Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:24

Cihada çağıran Umarov kimdir?


Doku Umarov
Qərb mətbuatının «cihada çağıran komandir» kimi səciyyələndirdiyi Doku Umarov Moskva metrosundakı partlayışlara görə məsuliyyəti öz boynuna götürüb.

Çeçen komandanlarından olan Umarov keçən il intiharçı batalyonu yaradıb.

Fevral ayında xəbərdarlıq etdi ki, Rusiyanın mərkəzi hissəsində hücumlar hazırlayır.

Martın 29-da yayılan videoda isə Umarov deyir ki, «rusiyalılar müharibə haqda yalnız televiziyadan eşidirdilər. Mən söz verirəm ki, müharibə sizin küçələrə gələcək. Siz müharibəni öz həyatınızda və öz dərinizdə hiss edəcəksiniz».

Qafqaz üzrə veb-saytın redaktoru Qriqori Şvedov «New York Times» qəzetinə deyir ki, partizan komandiri kimi Umarov nüfuzludur. Ancaq ictimaiyyətlə həmişə özündən cavan olan xarizmatik köməkçiləri vasitəsilə ünsiyyət qurub. Ancaq son vaxtlar kölgədən çıxmağa başlayıb.

ƏLİNƏ SİLAH ALAN ZİYALI?

1964-cü ilin aprelində Çeçenistanda ziyalı ailəsində anadan olub. Qroznıdakı neft institutunun tikinti fakültəsini bitirib.

Umarov 2005-ci ildə AzadlıqRadiosuna deyirdi ki, 1994-cü ildə Çeçenistanda müharibə başlayanda o, Moskvada idi. Müharibə xəbərini eşidəndə fikirləşib ki, onun borcu Çeçenistana qayıdıb, vuruşmaqdır.

5 il əvvəl Çeçenistan prezidenti Aslan Məshədov, 2006-cı ildə isə Abdul Hakim Sədullayev öldürüləndən sonra Umarov prezident və müqavimət komandanı oldu. Onda Məshədovun oğlu Anzor demişdi ki, «hər bir çeçen döyüşçü Umarova görə canını verər».

Ancaq 2007-ci ildə Umarov Çeçenistanın müstəqilliyi ideologiyası ilə birdəfəlik üzülüşdü. O, özünü Şimali Qafqazda İslam dövlətinin lideri elan etdi.

«TERRORA ƏL ATSAQ, SİMAMIZI SAXLAYA BİLMƏYƏCƏYİK»

Maraqlıdır ki, Məshədov sağ olanda Umarov Məshədov kimi ən mötədil qanadın nümayəndəsi idi.

O, AzadlıqRadiosuna 2005-ci ildə deyirdi ki, terroru qəti şəkildə rədd edir:

«Biz bu metoda əl atsaq, onda heç birimiz öz simamızı saxlaya bilməyəcəyik».

Ancaq keçən noyabrda «Nevski Ekpress» qatarında 27 adamın ölümü ilə nəticələnən terrordan sonra Umarov şəxsən elan etdi ki, bu terror başlanğıcdır.

Keçən ilin avqustunda Rusiyanın məşhur Sayano-Şuşensk su-elektrik stansiyasındakı partlayışı da Umarovun dediyinə görə, çeçenlər törədib.
Ancaq Rusiya hakimiyyəti deyir ki, qəzaya səbəb texniki nasazlıq olub.

Məshədov ölməmişdən bir həftə qabaq birtərəfli qaydada atəşkəs elan etmişdi. Ondan fərqli olaraq Umarov Rusiya hakimiyyəti ilə hər cür danışığın əleyhinədir.

Umarov deyir ki, onun məqsədi Şimali Qafqazı, Krasnodar Diyarını, Həştərxanı, Volqaboyunu azad etməkdir. Onun ehtimalına görə, bu mübarizədə o, əlinə silah götürə biləcək 10 min, 20 min və hətta 30 min adama güvənə bilər.

Umarov rusiyalılara xəbərdarlıq edir ki, Moskva hücumları sonuncu hücumlar deyil.
XS
SM
MD
LG