Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:01

«Kiçik rayonlara, kəndlərə bir dənə də müşahidəçi getmir»


Yerli müşahidəçilər 18 mart referendumunda
Yerli müşahidəçilər 18 mart referendumunda
SEÇKİ KOMİSSİYALARINDA MÜŞAHİDƏÇİLƏRƏ YAD GÖZLƏ BAXIRLAR

«Keçən il bələdiyyə seçkilərində biz heç bir səbəb izah olunmadan Quba-Qusar seçki dairələrində müşahidəyə buraxılmadıq. Qeydiyyatdan da keçmişdik. Çox çalışdıq səbəbini öyrənək, ancaq izah eləyən tapılmadı».

«Vətəndaş Cəmiyyəti Uğrunda» təşkilatın əməkdaşı Rəsul Hüseynzadə deyir ki, Azərbaycanda seçkidə müşahidəçi olmaq elə də asan məsələ deyil. Düzdür, 2003-cü ildə olduğu kimi, müşahidəçilər kütləvi şəkildə həbs olunmurlar, ancaq yenə də seçki komissiyalarında müşahidəçilərə yad gözlə baxırlar.

«Hüquq və İnkişaf» İctimai Birliyinin rəhbəri Hafiz Həsənov isə deyir ki, müşahidəçilik institutunun inkişaf etməməsinin bir səbəbi seçkinin azad və ədalətli keçirilməməsidir. Müşahidəçiliklə bağlı digər problemlər isə
Hafiz Həsənov
bunlardır:

ƏSAS PROBLEMLƏRDƏN BİRİ QHT-LƏRİN MÜŞAHİDƏÇİ STATUSUNDA AKKREDİTƏ OLUNMAMASIDIR


«Əsas problemlərdən biri Seçki Məcəlləsində qeyri-hökumət təşkilatlarının müşahidəçi statusunda akkreditə olunmamasıdır. Sadəcə fərdlər təşkilatlar adından çıxış edir. Təşkilatlar müşahidəçi kimi akkreditə olunmur. Başqa bir məsələ isə müşahidə aparan qeyri-hökumət təşkilatlarının pozuntularla bağlı rəylərinin, hüquqi nəticələrinin olmamasıdır. Bu hesabatların, rəylərin hüquqi nəticələr doğurması üçün araşdırma obyekti olmalıdır. Ancaq MSK, seçki komissiyaları tərəfindən bunu görmürük».

Hafiz Həsənov deyir ki, seçki məntəqələrində müşahidəçilərə qarşı olan aqressiv münasibət, seçki məntəqələrində müşahidəçiliyin aparılması üçün əlverişli şəraitin olmaması, müşahidəçilərə təzyiqlər edilməsi, məntəqələrdən çıxarılması da əsas problemlərdəndir.

Mərkəzi Seçki Komissiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov isə Azərbaycanda müşahidəçiliklə bağlı heç bir problemin olmadığını deyir:

MÜŞAHİDƏÇİLİKLƏ BAĞLI HEÇ BİR MANEƏ YOXDUR


«Çünki Seçki Məcəlləsinə əsasən, nəinki hər hansı bir təşkilat, hətta hər bir vətəndaş müşahidə apara bilər. Bununla bağlı heç bir maneə yoxdur. Ona görə də bu iddiaların əsası yoxdur. Azərbaycanda keçirilən son seçkilərdə kifayət qədər qeyri-hökumət təşkilatları akkreditə olunublar və müşahidə aparıblar.
Novella Cəfəroğlu
Çox sadələşdirilmiş qaydada təşkilatlar bizə öz sənədlərini təqdim etdikdə, heç bir maneəsiz akkreditə olunurlar, öz müşahidələrini aparırlar».

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə deyir ki, bu məsələ ilə bağlı qeyri-hökumət təşkilatları da tənqid olunmalıdır:

ÖZÜMÜZÜ DƏ TƏNQİD ETMƏLİYİK

«Kiçik rayonlara, kəndlərə bir dənə də müşahidəçi getmir. QHT-lər yalandan deyirlər ki, minlərlə müşahidəçimiz var. 2008-ci ilin prezident seçkisində biz İsveçrədən gəlmiş müşahidəçilərlə Bakıda məntəqələrdə olduq, bir dənə də müşahidəçi tapmadıq, nə QHT-lərdən, nə də siyasi partiyalardan. Bir-iki yerdə var idi. Özümüzü də tənqid etməliyik. Əgər seçki boykot olunursa, müşahidəçilik qalmalıdır. Siyasi partiyalar müşahidələrini aparmalıdırlar. 2008-ci ildə niyə siyasi partiyaların əlində seçkiyə nə qədər adamın gəlməsi haqqında sübutları yox idi? Ona görə ki, müşahidəçiləri yox idi».

Ekspertlər deyirlər ki, seçkidə müşahidəçiliyin inkişafı üçün qeyri-hökumət təşkilatları, siyasi partiyalar fəallıq göstərməlidir, təcrübə mübadiləsi aparılmalıdır.
XS
SM
MD
LG