Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:49

Aksiyaçılardan 9-u həbsə göndərildi


İcazəsiz aksiya, 15 may 2010
İcazəsiz aksiya, 15 may 2010
Nərimanov rayon Məhkəməsi 4 nəfərə 7, 5 nəfərə isə 5 sutka həbs cəzası verib.

AXCP sədrinin köməkçisi Faiq Əmirov AzadlıqRadiosuna bildirib ki, məhkəmənin qərarı ilə AXCP fəalları - Seymur Həziyev, Məhəmməd Talıblı, Ramiz Kamal və Baharçin Həşimov (ALP) 7 sutka inzibati həbs cəzası alıb.

Emin Axundov, Dəyanət Babayev, Rəşad İsmayılov, Çingiz Məmmədov və Mikayıl Bəybalaya isə 5 sutka həbs cəzası verilib.

«HÖKUMƏTİN BÜTÜN SƏYLƏRİNƏ BAXMAYARAQ AKSİYA BAŞ TUTUB»


AXCP sədri Əli Kərimli mayın 15-də keçirilən icazəsiz aksiyaya münasibət bildirərkən belə deyib.

Partiya sədri bildirib ki, aksiyaya mane olmaq üçün bir çox partiya funksioneri evində ya da evindən çıxan zaman həbs olunub:

«10 nəfərə qədər adam - partiyanın sədr müavini Razi Nurullayev, Suraxanı şöbəsinin sədri Vaqif Talıbov, Əzizbəyov rayon şöbəsindən Ali Məclisin üzvü Şakir Abışov evlərindən çıxan zaman həbs olunublar. Buna baxmayaraq aksiya iştirakçıları bir araya gəldilər, «Azad seçki!», «Ədalətli seçki!», «Azadlıq!» tələblərini irəli sürdülər. Xeyli adam həbs olunsa da, tələblər səsləndirildi».

Əli Kərimli mayın 14-də 10, mayın 15-də isə adlarını müəyyənləşdirdikləri 30-a qədər adamın saxlandığını deyib:

«Ola bilsin, adını müəyyənləşdirmədiyimiz adamlar da var. Saxlanan 40 nəfər arasında Azərbaycan Liberal Partiyasından Əvəz Temirxan da var, qalan adamlar AXCP-nin funksionerləridir».

AKSİYADAN FOTOLARA BURADA BAX

AXCP FƏALI DÖYÜLDÜYÜNÜ DEYİR

AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı Nərimanov rayon Polis İdarəsindən buraxılıb. Fuad Qəhrəmanlı polis idarəsində döyüldüyünü deyir:

«Mən şöbədə polis mayoru və polis polkovniki tərəfindən döyüldüm. Onlar özlərini təqdim etməyiblər. Mənim AXCP sədrinin müavini kimi döyülməyim məqsədli idi».

Fuad Qəhrəmanlı deyir ki, onunla birlikdə Nərimanov rayon Polis İdarəsində 16 nəfər saxlanırdı.

Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyevin köməkçisi Məhiyyədin Babayev AzadlıqRadiosuna deyib ki, aksiya keçirməyə cəhd edənlər ərazi üzrə Nərimanov rayon Polis İdarəsinə və onun bölmələrinə aparılıblar.

M.Babayev polisin aksiya iştirakçılarına qarşı zorakı hərəkətlər etmədiyini bildirib:

«Sadəcə, olaraq qanunsuz aksiyaya cəhdin qarşısı alınıb».

O, saxlananlar barədə hələlik dəqiq məlumatın olmadığını və onların izahat alındıqdan sonra sərbəst buraxılacaqlarını deyib.

POLİS AKSİYANI DAĞIDIB

Əvvəlkilərdən fərqli olaraq, bu aksiyada nümayişçilərə qarşı mülki geyimli şəxslər az cəlb olunmuşdu. Eyni zamanda, polis özünü daha da aqressiv aparırdı. / Turan /

TƏQRİBƏN 30-A QƏDƏR ŞƏXS SAXLANILIB


Onlar Nərimanov rayon Polis İdarəsinə və 18, 19 saylı polis bölmələrinə aparılıb.

AKSİYA BAŞLADI

Bir qrup aksiya iştirakçısı «İstefa!», «Azadlıq!», «Azad seçki!» şüarları səsləndiriblər. Onlar polis tərəfindən saxlanılıb. Saxlanılanlar arasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı və Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan da var.

AKSİYADAN FOTOLARA BURADA BAX

AXCP FƏALI POLİS ZORAKILIĞI İLƏ ÜZLƏŞİB

«İstefa!», «Bu rejimin onsuz da sonu olacaq!» kimi şüarlar səsləndirən Əlihüseyn Ağayev adlı bir nəfər polis tərəfindən saxlanılıb.

O, avtobusa salındıqdan sonra orada polis zorakılığı ilə üzləşib.

MAŞINLARIN HƏRƏKƏTİ MƏHDUDLAŞDIRILIB

Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev də hadisə yerindədir.

«Nərimanov» metrosundan çıxan sakinlərin «Nərimanov» kinoteatrı tərəfə getməsinin qarşısı alınır. Həmçinin, maşınların da ərazidə hərəkəti məhdudlaşdırılıb.

«NƏRiMANOV» METROSUNUN YAXINLIĞI POLİSİN NƏZARƏTİNDƏDİR

Post-patrul xidmətinin, çevik polis alayının xeyli sayda əməkdaşları insanların metronun yaxınlığında toplaşmasının qarşısını alırlar. Yaxınlıqdakı mağazalar, restoranlar bağlanılıb. Əraziyə polis əməkdaşları ilə dolu olan avtobuslar gətirilib.

«AZADLIQ» BLOKU AKSİYA KEÇİRMƏKDƏ İSRARLIDIR

«Azadlıq» bloku aksiya keçirməkdə israrlıdır və təzyiqlərə, fəalların saxlanılmasına baxmayaraq, aksiya mütləq baş tutacaq.

Bu barədə AXCP Ali Məclisinin sədri Həsən Kərimov «Turan»a bildirib.

O deyib ki, artıq 10-dək AXCP fəalı saxlanılıb və mülki geyimli şəxslər bir çox fəalın evlərindən çıxmasına imkan vermir.

Bir müddət əvvəl «Azadlıq» blokunun mitinq keçirmək müraciətinə Bakı şəhər İcra Hakimiyyəti şəhərin mərkəzindən kənarda üç meydan təklif edib.

Müxalifət partiyaları isə həmin meydanlarda mitinq keçirməkdən imtina ediblər.
XS
SM
MD
LG