Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:13

Ohan yüzbaşı, Muğdusi Akop, “Asmikin evi” və ... nə isə


"Oxu zalı"nda "Azərbaycan ədəbiyyatında erməni obrazı necə olmalıdır?" mövzusunda müzakirəyə qoşularaq...

Hər halda qəzəl-qoşma janrının spesifikasındandır ki, eyni coğrafiyada yaşayan iki xalq arasındakı münasibətin bariz ifadəsini ədəbiyyatımız janr dəyişdirəndən sonra görə bilirik.

Bəli, yanlış xatırlamadınız, ədəbiyyatımızın iqlim və atmosferini dəyişdirib “Ləzzətü-təsir Qasım bəyin xəyalatında çoxdur” - manifestini tədavülüə daxil edən Mirzə Fətəli Axundzadənın Hacı Qarası yol kəsənlik eşqinə düşəndən sonra Ohan yüzbaşıya belə deyir :

“Sizin qanınız çoxdan halaldır. Ancaq bu zamanadək yer üzünə tökən olmayıb”.

Dedilər: işlə oğul, bax bu uzun Qəfərə

Yava itlər kimi hürür gündə neçə nəfərə.

Ermənilər demişkən: bizim bu kirvə Qapar

İşləməsən, Hacağa, gəlib səni də qapar.

Vaqif Nəsib: “Ceyrançöllü qoç Kərəməli”
Yox, bu sözlər Axundzadənin qonşulara qarşı mövqeyini əks etdirən kəlmələr deyil-qətiyyən.

Bunlar iqtisadi sıxıntılarla boğuşduğu üçün

YOLKƏSƏNLİYƏ HƏVƏSLƏNƏN BİR ƏSKİ TACİRİN ÖZ PUSQUSUNA DÜŞÜRDÜYÜ KÖMƏKSİZ ADAMA DEDİYİ SÖZLƏRDİR

“Erməni məsələsi”nə Cəlil Məmmədquluzadənin yanaşmasının iki aspektini görürük: bunlardan birincisi, “Usta Zeynal” ilə başlayıb “Kamança”ya qədər davam edən - yəni, bədii əsərlərinin süjetlərində ehtiva olunan aspektdir.

İkincisi isə - “Molla Nəsrəddin” jurnalının səhifələrindən oxuduğumuz felyetonlardakı yanaşma tərzidir.

İstər bədii əsərlərində, istərsə də felyetonlarında Cəlil Məmmədquluzadənin apardığı müsəlman-erməni müqayisəsi daha çox “müsəlmanı mağmın edən” din fanatizminin tənqidi üzərində qurulub.

Bu mənzərəyə baxın: Muğdusi Akop adlı erməninin evini təmirə razı olan Usta Zeynal səhərdən axşama qədər etdiyi cənnət-cəhənnəm söhbətlərinin nəticəsində işi vaxtında qurtara bilməyəcəyini başa düşən kimi, sövdələşməni pozmaq üçün “etnik-dini” bəhanəni ortaya atır: şagirdi Qurbana “Erməninin küpündə su gətirib gəc qayırdın; dünya-aləmi murdar elədin” - deyən Usta Zeynalın bu durumu Məmmədquluzadənin nöqteyi-nəzərindən “erməni ilə müsəlmanın dini baxımdan qarşı-qarşıya gətirilməsi” yox, özünü fanatizmin qucağına atan bir müsəlmanın dini bəhanə edərək gördüyü işi bitirə bilməməsinə biçdiyi qılafın təsviridir.

Məmmədquluzadə Usta Zeynalın timsalında təsvir etdiyi bu paradoksu - erməninin evini təmirə razılıq verəndən sonra “erməninin küpündə su gətirib dünya-aləmin murdar edilməsi”ni oxucuya çatdırmaqda müdhiş bir zəka nümayiş etdirmişdir.

Felyetonlarında yaratdığı “müsəlman-erməni” intellektual “oppozosiyası” da “erməniyə olan heyranlıq”dan yox,

DİNİ FANATİZMİN YARATDIĞI ƏTALƏTƏ QARŞI ÜSYANDAN İRƏLİ GƏLİR

XİX əsrin axırlarında daşnakların İsveçrədə siyasət səhnəsinə çıxmasının Osmanlı torpaqlarında və Azərbaycanda yaratdığı qarşıdurmaya ən böyük reaksiyanı Sabirin “Beynəlmiləl” şeirində oxuyuruq.Qarşıdurmanı yaradanları düzgün təsbit edən Mirzə Ələkbər Sabir iki xalq arasında “Beynəlmiləl tədbiri-ülfət” edilməsinin zərurətini vurğulamışdı.

Sabirin “Beynəlmiləl” şeiri indi beynəlxalq arenadakı siyasi mübarizələrdə Azərbaycanın və Türkiyə istifadə edə biləcəyi ən mühüm kartlardan biridir (buraya akademik-filosof Ramiz Mehdiyevin 2 ay əvvəlki bir çıxışında “Dağlıq Qarabağdan kənarda ölkədə 20 min erməninin yaşadığına” dair açıqlamasını da əlavə etmək lazımdır).

Unudulmamalıdır ki, 1905-ci ildə Qarabağdakı erməni-müsəlman qarşıdurmasının pərdə arxasını yaxşı sezən Ovanes Tumanyan da ağ bayraq götürərək erməni kəndlərini dolaşmışdı. Cəfər Cabbarlı 1927-ci ildə yazdığı “1905-ci ildə” pyesində Rus imperiyasının Qarabağdakı “Parçala-hökm sür” siyasətini Çar Rusiyasının adına yazsa da, əslində onun məsələnin mahiyyətindən xəbərdar olduğunu pyesin sətir aralarından oxumaq mümkündür.

Qarabağdakı 1905-ci il hadisələri Məmməd Səid Ordubadinin “Qanlı sənələr” romanında da öz əksini tapıb.

Doktor Nəriman isə “Bahadır və Sona”nı hərarətli tərəfdarı olduğu sosialist nəzəriyyələrə “ədəbi dəstək” vermək məqsədi ilə yazıb...

Sovet dövrünü “sosialist realizmi”nin təmsilçisi olan şair və aşıqların “iki qardaş xalqın dostluğu”na həsr etdikləri tərənnüm mahiyyətli şeirləri oxuyaraq keçirdik.

“Yoldaş Azərbaycan, hinger Hayastan” və “Kür, Araz, Ararat”- səpkili poeziya örnəklərinə Nayruhi Allahverdiyanın mahnıları sosializm dövrünün unikal ədəbi-mədəni örnəkləri idi.

Ta ki, erməni separatizminin növbəti dəfə baş qaldırdığı 1988-ci ilin fevralına qədər.

O günlərdə vətən övladının “epistolyar ruhu” qabardı və xüsusilə, ana dildəki mətbuatda Andrey Saxarovdan Yelena Bonnerə qədər bir çox “ermənipərəst”ə tənqid və təhqir məktubları çap edildi.

“Erməni məsələsi”nin əfkari-ümumiyyəmizi qarşı-qarşıya gətirməsi isə 1989-cu ilin martına təsadüf etdi.

O vaxt Moskvanın “Drujba narodov” jurnalında məqalə çap etdirən Əkrəm Əylisli iddia etmişdi ki, şəxsən o özü Bakıda və Yerevanda

MEYDANA ÇIXAN YÜZ MİNLƏRLƏ İNSANIN HAMISININ SƏMİMİ OLDUĞUNA İNANA BİLMƏZ

Əylislinin sözlərinin 1988-ci ilin noyabrında meydana çıxan 100 minlərlə insanın xətrinə dəyməsi bir tərəfə dursun-öz həmkarları da onun dediklərinə fərqli nöqtələrdən baxmışdılar. Müdafiə pozisiyası alan Əylisli “Balası olan adama qarşı bu cür hərəkət etməzlər” - sözləri ilə fəryad etmişdi. “Dəhnə” povestində erməniləri nəzərdə tutaraq “Heyf qonşulardan” - sözlərinə görə də o vaxt Əylislini tənqid edənlər az olmamışdı.

Hekayə və povestlərini yenidən oxuyanda Əylislinin əsərlərindəki epizodik erməni obrazlarına etdiyi üstüörtülü işarə diqqəti cəlb edir. Bu baxımdan Azərbaycan ədəbiyyatının dəyərli nümunələrindən olan “Ürək yaman şeydir” hekayəsinnin qəhrəmanı-milli mentalitetin “mərdlik” və “kişilik” simvollarının daşıyıcı olan Əjdərin qaçaqçılıq həyatından sonra Bakıda Asmikin evində kirayəçi qalması önəmli bir işarə sayıla bilər; zira məmləkətin o vaxtkı illeqal burjuaziyası da, ziyalı elitasına formalaşdırmaq iddiası ilə kənddən gələn gənclərin önəmli qismi də Asmikin kirayəsindən çıxaraq həyat yolunda irəliləyirdi.

Ona görə də Əylislinin epizodik şəkildə işarə etdiyi “Asmikin evi” məmləkətin “erməni məsələsi”nə baxışının mikro plandakı semiotik məkanı sayıla bilər...

Nəsr müsabiqəsinin “Qızıl onluq”una girən əsər- Kamran Nəzirlinin “Erməni gəlini” hekayəsi barədə də danışacaqdım.

Yer qalmadı...
XS
SM
MD
LG