar haqqında suala cavabında Filip Qordon deyib ki, tədbirdə Türkiyədən kimin iştirak edəcəyi haqqında Ankaradan formal cavab almayıblar. Amma Rəcəb Tayyib Ərdoğan ora dəvətlidir, gəlsə, şad olardılar.

QORDON ƏRDOĞANIN “ERMƏNİLƏRİ QOVARAM” DEDİYİNƏ İNANMIR

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ölkəsində qanunsuz yaşayan 100 mindən çox ermənini geri qaytarıla biləcəyi barədə bəyanatını şərh etmək xahişinə cavabında Filip Qordon bunları deyib:

“Mən hesab etmirəm ki, Baş nazir birbaşa belə deyib. Məncə, o, belə bir fakta diqqət yetirmək istəyib ki, Türkiyədə 100 mindən çox erməni qanunsuz yaşlayır. Amma mən hər hansı qovma təhdidinin səslənməsinə inanmıram. O, qanunsuz yaşayan ermənilər problemini qaldırıb.

Hər bir ölkədə qanunsuz miqratlar problemi var və ölkələr həmin məsələni öz qanunlarına uyğun yollarla həll edirlər. Bunun Nümaynədlər Palatasında, ABŞ-da və ya başqa bir yerdə səsvermə ilə heç bir əlaqəsi yoxdur”.

VAŞİNQTON İRAN MƏSƏLƏSİNDƏ ANKARANIN DA ONA QOŞULMASINI İSTƏYİR

Filip Qordon görüşdə bildirib ki, ölkəsi Türkiyənin də İrana qarşı mümkün beynəlxalq sanksiyaları dəstəkləyən dövlətlər cərgəsinə qoşulmasını arzulayırlar. O, bildirib ki, İranın nüvə silahına malik olmamasına dair beynəlxalq ictimaiyyətdə olan ortaq fikri Ankaranın da bölüşdüyünə şübhə etmirlər. Amma problemə yanaşmada fikir ayrılırları hələ qalır: “Əlbəttə, bütün qonşuları ilə münasibətləri yüksək səviyyədə saxlamaq, problemlərdən çıxış yolları axtarmaq yaxşı fikirlərdir.

Amma İranda insan haqları sahəsində vəziyyət bərbaddır. Bu ölkə nüvə proqramına görə dünya ictimaiyyətinin narahatlıqlarını aradan qaldırmaq üçün heç bir iş görmür.

Biz bu işdə Türkiyənin də beynəlxalq səhnədə bizimlə bir yerdə olmasını istəyirik”.
XS
SM
MD
LG