Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:51

İsmayıl İsmayılov "Su çəni, damcılar, çinlilər..." (Hekayə)


Bu gün başıma iş gəlib. Özümün gül kimi köhnə divanımda yerimi təzəcə rahatlamışdım.

Beynimdəki dahiyanə, fəlsəfi fikirləri kənara qoyub, ləzzətlə televizorda başlayacaq Braziliya seriyalına baxacaqdım. Baxa bilmədim...

Vallah, köhnə məhəlləmizdən köçəni həyatım büsbütün pozulub.

Qəşəngcə şəhərin mərkəzində evim, yox, deyərdim bir imarətim, məhəllədə hörmətim, işıq, qaz, su pulu yığanlardan gizlənməyə dalanım, bircə dənə də köhnə divanım vardı.

Oradan mənə qalan elə köhnə divan oldu. İndi gəlib düşmüşəm mikrorayonda panel evinə, 4 divardır, köhnə divan, bir də mən.

İşıq pulunu bir həftə gecikdirsən, soruşmadan işığını kəsərlər, hörmət zad da qanan yoxdur. Mən boyda dahi mütəfəkkir uşaq-muşaq əlində qalıb.

Qonşulardan da bircə aşağı mərtəbədəki qonşunu tanıyıram, gecə su kranı açıq qalmışdı. Zalım uşağı, ailəliklə evə hücum çəkdilər. Səs-küy aləmi bürüdü, gəl, bunlara kimliyini başa sal.

Köhnə dalanımızı tez-tez xatırlayıram, doğrudur, divanımı təkbaşına xüsusi ehtiyac olmadan qoyub getməzdim. Necə deyərlər, həyatdır da, məcbur edir, küçəyə-bacaya çıxırsan.

Hərdən qohum-əqrəbə zorla qolumdan tutub aparırdı qonaqlığa-zada, evdə qalıb un çuvalına tay olan qızlarını mənə sırımaq üçün. Ay evləndim ha. Keçəl suya getməz, mən divanımdan və dahiyanə fikirlərimdən heç cür ayrıla bilmərəm.

Təzəgəlin də gəlib evdə nə ki köhnə əşya var atacaq çölə, divan da olmasa, fikir də yaranmaz.

Bir sözlə küçəmizi yerli-dibli sökdülər, mənə də bir otaqlı mənzil, üstündə də azca pul verdilər ki, divanımı apara bilim. Allaha şükür, fəhlə puluna bəs elədi. Amma bu ev mənlik deyil, indiyəcən bu unitaz deyilən şeyə əməlli-başlı öyrəşə bilməmişəm.

A kişilər, birinci mərtəbədə biri bir səs salanda, ya divara mismar vuranda, mən doqquzda eşidirəm.

Lift bir gün işləyir, bir həftə dayanır, əl boyda siçovullar yellənə-yellənə mərtəbələr arası ora-bura qaçır, qapını açan kimi başıma bir ətək kağız tökülür, hərəsi bir xidmətdən.

Heç köhnə evimdə su idarəsinin varlılığından xəbərsizdim, evimi sökəndə borcumu da sildilər.

Dilənçinin biri gedir, o birisi gəlir. Elə dünən çox sanballı bir xanım qapını döydü. Onu görəndə özümdən utandım, tez köhnə darağımla başıma sığal çəkdim.

Xanım da deyir, niyyət eləmişəm ay qardaş, 7 qapıdan pul yığmalıyam. Bir xırda qəpiyim vardı, onu da verdim.

Həyatım əziyyətdir başdan-ayağa. Bir dərd də alıb canımı, rahatlığımı tam pozub.

Təzə evə köçən günü uşaqlıq dostum da mənimlə gəldi. Ora-bura baxdı, doğrusu ayaqyolunu bəyənmədi, doğrusu unitazın üstündəki 200 litrlik su çəni vahimə doğururdu.

Elə bil başının üstündən bir ağırlıq asılıb, aşacaq üstünə. Üstəlik toz-torpaq, paslanmış dəmir borular adamın əhvalını pozurdu belə bir möhtəşəm yerdə. Dostum dedi, darıxma.

Öz evimdə də belə vəziyyətdir, bir qədər lambrin almışam, buna bənzər eybi örtmək istəyirəm. Sənə hədiyyə edərəm, gəlib bu su çəninin altından lambrin düzərəm, təmiz görünər.

Dediyi kimi də etdi, ağappaq lambrinləri düzdü, çox gözəl də alındı. Dərdim elə bu gündən başladı.

Evi qəribə tıqqıltı bürüdü: tıq, tıq, tıq, tıq. Nə yatmaq olur, nə də oturmaq.

Elə bil haradasa su kranı açıq qalıb.

Özü də bir gün səs olur, bir gün yox. Sonra səbəbini tapdım, ayaqyolunda lambrindən su damcı-damcı süzülürdü, ya mənim başıma, ya da yerə, sonra özünə yer tapıb aşağıdakı qonşunun təpəsinə.

Məndən yuxarıda heç kəs yaşamır, əgər damdan axırsa, gərək heç olmasa yağış olsun. Bu sirr az qala məni dəli elədi, çünki bu lambrini sökə bilmərəm, mənim kimi mütəfəkkirə yaraşan iş deyil, dostumu da çoxdandır görə bilmirəm.

Axı bu su haradan axır, əgər çəndən axırsa, qoy hər gün axsın, yoxsa birdən-birə gecəyarısı tıqqıltı düşür, sonra dayanır, sonra yenə davam edir.

Bütün qışı bax beləcə əziyyət çəkdim. Bir ara da bərk soyuq oldu, elə söylədiyim Braziliya seriyalına, isti, pürrəngi çay içə-içə baxacaqdım ki, yenə tıqqıltı başladı.

Qədim Çində bir insana işgəncə verəndə, əl-qolunu bağlayıb başına damcı-damcı su tökürdülər, dəli olanacan. Bax, mən də belə dəli olmaq həddinə çatmışdım. Özümə dedim, dünya dağılsa da, bu evdə oturmaram.

Getdim elə bu işi düzüb-qoşan dostumun evinə. Onun bapbalaca, toppuş uşaqları dərdimi unutdurdu. Sonra evin xanımı bir yaxşı xingal bişirdi. İstər-istəməz əlimi yuyası oldum, öz evimdə əl yumağı sevmirəm.

Onun hələ də lambrinsiz, ayaqyolunu da özündə birləşdirən hamam otağında əlimi yuyarkən başıma su damcıladı. Düşündüm, deyəsən, su damcıları mənə burada da rahatlıq verməyəcək.

Başımı qaldırıb su çənini gördüm, onun üzəri başdan-ayağa tərləmişdi, necə insan yayda istidən tərləyən kimi.

Mənim dahiyanə beynimdə ildırım sürəti ilə yeni fikir yarandı, “Evrika”, deyə bağırdım. Uşaqlar da səsimdən qorxub ağlamağa başladılar.

Bir gör a..., indiyəcən belə sadə məsələnin həllini tapa bilməmişdim.

Fizikanın qanunudur, çöldən çənə gələn soyuq su və evin temperaturu arasındakı fərq çəni tərlədir, sonra su lambrinin üzərinə damcılayır, mən də seriyalıma baxa bilmirəm.

Dostumun xanımından başqa əlimə kim keçdisə, bağrıma basıb qucaqladım, hətta qayınanasını da. Çiynimdən elə bil dağ götürüldü.

Dostuma dedim, qardaş, gəl o lambrini necə vurmusansa, eləcə də sök apar. Çən tərləsə də, su elə birbaşa yerə axar, heç olmasa tıqqıltı olmaz.

Xingalımı yeyib, evimə gəldim. Köhnə divanımda uzanıb fəlsəfi fikirlərə daldım, su çəni, damcılar, çinlilərin obrazları yavaş-yavaş əriyib getdi. Şirin yuxuya gedirəm...
XS
SM
MD
LG