Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:45

JALƏ "Əliş kişinin yad edilməsi" (Hekayə)


“Mən də bir az postmodernistəm” silsiləsindən
(I “Nəsimi”ədəbiyyat mükafatına təqdim olunub )


Səsdən pəncərənin şüşələri, stolun üstündəki qədəhlər və bir də Timurun qulaqları cingildədi. Timur bildi ki, etiraz eləməyin yeri yoxdu, Çingizxan başladısa, dayanmayacaq.

Əslində onun gülməyi əsəbləşdirmirdi Timuru, danışdıqlarının gülüşə səbəb olmasıydı onu özündən çıxaran. Ürəyində hələ Çingizxana “qanmaz” da dedi. Heyfi gəldi elədiyi söhbətə.

Çingizxan gözlərindən yaş gəlincə güldü və birtəhər özünə gəlib Timuru dəli edən cümlə çıxardı ağzından:

- Day denən bizim kəndin hamısı pos...pos…nədi e o…posmos…posdos…ondandı ki…

Bu dəfə əvvəlkindən daha bərk gülməyə başladı və bu dəfə Timur hirslənmədi. Onun bayaqdan özünə əl qata-qata, ağzı köpüklənə-köpüklənə danışdıqlarından Çingizxanın belə nəticə çıxarması Timuru həm təəccübləndirmişdi, həm də əmoğlusunun geridə qalmışdığından, dardüşüncəliliyindən təəssüflənmişdi.

Timur qarışıq hisslər içində çırpındığı vaxt Çingizxan öz aləmində idi (“idi”ni birləşdir). Dünya vecinə deyildi. Heç bütün kafenin çevrilib ona baxması belə eyninə gəlmirdi. Timur da ona “dayan”demirdi. Bu onlarda nəsil xəstəliyi idi. Gülməyə başladılarmı, 15-20 dəqiqə dayanmazdılar.

Axır Çingizxanın əyləncə, Timurun əsəb dolu 15 dəqiqəsi keçdi. Çingizxan o qədər güldü ki, ayıldı tamam. Bu cür ayılmağı özünə də ləzzət elədi.

- Səni belə gördüm, sevindim, əmoğlu, yoxsa…düzü, deyirdilər ki, özünü çəkirsən, kənddən gələnləri saymırsan…Amma sən elə Əlişin nəvəsisən ki, durmusan, heç o yan-bu yanı yoxdu…

Özümüzə oxşamısan e, ana tərəfinə çəkib şəhərli olmamısan, qadan alaram…Kənddə hamıya danışacam bunu, özüm ölüm…sənin sağlığına…

Timurun özlüyündə “Çina” adlandırdığı Çingizxanın onu özlərinə oxşatması Timurun eyninə olmadı. Onun fikri hələ də bayaq əmoğlusundan eşitdiklərinin yanında idi. Maraqlı görünmüşdü onun yanaşması.

- Niyə bayaq dedin ki, bizim kənd hamısı posmosdu?

Çina arağın dalıyca xiyar turşusunu ağzına dürtüb yenə güldü:

- Ə, başa düşmədin? Mənə oxuduqların nə idi, hə? Demədin şeirdi? Demədin posmosdu, nədi, elə şeirdi? Demədin indi belə moddu, əsl şairlər belə yazırlar?

- Dedim və sözümün də üstündəyəm!

- Ə, ay evi tikilmiş, ona görə deyirəm də, onda bizim kənd hamısı əsl şairdi, bizim rəhmətlik babamız da …nədi e o, axırı belə biədəb çıxırdı… məktəbdə oğlanlarla xəlvəti deyib gülürdük o sözə… Aydın müəllimin dərsində…ə, o çoxdan ölmüş şairlərə deyilər e…

- Klassik…

- Hə, hə, qadan alaram elə, bizim babamız da bütün bu şairlərin klassikidi!

Çina dedi və ətrafına baxdı, görsün, bu “biədəb” sözü eşidən olmadı ki.

Timurun hövsələsi bir tikə olmuşdu. Əgər əmoğlu kefli idisə, heç, bağışlayacaqdı, əgər yox, onunla məzələnirdisə, halı yaman olacaqdı. Çəkidə eyni gəlsinlər deyə, Timur da bir qədəh araq tökdü boğazına.

Üzünü turşudub 100 qramlıq qədəhi masaya qoydu. Sonra səsini qaldırıb düşdü əmoğlusunun üstünə:

- Mənə izah elə görüm dediklərini.

Çina əmoğlusunun hirsləndiyini başa düşdü. Bəs necə, damarlarında eyni qan axmırmı bəyəm, o bilmirmi ki, bəyəm, onların nəslində kişi hirsləndisə, “vsyo”? Ya söyəcək, ya qıracaq, ya da arvadı döyəcək.

Çina onlara oxşadığı üçün Timuru daha çox istədi. Ayağa durub bağrına basacaqdı az qala. Kafedəki millətdən utandı.

- Bu dəyqə, qadan alım, indi özün hər şeyi başa düşəssən. Sən mənə çox şey danışdın. Vallah heç nə qanmadım. Altı sinif oxumuşam zorla, özün bilirsən. Heç peşman da deyiləm.

Mal-qaram, qoyun-quzum, ev-eşiyim. Hərdən də gəlirəm Bakıya istədiyim kimi kef eləyib gedirəm. Kənddə neçə qız mənim papaq eləməyimi gözləyir canınçün…

- Kəsə gəl görüm…

- Onu deyirəm də, başa düşmədim sənin dediklərini. İnstitut oxumusan, diplomlu adamsan, fikirləşdim ki, nəsə ağıllı şeylərdən danışırsan. Ömrümdə eşitmədiyim sözlər deyirdin də. Aydın müəllim rəhmətlik belə qəribə sözlərlə danışardı…Həm də elə danışanda görürdüm ki, nə qədər başqa adamsan e, heç bizə oxşamırsan, əməlli-başlı şəhərlisən…lap heyfim gəlirdi sənin kimi oğlana…sifətdən də eynilə babamızsan…hamı deyir ki, mən də daldan oxsayıram babama…

Timur onun yenə gülməyə hazırlaşdığını görüb qışqırdı:

- Offf, ə, sözünü de dana!

- Ə, sənə qurban olum, hirslənəndə lap özümüzə oxşayırsan e…ən çox da babamız Əlişə…Sən də mi söyürsən, evdə nə var qırırsan hirslənəndə?

- Bə nədi, kişi döyülük?!

- Dilinə qurban! Babamızın ruhu indi nə kef görür, Allah bilir bircə. Kişi indi o dünyada sevindiyindən leysan tökür gözlərindən…Qoy səni bir öpüm…

Çina bu dəfə utanmayıb (əmoğlusuna olan sevgi utanc hissinə qalib gəlmişdi) ayağa qalxdı. Timuru necə basmarlayıb öpdüsə marçıltısı bütün kafeyə yayıldı. Hamı da çevrilib baxdı. Çinanın heç babasının bir yerinə oxşayan yerinə də olmadı.

- Yaxşı ki, o şeirləri oxudun. Yoxsa, əlimi səndən üzmüşdüm tamam…

- Ə, bağrın çatlasın, baban yolu gedəsən, zatına lənət sənin, ürəyim çəkildi axııııı…

Bu dəfə də Çina 15 dəqiqəlik taym-aut götürdü. Kafedəkilər bu iki cavan oğlanın sadəcə kefli olduqlarını düşünüb bu dəfə heç çevrilib baxmadılar da. 15 dəqiqə ərzində Timur 200 qram da gillətdi. Çina ikinci dəfə də onu qucaqlayıb quluncunu qırdı.

- Əmoğlu, ə, sən nə qiyamət oğlansanmış. Bundan sonra Bakıya gələndə ancaq səni tapacam.

- Hörmətin artıq olsun. Sözünü de qurtar, bir təmiz havaya çıxaq.

- Düz deyirsən, gəl çıxaq day, yolda danışaram.

Çina əmioğlusuna imkan verməyib haqq-hesab elədi ofisiantla. Çıxıb üz qoydular dənizə tərəf.

Bir müddət heç biri danışmadı. Sahilə çatıb dəmir məhəccərə söykəndilər. Hərəsi bir siqaret yandırdı.

- Əmoğlu, bu Bakıda xoşum gələn bircə şey var, o da bu dənizdi, bilirsənmi?

- Bilirəm…Bu dəniz kimin xoşuna gəlmir ki?...

Timurun yenə şairliyi tutmuşdu. Ağlına gələn misralara “gəlmə” deyəmmirdi. Çina da arif oğlan idi, altı sinif oxuyanda nolar. Əmoğlusunun çorta getməsindən məsələni anlayıb yüyürdü yaxınlıqdakı fotoqrafın üstünə. Heç nə demədən onun əlindəki qələm-vərəqi alıb qaça-qaça qayıtdı.

- Ala, başına dönüm…

Onun bu qayğısı Timuru yaman kövrəltdi. Bu dəfə də o, əmoğlusunu qucaqlayıb quluncunu qırdı. Dənizdən əsən meh əmoğlanlarının saçlarını bir-birinə qarışdırdı.

Kənardan baxanlar bu mənzərədən tamam mütəəssir olmuşdular. Hər ikisinin ürəyi çırpınırdı. Damarlarındakı Əliş kişinin qanı az qala ürəklərini partlatmaq üzrəydi, Timur da “məni də kəndə apar, babamın qəbrini görüm” demək istəyirdi ki, cingiltili qız səsi əmoğlanlarını bu dünyaya qaytardı.

- Vauuu, kimi görürəm, necəsən?

Timur başını əmoğlusunun çiynindən götürüb qıza baxdı və Gülyanı tanıdı. Adı nə idisə elə hamı Gülya deyirdi qıza. İstər-istəməz yay macəraları yadına düşdü. Gülümsündü. Çinanın ürəyi dağa döndü: “Lap babam kimi qımışır”.

- Necəsən? Görünmürsən?

- Mən əla! Qızlarla çıxdıq dəniz havası udmağa... Bu cavan oğlan kimdi belə? Bizimkilərə oxşamır…

- Mən Teymurləngin böyük əmisinin kiçik oğluyam – Çingizxan özünü mədəni şəkildə təqdim elədi.

Qızlar ürəkdən qəhqəhə çəkdilər.

- Teymurləng??

- Hə də, niyə gülürsüz ki?

- Biz onu Timur kimi tanıyırıq axı…

Çina təəccüblə Timura baxdı. Onun bir qaşının qalxmasından məsələni anladı. Arif oğlan idi axı Çingizxan, altı sinif oxuyanda nolar ki.

- Şairlik eləyəndə Timur olur də. Amma Teymurləng də pis deyil. O boyda hökmdar olub. Mən də Çingizxanam.

Qızlar yenə gülüşdülər. Gülya Timurun qoluna girdi.

- Amma əmoğlun düz deyir ha. Tamerlan! Belə çox möhtəşəmdir. Bundan sonra bu imzayla yaz.

Söz deyəsən Timurun da ağlına batdı. Mehriban nəzərlərlə Çinaya baxdı. Əmoğlu da xam deyildi, arif idi, başa düşdü ki, deyəsən, yaxşı iş görüb.
- Baxarıq - dedi Teymurləng.

Qızların ağızları getdi qulaqlarının dibinə. Gülya Tamerlana göz vurub eyhamla:

- Yaxşı da, biz gedək, görüşərik…- dedi.

- Yaxşı yol, xanımlar, bizə görə bir qulluq? – Çina dilləndi.

Əmoğlunun mərifəti Tamerlanı poeziyanın yeni üfüqlərinə səslədi lap. Onun yerdə qalan quluncunu da qırardı bu dəm, amma qızlardan ayıb elədi. Qızlar sağollaşıb uzaqlaşdılar. Çina tez dilləndi:

- Əmoğlu, yox demə, bu sarı qız səndən kəsir deyən.

- Gülya? Kəsir deyəndə ki…bu yay bir haqq-hesab olmuşdu.

- Pahooo, deyirəm də, gözü üzündə idi. Ürəyinə od qoymusan qızın.

- Əşi, nə od? Bir iş idi…

- Necə iş e? Qəşəng qızdı…Amma day özün bilərsən də…Sonra nəyi xoşuna gəlmədi ki, evlənmədin?

- Nə evlənmək? Dəli olmusan? Bir az yaşadıq bir yerdə, bitdi getdi…vəssalam.

Çina gözlərini döydü. Çevrilib qızların arxasınca sınayıcı bir nəzər saldı.

- Qağa, demək belə pis çıxmasın, onlardandı bu Gülya?

- Ə, yox, ağzını dağıtma…sadəcə, müasir qızdı də, kefi necə istəyir elə də yaşayır...şeir də yazır, erotik şeirlər…hərdən tədbirlərdə görüşürük…
Cina fikrə getdi.

- Ə, o Hətəm gətirən kasetlərdəkindən yazır?

- Təxminən – Timur Hətəmi tanımasa da, söhbətin hansı kasetlərdən getdiyini anlayıb qımışdı və əmoğlunu asanlıqla başa sala bilməyəcəyini görüb kəsə çıxdı.

Çinanın dəyirmanı üyütmürdü ki, üyütmürdü.

- Qağa, elə-belə yaşadız getdi, hə? Bəs indi onu kim alacaq?

Bu dəfə taym-aut növbəsi Tamerlanın idi. 15 dəqiqə ərzində Çina gözlərini döydü, Timur güldü. Timur qəşş elədi, Çina “Allah, sən saxla!” dedi. Timur gülüb tamam ayılandan sonra Çinaya bəzi mətləbləri onun anlayacağı dildə başa salmağı özünə borc bildi.

- Sən dediyin geridəqalmışlıqdı, əmoğlu. İndi oğlanlar, qızlar Avropadakı, Amerikadakı kimi yaşamaq istəyirlər. Düzdür, hələ belələri çox deyil, amma artacaq – gənc şair əminliklə dedi.

- Lap kinolardakı kimi? Kimlə istədilər, nə qədər istədilər yaşayıb ayrılırlar?

- Ə, sən nə qiyamət oğlansanmış. Bundan sonra Bakıya gələndə mütləq məni tap. Bir sözdən qanırsan hər şeyi. Altı sinif oxuyanda nolar?

Nə qədər təriflənsə də, Çinaya belə şeyi qəbul eləmək çətin gəlirdi. Qaşlarını qaldırıb, çiyinlərini çəkdi, Bakının bu yeni düzənini anlamağa çalışdı. Amma qalxmış qaşlar, çəkilmiş çiyinlər ona kömək eləmədi. Əvəzində Timur-Teymurləng- Tamerlan yenə onun boğazına çökdü.

- Bayaqkı söhbət yarımçıq qaldı axı. De görüm, kəndi nədən mən deyənlərə calaq elədin?

Çina fikirdən ayıldı.

- Həə…ə, heç nə…elə ağlıma gəldi birdən…

- Yaxşı, tez ol görüm…

- …Hmm…deyirsən, bu cür yazmağı birinci kim uydurub Bakıda?

- Həmid Herisçı.

- Həmid? Adı Həmiddisə, demək yaxşı oğlandı. Bax, bizim kənddə neçə Həmid var, hamısı əla oğlanlardı. Keçəl Həmid, Şofer Həmid, Zloy Həmid…hamısına can qurban…

- Ə, mətləbə keç görüm e!

- Ə, canınçün heç nə. Prosto sənin şeirlərin bizim camaatın danışığına oxşayır dana, ona görə dedim.

- ???

- Ə, çıxar o vərəqləri.

Timur döş cibindən bir dəstə vərəq çıxardı. Özünün və “Uzaqlar” ədəbi məclisinə toplanmış şairlərin yazdıqları idi.

- Aç, lyuboysunu oxu.

Timur əmrə müntəzirmiş kimi açıb oxumağa başladı. Amma Çinaya tapşırdı ki, gülməsin, yoxsa oxumayacaq.

- Bax, o iki qoşa dağı görürsən? Sənin döşlərinə oxşayır, elə bil əllərini geri atıb uzanmısan, sıxsam onları, süd çıxar. Amma sıxmıram, zəhərlidir sənin südün, içib ölərəm. Necə ki, dağın altından çıxan çay ətrafdakı çəmənləri qurudub işəmək kimi, səndən çıxan hər şey zəhərlidir…

Timur oxuyub qurtardı, Çinanın üzünə baxdı. Çina babası sayaq qımışırdı.

- Ə, yadına düşmədi nənəmin xalası qızı Gülgəz arvad?

Timurun gözünü döyməsindən Çina anladı ki, yadında deyil.

- Ə, gəlinin dalınca söymürdü ki, qancığın qarnından çıxmışın südündə zəhər var, doğduqlarının hamısı acıdildi, söz deyəni çalırlar?

- …Həəə…belə bir söhbət yadıma gəlir…yadıma gəlir o arvad…həmişə gəlinindən qeybət eləyərdi…

- Ay sağ oool…

- Əladı ki! Bu eynilik heç mənim ağlıma gəlməmişdi. Bu barədə yazmaq da olar. Məsələn, xalqdan gələn müasirlik-filan…Əmoğlu, yaman paralellər aparırsan ha.

Nə aparmasının fərqində olmayan Çina əmoğlusunun sevinməyindən vəcdə gəlmişdi.

- Ə, vicdansız, babamın nağılları yadından çıxıb? Hamısı da lüt pərilərdən, arvadpusan kişilərdən olardı. Dədəm də dalaşardı ki, uşaqları pozma, danışırsan mərifətli şeylər danış?

- Həəə…yadımdadı…

- Babamın şeirləri bəs? Qancıq Əlişin oğlu Tülkü Qasımın pəyəsinin dibində cavanları başına yığıb nə gözəl şeirlər deyərdi, əhvalatlar danışardı toy gecəsindən-zaddan…

- Ə, sən öl, yadıma düşür…dedim ey qönçədəhan…

- …işdanı qan eyləmisən…

Əmiuşaqları lap uşaqlaşmışdıar. Uzaq illərin o tayında idilər. Baməzə bir kişinin dizinin dibində oturub, onun dediklərini çinədanlarına yığırlar. Guya başa düşürmüşlər kimi altdan-altdan gülürlər. Baba da onlara göz vurub başlarına sığal çəkir...

- Ə, hələ guya meşəlikdə bir pəriylə sevişməyini eşitmişdin onun? Nənəmdən xəlvət danışardı.

- Ə, bəc necə? Guya pəriylə deyişirmişlər meşədə…

İkisi də ürəkdən güldü. Düz 15 dəqiqə. Əliş kişi də belə gülərdi. Düz 15 dəqiqə.

- Ey pəri, səndəki dərmandı axı məndəkinə.

- Ey çoban, dərman nədi, məndəki nə?

- Ey pəri, gəl yanıma, soyuq olar səndəkinə.

- Ey çoban, deyən od düşübdü səndəkinə…

Yenə 15 dəqiqə güldülər.

- Ə, babam söyəndə bütün kənd tamaşasına durardı. Nənəm utandığından evdən çölə çıxmazdı. Oturub-durub kişiyə qarğış tökərdi ki, saqqalı qanına bulaşmış bizi rüsvay elədi yenə el içində.

- Ə, yadımdadı hamısı…

- Biz də babamın tərəfini tutardıq…

- Nənəm də bizi söyərdi ki, oxşamışınız dərin getsin. Ondan artıq olmayacaqsız ki…

Daha gülməyə taqətləri qalmamışdı. Yüngül gülümsəməklə keçdilər bu xatirənin üstündən. Çina şair əmoğlusunun bayaqkı tərifindən qanadlanıb yeni bədii paralellərini ortaya qoydu.

- Ə, babam da ağzını gül açardı, sənin şairlərinin də dilindən düşmür andırların adı. İndi de görüm, səndəki şeirlərlə babamın şeirləri arasında nə tafout var, hə? Yenə babamı nənəm söyərdi ki, söymə, sənin şairlərini heç söyən də yoxdu ki, söyməyin!

Timur-Teymurləng-Tamerlan fikrə getdi.

Gözünü döydü. Çiynini çəkdi. Dənizə baxdı. Çinaya baxdı. Göyə baxdı. Əlindəki vərəqlərə baxdı. Və babası Əliş kişi kimi ucadan, çiyinlərini ata-ata gülməyə başladı.

Çina da ona ayaq verdi. Timur babası kimi gülə-gülə fikirləşməyi də bacardığından 15 dəqiqə ərzində çatdırıb ağlından keçirdi ki, heç kimdən çəkinməyərək dənizin kənarında partdayınca gülməyin, qışqırmağın, söyməyin də posmos deyilən şeyə aid olması, şəxsiyyət azadlığını ifadə etməsi barədə də əmoğlusuna mütləq mühazirə oxumalıdır.

Çünki o, yaxşı oğlandı, qanan oğlandı, altı sinif oxuyanda nolar, dünyanın işlərindən baş çıxara bilir.

Ətrafdakıları veclərinə almayıb yerə çöküncəyədək güləndən sonra tamam ayıldılar. Mayanı batırsalar da, daha içmək istəmədilər. Qərara gəldilər ki, tez bir molla tapıb Əliş kişıyə “Quran” oxutsunlar.

Eyni gündə biri kənddə, biri Bakıda doğulmuş nəvələrinin adını Əliş kişi qoymuşdu. Onları qəhrəman görmək istəmişdi. İndi istəməsin, çox istəyərdi öz hökmdar nəvələrini…

Əmiuşaqlarının hər ikisi görüşdən razı idi. Gənc şair artıq postmodernizmin əsasları, xeyir-şər davası, ədəbiyyatın qütbləşməsi, həyatın özünü şeirə gətirmək, modern estetika barədə düşünmürdü.

O, kəndə getmək, postmodernizmin əsl yaradıcılarının qulunclarını qırmaq istəyirdi şaqqaşaq. Yadına düşdü ki, qocaman yazıçılar insanın bu halına “torpaq çəkir” deyirlər.

Çina da kəndə getmək istəyirdi.

Heç belə tələsməmişdi kəndə qayıtmağa. Tez qayıdıb bütün ağzıgöycəkləri yerində oturtmaq istəyirdi ki, onun əmisi oğlu heç də öz kökündən ayrılmayıb, anası tərəfə çəkməyib, elə onlardan biridir.

Əliş babası kimi danışır, onun kimi qımışır, bazlığı da var, hirslənəndə də kişi kimi söyür, hələ bir söydüyü kimi yazır da, evdə də nə var dağıdır. Arvad alanda da mütləq döyəcək onu hirslənəndə.

Çünki damarlarında bu nəslin qanı axır.

…Axşamın alatoranında hələ də molla tapacaqlarından ümidlərini kəsməyib bulvar fanarlarını saya-saya funiklyora tərəf qoşa addımlayan əmiuşaqları Xəzərin seyrinə çıxmış qısadonlu qızları görəndə çevrilib bir-birlərinə baxır, sol gözlərini qıyıb, sağ qaşlarını qaldırır, babaları kimi qımışırdılar…

(Müəllifin "Oxu zalı"na göndərdiyi son variant)
XS
SM
MD
LG