Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:59

O siyahını kim hazırlayıb?


Mövlud Çavuşoğlu
Ənənəvi müxalifət partiyalarının təmsilçilərinin Azərbaycanda səfərdə olan AŞPA prezidenti Mövlud Çavuşoğlu ilə görüşdə iştirakdan imtina etməsi ətrafında müzakirələr hələ də davam edir. Bəzilərinin dediyinə görə, bu görüşü tərk etmələrinə səbəb ora Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin də dəvət edilməsi olub. İndi bir çoxlarını düşündürən həmin siyahını kimin tərtib etməsidir.

AŞPA-nın Bakı ofisindən bu suala aydınlıq gətirmək istəmədilər.

Mövlud Çavuşoğlu özü də «Bizim yol» qəzetinə müsahibəsində bu barədə sualı konkret cavablandırmayıb. Amma deyib ki, onun parlamentdə təmsil olunmayan partiyalarla da görüşü nəzərdə tutulubmuş. Sadəcə bir-birini istəməyən adamlar bir toplantıda iştirakdan imtina ediblər.

M. Çavuşoğlu müxalifət liderlərinin bu hərəkətini doğru addım kimi qəbul etmədiyini də bildirir.

«AZƏRBAYCAN MENTALİTETİNƏ YARAŞMAZ»

Bu məsələ ilə bağlı müxalifət liderlərinə daha bir irad tutan Prezident Administrasiyası İctimai siyasi şöbənin müdiri Əli Həsənovdur. Deyir, qonaqdan incimək də olar, onun bu və ya digər fikrini dəsdəkləməmək də olar. Amma tərk edib getmək Azərbaycan mentalitetinə yaraşmaz. O ki qaldı müxalifətin bu addımı atmasının səbəbinə,

«Hafiz Hacıyevin fəaliyyətinə qiymət vermək fikrində deyiləm. Amma əgər o pis idisə, niyə həmin o fikirdə olanlar onu nazir təyin edirdilər?»

Haqqında danışılan şəxs, yəni Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev isə AzadlıqRadiosuna bildirib ki, əslində məsələ heç də mediada hallandırıldığı kimi deyil. Onun sözlərinə görə, görüşü yalnız AXCP lideri Əli Kərimli tərk edib. O da Hafiz Hacıyevin fikirincə, gərək heç olmasa,
Hafiz Hacıyev
avropalı qonaqlara hörmət edib bu addımı atmayaydı:

«HAFİZ HACIYEVİN QARŞISINDA DURUŞ GƏTİRƏ BİLMƏDİLƏR»

«Müsavat partiyası icra aparatının rəhbəri Arif Hacılı görüşdə iştirak edib öz sözünü dedi. Mən də fikirlərimi çatdırdım. Sonda gələnlərdən Əvəz Temirxan dəvətli olmadığı üçün toplantıya buraxılmadı. AXCP sədri Əli Kərimli isə mənim orada olmağıma etirazını bildirib görüşdən imtina etdi. Mən onun özünə dedim ki, o düz eləmir. Biz bura dava etməyə yığışmamışıq. AŞPA prezidenti gəlib, fikirlərimizi öyrənirlər. Deməli, siz belə düşünürsünüz ki, Azərbaycanda bir siz olmalısınız? Bu, etikasızlıqdır. AŞPA-nın digər nümayəndələri də mənim haqlı olduğumu təsdiqlədilər. Ona görə də Azərbaycanda özünü radikal müxalifət adlandıran qüvvələr bir daha iç üzlərini göstərib şəxsən Hafiz Hacıyevin qarşısında duruş gətirə bilmədilər, qaçdılar».

«Azadlıq» blokunda təmsil olunan AXCP sədri Əli Kərimli isə bu hadisənin olun üçün artıq köhnəldiyini bildirir.

Blokun digər üzvü - Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə deyir ki, onlar – yəni AXCP, VİP və Liberal Partiyası dərhal toplantını tərk edib. Az sonra vəziyyətin nə yerdə olduğu anlayan Müsavat təmsilçisi Arif Hacılı da bu addımı atıb. ADP rəhbəri Sərdar Cəlaloğlu da ənənəvi müxalifətə dəxli olmayan, daim müxalifəti təhqir edən 6-cı şəxslə eyni vaxtda Çavuşoğlu ilə görüşdən imtina edib.

Əli Əliyev
Əli Əliyev deyir ki, əslində onlar bu addımları ilə AŞ-nın Bakı ofisinin protokolla bağlı 2-ci dəfə belə hərəkətə yol verməsinə etiraz ediblər.

SÜNİ MÜXALİFƏTLƏŞDİRMƏ?

«Əgər AŞ öz prezidentinin kiminlə görüşməsini məqsədəuyğun sayırsa bu onların öz işidir. Biz bu məsələyə müdaxilə edə bilmərik. Sadəcə olaraq həmin şəxslərin süni surətdə müxalifətləşdirilməsini başa düşmürük və protokolun bu şəkildə tərtib olunması etiraz doğurur».

Əli Əliyev əlavə edir ki, o AŞ-nın protokol siyahısına görüb. Orada cəmi 6 partiyanın adı olub.

AŞ PA prezidenti Mövlud Çavuşoğlu isə «Bizim yol» qəzetinə müsahibəsində isə dönə-dönə təkrarlayır ki, o, AŞPA rəhbəri olaraq partiyalar arasında ayrı-seçkilik etmək istəmir, bu heç onun fəaliyyətinə də uyğun gəlmir.

Onda ortaya belə bir sual çıxır. Doğrudanmı Azərbaycanda cəmi 6 partiya 2005-ci ilin parlement seçkilərində mandat ala bilməyib?

Sualın cavabı, necə deyərlər, onun elə alnına yazılıb. Əlbəttə ki, yox. Onda nədən AŞPA prezidenti bu görüşə yalnız Müasir Müsavat və sözügedən digər 5 partiyanı dəvət edib? Doğrudanmı bu təsadüfdür?

«Ayna-Zerkalo» qəzetlərinin siyasi şərhçisi Rauf Mirqədirovun fikrincə, belə təsadüf olmur.

Çünki parlamentdə təmsil olunmayan partiyalar arasında həm tarixi keçmişinə, həm də ölkədəki nüfuzuna, siyasi etika normalarına riayət etmələrinə görə,
Rauf Mirqədirov
Müasir Müsavatdan daha nüfuzlu partiyalar var. Bu baxımdan həmin siyahıya Hafiz Hacıyevin adı düşünülmüş şəkildə salınıb. Rauf Mirqədirov bu siyahıdan Çavuşoğlunun əvvəlcədən xədəri olmasına da şübhə etmir. Deyir ki, səfərin proqrammı onu həyata keçirənlərlə əvvəlcədən razılaşdırılır. Digər tərəfdən onun fikrincə, Azərbaycan həqiqətləri başqalarından fərqli olaraq, Mövlud Çavuşoğluya yaxşı məlumdur.

«QALMAQAL QAÇILMAZDIR»

«Mən istəməzdim düşünüm ki, həmin görüşü siyasi diskusiyadan, normal fikir mübadiləsindən siyasi qalmaqala çevirmək qarşıya məqsəd qoyulub. Amma Hafiz Haciyevin onun təhqir obyekti olan insanlarla birlikdə əyləşdiyi masa ətrafında həmişə qalmaqal qaçılmazdır».

Rauf Mirqədirov deyir ki, qarşıdakı parlament seçkilərində hansı səviyyədə ittihamların səslənəcəyi hamıya yaxşı bəllidir. Bunu Hafiz Hacıyevin ötən seçkilərdəki çıxışlarından da xatırlamaq olar. Belə bir ərəfədə AŞ–nın vəziyyəti anlamaması inandırıcı görünmür.
XS
SM
MD
LG