Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:47

İranlı nazir Bakıya nəyə gəlib?


Müstafa Məhəmməd Nəccar
«İranla Azərbaycan arasında ticarət, iqtisadiyyat, energetika, neft, qaz, kimya və başqa sahələrdə əlaqələrin inkişaf etdirilməsinə imkan var. İki ölkə arasında müştərək bazarlar yaratmaq olar. Təhlükəsizlik sahəsində də əməkdaşlıq etmək mümkündür».

Bu fikirləri Bakıda səfərdə olan İranın Daxili İşlər naziri Müstafa Məhəmməd Nəccar mayın 3-də jurnalistlərə açıqlamasında bildirib. Nazir deyib ki, Bakıya azərbaycanlı həmkarı Ramil Usubovun dəvəti ilə gəlib. Burada milli təhlükəsizlik, müdafiə və iqtisadi inkişaf nazirləri ilə də görüşəcək. Bir sözlə, səfərin əsas məqsədi dövlət rəsmiləri ilə görüşmək, bundan başqa, iki ölkə arasında iqtisadi, ticari əlaqələri inkişaf etdirməkdir. Mayın 3-də prezident İlham Əliyev Mustafa Nəccarla görüşüb.

Siyasi şərhçi Sədrəddin Soltan hesab edir ki, əslində, Mustafa Nəccarın Bakı səfərinin iqtisadi-ticari məsələlərə o qədər də dəxli yoxdur. Bu, sadəcə səfərin əsas məqsədinin nə olduğunu açıqlamamaq üçün səslənən fikrilərdir.

S.Soltanın sözlərinə görə, bu yaxınlarda Ağ Evin ermənilərlə bağlı tutduğu mövqeyə görə ABŞ-Azərbaycan münasibətlərində müəyyən soyuqluq müşahidə olundu. İranlı nazirin gəlişinin bir səbəbi bu ola bilər. Digər bir səbəb isə Məhəmməd Nəccarın əvvəllər İranın müdafiə naziri işləməsi ola bilər. Onun vasitəsilə İran Ermənistana hərbi sahədə göstərdiyi yardımları Azərbaycana da təklif edə bilər.

SƏFƏRİN ƏSAS SƏBƏBİ İRANIN DÜŞDÜYÜ İNDİKİ ÇƏTİN VƏZİYYƏT OLA BİLƏR


Amma bu səfərin ən mühüm səbəbi İranın düşdüyü indiki çətin vəziyyət də ola bilər:

«Məsələn, bu yaxınlarda İran ərzaq, gündəlik tələbat malları alıb saxlamaq üçün dövlət büdcəsindən 2 milyard dollarlıq vəsait ayırdı. Bu hazırlıq embarqo üçün də, ehtimal edilən hərbi əməliyyatlara görə də ola bilər. Çox güman ki, bu istiqamətdə də Azərbaycanla hansısa danışıqlar aparılacaq.
Sədrəddin Soltan
Sonra benzin məsələsi ilə bağlı da söhbətlər ola bilər. Məlumdur ki, ABŞ İrana benzin satan dövlətlərlə sərt danışır. Artıq bir sıra iri şirkətlər bu ölkəyə benzin ixracını dayandırıblar. Ola bilsin ki, enerji daşıyıcıları və onun təhlükəsizliyi məsələsi ilə bağlı da danışıqlar getsin».

Sədrəddin Soltan istisna etmir ki, səfər zamanı Azərbaycanda fəaliyyət göstərən İran yönlü çeşidli dini qrupların məsələsindən də danışıla bilər. Azərbaycan belə qrupların fəaliyyətini milli təhlükəsizliyi üçün ciddi təhdid hesab edir və onları zərərsizləşdirmək, inzibati qaydada məsuliyyətə cəlb etmək üçün müəyyən addımlar atır. İranın daxili işlər naziri bu məsələdə müdafiəçi kimi də Bakıya gələ bilər.

BAKI İRANIN TƏƏSSÜBÜNÜ SAXLAYIB

Keçən həftə İran parlamentindən bir qrup deputat - İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Bakıya gəlmişdilər. Milli Məclisdə həmkarları ilə görüşü zamanı Azərbaycan-İran parlamentlərarası dostluq qrupunun rəhbəri Eldar İbrahimov demişdi ki, Bakı ABŞ-ın Azərbaycan ərazisindən İrana qarşı istifadə etmək istəyinə «yox» deyib. Yəni İranın təəssübünü saxlayıb bu məsələdə.

Hazırda İran-Azərbaycan münasibətlərindən danışanların demək olar ki, əksəriyyəti fikrini əsaslandırarkən məhz həmin bəyanata da diqqəti cəlb edirlər. Yəni Eldar İbrahimovun bu bəyanatla Bakının Tehrana münasibətinin yaxşı olduğunu və özünə münasibətdə belə mövqe gözlədiyinə işarə vurduğunu düşünənlər az deyil.

Ərəstun Oruclu
Sədrəddin Soltan, eləcə də digər bu fikirdə olanlar hesab edirlər ki, son vaxtlar İran-Azərbaycan münasibətlərində yumşalma aydın hiss edilir. Və buna görə qarşılıqlı səfərlər də arta bilər.

MƏQSƏD BİRDİR – AZƏRBAYCAN ABŞ VƏ İSRAİLLƏ ƏMƏKDAŞLIQ ETMƏSİN


«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə deyir ki, son vaxtlar ABŞ-Azərbaycan münasibətlərində müşahidə olunan soyuqluqdan İran məmnundur. Amma indi Tehranı daha çox Azərbaycanın İranın siyasətinə qarşı ABŞ və İsraillə əməkdaşlıq etməməsi düşündürür. Ona görə də İran siyasətinin Azərbaycana yönəlik indiki addımları ancaq bu məqsədə xidmət edir:

«İran bu yolda əməkdaşlığın genişləndirilməsini istəyir. Yeri gələndə xəbərdarlıqlar da edir. O, müəyyən sərt bəyanatlar da verir. Amma hamısının hədəfi eynidir. Azərbaycan İranla münaqişə məsələsində ABŞ və İsraillə əməkdaşlıq etməsin. Ona görə də güman edirəm ki, bu da həmin silsilədən olan səfərlərdən biridir».

Ərəstun Oruclu deyir ki, son vaxtlar Bakının Eldar İbrahimovun və digərlərinin dili ilə İranla xoş danışması da Azərbaycana yaxşı mənada nəsə verə bilməz. Əgər Rusiya İrandan imtina edirsə, Azərbaycanın ona qardaşlıq nümayiş etdirməsinin əhəmiyyəti olmayacaq. Lap elə bu ölkənin daxili işlər nazirinin Bakıya səfəri kimi.
XS
SM
MD
LG