Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:50

Nərimanov faciəli bir fiqurdur


Eldar İsmayılov
Eldar İsmayılov
«Nəriman Nərimanov böyük bir şəxsiyyətdir. Amma Azərbaycan tarixində ziddiyyətli şəxsiyyətdir. O, həm də yazıçıdır, tarixdə iz qoyan insanlardan biridir».

AzadlıqRadiosunun «Can Bakı» proqramına qonaq olan tanınmış tarixçi alim Eldar İsmayılov çıxışına bu sözlərlə başladı.

«Onun taleyi çox qəribədir. Adını bir müddət Azərbaycandan siliblər. Hətta «Narimanovşina» (Nərimanovçuluq) ifadəsi yaranıb».

Eldar İsmayılov «Narimanovşina nə deməkdir?» sualını da cavabladı:

«Onu demək istəyirdilər ki, Nərimanov millətçidir və Kommunist Partiyasına qarşı zidd hərəkətlər edib. Amma açıq şəkildə bu ziddiyyətlərin, problemlərin nədən ibarət olduğu heç vaxt deyilməyib».

AZƏRBAYCANDA BİR LİDER OLMALIYDI!

1937-38-ci ilə qədər bu məsələnin susdurulduğunu deyən Eldar müəllim Nərimanovun adına rayon (Göygöl), fabriklər, kolxozlar və s. olduğunu da təsdiqlədi:

«1938-ci ildə bunlara son qoyuldu. Adı mənfi siyahıya düşdü, birdəfəlik silindi».

Professorun fikrincə o dövrdə ən böyük kampaniya millətçiliyə qarşı idi:

«Subyektiv bir faktor da vardı. Azərbaycanda bir lider olmalıydı! O lider də Mircəfər Bağırov idi».

İLK KOMMUNİST KİM OLSUN?

Eldar müəllim Stalinin ölümündən sonra N. Nərimanovun adının üzə çıxdığını da söylədi.
Nərimanov Əştərxanda sürgündə, 1909
Burada da yenə obyektiv və subyektiv faktorların olduğunu vurğuladı:

«Obyektiv faktor o idi ki, tarixi həqiqətlər kampaniyası başlanmışdı və Nərimanovun adı bərpa olunmalıydı. Subyektiv faktor onunla bağlıydı ki, Bağırov aradan götürüləndən sonra Azərbaycan kommunistlərinin liderliyini Şaumyanın adı ilə bağlamaq cəhdləri oldu. Azərbaycan rəhbərliyinin, xüsusən də Mirzə İbrahimovun səyi nəticəsində ilk kommunist titulu Nərimanova verildi».

MİRZƏ İBRAHİMOVUN YAZDIĞI MÜNDƏRİCAT...

«Qəribə vəziyyət idi. Sovet İttifaqında Nərimanovun adına şəhər vardı. O, Qızıl Meydanda basdırılmışdı. O biri tərəfdən də, adı Azərbaycanda silinmişdi».

Verilişimizə Moskvadan telefonla qatılan tanınmış yazıçı Çingiz Hüseynov da Eldar müəllimin söylədiklərini təsdiqlədi. 50-ci illərin sonlarında Moskvada N. Nərimanovun bədii əsərlərinin çapının nəzərdə tutulduğunu deyən Ç. Hüseynov Mirzə İbrahimovun əllə yazdığı mündəricatı hələ də qoruduğunu deyir:

«Doktor N.» və «Bitmək bilməyən məktub» romanlarının müəllifi olan tanınmış yazıçı N. Nərimanova marağının oğluna yazdığı yasaq məktubu oxuduqdan sonra yarandığını etiraf etdi:

«Məndə impuls yarandı ki, bir əsər yazmalıyam! Bəs hansı formada, üslubda yazım ki, bu həqiqətləri söyləyə bilim senzura şəraitində?».

Çingiz bəy «Nərimanova münasibətimiz Sovetlərə münasibətimizə bağlıdır. Yəni 28 aprelə münasibətdən doğur.
Nərimanov ailəsi ilə birlikdə
Biz sovet dövrünü inkar ediriksə, Nərimanovu da inkar etməliyik. Qəbul ediriksə, həm mənfi, həm müsbət cəhətləriylə, onda Nərimanovu da qəbul etməliyik» - dedi.

CÜMHURİYYƏT NİYƏ ÖMRÜGÖDƏK DOĞULMUŞDU?

Dövrü analiz edən tanınmış yazıçı belə bir fikri xüsusi vurğuladı ki, Xalq Cümhuriyyəti çox yaşaya bilməzdi:

«Onun ömrü gödək olmalıydı. Səbəb? İki faktor vardı. Birincisi, neft faktoru, ikincisi Türkiyə faktoru. Bizə yardım edənlər Türkiyədə parçalanmışdı».
Eldar İsmayılov Çingiz Hüseynovun fikirlərinİ dəstəklədi, Doktor N.-i tariximizin «ən faciəli fiquru» adlandırdı. N. Nərimanovun niyə Cümhuriyyət liderləri ilə bir sırada dayanmadığına aydınlıq gətirdi:

«Nərimanov bolşevik idi! Amma bizi maraqlandıran N. Nərimanova münasibətdir. Bolşevik partiyasının nümayəndələri onu hansı qisimdə görmək istəyirdilər? Faciə burdan başlayır».

- Stalin Çiçerinə məktubunda Nərimanovu niyə «bayraq» adlandırdı?
- N. Nərimanov bolşeviklərin ona qurduğu oyunu necə oynadı?
- Müsəlman kommunistlər ona niyə xəyanət etdilər?
- Nərimanova Moskvada təklif olunan vəzifənin səlahiyyəti vardımı?
- Söhbətimizdə Çingiz Hüseynovun «Moskva xətti» niyə davam gətirmədi?
- Tanınmış yazıçı niyə 28 apreli 28 maya qarşı qoymağın əleyhinə çıxdı?
- Tanınmış tarixçi niyə tarixi müasirləşdirənləri qınadı?
- Eldar İsmayılov niyə «Nərimanov haqqında sanballı monoqrafiya yoxdur!» - dedi.
- Studiya qonağımız sonda nəyə əsəbiləşdi?

Dinləyin...
XS
SM
MD
LG