Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:00

«Emin Millinin həbsi ədalətsizlikdir»


Tünzalə Ağayeva
Tünzalə Ağayeva
Aparıcı:

Qonağımız Tünzalə Ağayevadır. Onun son klipi və son mahnısı bu gün müzakirə mövzusudur. Bu klip və mahnı iki ledi haqqındadır. Misirin birinci xanımı Süzanna Mübarək və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında. Xoş gəlmisiz.

Tünzalə Ağayeva:

Salaməleyküm. Xoş gördük. Mən əslində bir dinləyici kimi sizin radionu çox sevirəm. Səhv etmirəmsə mənim bura gəlişim ikinci dəfədir.

Aparıcı:

Düzdür bir dəfə «Can Bakı» verilişində olmusunuz.

Tünzalə Ağayeva:

Böyük məmnuniyyətlə, sevə-sevə gəlmişəm. Çox sağ olun ki, sizin yadınıza düşmüşəm.

Aparıcı:

Yəqin bizim verilişlərimizi də dinləyirsiniz?

Tünzalə Ağayeva:

Zamanca izləyirdim. Amma son zamanlar sizin dalğanı mən itirmişəm. Bilirsiz, sizin ümumiyyətlə strategiyanız, düşüncəniz, millətə baxışınız, hadisələrə, bu günün gerçəklərinə baxışınız tam fərqlidir və mən deyərdim ki, cəsarət dolu bir radiosunuz. Əbəs yerə adı Azadlıq deyil. Burda doğurdan da, sözün əsl mənasında müxtəlif fikirləri siz dinləməyi və müxtəlif fikirli insanları cəlb etməyi bacarırsınız. Radionun elə bayrağı da , müxtəlifliyi də, rəngarəngliyi də, insanları cəlb edən də bu xüsusiyyətdir. Ürəyim durmadı ki, sizin son zamanlar harada olduğunuzu bilmirəm. Siz haradasız, mən sizi harada tutum? Xəbər aldım ki, «Türksat»dan və internetdən yayımlanır. Yəni ki, son nəsə bir yenilik varsa təəssüf ki, mənim xəbərim yoxdur.

Aparıcı:

Xoş sözlərə görə sağ olun. Yəqin bilirsiz ki, biz FM dalğasında artıq deyilik.

Tünzalə Ağayeva:


Bəli, onu bilirəm.

Aparıcı:

Bu klip məsələsinə gələk. Siz iki birinci xanım barədə mahnı oxuyursuz. «Building our peace».

Tünzalə Ağayeva:

Bilirsiz, bu mahnının arxasında kiçik bir tarixçə dayanıb. Bu tarixçə 2009-cu ilin sonuna təsadüf edir. «Yes» adlı beynəlxalq bir təşkilat var. Bu təşkilatın nəzdində 55 ölkə var. Bu təşkilat sosial yardımlarla, müxtəlif sosial aksiyalarla, proqramlarla məşğuldur. Çox böyük və maraqlı təşkilatlardan biridir. Dünyada tanınır. Və onun Azərbaycanda təmsilçiləri var. Biz onlarla münasibətdə olduq. Mən sizə deyim ki, Polşanın keçmiş xanımı İolanta Kvasnevskaya bizim ölkənin, əzizimiz Mehriban xanımın qonağı idi. İolanta xanım bundan sonra nəinki siyasi, həmçinin ictimai xadimlərlə, məşhurlarla görüşmək arzusunda olmuşdu. O proqramda mən də var idim. Yəni mənim də namizədliyim sənət adamı kimi təsdiq olunmuşdu. Bizim 15-20 dəqiqə, çox da uzun görüşümüz olmadı. İolanta xanıma yəqin ki, çox böyük pozitiv təsir bağışlamışam. Bizim çox səmimi Azərbaycan sənətçilərinin Azərbaycanda , və ya xaricdə nə qədər xeyriyyə işləri görmələri, sosial aksiyalara qatılmaları barədə söhbətimiz oldu. İolanta xanım Süzən Mübarəkin başçılıq etdiyi bir fondun üzvüdür. Fond «Qadınların Beynəlxalq Sülh Hərəkatı» adlanır. Bu fondun müxtəlif işlər və eyni zamanda insan alverinə qarşı beynəlxalq hərəkatı var. Orada müxtəlif sahələrdən başqa sənət adamları cəlb olunur. Dünyada bu çox sərbəst hərəkatdır. Yəni sən ora sərbəst qatıla bilərsən. Məsələn Hollivud ulduzlarından Riçard Gir, məşhur müğənni Rikki Martin, kinoaktrisa Culiya Armand, Emma Tomson, Ukraynanın məşhur ifaçısı Anni Lorak kimi ifaçılar çoxdur ki, belə hərəkata qoşulurlar. Və Azərbaycan sənətçisi olaraq «Yes» təşkilatı bu görüşdən sonra mənə təklif etdi. Və mən bildirdim ki, harada insanı narahat edəcək, sənət adamının faydası olacaq sahələr, işlər var bunlar mənim marağımda olub. Yəni tək müğənni kimi, tək populyarlıq üçün yaşamaq istəmirəm. Bir sənət adamı sülhməramlı bir insandır. Müğənni dünyanın harada olmasından asılı olmayaraq səhnəyə çıxırsa o insanları sevgiyə, sülhə çağırmalıdır. O «müharibələrə yox» deməyi bacarmalıdır. Yəni musiqisi ilə, ismarışı ilə. İstəyimlə bu aksiya üst üstə düşdü. «İnsan alverinə son qoyaq!» çox maraqlı və qlobal , ciddi, planeti narahat edən bir məsələdir. Hər bir ölkədə bu fəlakətlər baş verir. Sənət adamı olaraq mən orada konsertlərə, aksiyalara qatılmaqla öz sözümü deyim ki, hansısa bir pərəstişkarım eşidər, bu onu düşündürər. Belə aksiyalarda sənət adamlarının özünəməxsus rolu olur. Bu hərəkata qatıldıqdan sonra növbəti bir təklif gəldi ki, Süzanna Mübarək xanımım yazdığı bir mahnı var : «Building our peace». Sülh haqqında. Müharibələrin olmaması, planetimizin ac susuz qalan təbəqəsinə daha çox diqqət göstərən. Bu bir azərbaycanlı kimi məni narahat etdi, maraqlandırdı, çünki, bizim bir milyon qaçqınımız var. bizim bir milyon xalqımızın övladlarının haqqı bu günə kimi də tapdalanır və dünya buna göz yumur. Düşündüm ki sənət adamı olaraq mən də ağrı-acımı, Xocalımı, Qarabağımı danışım. Mən də bu görüşlərdə bir azərbaycanlı kimi öz problemimi sənət adamı olaraq deyim. Bu mənə yaradılmış bir imkandır. Bax belə mən qatıldım. Bu təklifi qəbul etdim. Bu mahnını dinlədim. Fikirləşdim. Aranjeman da bizə məxsusdur. Öz studiyamızda etdik. Sonra klip düşündük. Klip də təbii ki, bu ölkənin vətəndaşı, Azərbaycan sənətçisi olaraq bizim əzizimiz, birinci xanımımızın gördüyü işlərə həsr olunub. Onun gördüyü işlər bizim üçün gözəl örnəkdir. Onun xeyirxah əməlləri, onun sosial işləri və Azərbaycan haqqında müxtəlif propaqanda aparması bizim gözümüzün önündədir. Süzan xanım «Yes» təşkilatının xətti ilə 2008-ci ildə Bakıya gəlmişdi. O klipdə onların bərabər görüşləri yer alıb. Mehriban xanımın özünün uşaqlara qayğısı, belə humanitar proqramlarda başçılıq etməsi və eyni zamanda Süzan xanımın öz işi, ölkəsindəki bu fəaliyyəti burda yer alıb. Hər iki xanım anadır, hər iki xanım sülhməramlıdır. Ümumiyyətlə qadınlar analar dünyada sülh istəyirlər. qadının başqa istəyi nədir? Mən də bir qadın olaraq, sənət adamı olaraq bu səsə bir səs verdim və mahnımla insanları düşünürəm ki, bu nöqtəyə diqqətlərini cəlb etdim.

Aparıcı:

Deməli, bu klipin çəkilməsi «Yes»in ideyası idi. Süzan Mübarəkin mahnısının olması da «Yes»in təklifi idi?

Tünzalə Ağayeva:

Bəli, onların təklifi olub.

Aparıcı:

Bəs Mehriban xanımın bu klipdə, bu mövzu ilə bağlanması kimin ideyası idi?

Tünzalə Ağayeva:

Təbii ki, bizim, təbii ki, hamının. Hər üç tərəfin. Misirdə də bu klipin yaranmasını bilirdilər. Bizim ölkələr həmişə yaxşı münasibətdədirlər. Bu münasibətlər daha çiçəklənsin, inkişaf etsin. Bu bir dostluq rəmzidir. Yəni yer üzündə hansı millətdənsən, harada yaşayırsan, sülhün, sevginin milləti yoxdur. Biz hamımız insanıq. Bir iş ki, sülhə, sevgiyə xidmət edir, düşünürəm ki, nəinki Misir, nəinki Azərbaycan, dünyada ölkələr həmişə belə işlərə qatılıblar. Belə layihələr çox olub. Bizim üçün örnək olan şəxsən mənim üçün, mənə şərəfdir ki, Mehriban xanımın da fəaliyyətindən lent yazıları var orada. Onların görüşməsi bərabər. Orada üçüncü insan da var. O da YUNESKO-nun xoşməramlı səfiri Marianna Vardinoyannisdir. O, az-az görünür kadrlarda. O, Yunanıstandandır. Yeri gəlmişkən, bu yaxınlarda Yunanıstanda biz səfərdə olduq. Bu barədə görüşlərimiz olmuşdu.

Aparıcı:

Tünzalə xanım, bu klipi, bu mahnını yaradıcılığınızda necə qiymətləndirirsiniz? Bu sizin yaradıcılığınız üçün nə demək idi?

Tünzalə Ağayeva:

Nəinki klip, ümumiyyətlə bu mahnının mənim repertuarımda mövcudluğu mənim üçün önəmlidir. Ən birinci ona görə ki, çalışmışam insanları narahat edən, bizə acı çəkdirən mövzularda - müharibə, aclıq, insanlara kömək, körpələrə daha çox diqqət, kimsəsizlərə, nədənsə əziyyət çəkən o təbəqələrə kömək mövzularını qabardım. Heç birimiz heç nədən axıra kimi yüzdəyüz qoruna bilmərik. Heç bir insan bilmir ki, onun başına nə gələ bilər, o hansı vəziyyətlərdə nələr edə bilər, hansı hərəkətlər edə bilər və ümumiyyətlə nələr baş verə bilər. Ona görə hesab edirəm ki, dünyada baş verən o hadisədə mənim də payım var. Yəni haradasa müharibədirsə, haradasa , elə ölkəmizin içi olsun, dünyanın başqa yeri olsun, hansısa bir körpə acdırsa, kimsə əziyyət çəkirsə mən heç vaxt düşünmürəm ki, bu onun problemidir. Mən də hər şey yaxşıdır. Mən komfortlu həyat yaşayıram. Bu musiqiçiyə yaraşan bir şey deyil. Müğənni sülhməramlı olmalıdır. Müğənninin sərhədi yoxdur. Müğənni azad bir işdə işləyir. Onun yaradıcılığı, musiqisi, rəssamın çəkdiyi əsər, yazıçının yazdığı kitab, şairin şerini yüz dilə çevir mahiyyət yerində qalacaq. Mahiyyət sevgi, qayğı, bir inqilab, bir pisliyə etirazdır. Bunun bir millətə aidiyyəti yoxdur. Hər bir insanın narahat edən bir mövzulardır. Tünzalə bir Azərbaycan müğənnisi olaraq niyə bu şeylərə qatılmasın? İmkanın varsa təbii ki. Bu yöndə mən mərhum Maykl Ceksonu misal çəkmək istəyərəm ki, onun dəfn mərasimində, bu kadr heç vaxt yadımdan çıxmır, Amerika Konqresindən bir qaradərili xanım çıxdı, möhkəmdən belə bir fraza işlətdi ki, Maykl tək pop musiqinin kralı deyildi, o, Amerikanın simasını daşıyırdı və o dünyada sülhməramlı bir insan olub. Millətindən asılı olmayaraq hər kəsi sülhə çağırıb. Məhəbbəti paylaşıb. Yəni bax müğənninin missiyası budur. Bu missiya məni buralara gətirib çıxardı. Bu gün «Building our peace», sabah müxtəlif belə səpkidə mahnılar olacaq. Mən buna inanıram. İstər öz yazdığım, istərsə kiminsə yazdığı. Sabah bu mahnını başqa ölkələrin müğənniləri ilə oxumaq imkanım da olacaq. Belə planlar var. Bu mənim missiyamdı sadəcə.

Aparıcı:

Sizi qınasalar ki, birinci xanım haqqında mahnı yazdırmağın, klip çəkdirməyin məqsədi özü üçün divident qazanmaqdır?

Tünzalə Ağayeva:

Bu divident qazanmaq naminə olsaydı, o, kanallarda gedərdi. Amma bir dənə Azərbaycan telekanalında yoxdur. Məncə, gözümün önündə real bir parlaq misal varsa, bu mənim ona hörmətimdir, sayqımdır. Bu çox normal bir şeydir ki, insanlar ona müxtəlif qiymət verə bilərlər. Tünzalə haradasa, kiminsə gözündə xal qazanmaq istəyir. Dövlətin və ya şəxsən Mehriban xanımın gözündə. Mən elə bir xasiyyətdə olan insanam ki, fikirləri insanların özünə buraxıram yəni. Mən ədaləti sevən və vicdanım qarşısında cavab verən insanam. Mən Allahımdan qorxan insanam. Hər kəsin haqqı var müxtəlif fikir söyləməyə. Çünki hər tamaşaçı, içində də biz özümüz olmaqla hərəmiz bir cür, müxtəlif həyat tərzləri yaşayırıq. Hərəmizin özümüzə görə dünyagörüşümüz var. Hər hadisəni özümüzə görə qiymətləndiririk. Tünzalə bir çox məşhurlar kimi, o da bu xalqın, cəmiyyətin içində azdan çoxdan tanınan biridir. Kimsə ona hörmət edir, kimsə sevir, kimsə hesab edir ki, Tünzalə niyə oxuyur, niyə o var. Tünzalənin mövcudluğu kimi isə sıxışdıra bilər. Bu normal bir şeylərdir. Mənim atdığım addıma kimsə deyəcək məqsəd budur, kimsə deyəcək yox onun məqsədi tamam başqa şeydir. Ona görə bunlar mənə heç vaxt ağır gəlməyib və mən sadəcə çox səmimi cavab verirəm. İnanan da sağ olsun, inanmayan da. O hər kəsin öz haqqıdır. Mən bunu heç kimin gözündə xal qazanmaq üçün etməmişəm. Mən bir mahnı oxuyub kiməsə ithaf edirəmsə, söhbət yalnız bizim birinci xanımımızdan getmir, müxtəlif dönəmlərdə, keçmiş, 10 il sonra və ya 10 il əvvəl olsun, daha bir bizim başqa cür misallarımız ola bilər ki, hansısa bir rəssam, sənətçi onu canlandırırsa niyə bu şəxsi mənafe ilə ölçülür? Niyə bunu demirlər ki, bu kiməsə örnək ola bilər? Kimisə düşündürə bilər? Yəni bunun daha qlobal tərəfini fikirləşək.

Aparıcı:

Bu klip nəyə görə efirə getmir?

Tünzalə Ağayeva:

Mən əlimdə bayraq etmək istəmirəm ki, baxın görün mən necə klip çəkdirmişəm. Əslində, bu bir klip də deyil. Orada çoxlu sənədli xronologiya var. Bir studiyada çəkiliş oldu. Klipin rejissoru Ülviyyə xanımdı. Bəlkə də sabah imkan olacaq bu klip efirdə veriləcək. Bu bir daha ona sübutdur ki, mən onun dalınca qaçmamışam. Mən hesab edirəm ki, internetdə bu klipi yetərincə görüblər. amma bu o demək deyil ki, bu televiziya kanallarına çıxmayacaq. Yəqin ki, yaxın gələcəkdə çıxar.

Aparıcı:

Siz prezident haqqında da mahnı oxumusunuz?

Tünzalə Ağayeva:

Mən bizim cənab prezidentin ilk seçki kampaniyasında Eldar Mansurovun yazdığı «İlhamlı günlər» oxumuşam. Çox maraqlıdır. Müxtəlif fikirlər səslənir hə?

Dinləyici Elçin Muradov:

Bəlkə ölkədəki mənəvi terrorun, yerlibazlığın, korrupsiyanın, yaltaqlığın, qanunsuzluğun tüğyan edilməsindən klip çəkəsiniz. Bu məsələləri birinci xanımın qarşısında qaldırasınız ki, bu biabırçılıqlar niyə baş verir?

Tünzalə Ağayeva:

Mən bu suala Tünzalə Ağayeva olaraq cavab verəcəm. Sənətçi olaraq cavab verəcəm. Əlbəttə ki, mən müxtəlif problemlərin mövcudluğunu çox gözəl anlayıram. Bunun içində mən də varam. Bütün cərəyanın içində biz hamımız axıb gedirik. Buna göz yummaq, yox demək ki, hər şey yolundadır, yox. Bizdə gözüaçıq və azad fikirli insanlarıq. Hər kəs öz yerini və haqqını bilir. Burda bir çox insanlar bu haqda düşünməlidir.

Aparıcı:

İctimaiyyətdə sizi narahat edən ən mühüm problem nədir?

Tünzalə Ağayeva:

Problemlər bəsit nöqtədən başlayır. Bu, mənim mövqeyimdir. Dinləyicilərin tamam ixtiyarındadır ki, Tünzalənin dediklərini necə yozurlar. Bu onların haqqıdır. Biz yolda maşında gedəndə, mən bura gələndə, rast gəldiyim o aqressiya, insanların bir birinə yol verməmək istəməsi. Bunu da dövlət başçısı bir-bir qapıları döyüb deməlidir. Dövlət dəyişə bilər. Ömür boyu bütün dövlətlərdə ölkə başçıları etap-etap dəyişib. Millətin əqidəsi dəyişməlidirmi ona görə? Millətin özünə hörməti, insanın insana, qonşunun qonşuya, qardaşın qardaşa münasibəti dəyişməlidirmi hakimiyyətə görə? Niyə biz düşünürük ki, biz heç nə etməyək, yalnız, kimlərsə, hansısa məmur otursun mənim mənəviyyatım haqda düşünsün. Bəs mənim öz mənəviyyatım. Mən öz əlimdəki zibili zibil qabına atmaq istəmirəm çöldə ki, süpürgəçi gələr, yolu süpürər. Bu onun işidir. Bunu mən öz işim saymıram demək. Bəli yolları darmadağın edirlər. Bir yolu kəsəndə heç olmasa camaata xəbər verin, ay bu yollara baxan, səliqəyə baxan strukturlar. Sizdən mən çox rica edirəm, yalvarıram. Biz bir yolu tapanacan 15 yol gəlib dayanırıq ki, vay yol bağlanıb, nəsə tikilir. Heç bir radiostansiya, telekanal bunu xəbər vermir. Bəli bu problemlər var. Amma bu o demək deyil ki, mən yanımda gedən insana bütün o neqativimi açım töküm. O yol bağlıdır deyə, mən qonşumla əzazil danışmalıyam? Bu şəhər bizim evimizdir. Bu ölkə bizim ölkəmizdir. Bu millətə məxsusdur. Yəni bu mənəviyyat haqda düşünmək lazımdır. Ondan sonra bu etaplara gəlib çatmaq lazımdır ki, kimsə bunu başında durur, kim nəyi idarə edir, necə edir.

Aparıcı:

Hökumətin hansısa fəaliyyətinə tənqidi baxışınız varmı?

Tünzalə Ağayeva:

Heç nə ideal deyil. Mən bir vətəndaş kimi danışa bilirəm. Çıxdığım bütün efirlərdə həm sənət adamı, həm də vətəndaş kimi danışa bilirəm. Mənim başım çıxmayan şeylər barədə durub danışa bilmərəm. Mən Tünzalə olaraq, normal məntiqimlə başa düşürəm ki, heç nə ideal deyil. Mən inanmıram ki, bizim dinləyicilər düşünsün ki, tək Azərbaycanda istər dövlətdə, istər cəmiyyətdə başqa problemlər var. Başqa ölkələrdə hər şey yaxşıdır. Rusların bir misalı var: «O məkan yaxşıdır ki, harada ki biz yoxuq». Bəsit düşüncədir. Püxtələşmiş, proqressivləşmiş həmin Amerikanın elə dəhşətləri var ki, biz onların yanında toya gedəsiyik.

Dinləyici:

Adnan Hacızadə və Emin Millinin valideynləri yoxdurmu? Onların anası ana deyilmi? Arxasıza arxa dur, qoy desinlər dayaqdır. Zülfüqar Saatlı.

Aparıcı:

Tanıyırsınız siz deyəsən Emin Millini?

Tünzalə Ağayeva:

Bəli? mən şəxsən tanıyıram. Onların tədbirlərində olmuşam. Mən doğurdan acı çəkirəm. Mənim üçün çox ağrılıdır ki, Emin bu gün basqıya məruz qalıb. Ümidvaram ki, ədalət bərqərar olsun.

Aparıcı:

Onun həbsini ədalətsizlik sayırsınızmı?

Tünzalə Ağayeva:

Bəli. bu şərtlə ki, bu hadisənin dərinliyini bilmirəm, gerçək situasiya nədir mən onu bilmirəm. Şəxsən onu tanıdığım, onun düşüncələrini bildiyim üçün deyə bilərəm ki, o cəsarətli bir insandır, doğurdan da Azərbaycana faydalı ola biləcək bir nəslin nümayəndəsidir. Çox ağıllı və dünyagörüşü gözəl səviyyədə bir insan, güclü savadlı bir insandır. Yenə də deyirəm ki, mən bu situasiyanı dəqiq bilmədiyim üçün qalıram belə. Yenə də ümidvaram ki, bu anlaşılmazlıqdır. İnşallah ədalət bərqərar olsun.

Aparıcı:

Ölkədə ədalətin bərqərar olması üçün mahnı oxuyardınızmı? Belə bir plan varmı?

Tünzalə Ağayeva:

Ayın 16-sı Heydər Əliyev adına Sarayda bizim böyük solo konsertimiz oldu. Orada mən «Nərdivan» adlı bir mahnı oxudum. Sözləri budur ki,

Hamı niyə yuxarı baxır.
Bu yolda yoxdur axır.
Dost düşmən olub nəfsinə,
Min əməllə üzə çıxır.

Burda sırf mənəviyyatdan söhbət gedir.

Dar düşüncənin sabahı,
Asılıdır cibin enindən.
Nərdivanın olsa aşağı
Onu vurar belindən.

Bunu bur cavan oğlan, Cavid adlı bir soydaşımız yazıb. Mənə çox maraqlı gəldi bu sözlər. İnsan ömrü boyu istəyir, istəyir, narazılıq edir. Mənim əzizlərim, əziz tamaşaçılar, biz bütün problemləri gözəl görə bilirik. Ən böyük dəyər Allah-Taala yer üzünə 4 müqəddəs kitab göndərib, 124 min peyğəmbər göndərib. Bütün bu cərəyan bir şeyə xidmət edir - insanın əxlaqına, mənəviyyatının düzəlməsinə və inkişaf etməsinə. Biz insanlar böyük qlobal şeylərdən narazı olanda düşünürükmü ki, bu gün biz evdə özümüzü necə aparmışıq, bu gün biz övladımızla, həyat yoldaşımızla, atamız – anamızla, qonşumuzla necə rəftar etmişik? Gün bitəndə, gecə saatları gələndə oturub bir tövbə edirikmi? Gün ərzində olan səhvlərimizi, etdiyimiz hərəkətləri analiz edirikmi? Asandı bunu demək ki, Filankəsov Filankəs belə səhv etdi, mən onun qurbanı oldum. Veriliş belə getdi, mənə pis təsir etdi. Bu ən asan yoldu. Qınamaq asan yoldu.

Aparıcı:

Siz bilirsiz ki, Misirdə də Emin kimi bloqqerlər var və onlar da həbs olunurlar?

Tünzalə Ağayeva:

Bayaq mənim dediyim məsələ. Biz elə bilirik təkcə bizdədir əyri olan?

Aparıcı:

Hökumət təmin etməlidirmi bu ədaləti? Siz bayaq dediniz ki, ədalətsizlikdir.

Tünzalə Ağayeva:

Mənim əzizim, qurban sizə, gəlin bir tarixə baxaq. Alimləri yandırıblar. Bu doğurdan dəhşətdir. İnqilabçı insanlar, individual insanlar bilirlər ki getdikləri yollarda bunlar olacaq. yenə qayıdaq peyğəmbərlərimizə. Onlar Allahın rəsulları cəmiyyətin qınağı olublar. İnsanlar onları qəbul etmək istəməyiblər, onları öldürmək istəyiblər. Peyğəmbərimiz əleyhissəlam hicr edib, başqa bir şəhərə köçüb, çünki onun həyatı təhlükədə olub. Bu insanlar qınağa məruz qalıblarsa, yenə deyirəm bəraət qazandırmıram, əsla, məni düzgün başa düşsün tamaşaçılarımız.

Aparıcı:

Bəs bəraət qazandırmırsınız, təbliğ etmək necə?

Tünzalə Ağayeva:

Mənim əzizim, mən mənəviyyatın həmişə tərəfdarı olmuşam. Nə qədər canımda can var, mənəviyyatı təbliğ edəcəm. Amma bunu , rica edirəm, hansısa bir quruma, şəxsi bir kiməsə gətirib bağlamasınlar. Dönəm dəyişir, dövlət dəyişir, məmurlar dəyişir, strukturlar dəyişir, ölkənin öz dünyabaxışı dəyişir. Amma millətin əqidəsi, əxlaqı, mənəviyyatı axı dəyişməz bir şeydir. O dəyərlərdir. içimizdən gəlin problemi həll edək. O strukturların, ictimaiyyətin problemi ola-ola gəlin hər şeyi onlara atmayaq. Gəlin hər şeyi özümüzdən başlayaq. Bir-birimizə davranışımızdan başlayaq. Mən buna çox inanıram. Küçəyə çıxırıq aqressiya çoxdur, hamı bir birinin üzünə hirsli baxır. Buna strukturlar nə edə bilər? Sənətimiz əldən gedir. Musiqimizin keyfiyyəti azalır. İnsanlar deyir ki, millət necə tarac olur olsun nə işim var.

Aparıcı:

Siz belə demirsiniz hə? Nə vaxtsa belə dediyiniz olub?

Tünzalə Ağayeva:

Mən də normal insanam. Mənim də qüsurlarım var. Bu millətin bütün qüsurlarını yığsaq, bəlkə də, üç qat ondan çox qüsurlarım var. Mən heç olmasa oturub düşünürəm ki, Tünzalə sən bayaq düz etmədin. Fikir ver. Daha dərindən düşün. Ehtiyatlı ol. Bunu heç olmasa özümə deyirəm mən. Mübarizəm sonsuzdur mənim. Nə qədər Allah mənə həyat verib, o qədər də mən öz canım uğrunda, özümə qarşı o mübarizəni aparacam. Bu cihadı özüm - özümə etməliyəm.

Dinləyici:

Prezidentə mahnı oxuyanda nə fikirləşib oxudunuz?

Tünzalə Ağayeva:

Mən bir vətəndaş kimi dövlətimə və dövlət başçıma sayqı, hörmət göstərən bir insan kimi oxudum. Bu, bir etikadır. Və bu etikanın altında sənin şəxsi simpatiyan durur. Mən şahidi olmuşam sadə bir amerikalı vətəndaş da öz dövlətinə və millətinə sayqı göstərir. Bəli, mənim şəxsi simpatiyam ola bilər. Mən bunu heç vaxt gizlətmirəm. Bu mənim şəxsən özümə aiddir. Simpatiyamı mən qonşuma, sizə göstərə bilərəm, eyni şəkildə də dövlət başçıma. Hər şeyin bir etikası var. Bizim müqəddəs kitablarımızda da var. Müqəddəs təbliğatda da var ki, hər bir vətəndaşın borcudur öz ölkəsinə sayqı göstərmək. Mən sənətçiyəm və mən onun mənafeyi naminə çıxış edirəm. Xarici ölkələrdə də çıxanda qürurla deyirəm ki, mən azərbaycanlıyam. Bəli, mən bir azərbaycanlı kimi bilirəm ki, mənim böyük problemlərim var, dərdlərim var, haqsızlıqlarım var. Amma bu o demək deyil ki, mən içəridə sınmalıyam, oturub hər şeyə nifrət etməliyəm. Nifrət bir problemin çözümüdürmü?

Dinləyici Xalid İbrahimli:

Belə qəhrəman xanımsızsa, ölkədəki ədalətsiz məhkəmə qərarlarına, acından bədənini, içalatını satanlardan klip çəkin. Qanunsuzluğa klip çəkin.

Tünzalə Ağayeva:

Çəkərəm niyə çəkməyim ki?

Aparıcı:

Varmı belə şeylər? Razısınızmı?

Tünzalə Ağayeva:

Var, niyə yoxdur. Mən heç nəyi ideallaşdırmıram. Mənim burdakı nitqimə qulaq asan və qiymət verən ədalətli tamaşaçı bilir ki, mən heç nəyi ideallaşdırmıram

Aparıcı:

Kim düzəltməlidir bütün bunları?

Tünzalə Ağayeva:

Burda Tünzalənin yerində daha səlahiyyətli adam otursaydı... məhkəmə, polis bütün nümayəndələr otursa daha dolğun cavab verməzlərmi? Nəinki Tünzalə Ağayeva. O «Build our peace» , «Pərvanə», «Nərdivan» oxuya bilər. O insanlara bir insan olaraq deyə bilər ki, gəlin bunu etməyək. Mahnıda təəssüf olsun ki, filankəsov filankəs, filankəsə belə bir qərar çıxardı, o yoxdur. Dünyada belə bir şey yoxdur. Var mənəviyyata çağırış, insanları düşündürmək strategiyası. Söhbət faktlardan və detallardan gedirsə burda Tünzalə oturmamalıdır. Musiqinin yeni bir sahəsi var - rep. Bizim yaxşı repçilərimiz də var. Bu mövzunu onlarla müzakirə etmək daha maraqlı olar.

Aparıcı:

Dinləyicilər sizə demək istəyirlər ki, ölkədə bu qədər problem ola-ola, niyə prezidentə mahnı oxuyursunuz?

Tünzalə Ağayeva:

Bu seçki kampaniyasının bir normatividir. Bu normativə müğənnilər istər kənar seçimlə, istər istəklə qatılırlar. Mən bunu açıq deyirəm. Mənim prezidentimə istəyim də var, hörmətim də var, izzətim də var. Şəxsi. Etika var, normativ var. Və mən bu seçki kampaniyasında böyük məmnuniyyətlə çıxış etmişəm. İnsanlar da bu mahnını sevib. Maşallah hər kəs oxuyurdu bu mahnını.

Aparıcı:


Tünzalə xanım sizin deputat olacağınız barədə fikirlər dolaşırdı. Varmı belə bir fikir?

Tünzalə Ağayeva:

Fikirlər dolaşırdı. Mən bu nöqtədə dayanmaq istəyirəm. Fikirlər təkcə dolaşırdı. Yoxdur belə bir fikrim.

Aparıcı:

Nə vaxtsa «Eurovision»da çıxış etmək arzu, istəyiniz varmı?

Tünzalə Ağayeva:

«Eurovision» bir bazar müsabiqəsidir. Orada alış-veriş var. Orada külli miqdarda alış-veriş var. Bütün ölkələr, Azərbaycan da eyni şəkildə. Düzdür hər ölkənin ona özünəməxsus baxışı var. Bəzən ölkələr elə gülməli nömrələr göstərirlər ki, sanki, rişxənd edirlər ki, bu bir şoudur. Avropa üçün fərq etmir bu. Kommersiya baxımından, şou baxımından olan bir müsabiqədir. Amma reklam olduğu üçün bizə əlverişlidir haradasa. Azərbaycanın müasir musiqisinin reklamı gedir. Bir neçə dəqiqəlik təbliğatdır. Təəssüf olsun ki, bu təbliğatın arxasında çox böyük miqdarda pullar dayanır. Vaxt vardı daha çox keyfiyyətə fikir verirdilər, amma hazırda açıq bazardır. Rusiya udanda, o demək deyildi ki, Dima Bilanın möhtəşəm ifası uddu. Yox, bunu Rusiya uddu. Eyni zamanda bunu Azərbaycan udur. Sadəcə, cavan bizim ifaçıları göndərirlər. Normal bir şeydir. Buna normal baxmaq lazımdır. Məqsədimiz bura çıxmaqdırsa, bu yolu getmək lazımdır. Amma mən istəmərəm yox. Qətiyyən... Alla Puqaçova 18-ci yeri tutdu. Patrisia Kaas ötən il niyə çıxdı, mən başa düşə bilmədim. Bu adam bir dənə səs də toplaya bilmədi. Patrisia Kaası bütün Avropa sevir. O, səs toplamamışdı deyə, bu o deməkdir ki, onu sevmirlərmi? Bu kimi acı nümunələri mən yaşamaq istəmirəm.

Aparıcı:

Tünzalə xanım bəs planlar nədir? Bundan sonra nə etmək istəyirsiniz?

Tünzalə Ağayeva:

Bir az rişxəndli söz demək istədim vaz keçdim. Hər halda planımda hansısa ölkənin birinci xanımı yoxdur, hələ ki. Yaxud kiminsə qılığına girmək, yaltaqlanmaq planlarım hələ uzun gələcəkdədir. Olacaqmı, olmayacaqmı? Mən özüm belə dedim. İnsanlar buna inanacaq. İnsanın xisləti budur. İnsan xoşlayır yalanı. Yalan onun qulaqlarını həlimləşdirir, gerçəyi eşitmək istəmir. Qəbul etmək istəmir. Ona görə Tünzalə desin ki, bu budur. İnanmayacaqlar. Ona görə deyirəm ki uzaq gələcəkdə nəsə belə bir şey olar. Amma hər halda mən sənətimə davam edirəm. Solo konsert sözün yaxşı mənasında mənim üçün böyük yük idi. Biz ayın 16-sı verdik bunu. Çox uğurlu keçdi. Tamaşaçılar sağ olsunlar gəldilər. Rafiq Babayevi, Maykl Ceksonu andıq. Növbəti planlarım yenə də sənətlə bağlı olacaq. Albom olacaq. Bu konsertin DVD-si çıxacaq, inşallah. Allah ağlımı, imanımı və içində hamımız olmaqla vicdanımızı əlimizdən almasın.

Aparıcı:

Xaricdən nəsə proyektlər varmı.

Tünzalə Ağayeva:

Olur. Diasporun, Mədəniyyət Nazirliyi, İdman və Gənclər Nazirliyinin xətti ilə çox gedirəm. Olacaq yəqin ki, bu yay da bir iki toplantı var ki, ora sənət adamı olaraq qatılacağımı planlaşdırmışıq. Yəni ki, təkliflər var. Və bir Avropa ölkəsində solo konsertlə çıxışım olacaq.

Aparıcı:

Siz müsahibələrin birində demisiz ki, ən çox nifrət etdiyim insan da, sevdiyim insan da özüməm.

Tünzalə Ağayeva:

Mən mübarizə aparıram özümlə. Əgər hər kəs düşünsə ki , pis də mənəm, yaxşı da mənəm. İnanın ki, uğurlarımız çox olar. Düşünməyək ki, mən ədalətliyəm, mən yaxşıyam. Bu çox dərin mövzudur. Bunun kökü Allaha bağlıdır. İnsan hər şeyə Allah prizmasından baxanda daha asan olur yaşamaq. Mən elə bir ailələr, elə bir insanlar tanıyıram ki, olduqca kasıb yaşayırlar. Amma onların gözlərindəki şükürü, xoşbəxtliyi mən ölçüb, biçə bilmərəm. Nəinki minlərlə insan. Amma bir dəfə demirlər filan qurum, filankəs... Onlar da hər şeyi başa düşürlər. Mən bunu başa düşürəm. Bu ən asan çıxış yoludur. İçdəki insanın öz qüsurları, inanın ki, boldur. Deyir günahlarımızı ayaqlarımızın altına alsaq, başımız buludlara dəyər. Onun öz vicdanıdır. Əgər o sənə qarşı, millətinə qarşı haqsızlıq edibsə cavab verəcək. Sadəcə insan istəyir ki, o cəzanı tez görsün. Kimsə topluma qarşı ədalətsizlik edirsə Rəbbimiz onu görəndir.

Aparıcı:

Siz topluma ədalətsizlik edənə nə vaxtsa səsinizi çıxarırsız?

Tünzalə Ağayeva:

Burda xırdalığa varacayıq. Təbii ki, Tünzalənin normal vicdanı varsa, kimləsə üzbəüz gələndə mən də bunu edirəm. Mən də sual verirəm. Mən də cavab istəyirəm. Mən də kiminsə gözünün açılmasını, içində özüm olmaqla, hamının gözünün açılmasını istəyirəm. Gəlin, problemləri bir şəxsiyyətin üstündə cəmləşdirməyək. Toplum şəklində də səsimizi çıxara bilək.

Aparıcı:

Təşəkkür edirik.
XS
SM
MD
LG