Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:00

Gürcü kinosu fenomeni və onun gələcəyi


Son vaxtlar kinoteatrın bir neçəsində eyni zamanda iki yeni gürcü filmi təqdim edilib. Filmlərin keyfiyyəti kinoşünaslar arasında tez-tez mübahisə mövzusu olsa da, əsas məsələ başqadır. Hələ bir neçə il əvvəl gürcü rejissorların film çəkəcəyini, onları kino festivallarına çıxaracaqlarını təsəvvür etmək mümkün deyildi.

Sovet İttifaqı dağılandan sonra Gürcüstan kinematoqrafiyasında yaranan fasilə uzun illər davam etdi. Müəllif filmlərinin çəkilməsi və rejissorların gəlirə nəzərdə tutulan layihələrlə məşğul olması üçün illər tələb olunub. İndi isə reklam və yaxşı təbliğat vasitəsilə yeni gürcü filmləri kinoteatr zallarını doldurur, bu danılmaz faktdır.

Müasir gürcü kinosunu kimlərdir yaradan, bu kinoların beynəlxalq festivallarda şansı varmı? Bu kimi suallara AzadlıqRadiosunun gürcü xidməti gündəlik kino ilə məşğul olan şəxslərlə cavab axtarmağa çalışıb.

BU, BİR-İKİ REJİSSORUN PROBLEMİ DEYİL

Kinoşünas Teo Xatiaşvili bu yaxınlarda çəkilən «Tbilisi love story» filminin janrını «Tbilisinin yüngül kinosu» adlandırır. Onun fikrincə gürcü kinematoqrafiyasında dəyərli filmlər az yaradılır:

- İlk baxışdan illüziya yaradılır. İl ərzində bir neçə gürcü filmi çəkilib, reklam və s. ancaq dəyərli heç nə yoxdur. Orta kommersiya standartlarına cavab verən kinolar da yoxdur və bu, bir-iki rejissorun problemi deyil.

Teo Xatiaşvili qeyd edir ki, yeni kommersiya filmləri heç bir tənqidə tab gətirmir. Ancaq kinoşünas ehtiyat edir ki, əgər bu filmlər gəlir gətirirsə, dövlət maliyyəsinin böyük hissəsi məhz bu cür filmlərin yaradılmasına yönəldilə bilər:

- Kino sənayesinin dirçəldilməsi üçün kino mərkəzi kommersiya filmlərinin maliyyələşdirilməsini dəstəkləyə bilər. Mən bunun qəti əleyhinəyəm.

Gürcüstan kinosunda yaranan fasilənin əsasa səbəbi maliyyə çatışmazlığı olub. Kino mərkəzində komissiya üzvü olan Teo Xatiaşvili müsabiqə üçün daxil olan ssenarilərin əksəriyyətinin keyfiyyətinin aşağı olduğunu deyir:

FENOMENİ YARADAN REJİSSORLARIMIZ HARADADIRLAR?

Əsas odur ki, çoxlu film çəkilsin
- Mən çoxlu ssenari oxumuşam. Gənc nəsli tənqid etdikcə sual doğur ki, bəs bizim gürcü kinosu fenomeni yaradan rejissorlarımız haradadırlar? Bəlkə biz dünyagörüşündə radikal dəyişikliklərlə qarşılaşmışıq və bu rejissorlarda çaşqınlıq yaradıb...

Bununla belə, kinoşünas müəllif kinosu standartlarına daha yaxın olan bir neçə filmin adını sadalayır. Bunlar - «O biri sahil», «Küçənin günləri», «Üç ev» filmləridir.

Müasir gürcü filminin bir hissəsi dövlət tərəfindən maliyyələşir – müsabiqənin qalibini müstəqil komissiya müəyyən edir və kino mərkəzinə tövsiyə edir. Kino mərkəzi təqdim olunan layihənin xərcinin 75 faizini, qalan hissəsini isə sponsorlar, fərdi şəxslər, televiziyalar və s. ödəyir. Bir filmin çəkilişi təxminən milyon lariyə başa gəlir.

Xatiaşvilinin sözlərinə görə, mərkəzin strategiyası Gürcüstanın kino sənayesini dəstəkləyən qanunu ilə tənzimlənir və buna uyğun olaraq da hansı növ filmlərin çəkiləcəyinə qərar verilir:

KOMMERSİYA LAYİHƏLƏRİ ARTIB

- Kino mərkəzinin fikrincə, Gürcüstanı beynəlxalq səviyyədə təbliğ edən müəllif filmlərinə üstünlük verilməlidir. Qeyd etmək istəyirəm ki, kommersiya layihələri artıb, bu isə özü özlüyündə yaxşıdır və kommersiya layihələrinə dövlət subsidiyası ayrılmayıb. Kommersiya kinosunun paralel olaraq inkişafı kino bazarının inkişafına da səbəb olur.

Kino mərkəzi bu gün kinoteatrlarda nümayiş olunan «Küçənin günləri» filmini daha uğurlu film hesab edir:

- Bu film 2010-cu ilin qışında Rotterdam müsabiqəsində iştirak edib. Bu yaxınlarda daha bir gürcü filmi – «Rene» Hollivuda yollanacaq, gözləyək...

Gürcü kinosu haqqında danışanda «Gürcüstan Film» kinostudiyasını da xatırlamaq yerinə düşər. Kinostudiya uzun illər fəaliyyətsiz qalıb. Bu gün onun rəhbərliyi bəyan edir ki, yenidənqurma işləri başa çatıb və kinostudiya yaradıcılıq işlərini artırmağa çalışacaq.

«Gürcüstan Film» direktorlar şurasının üzvü Arçil Menaqarişvili deyir ki, kinostudiya üç il əvvəl üç film çəkib, iki il sonra bu rəqəm yeddiyə çatıb, ötən il isə filmlərin sayı 13 olub.

Tbilisidəki Kino Evi
Kino çəkilişi «Gürcüstan Film» və digər kinostudiyalarla birgə həyata keçirilir. Arçil Menaqarişvili:

- Ayrı-ayrı kinostudiyalarla birgə layihələr artıq başa çatıb. Məsələn, «Üç ev» filmi...İndi Levan Tutbaridze filmini tamamlayır...Aleko Çabadzenin «Rene» filmi Hollivuda gedir və s.

ƏSAS ODUR Kİ, ÇOXLU FİLM ÇƏKİLSİN

Arçil Menaqarişvili deyir ki, əsas odur ki, çoxlu film çəkilsin, proses dayanmasın və yəqin ki, çəkilənlərin arasında keyfiyyətlisi də olacaq:

- Bu gün icarəyə verilən filmlərin çəkilişi ucuz başa gəlib və çox zaman reklamlardan istifadə edirlər. Məncə, bu, pis deyil, çünki insanlar işləyir, aktyorlar məşğuldur və daim formadadırlar.

ÜÇ DƏFƏ ARTIQ GƏLİR GÖTÜRMÜŞÜK

Son zamanlar hay-küylü filmlər çəkən teatr və kino rejissoru Avto Varsimaşvili isə deyir ki, «Hər şey yaxşı olacaq» və «İdiotokratiya» filmləri ilə məqsədinə nail olub:

- Filmə çəkilən xərcdən üç dəfə artıq gəlir götürmüşük, bu, Gürcüstan şəraitində çox yaxşı nəticədir.

Varsimaşvili hesab edir ki, Gürcüstan kinosunun əsas problemi kino bazarının olmamasıdır. Rejissorun fikrincə, müəllif filmləri üçün dövlətin maliyyə dəstəyi lazımdır. Gürcüstanın isə hələlik belə imkanı yoxdur. Ona görə də filmləri maliyyələşdirən sponsorlardır.
XS
SM
MD
LG