Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:02

Görəsən qızlar niyə futbol oynayırlar?


Gürcüstanda qadın futbolunun tarixi 1995-ci ildən başlayır. Həmin dövrdə futbol oynamaq istəyən qadınların sayı cəmi 30 nəfər idi. Vaxt keçdikcə futbol klubların sayı 8-ə, oyunçuların sayı isə 300-ə çatdı. Gürcüstanlı futbolçular 90-cı illərdə Türkiyə, Yuqoslaviya və Yunanıstan milliləri ilə birgə Avropa Çempionatının seçim turunda iştirak ediblər. Hazırda isə tez-tez yoldaşlıq oyunları keçirilir. Ancaq qadın futbolunun azarkeşləri milli çempionatın keçirilməsini daha vacib sayırlar.

AZƏRBAYCANA HƏR ZAMAN QALİB GƏLİRİK

«Qadın futbolunun inkişafı üçün milli çempionatın keçirilməsi vacibdir. Nəticələr barədə bundan sonra danışmaq olar. Biz eyni səviyyəli komandalar arasında, məsələn, Azərbaycana hər zaman qalib gəlirik, Ermənistanla da eyni nəticələr göstəririk».

Bunu Gürcüstanın Qadın Futbol Federasiyasının prezidenti Nino Sordiya deyir. Onun sözlərinə görə, 90-cı illərdə Gürcüstanda qadın futbolunun inkişafı belə olub:

«1995-ci ildən başlayaraq bu günədək müxtəlif yaş qrupları mövcuddur, yığmalarda artım var. Bu gün 3 yaş qrupu futbol oynayır: 17 yaşınadək, 19 yaşınadək və milli qadın komandası».

Nino Sordiya əlavə edir ki, əgər bir qrup qız üçün futbol sadəcə sağlam həyat tərzidirsə, ikincilər üçün bu işdir, onun müqabilində əməkhaqqı alırlar:

Bu gün həmin qızlar xaricdə müxtəlif klublarda oynayır, müqavilələrini rəsmiləşdiriblər, buna müvafiq olaraq da əməkhaqqı alırlar
«Bu gün həmin qızlar xaricdə müxtəlif klublarda oynayır, müqavilələrini rəsmiləşdiriblər, buna müvafiq olaraq da əməkhaqqı alırlar. Məsələn, Gülnarə Qabeliya Qazaxıstanın futbol komandasında, Xatiya Çkoniya və Tata Matveyeva da xaricdə oynayırlar».

Yenə də çox maraqlıdır, görəsən qızlar niyə futbol oynayırlar? Bu sualı İlya Çavçavadze universitetinin iqtisadiyyat və hüquqşünaslıq fakültəsinin tələbəsi, 19 yaşlı futbolçu Tako Kvelidzeyə ünvanladıq:

UŞAQLIQDA OĞLANLARLA FUTBOL OYNAYARDIM

«Uşaqlıqda küçədə oğlanlarla futbol oynayardım. Elə alındı ki, qonşum da futbolçu idi və yığmada oynayırdı, qadın komandasını yaratmaq istəyirdi. Məndə oyunçu potensialını hiss edib komandasına götürdü, bax beləcə hər şey başladı...».

Futbol qadınlar üçün hobbidir yoxsa iş? Tako deyir heç biri:

«Bu elə bir hobbi deyil ki, ondan imtina edib yenisinə keçəsən, ancaq işdə də deyil, bundan gəlirimiz yoxdur, əyləncə də deyil...Yəqin futbol həyatdır».

Tako Kvelidze qadın və kişi futbolu arasında yeganə bir fərqin olduğunu deyir. Bu da odur ki, qadınların məşq saatı və idman yükü daha az olur. Digər qaydalar hər ikisində də eynidir. Gənc futbolçu üçün ən böyük stimul komandasına verdiyi töhfədir. Takonun arzuları komandasının gələcəyi ilə bağlıdır:

«Mənim böyük arzum və məqsədim Gürcüstandan kənara çıxmaq və orada uğur qazanmaqdır».

Ancaq bir problem var. Tako Kvelidze hesab edir ki, nəticə əldə etmək üçün qadın futboluna daha çox diqqət ayrılmalıdır:

EHTİYATDA YALNIZ BİR NƏFƏR VAR

«Daha yaxşı nəticələr üçün dəstək lazımdır. Bir çox gürcü futbolçularda bu potensial var. Ancaq kişilərdən fərqli olaraq bizim mövcudluğumuz daha çətindir. Çünki nə çempionatlar, nə müsabiqələr keçirilir, maliyyələşmə isə yoxdur. Kişilər travma alanda onları əvəzləməyə adam tapmaq olur, bizdə isə ehtiyatda yalnız bir nəfər var. Bizim nəticələr şübhəsiz qənaətbəxş deyil».

Gürcüstanın futbolçu qızları indiyə kimi Azərbaycan və Litva komandalarına qalib gəlib, bir dəfə «Milan» komandası üzərində 3:0 qələbə qazanıblar. Ancaq Tako Kvelidzenin qiymətləndirməsinə görə bu kifayət deyil.

Qadın futbolunun inkişaf etdirilməsi UEFA-nın nizamnaməsinə görə az qala vacib hesab olunur. Nino Sordiya deyir ki, tezliklə nizamnaməyə dəyişiklik ediləcək:

Qızlar özləri gəlir, daha sonra digərlərini gətirirlər, futbolla maraqlanır, futbolu fanatikcəsinə sevirlər və bir məşqi belə buraxmırlar
«Əgər bir ölkənin qadın komandası olmasa, o zaman yuxarı liqada oynayan kişilərdən ibarət komandaya lisenziya verilməyəcək. Bu, əsasən bizim kimi ölkələr üçün nəzərdə tutulub».

Ötən il Gürcüstanın mini-futbol oyunu üzrə çempionu Zuqdidinin «Bayya» qadın komandası olub. Məhz bu komanda da İtaliyada keçirilən ənənəvi «Miledi Kap» qadın turnirinə qatılmaq şansı qazanıb.

«Biz 3:0 hesabı ilə qalib gəldik və kubok aldıq. Bu qadın futbolu tarixində ilk ciddi nailiyyətdir».

«Bayya» komandasının məşqçisi Qera Naçkebiya belə deyir. Kişi məşqçi qadın futbolunu izləməyi bəyəndiyini deyir və hesab edir ki, futbola fanatik məhəbbətin olması da az əhəmiyyətli deyil:

QIZLAR FUTBOLU FANATİKCƏSİNƏ SEVİRLƏR

«Qızlar özləri gəlir, daha sonra digərlərini gətirirlər, futbolla maraqlanır, futbolu fanatikcəsinə sevirlər və bir məşqi belə buraxmırlar. Kiçik yaşlılar da gəlir, indi mənim 11-12-16-17 yaşlı futbolla məşğul olan qızlarım var».

Qera Naçkebiyanın futbol azarkeşlərinin əksəriyyəti kimi bir arzusu var:

«Hamının futbola getməsini arzulayıram, Gürcüstanda futbol nə qədər kütləviləşərssə gələcəkdə bir o qədər nəticə əldə etmiş olarıq».

Sonda onu da qeyd edək ki, 19 yaşınadək futbolçu qızlar bu il sentyabrın 10-17-də Slovakiyada keçiriləcək 2010-2011-ci il Avropa Çempionatının seçim turunda iştirak edəcəklər. Gürcüstanla yanaşı eyni yarımqrupda Uels, Slovakiya və Fransa yığmaları da yarışacaq. 17 yaşınadək futbolçuların Avropa Çempionatı çərçivəsində seçmə oyunları isə Hollandiyada keçiriləcək, gürcü qızlar İspaniya, Hollandiya və Belarusla qarşılaşacaqlar.
XS
SM
MD
LG