Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:46

MTN-də Fətullayevin vəkilinə nə deyilib?


Elçin Sadıqov
Elçin Sadıqov
Aprelin 1-də «Gündəlik Azərbaycan» və «Realnıy Azərbaycan» qəzetlərinin baş redaktoru, hazırda həbsdə olan Eynulla Fətullayevin vəkili Elçin Sadıqov Milli Təhlükəsizlik Nazirliyinə çağırılıb. Bundan əvvəl isə «Azadlıq», «Yeni Müsavat» qəzetlərinin rəhbərliyi və «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də Milli Təhlükəsizlik Nazirliyinə dəvət edilmişdilər. Vəkil Elçin Sadıqov deyir ki, onun bu dəvəti də jurnalist Eynulla Fətullayevin apelyasiya ərizəsi ilə bağlı olub.

Həmin ərizədə jurnalist iddia edirdi ki, «Monitor» jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun qətlində Milli Təhlükəsizlik Nazirliyinin yüksək çinli məmurlarının əli var. Vəkil Elçin Sadıqovun sözlərinə görə, Milli Təhlükəsizlik Nazirliyində ondan ifadə almaq istəyiblər. Məqsədləri isə onun dediyinə görə, bu apelyasiya ərizəsinin mətbuata ötürülməsinin səbəbləri ilə bağlı olub.

VƏKİL PEŞƏ FƏALİYYƏTİLƏ BAĞLI HESABAT VERMİR

«Mən də orada açıqca bildirdim ki, peşə fəaliyyətimlə bağlı heç kimə hesabat verən deyiləm. Və heç kəs də bununla bağlı mənə suallar verə bilməz»

Elçin Sadıqov həm özünün, həm də bir sıra redaktorların Milli Təhlükəsizlik Nazirliyinə çağırılmasını cəmiyyətdə xof yaratmaq istəyi ilə izah edir. Bu isə onun fikrincə, Milli Təhlükəsizlik Nazirliyinin apelyasiya şikayətində əks olunan məsələləri araşdırmaq əvəzinə təzyiq yolu seçdiyinin göstəricisidir.

Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən isə bildirdilər ki, bu məsələ ilə bağlı bir neçə saat sonra məlumat verə bilərlər. Ancaq ictimaiyyətlə əlaqələr şöbəsinə sonrakı zənglər cavabsız qaldı.
Milli Təhlükəsizlik Nazirliyi
Bundan bir müddət əvvəl isə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsi mətbuata açıqlamalarında jurnalist Eynulla Fətullayevin apelyasiya ərizəsindəki həmin iddialarını cəfəngiyat adlandırmışdı.

BİR NEÇƏ VƏSATƏT QALDIRILACAQ

Aprelin 9-da isə Qaradağ Rayon Məhkəməsi Eynulla Fətullayevin üzərində narkotik tapılması ilə bağlı iddiaya baxmalıdır. Bu iddianı da jurnalistə qarşı təzyiq sayan vəkil Elçin Sadıqovun fikrincə, onlar proses başlayan kimi bir sıra vəsatətlər vermək niyyətindədirlər:

«Bu vəsatətlər təkrar ekspertizanın keçirilməsi, əlavə halların araşdırılması və bir də bir sıra şahidlərin dəvət edilməsi ilə bağlı olacaq».

Müdafiə tərəfi bu günlər eyni zamanda Eynulla Fətullayevin işi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını da gözləyir. Jurnalist əvvəlcə Xocalı qaçqınlarının şərəf və ləyaqətini təhqir etməkdə günahlandırılaraq 2 il 6 ay həbs cəzası almışdı. Sonradan isə terrorla hədələmədə, milli ədavəti qızışdırmaqda və vergidən yayınmada günahlandırılan Eynulla Fətullayevin cəzası 8 il yarıma qaldırılmışdı.

Emin Fətullayev
Jurnalistin atası Emin Fətullayev şübhə etmir ki, əgər ötən ilin dekabrında Eynulla Fətullayevə qarşı üzərində narkotik maddənin tapılması ilə bağlı əlavə ittiham irəli sürülməsəydi, Avropa İnsan Hüquqları məhkəməsinin əvvəlki hökmlərə yönəlik qərarından sonra o tezliklə azadlığa çıxacaqdı:

«Yəni bu iş çıxmasaydı, o bir müddət sonra mütləq azadlığa çıxacaqdı. Ancaq bu iş ortaya çıxdıqdan sonra onun azadlığa çıxması sual altında qalıb».

MÜDAFİƏ TƏRƏFİ OPTİMİSTDİR

Ancaq müdafiə tərəfi optimistdir. Vəkil Elçin Sadıqovun fikrincə, əgər Avropa İnsan Hüquqları Məhkəməsi qərara gəlsə ki, əvvəlki iki işdə Eynulla Fətullayevin hüquqları pozulub, bu, həmin məsələlərlə bağlı Azərbaycanda təkrar məhkəməni gündəliyə gətirəcək. Elçin Sadıqovun ehtimallarına görə, bu müddət ərzində isə narkotiklərlə bağlı məhkəmə prosesi də başa çatacaq. Vəkilin düşüncəsinə görə, əvvəlki iki işlə bağlı Azərbaycanda təkrar məhkəmə keçiriləcəksə, bu istər-istəməz sonuncu işə də yenidən baxılma zərurəti yaradacaq. Təbii ki, əgər narkotiklərlə bağlı məhkəmə prosesi də onları qane etməyəcəksə, yenidən Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutacaqlar.
XS
SM
MD
LG