Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:35

Senator adı korrupsiyada halananan 60 məmura viza verilməməsini istəyir


Senator Benyamin Kardin
Senator Benyamin Kardin
ABŞ Konqrssində Helsinki Komissiyasının sədri, Mərlənd Ştatından senator Benyamin Kardin dövlət katibi Hillari Klitona müraciət edərək təcili şəkildə Rusiyadan olan 60 məmura viza verilməsini dayandırmağa çağırıb. Senator bildirib ki, hətta bu adamlarda hazırda ABŞ-a viza varsa, onlar ləğv edilməlidir. Səbəb kimi də həmin məmurların adının korrupsiyada hallanmasıdır.

Onları korrupsiyada ittiham edən “Hermitage Capital” investisiya fondunun hüquqşünası Sergey Maqnitski keçən ilin noyabrında həbsxanada dünyasını dəyişib.

37 yaşlı Sergey Maqnitski yüksək vəzifəli dövlət məmurlarının əleyhinə məhkəmədə ifadə verərək bildirmişdi onlar cinayətkar qruplarla əlbir olaraq 230 milyon dollar vergini büdcədən yayındırıblar. O, araşdırmasının yekununda Rusiya Daxili İşlər Nazirliyi, Federal Vergi Xidməti, Federal Təhülkəsizlik Xidməti və Baş Prokurorluğun rəsmilərinin adlarını çəkmişdi.

Bundan dərhal sonra onu öz evində ailəsinin gözləri qarşısında həbs ediblər. Rusiyanın İslah müəssisələrində vəziyyətin monitorinqini həyata keçirən müstəqil komissiyanın qərarına görə həbsxanada ona işgəncə veriblər. Maqnitskidən tələb ediblər ki, məmurlara qarşı ifadələrini geri götürsün. Amma o, bundan imtina edib. Uzun müddət məhkəmə olmadan həbsxanada saxlanıb. Montoriq qrupu ona həbsxanada tibbi yardım göstərilmədiyini, keçən ilin noyabrında isə həlak olduğunu bildirib.

Maqnitskinin ölümündən dərhal sonra prezident Dmitri Medvedev bəzi həbsxana məmurlarını işdən qovub. Amma nə onun ölümünə, nə də söylədiyi korrupsiya ittihamlarına görə heç kim görə istintaqa cəlb edilməyib.

Senator Benyamin Kardin dövlət katibi Hillari Klitona yazdığı müraciətində qeyd edib ki, bu olduqca ciddi insan haqları pozuntusu və korrupsiya ittihamlarıdır. Ona görə də ABŞ həmin işdə adı çəkilən məmurlara viza qadağası tətbiq etməklə Rusiyanın korrupsioner məmurlarına çox ciddi bir siqnal verməlidir ki, bu cür hallar Vaşinqton üçün qəbuledilməzdir:

- Burada insan haqlarının pozulması və korrupsiya kimi olduqca ciddi məslələrdən söhbət gedir. Hüquqşünasın məhkəməsiz uzun müddət həbsxanada saxlanması, həbsxanada təzyiqlərə məruz qalması olduqca ciddi hüquq pozuntularıdır. Məncə, ABŞ beynəlxalq ictimaiyyətə çatdırmalıdır ki, bu cür hərəkətlər onun üçün qəbuledilməzdir.

Kardin dövlət katibi Hillari Klintona müraciətində keçmiş prezident Corc Buşun xarici ölkələrdə korrupsiyada əli olan, və ya birbaşa bundan gəlir əldə edən adamların ABŞ-a səfərlərinə qadağa qoyulmasını nəzərdə tutan fərmanına istinad edib.

Senator həmçinin qeyd edib ki, Maqnitskinin həbsxanada ölümü barədə suallara da cavablar tapılmalıdır:

- Aydındır ki, korrupsiyaya qarşı ciddi mübarizə yoxdur. İnsanların məsuliyyətli olmaları üçün bu mübarizə olduqca zəruridir. Sergeyin həbsi ilə bütün bunlar ortaya çıxdı. O sadəcə olaraq, həbsə ona görə getdi ki, prinsiplərindən dönmədi. Ona qarşı bu hazqsızlığı törədənlər məsuliyyətə cəlb edilməlidirlər. Məncə, bu, Rusiyanın məşğul olmalı olduğu ən vacib işdir.

İndi Vaşinqtonda prezident Barak Obamanın Rusiya ilə münasibətlərin yenindən başlanmasına dair siyasətinin uğurları qeyd edilir. Belə bir məqamda Rusiyada jurnalistlərin, insan haqları fəallarının qətlə yetirilməsi kimi ciddi insan haqları pozuntuları ikitərəfli əlaqələrdə nə qədər müzakirə edildiyi edildiyinə ciddi narahatlıqlar var.

Hüquq müdafiəçiləri Ağ Evi insan haqları sahəsində ciddi problemlər ola-ola Rusiya və Çinlə iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməkdə ittiham edirlər.
Senator Kardin hesab edir ki, bəzi rəsmilərə qarşı viza qadağaları Vaşinqtonun Moskva ilə əməkdaşlığının digər sahələrinə təsir edə bilməz:

- Məncə, iki ölkə arasında əlaqələrin müxtəlif sahələrinə təsir etmədən bu insan haqları məsələlərinin də qaldırılması vacibdir. Hesab edirəm ki, bizim Rusiya ilə əlaqələrimiz kifayət qədər dərindir və insan haqları sahəsində problemlər mütləq qaldırılmalıdır.

Hələlik senatorun çağırışına ABŞ Dövlət Departamentindən bir reaksiya yoxdur.
XS
SM
MD
LG