Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:41

Qırğızıstanda talandır


Etirazçılar Kurmanbek Bakiyevin evini yandırıblar, 8 aprel 2010
Etirazçılar Kurmanbek Bakiyevin evini yandırıblar, 8 aprel 2010
Aprelin 9-da Qırğızıstanda toqquşmalarda həlak olan 75 nəfər üçün matəm mərasimi keçirilib. Ümumilikdə ölkədə 2 günlük matəm élan edilsə də, Bişkekdə və başqa şəhərlərdə talanlar davam edib.

Beynəlxalq Qırmızı Xaç Komitəsi Bişkekdəki vəziyyəti qeyri-sabit, təhlükəli adlandırıb. Ümumilikdə 500 nəfərin yaralandığı güman edilən toqquşmalar artıq dayansa da, ara-sıra atəş səsləri eşidilir. Bəzi evlərin və mağazaların, xüsusilə də gecələr qarət olunması davam edir.

PREZİDENTİN EVİ DARMADIĞIN EDİLİB

Amma AzadlıqRadiosuna müsahibə verən və adını açıqlamayan bir əcnəbinin sözlərinə görə, qəribə də olsa, ancaq yerli əhalinin devrilmiş prezident Bakiyev və rejiminə, qohumlarına məxsus olduğunu açıq-aydın bildiyi mağazalar, evlər talan edilir. Bakiyevin evini darmadağın edən etirazçılar bir-iki addımlıqdakı Mərkəzi Univermağın şüşələrini də sındırmayıblar. Sanki hər kəs ancaq Bakiyev və məmurlarında heyf çıxmağa çalışır, başqalarından yox.

Bakiyevin hakimiyyətində müəyyən postlar tutan məmurların amansızcasına döyülməsi və ağır vəziyyətdə olmasıyla bağlı xəbərlər çoxalıb. Döyülməkdən tanınmaz hala düşən Daxili İşlər nazirinin ardınca, indi də keçmiş rəhbərliyin ombudsmanı olan Tursunbek Akun haqqında eyni xəbər gəlib. Ailəsi bildirib ki, ombudsman ağır vəziyyətdə xəstəxanadadır.

Paytaxtdan qaçan və indi Calalabad şəhərində olduğu iddia olunan Kurmanbek Bakiyevin özünü isə camaat arasında hələ görən olmayıb. Sadəcə, sonuncu dəfə dünən Rusiyann «Exo-Moskvı» radiosuna müsahibəsində istefa vermədiyini açıqlayıb və müxalifəti dialoqa çağırıb.

Kurmanbek Bakiyev Cəlalabadda AFP-nin müxbirinə müsahibə verir, 9 aprel 2010
Müvəqqəti hökumətin başçısı Roza Otunbayeva isə bildirib ki, bu qanlı toqquşmalara görə günahkar olan Bakiyevlə heş bir danışığa getmək niyyətində deyillər.

«XALQIN SEÇDİYİ PREZİDENT NECƏ BELƏ BİR ŞEY EDƏ BİLƏR?»

Bakiyev Calalabad şəhərindəki tərəfdarlarına silah paylayıb, onları Bişkekə müxalifətə qarşı hücuma aparması iddiaları haqda isə deyib ki, «xalqın seçdiyi prezident necə belə bir şey edə bilər?».

Müvəqqəti hökumətin başçısı Roza Otunbayeva isə az öncə bəyan edib ki, paytaxtda bir neçə bomba aşkarlayıblar və bu da onu göstərir ki, köhnə hakimiyyət asanlıqla nəzarəti vermək istəmir:

«Bizim əlimizdə məlumat var ki, Bişkekin üç yerində bombalar basdırılıb. Mən bunu camaat arasında panika yaymaq üçün demirəm, amma qoy hamı bilsin ki, indiki hakimiyyətin təslim olmaq və getmək fikri yoxdur».

Bakiyevin tərəfdarlarının çox olduğu mühafizəkar cənub regionunda heç də hər kəsin onu dəstəkləyib-dəstəkləmədiyi və ya indiki hakimiyyəti qəbul edib-etmədikləri bilinmir. Son məlumatlara görə, burda yaşayanlar şənbə günü keçirəcəkləri konqresdə gələcək addımlarla bağlı qərar verməliydilər.
Roza Otunbaeva
Amma son anda əlavə gərginlik yaratmamaq bəhanəsiylə konqres təxirə salınıb.

KEÇMİŞ BAŞ NAZİR VƏ MÜXALİFƏT LİDERİ MOSKVAYA UÇUB

Bu arada ölkənin müvəqqəti hökumətinin ikinci şəxsi – keçmiş baş nazir və müxalifət lideri Almazbek Ataçbayevin rəhbərlik etdiyi nümayəndə heyəti Moskvaya uçub, burda maliyyə yardımıyla bağlı danışıqlar aparır.

Bu isə inqilabın Rusiyadan idarə edilməsi ilə bağlı iddiaları çoxaldıb. Müvəqqəti hökumətin rəhbəri kimi élan edilən Otunbayeva da Putinə diqqət üçün təşəkkür etmişdi. Üstəlik, ABŞ-dan hələ heç bir tərəfə tam dəstək veirlməyib. Dövlət Departamentinin sözçüsü Filip Krouli hər iki tərəflə əlaqələri davam etdirdiklərini bildirib.

Qırğızıstandakı Rusiya və ABŞ-ın hərbi bazalarının taleyinə gəlincə, müvəqqəti hökumətin başçısı Otunbayeva bugünə kimi bu sahədə imzalanan sazişlərə sadiq qalacaqlarını deyib.

ABŞ-ın Əfqanıstandakı əməliyyatlara dəstək üçün istifadə etdiyi Manas bazası bu gün fəaliyyətini bərpa edib, amma müvəqqəti hökumətdən bəzi rəsmilər bu fəaliyyətin əvvəl nəzərdə tutulduğundan daha az müddətli ola biləciyinə də işarə vurublar.

FORUMDA MÜZAKİRƏLƏRƏ QATIL
XS
SM
MD
LG