Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:09

Erməni separatçılarının keçmiş komandiri İrana getdiyini etiraf etdi


Samvel Babayan
Samvel Babayan
Dağlıq Qarabağ separatçılarının silahlı qüvvələrinin keçmiş komandiri İrana səfərini axır ki, etiraf edib.

AzadlıqRadiosunun erməni xidmətinin məlumatına görə, Samvel Babayan İrana getdiyini təsdiqləyib. Amma Tehrana keçmiş prezident Robert Koçaryanı hakimiyyətə qaytarmaq üçün dəstək aramaq üçün səfər etməsi haqda mediada yazılanları təkzib edib.

Erməni mediası yazırdı ki, Qarabağ separatçılarının keçmiş lideri və Ermənistanın da eks-prezidenti olan Koçaryan Samvel Babayana söz verib ki, hakimiyyətə qayıtsa, onu da müdafiə naziri təyin edəcək.

Babayan Tehrana şəxsi məqsədlər üçün getdiyini bəyan edib. Əgər, siyasətə qatmaq istəsə, bunu gizlətməyəcəyini bildirib və hökumət postlarında gözü olmadığını iddia edib.

Babayanın Tehranda kimlərlə görüşdüyü hələ məlum olmasa da, adı yanaşı hallandırılan Robert Koçaryan yanvarda Tehranda olanda, İran siyasətçiləri ilə doğrudan da görüşmüşdü.

Koçaryan İran prezidenti Mahmud Əhmədinejad və Xarici İşlər naziri Mənuçöhr Möttəki ilə görüşmüşdü. Möttəki sonradan bildirmişdi ki, həmin görüşlər köhnə dostların bir araya gəlməsi, yaxşı vaxtları xatırlaması və gələcək planların ayaqüstü müzakirəsi olub.

Samvel Babayan, Robert Koçaryan və Serj Sarkisyan Azərbaycanın Dağlıq Qarabağ regionundandır. Koçaryan və Sakisyan sonradan Ermənistan prezidenti vəzifəsini də tutub, 45 yaşlı Babayan isə hələ də ermənilər arasında ən güclü fiqurlardan sayılır.
XS
SM
MD
LG