Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:41

Fəlakət zonasından reportaj


Əhali deyir ki, 3 aydır həyət-baca su altında idi. İndi də evlər suya qərq olub
Əhali deyir ki, 3 aydır həyət-baca su altında idi. İndi də evlər suya qərq olub
«Heç bir kömək yoxdur. Evlərimiz uçmaq üzrədir. Su hər yeri götürüb. Bir az da qalxsa evləri qoyub çıxmalıyıq».

Bu, Salyan rayonunun küçə və həyətlərində su ilə çarpışan sakinlərin fikirləridir. Əhali deyir ki, 3 aydır həyət-baca su altında idi. İndi də evlər suya qərq olub. Rayonda artıq evinin qapısını bağlayıb başqa yerlərdə qalanlar da var. Sakinlərin kimisi rayonda texnikanın azlığından, kimisi də su nasoslarının çatışmadığından danışırdı. Həmsöhbətlərimizin bəziləri hesab edir ki, hökumət heç olmasa əhaliyə rezin, uzunboğaz çəkmələr paylamalıdır ki, gəzib dolaşa bilsinlər. Bu elə böyük vəsait etməz.

HAVALAR İSİNƏN KİMİ YOLUXUCU XƏSTƏLİKLƏR YAYILACAQ

Amma əlbəttə ki, mikrofona danışanların heç də hamısı necə deyərlər, hökumətdən, yerli icra hakimiyyətindən narazılıq etmirdi. Tək-tək də olsa, kömək barədə, vəziyyət bir az da pisləşsə onlara ev veriləcəyi haqda optimist danışanlar da var idi:

«Hökumət evlər tikir. Lazım gəlsə bizə paylayacaqlar».

Kür çayı məcrasından çıxıb
Rayonun su hələ ki, qalxmayan küçələrində əhali öz işindədir. Xüsusilə də təsərrüfat malları satan dükan sahibləri. Bu arada onlar xeyli rezin uzunboğaz çəkmə satıblar.

Amma bununla belə hamı narahatdır. Deyirlər vəziyyət belə qalsa havalar isinən kimi yoluxucu xəstəliklər yayılacaq.

Vəziyyətin bu həddə çatmasını «Demokratiyaya Yardım» İctimai Birliyinin rəhbəri Emil Məmmədov belə izah edir:

ANBARINA NORMADAN ARTIQ SU YIĞIRLAR

«Azərenerji»nin rəhbərliyi ucuz elektrik enerjisi əldə edib pul qazanmaq üçün Mingəçevir su anbarına normadan artıq su yığır. Belə hallar yarananda isə anbarlarda əlavə yer olmur ki, artan suyu orada toplayıb rayonları basmasına imkan verilməsin. Onların bu cür əməllərinin acısını camaat çəkir».

Onu da deyim ki, artıq əhalinin bir qismi də yaranmış vəziyyətin təbii fəlakətə oxşamadığını düşünür.

Rayonda artıq evinin qapısını bağlayıb başqa yerlərdə qalanlar da var
Camaat hesab edir ki, rayonun böyük bir hissəsinin su altında qalması, hazırda səviyyəsi qalxmaqda olan Kürün suyunun evlərin nəinki zirzəmilərinə, hətta bəzi yerlərdə birinci mərtəbələrinə qalxmasına sadəcə yağışın yağmasının səbəb olması inandırıcı görünmür:

«İndi ilin qar əriyən, dağ çaylarının daşan vaxtı deyil. Əgər orada su normada olsaydı, çayın suyu artanda daşıb rayonları, kəndləri bu vəziyyətə qoymazdı».

BƏNDLƏRİ BƏRKİDƏN ƏSGƏRLƏR…

Salyanın küçələrində Fövqəladə Hallar Nazirliyinin texnikasına, böyük su nasoslarına və onlara nəzarət edən zabitlərə, eləcə də kisələrə qum doldurub qalxmaqda olan suyun şəhərə girməsinin qarşısını almaq üçün bəndləri bərkidən əsgərlərə rast gəldik.

Başqa yerlərdən torpaq, qum gətirib çayın daha təhlükəli sahillərinə boşaldan böyük yük maşınları da gözə dəyirdi. Amma bununla belə, əhali hesab edir ki, görülən işlər mövcud vəziyyətə adekvat
Rayon icra başçısı Əliağa Hüseynov
deyil.

VƏZİYYƏTİ PREZİDENT ÖZÜ NƏZARƏTƏ GÖTÜRÜB

Kür çayı sahilinin ən həssas yerlərindən birində suyun bəndi yuyub aparmasının qarşısını almağa çalışanların arasında olan rayon icra başçısı Əliağa Hüseynov isə bizimlə söhbətdə dedi ki, vəziyyəti prezident özü nəzarətə götürüb. Bütün müvafiq təşkilatlara lazımi tapşırıqlar verib. Hazırda hadisə yerlərində 80-dən çox maşın işləyir. Bundan əlavə digər lazım olan texnika suyun çəkilməsinə və sair işlərə cəlb olunub. O ki qaldı narazılıq edənlərə onlar həmişə olub.

İcra başçısı deyir ki, əvvəl suyun səviyyəsi hər gün 1-2 santimetr qalxardı. İndi isə gündə 18-25 santimetr qalxır. Daha da qalxacağı gözlənilir. Onlar suyun bəndləri dağıtmaması üçün gecələr də işləyirlər.

Rayonda işin görüldüyünü əlbəttə ki, inkar etmək olmaz
Rayonda işin görüldüyünü əlbəttə ki, inkar etmək olmaz. Küçələrdə camaat da kisələrə qum doldurub necə deyərlər, həyətlərini, evlərini xilas etməyə çalışırdı.

Hadisə yerində olan Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Aslanov isə Kürün suyunun bu qədər artmasının və yaranmış vəziyyətin səbəbini izah edərkən deyir ki, sululuq dövrü keçən ilin oktyabr ayından başlayıb. Dörd aydır yağışlar müntəzəm olaraq yağır:

HAZIRDA ELƏ KƏNDLƏR VAR Kİ, KÜR ONLARDAN 5 METR HÜNDÜRLÜKDƏ AXIR

«Bu, sızma sularıdır. Hazırda elə kəndlər var ki, Kür onlardan 5 metr hündürlükdə axır. Ona görə də sızma suları bəndin ətrafında olan kəndlərə, yaşayış məntəqələrinə müəyyən təsir göstərir».

Rafiq Aslanov deyir ki, son 10 ildə bəndin möhkəmləndirilməsi istiqamətində aparılan işlərin nəticəsidir ki, indi suyun onu aşmasının qarşısı alına bilib. Onun sözlərinə görə, Kürətrafı bütün rayonlarda möhkəmləndirmə işləri davam etdirilir.
Camaat da kisələrə qum doldurub evlərini xilas etməyə çalışırdı
O ki qaldı Mingəçevir su anbarı ilə bağlı deyilənlərə, həmsöhbətimiz bu fikirlərlə razılaşmır. O deyir ki, həmin su anbarı «Azərenerji» ilə birlikdə müntəzəm olaraq tam tənzimlənir. İndi də orada suyun tam yığılması üçün 2 metrə qədər ehtiyat yer var.

UCUZ ENERJİ ƏLDƏ ETMƏK ÜÇÜN SUYU CAMAATIN BAŞINA TÖKÜRLƏR

60 ilə qədər Bakıda və Moskvada su təchizatı sahəsində yüksək vəzifələrdə çalışmış, Migəçevir su anbarına və Kürqırağı rayonların vəziyyətinə yaxşı bələd olduğunu deyən mütəxəssis Ələsgər Yusifov isə bildirir ki, butun su anbarları, çayın suyunu tənzimləmək üçün inşa edilir. O cümlədən də Mingəçevir su anbarı. Ələsgər Yusifov deyir ki, əgər bu qaydaya əməl olunsaydı, hazırda Kürqırağı rayonlar indiki hala düşməzdi. Anbarda suyun maksimum hündürlüyü 72 metrdən artıq olmalıdır. Anbarda suyun səviyyəsini 90 metrə qədər qaldırıblar.
Sakinlər bəndi möhkəmləndirirlər
Ekspert deyir ki, buna səbəb korrupsiyadır. Ucuz enerji əldə etmək üçün suyu camaatın başına tökürlər.

Ələsgər Yusifov deyir ki, yağışların yağması, dağ çaylarının daşması nəticəsində Kürün suyu qalxanda, o su çirkli, palçıqlı olur. Rayonları basan su isə çirkli deyil. təmiz, duru sudur. Bu da əsas verir deməyə ki, camaatın evini, həyətini, əkin sahələrini altına alan su Mingəçevir su anbarında toplanmış təmiz sudur.

Sonda onu deyim ki, Salyan rayonunun küçə və həyətlərinə dolan su həqiqətən də təmiz su idi. O qədər təmiz ki, onun içində üzüşən su həşəratları aydın görünürdü.
XS
SM
MD
LG