Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:26

Azad Qaradərəli "Gədə" (Hekayə)


Kəndə xəbər yayıldı ki, Vadər yenidən Rusiyaya qaçıb. Gedib yox ha, məhz qaçıb.

Getməyinə qalanda burda qəribə şey yoxdu ki...

Onsuz da kəndin əli ağac tutanlarının yarısı Rusiyada, yarısının yarısı Türkiyədə, qalan yarısı isə Bakıdaydı.

Zivər arvad yana-yana deyirdi ki, xarabada toyuq başı kəsən tapılmır.

Elə özlərini tanıyan kimi Yolaşandan aşırlar o üzə, day bir də geri qayıtmırlar...

Axırda arvad yandığından baltanı iki qıçının arasına qoyub yezidə lənət oxuya-oxuya “bissimillah” deyib bıçağı əlinə alıb özü toyuq başı kəsməyə başladı. (Elə bil kişi qısmını kənddən yezid qaçaq salmışdı)

Vadər Zivər arvadın sonbeşiyi idi. Qızlarını ərə vermişdi, oğlanlarını evləndirmişdi.

Vadəri də evləndirəndən sonra bir az toxtadı. Dedi ki, day yetmişi addamışam, bundan belə nə yaşasam qənimətdi. Sən saydığını say...

Vadəri Zivər arvad əri öləndən bir ay sonra doğdu.

Kişinin qırxında zahı ola-ola durub qonaq qaranın qabağına çıxdı, əlini isti-soyuğa vurdu, gəlib-gedənə dil-ağız elədi. Ərinə ağı deyəndə “aaz, belə Məhərrəm deyir ki, mən bu dünyadan gedər oldum... elimin-obamın gözündən itər oldum, a nənəm qurban... mən də deyirəm yarımın qəminə batar oldum, a dədəm qurban, a nənəm qurban... zahı-zahı ayağa durmağa vadar oldum, belə vadar oldum...”

Baldızı axırıncı sözü onun ağzından alıb dedi ki, qardaşımın yadigarının adı qaldı Vadər...

Nəysə, bir az çox uzağa getdik deyəsən, sözümüzün canı var axı.

Vadər evlənəndən bir ay sonra toya gələn ortancıl qardaşına qoşulub getdi Rusiyaya. Bir də düz bir il sonra qayıtdı. Gəlib gördü ki, iki aylıq bir qızı olub. Anası sevinə-sevinə dedi ki, sən sonbeşiksən, ev sənindi.

Qaxıl otur, arvad-uşağına bax. Dedi, baş üstə. Və elə bir-iki həftə doğrudan ev-eşiyin işini də gördü, hələ gənc arvadıynan mazaxlaşmağa da vaxt tapdı. Amma bunların ömrü cəmi bir ay oldu. Bir gün səhər yuxudan duranda gəlin gördü ki, Vadərin yeri boşdur.

Belə-belə bu get-gəllərin arasında düz dörd uşaq verdi Züleyxanın qoltuğuna. Yazıq gəlin bu uşaqları itin günündə saxlayırdı.

Onun-bunun köhnələrini geydirə-geydirə, artıq-urtuqları yedirdə-yedirdə yekəldirdi. Bu dəfə gələndə onu yaxına buraxmadı. –Get,-dedi,-gəzdiyin yerlərdəki arvadlarla da kefini çək.

Day, bəsdi, sənin mənə elədiklərini erməni köpəyoğlu eləməz arvadına! Day bəsdi, dörd dədəli yetim saxladığım...

Vadər yarı rusca, yarı azərbaycanca and-aman elədi ki, day bu dəfə birdəfəlik gəlib, hələ çıxardıb pasportunu da verdi Züleyxaya. Gəlin bir az nəm-nüm eləyəndən sonra pasportu da, kağıza bükül bir xeyli rus pulunu da alıb çamadanda gizlətdi.

Düz bir həftə Vadər ev-eşiyin işləriynən məşqul oldu. Həyətin çəpərini bərkitdi, qış tədarükü üçün ot çaldı, keçən ildən öz taxıl sahələrindən kombaynla biçilmiş on tay buğdanı aparıb elektrik dəyirmanında üyütdü...

Amma çox çalışsa da, Züleyxa onu yatağına buraxmadı. Buraxmadı deyəndə ki, gəlin elə qaş qaralan

2

kimi gedirdi atasıgilə, bir də sübh tezdən qayıdırdı evinə. Uşaq-böyüyün , bir də Zivər arvadın çay-çörəyini verib (təbii ki, əri də onlarla yeyirdi) gedirdi həyətdə yer əkməyə. Yazda lobyasını, xiyar-pomidorunu, göy-göyərtisini əkməsə, gedib kimə əl açacaqdı ki?

Bir gün Vadər evə qonaqla gəldi. Qalstuklu-zaddı bu adamdan Züleyxanın gözü su içməsə də heç əhəmiyyət də vermədi. Lobya yerində eşələnə-eşələnə gözünün ucuyla baxırdı.

Zivər arvad tutduğu toyuğu Vadərə uzatdı ki, kəssin. Sonra nə fikirləşdisə özü baltanı qıçının arasına qoyub kəsdi.

Vadər uğunub gedir, gülə-gülə də anasından soruşurdu ki, bəs baltanı niyə qıçının arasına qoyur? Arvad da hirslə cavab verdi ki, sənin kimi oğlu olan belə eləyər dana.

Baltanı ora qoyuram ki, yanı bu da mənum kişiliyimdi, mən arvad dəyiləm, kişiyəm.Qiblə sahibinə kələk gəlirəm... sən bizə kələk gəldiyin kimi.

Züleyxa ərinin göbəyini oynada-oynada qəhqəhə ilə gülməyinə tab gətirə bilmədi.

Onun belə gülməyindən ötrü ürəyi gedirdi. Bu dəfə də ərinin gülüşü gəlini ovsunladı. Ketməni yerə atıb gəldi qaynanasından toyuğu aldı, su qaynadıb pörşələdi, yolub bir ləzzətli şorba bişirdi.

Vadər də mağazadan iki şüşə araq aldı, qonaqla yeyib-içdilər. Arada yer, torpaq sözləri eşidən Züleyxa axır ki, dözmədi, soruşdu ki, nə məsələdi?

Vadər ağsaqqal görkəmi alıb (içəndə o həmişə belə olurdu, elə cümlələr tapıb deyirdi ki, adamın , illah da qadınların ağlı başından çıxırdı) dedi:

- Bilirsən ki, mən birdəfəlik gəlmişəm. Vot... Seyid Həsən ağanın goru haqqı... Bu adam “Bank of Respublika”nın bizim rayondakı filialının rəisidi... Mən istəyirəm ki, bankdan bir qədər pul götürəm, kreditə... bu evi-eşiyi bir təzələyəm, tak şto yevro remont eləyim... uşaqlar da böyüyür axı... xeyir var, şər var...

Züleyxanın ürəyi əsdi. Ərinin belə evcanlı danışması gəlininin qadınlıq hisslərini təzədən qaytarırdı...

***

Getdilər rayon mərkəzinə: Vadər, Züleyxa, bir də Zivər arvad. Alabaş avtobusda gedə-gedə Züleyxa bu axşam əri ilə keçirəcəyi gecə barədə düşünürdü. Axı Vadər ona Rusiyadan təzə bir don alıb gətirmişdi.

Özünü onun içində təsəvvür eləyirdi. Zivər arvadın isə ürəyi əsim-əsim əsirdi. “

Bu gədənu doğan ili birincisi ərim öldü, bu bir bədniyyətlik idi. İkincisi də, bu gədə boyuma düşəndə innaba yerikləyirdim.

Bizim xarabada da ki, innab əvvəllər olmuşdu, sonra İnnablıq deyilən yer qalmışdı, innab ağacları isə qurumuş, itib-batmışdı. Bir-iki adamın həyət-bacasında innab kolu vardı, vəssalam...

Mənim ərim də ki... yaxşı uşaq çıxartmağı bilirdi... bir dəfə soruşmazdı ki, ay arvad, ay itin qızı ürəyin nə istəyir?..

Mən də dözəmmədim, gedib Rəzzağın – ad qoyanının kəlləsinə oturum – bağına girdim, innabdan göy-göy yoluşdurdum, çəpəri aşanda oğraş tutdu məni... “

Qorxa-qorxa oğlunun, gəlninin üzünə baxdı. Elə bil könlündən keçirdiklərini oxumaqlarından qorxmuşdu arvad. Gözləri alacalandı, ağzı köpükləndi, başı Züleyxanın çiyninə düşdü.

3

Həkim bir iynə vurub dedi ki, bir şeyi yoxdu, canı buz baltası kimidir. Sadəcə avtobusun benzininin iyi vurub...indiki benzinlər benzin deyil ha...

“Bank of Respublika”nın rayon şöbəsində bir xeyli kağız-kuğuzu doldurdu- lar, sonra da Zivər arvadın pasportunu alıb yenə nə isə yazdılar. Sonra da arvad barmağını mürəkkəbə batırıb beş-altı yerə basdı.

Axırda onlarda şorba yeyib araq içən o qalstuklu kişi bir xeyli pulu sayıb verdi Vadərə və dedi:

-Sizin Şomunludakı beş hektarlıq taxıl yeriniz girov qoyulmaqla beş min manat pulu “Bank of Respublika”dan kreditə götürdünüz... İnanıram ki, hər iki tərəfə xeyirli olacaq. Allah xeyir versin.

Alabaş avtobusda kəndə tərəf gələnəcən Zivər arvadın döşünün giləsi sancırdı. Əri öləndən sonra onda bu bir adət olmuşdu. Arvad ürəyində “allah xeyirə calasın” dedi.

Züleyxa isə öz aləmində idi. O qarşıdan gələn gecənin romantik anlarını gözü önündən keçirir, aradabir avtobusda olduğunu düşünüb pörtüb qızarırdı.

O gecə Züleyxa atası gilə getmədi.

Vadər əməlli-başlı ustalıq öyrənibmiş Rusiyada. “Şpakilovka” dediyi ağ əhəngəbənzər şeylə otaqları suvadı, rəng çəkdi.

Pəncərələri rənglədi, eyvana iri bir çilçıraq asdı. Hələ arvadına, uşaqlara bahalı əyin-baş aldı, anasına da qaloş.

Hə- min gün Zivər arvad əhd elədi, niyət tutub namaz qıldı...

Düz bir ayın tamamınacan (onun gəlişinin bir ayı hələ tamam olmamışdı) bu boyda işləri gördü və bir toğlu da alıb təzə təmirdən çıxmış evində qonaqlıq da düzəltdi.

Dostlarıyla o ki var yeyib-içdi və... səhərə yaxın Züleyxa ayılıb gördü ki, əri yanında yoxdur. Qəribədir ki, gəlin heç təəcccüblənmədi də.

Bir ay sonra Züleyxa aborta elətdirmək üçün rayon xəstəxanasına getdi.

Beş ay sonra bankdan gəlib krediti vaxtında ödəmədikləri üçün Zivər arvadın dədə-baba torpağını hasarlayıb getdilər. Zivər arvad o günün səhəri qan qusub öldü. Son sözü də bu oldu: “Bu gədə gəlmədi?”
XS
SM
MD
LG