Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 19:47

Elçin Hüseynbəyli "Gözünə gün düşür" (davamı)


ƏVVƏLİ BURDA

- Kimsiniz?-deyə o, rus dilində, özünəxas ləhcəylə soruşdu. Xoşu gəlmirdi onların ləhcəsindən. Beynəlxalq tədbirlərdə ermənilərlə etika xatirinə salamlaşardı, onlardan kənar gəzməyə çalışardı.

O, özünü təqdim elədi və zabitin növbəti sualını gözləmədən kəndə gəlməyinin məqsədini danışdı. Zabitin ona inanmadığını sezdi və:

- İnanmırsınızsa, internetə girib baxa bilərsiniz, -dedi.

-Burda internet nə gəzir,-deyə zabit mızıldandı, sanki bu yeknəsək həyatından bezmişdi, - heç işığımız da yoxdur. Yanacaq bol olanda generatordan istifadə eləyirik.

- Onda yuxarılarla danışın, qoy, onlar baxsınlar, biləcəksiniz ki, yalan demirəm.

Zabit:

- Mənim yuxarılarla danışmağa vaxtım yoxdur. Sizi onların yanına göndərəcəyik. Orda özləri qərar qəbul edərlər.

- Mənim vaxtım azdır, ömrümə bircə gün qalıb,-dedi və şalvarının balağını yuxarı qaldırıb, şişmiş dizini göstərdi. -Doğrudan da son iki gündə onun dizi həddən artıq şişmiş və qızarmışdı. Uzaq yolu piyada gəlmək öz işini görmüşdü. –Metastaz altı aydan çoxdur başlayıb, bu gün-səhər o dünyalığam,-deyə əlavə elədi və nədənsə öz ölümünə gülümsündü.

Erməni zabiti onun qıpqırmızı və şişkin dizinə baxdı, deyəsən, inandı.

- Özünüz fikirləşin, sağlam olsaydım, ölümü niyə bu xarabalıqlarda axtarardım. Deyə bilməzsiniz ki, erməni xalqı bu müharibədən nəsə qazanıb. Müharibə heç kimə lazım deyil. Mən o ağacı bütün münaqişələrin əleyhinə, etiraz əlaməti olaraq əkdim.

İstəyirəm ki, onu qoruyasınız. Siz, ya başqası, mənimçün fərqi yoxdur,-deyə həkim davam elədi. O, «bizimkilər gələnə kimi qoruyun» demədi, düzü, deməyə ürəyi gəlmədi, zabiti acıqlandıra, işləri korlaya bilərdi.

Zabit fikrə getdi, görünür, onun dedikləri haqda düşünürdü və:

- Hər halda, mən zəng eləməliyəm,-dedi, əsirin adını və soyadını yenidən soruşdu və o biri otağa keçib, səhra telefonuyla uzun-uzadı danışdı. Bir müddət susdu və yenə də telefonla danışdığı adama nəsə dedi və yerinə qayıtdı.

- Onlar sizin dediklərinizi təsdiqlədilər. Doğrudan da internet portallarında sizin bəyanatınız yayılıb.

- Görürsünüz,-həkim üzündəki bayaqkı təbəssümlə dedi,-mənim bura gəlməkdə işıqlı məqsədim var. Amma məsələ təkcə ağac əkməklə bitmir. Mən həm də ölməyə gəlmişəm.

Əgər ölməsəm, yaxud ölə bilməsəm, sizlərdən kimsə məni öldürməlidir. Özü də dan üzü, günəş üfüqdən çırtlayanda. –Zabitin üzündə istehza yaransa da, ona əhəmiyət vermədi və davam elədi.-Əvvəlcə qəbrimi qazmalıyam.

Ora elə də uzaqda deyil. Bəlkə də görmüsünüz. Görünən boz yalların başındadır. Babalarım orda basdırılıb.

- Biz bunu eliyə bilmərik,-zabit etiraz elədi,-dərimizə saman təpərlər.

- Niyə?-həkim təəccübləndi.

- İki şeyə görə: birincisi, siz düşmən də olsanız, silahsızsınız və əsir hesab olunursunuz, ikincisi, sizi öldürməyi yox, qorumağı tapşırıblar. Özü də bərk-bərk tapşırıblar.

Bu sözlərdən sonra zabit çölə çıxdı, əsgərləri içəri çağırdı və ermənicə nəsə dedi. Sonra həkimə tərəf dönüb:

- Hələ ki, sizi müvəqqəti saxlama kamerasında mühafizə edəcəyik. Sabah yeni naryadla Yerevana göndərəcəyik. Qoy orda taleyinizi həll eləsinlər.

- Mən dedim, axı, ömrümə bircə gün qalıb. Yerevana gedib çata bilmərəm. Özümü öldürmək elə də çətin deyil. Mən onun yollarını yaxşı bilirəm. Amma məqsədim var. Onu mütləq həyata keçirməliyəm. Məni təklikdə dinləsəniz, sizə daha vacib bir məsələdən danışaram.

-Nə vacib məsələdi elə?

- Tək deyərəm.

Zabit əsgərlərə işarə ilə:

- Onsuz da rus dilini bilmirlər. Kənddən dünən gəliblər,-dedi.

- Yaxşı, qoy siz deyən kimi olsun. Mən sizə çoxlu pul verərəm.

Zabit «pul» sözünü eşidəndə əsgərlərin çölə çıxmasına işarə elədi.

- Nə puldu elə?

- Məni sakit ölümlə baş-başa buraxmağınızın, yaxud da güllələməyinizin əvəzində sizə on min verərəm. Dollarla.

Zabit fikrə getdi. Bu təklifə hazır cavabı yoxuydu, sonra mızıldadı:

- Pul sizdədir?

-Mən onu gizlətmişəm. Məqsədimi yerinə yetirsəniz, harada gizlətdiyimi deyərəm.

- Mən sizə niyə inanmalıyam ki?

-Bu qədər yolu gələn adam məqsədinə çatmaq üçün hər şeyə əl atardı. Yalan da danışa bilərdi. Amma yalan danışmağa ehtiyac yoxdur. Mənim pulum çoxdur. Nəvələrimə də çatar.

Sizə verəcəyim isə kəfənlik əvəzidir. Bircə durub gözləməyiniz qalır, vaxtında ölməsəm, tətiyi çəkməyiniz yetər. İstəsəniz, əsgərlərinizdən biri də bunu edər.

Erməni zabiti:

- Mən fikirləşməliyəm,-dedi, -siyirmədən siqaret çıxarıb yandırdı, bir qullab aldı. Tüstüsü çox oldu, deyəsən. Öskürdü. -Üç gündür ki, tərgitmişdim,-öskürə-öskürə əlavə elədi.

Bir müddət hər ikisi dinmədi. Sonra erməni zabiti:

- Nə qədər qalıb?-deyə soruşdu. –Həkim onun sualını anlamadı. –Demək istəyirəm ki, ölümünüzə nə qədər qalıb?

- Təxminən bir sutka. Əvvəllər dərman atırdım, həmin həblər xəstəliyi ləngidirdi, amma bir həftədir ki, onlardan imtina eləmişəm. Gələndə də özümlə götürmədim.

- Mən sizi güllələyə bilmərəm. Yaxşısı budur, gözləyək.

- Ağrıkəsicilərim qurtarıb. Çox dözə bilmərəm. Çox ağrıdır.

- Gözləməkdən başqa çarəmiz yoxdur,-erməni zabiti əlacsız şəkildə əllərini yellədi və durub otaqda var-gəl eləməyə başladı, sonra yan otağa keçib, yenə də telefonla uzun-uzadı nəsə qırıldatdı, geri qayıdıb dedi ki, yuxarılar onu hökmən göndərməyi tələb edirlər.

-Siz onlara deyin ki, mənim istəyimi yerinə yetirməsəniz, dünyada biabır olarsınız.

Hamı deyəcək ki, bir müsəlmanın, yaxud bir insanın öz doğma torpağında ölməsinə icazə vermədilər.

Özü də mən ölümümü pulla satın alıram, öz pulumla öz ölümümü.

Zabit həkimin bu sözləri üstündə bir az baş sındırandan sonra yenə də telefon olan otağa keçdi. Bir azdan qayıtdı:

- Mən onlara yalan satmağa məcbur oldum, dedim ki, siz artıq ölmüsünüz, daha doğrusu, can üstəsiniz.

Onlar da sizi basdırmağa razılıq verdilər, amma hökmən sizin nəşinizi və qəbrinizin şəklini çəkib onlara göndərməliyik ki, bütün dünyaya yaysınlar. İndi isə pulun yerini deyin.

- Mən pulun yerini son nəfəsimdə deyəcəm.

Həkim narahat idi ki, pulu alandan sonra erməni zabiti sözünün üstündə durmaz.

- Mənə etibar eləmirsiniz?-deyə zabit xəbər aldı.

- Söhbət etibarda deyil, yuxarılar sizə təzyiq edə bilər. Mən yalnız öz qəbrimdə, atamın yanında uzananda rahat ola və ölümümə inana bilərəm.

- Siz ora nə vaxt getməlisiniz?-deyə zabit boz yallara işarə ilə soruşdu.

- Bu gün axşam.

- Dediniz ki, bir sutka qalıb.

-Mənə elə gəlir ki, xəstəlik daha da sürətlənib. Bədənimdə əvvəl atdığım dərmanların təsiri tamam yoxa çıxıb və xəstəlik daha da sürətlənib. Mən bunu yaxşı bilirəm. Hesablamışam.

Sabah sübh tezdən bu hadisə baş verəcək. Ona qədər isə qəbrimi qazacam.

- Yox. Yaxşısı budur, siz burda qalın, o məsələ baş verəndən sonra özümüz dəfn edərik, şəklinizi də necə lazımdır, çəkərik.

- Mənim istəyim öz qəbrimi əllərimlə qazmaqdır. Bu, bir etirazdır.

Təkcə sülh ağacı ilə iş bitmir. Qoy, onlar görsünlər ki, bu müharibələr uzandıqca hələ çox adam özünü diri-diri basdırmağa hazır olacaq.

Əslində, belə də olur, hamı öz içində ölür, yaxud hansısa bir sevgini, deyək ki, vətən sevgisini öldürür. Bundan dəhşətli nə ola bilər? Mən günəş üfüqdən çıxanda ölməliyəm. Ona baxa-baxa.

Belə ölüm mənimçün rahat və ağrısız keçəcək.

Səhərə kimi qəbrimi qazacam. Dediyim zaman ölməsəm, məni güllələyin.

Zabit bir söz demədi, eləcə əllərini yellədi və siqaret çıxarıb yandırdı və yenə də eyni sözü təkrar elədi:

- Siqareti təzəcə tərgitmişdim. -Öskürəyi ara verəndən sonra,-indi əsgərlərim sizi müvəqqəti saxlama otağına aparacaqlar. Bu gün axşam onları başqa məntəqəyə göndərəcəm.

Qoy qəbiristanlığa getməyimizi görməsinlər.

Qaranlıqlaşandan sonra yola çıxarıq.

Zabit əsgərləri çağırdı və əsiri müvəqqəti saxlama otağına aparmağı tapşırdı.

***

Nəm iyi verən otaqda bir köhnə çarpayı, sınıq-salxaq stol və stul vardı.

Çarpayıda oturdu, ağıryan dizini əlinə alıb çarpayının üstünə qoydu, ehmalca uzandı.

Axşama kimi dilinə heç nə vurmadı, yeməyə həvəsi yoxuydu. Ağrıdan qıvrılırdı, hərdən qalxıb dizini sığallayırdı, az qala ona yalvarırdı, dizini ağrılardan qorumaq üçün hərdən qucaqlayırdı.

Öz içindən keçmişə boylanırdı, arvadını, uşaqlarını, körpə nəvələrini düşünürdü. İndi onlar hamısı narahat idi, yəqin ki, onu ağlayırdılar, həyətdə mağar da qurmuşdular, ya bəlkə yaxınlıqdakı restoranı kirayələmişdilər.

O öz yasına uzaqdan baxırdı, sanki onu görürdü, kimlərin lap yuxarı başda oturduğunu da bilirdi.

Onun yaxın dostları, həmkarları və yəqin ki, hansısa dövlət məmuruydu, çox güman, Səhiyyə Nazirliyindəndi.

Əsas arvadıydı. Bacıları başına yığışıblar, yəqin. O isə özünü dözümlü və qürurlu aparır, heç nə olmayıbmış kimi davranır, ərinin bu hərəkətini qəhrəmanlıq kimi qələmə verir, açıq şəkildə deməsə də, onun fədakar qadınlara xas məğrurluğunu hamı duyur.

Axşama yaxın vaxt ləng getdi.

Günəş qoca və əldən düşmüş ilanlar kimi qüruba tərəf sürünürdü.

Bir az mürgülədi. Yorğunluq onu əldən salmışdı. Amma tam yuxuya gedə bilmədi.

Qarşıdakı səfər onu yatmağa qoymurdu. Hər şeyi götür-qoy edirdi…

O, buraladardan birdəfəlik gedirdi. Bir də heç zaman doğmalarını görməyəcəkdi. «Ağır hisslərdir. Sağ adamın başı xarab olar. Mən heç, mən xəstəyəm»,-deyə öz vəziyyətinə istehza elədi, güldü.

Gözlərini açanda pəncərədən düşən işığı görmədi, deməli, qaranlıq düşmüşdü.

Dikəldi ağrıyan dizini əlinə alıb yerə qoydu, oturdu. Ağrıları artmışdı. Əllərini başının arasına aldı. Harda olduğunu, sanki, bir anlığa unutdu, yaddaşını itirən kimi oldu, sonra özünü ələ aldı.

Erməni zabiti bir azdan gəlib çıxdı, dedi ki, o istədiyi yerə piyada gedəcəklər, maşını götürə bilməz, istəmir ki, kimlərsə onları izləsin.

Həkim:

- Belə daha yaxşı olar, mən də köhnə yerləri görərəm,-dedi.

Təxminən bir saat keçmiş yola çıxdılar.

Aşağı yola düşüb, asfaltla bir az getdilər. Bu yolda hərbi maşınlar hərdən hərəkət etdiyinə görə, nisbətən hamar idi, asfaltı yarıb çıxmış kol-kos tapdalanmışdı.

Onun üçün hərəkət eləmək çətinləşmişdi, sanki ayağından ağır daş asmışdılar, ürəyi sancırdı, nəfəsi kəsilirdi, elə bil yerimirdi, sürünürdü. Amma bu yolu getmək lazımıydı.

Kilometrdən bir az artıq olan yolu allah bilir neçə saata getdilər.

Zabitin hövsələsi daralmışdı, cavanlıq həvəsi hövsələsini üstələmişdi, əsiri az qala çiyninə alıb aparmaq istəyirdi, amma həkim buna razı olmurdu.

- Mən özüm gedəcəm. Ölüm onda daha yaxın olacaq,-dedi.

Birinci aşırımı keçmək daha çətin oldu. Həkim bir-iki addım atmamış dayanır, sol dizini yerə atır və böyrü üstə uzanır, dincini alandan sonra zabitin köməyilə qalxırdı. Artıq o, zabitin köməyi olmadan yeriyə bilmirdi.

- Hələ çox qalıb?-deyə zabit səsində qəzəb notuyla soruşdu.

- Bir təpə də aşsaq ordayıq.

Həmin təpəyə çatıb dayandılar. Həkim yerə uzandı.

- Mən daha gedə bilmirəm,- inildədi, - sən geri qayıt, hər şey danışdığımız kimi olsun, pulun yeri burda yazılıb,-zarıyaraq dedi və yeldöyəninin yaxasını söküb, bir kağız parçası çıxardı. –Həyətimizdə gizlətmişəm, tövlənin yanındakı əncir ağacının dibində, məni tutan əsgərlər oranı yaxşı tanıyır. Ağaca da su verməyi unutmayın. Bircə vedrə kifayətdir.

Əsgərləriniz bunu eləməyə imkan vermədilər.

Zabit kağızı aldı, həkimin sözlərinin nə dərəcədə həqiqət olub-olmadığını öyrənmək üçün qaranlıqda aşağı əyildi, alışqanını yandırıb, üzünə baxdı. Həkimin üzündə ağrıdan başqa ifadə yoxuydu.

- Tapmasam, bəs necə olsun?-deyə zabit, sanki kiminsə eşidəcəyindən çəkinərək, pıçıltıyla soruşdu.

Həkim:

- Mən Hippokrat andı içmişəm. Bu isə hər şey deməkdir.

Erməni zabiti bir müddət onun başının üstündə dayandı, deyəsən, həkimi huş aparmışdı.

- Sizi burda qoya bilmərəm. İstədiyiniz yerə aparmalıyam, əmr belə olub.

Mən də and içmişəm,-dedi və həkimi çiyninə qaldırıb aparmağa başladı. Təpəlikdən qəbiristanlığa aparan yollar qumsallıq idi və yerimək çətiniydi.

Zabit bir dəfə büdrədi, həkimlə birlikdə yerə yıxıldı, yenidən durdu, öz dilində mızıldandı, bir az dincələndən sonra yenidən yoluna davam elədi.

Həkim özünə gəlmişdi, huşdan ayılmışdı.

- Məni yerə qoy. Özüm gedə bilərəm.

Zabit onu yerə qoydu, qoltuğuna girib aparmağa başladı.

Qəbiristanlıq tanınmaz olmuşdu. Uçulmuşdu, bəzilərinin baş daşıları çıxarılıb aparılmışdı.

Atasının qəbri irəlidə, qəbiristanlığın lap yüksəkliyindəydi. Atası yüksəkliyi sevirdi, elə o özü də.

- Məni burax, burdan o tərəfə özüm gedəcəm.

Zabit onu buraxdı və həkim sürünə-sürünə xeyli getdi, atasının qəbrinə çatdı. Qəbrin yalnız yeri qalmışdı, özü uçulmuş, «övladlarından yadigar» sözü yazılmış mərmər baş daşı yoxa çıxmışdı.

Həkim:

- Qəbir qazmaq lazım olmayacaq,- deyə inildədi və sürüşüb çalaya düşdü.

Erməni zabiti qəbrin yanına gəldi, bir müddət onun başının üstündə durdu. Səhərin açılmağına az qalırdı. Zabit ətrafa baxıb, uçuq qəbirləri görəndə xoflandı. Ona elə gəldi ki, qaranlıq dünyanın sakinləri hər tərəfdən onun üstünə gəlir.

O, geri döndü, arxaya baxmadan tez-tez yeriməyə, sonra qaçmağa başladı.

Qəbir istiydi. Həkim ağrı hiss eləmirdi. Onun bədəni, sanki ölmüşdü, amma yaddaşı diriydi.

O, yaddaşını qaytarmadan ölmək istəmirdi. Uşaqlığını, cavanlığını xatırlayırdı. Anasının əlindən tutub, qəbristanlığı dolaşması, anasının dodağının altında hansısa mahnını züm-zümə eləməsi, yaxınlarının ruhuna dua oxuması indi də qulaqlarında səslənirdi.

Gözlərinin önünə güllü-çiçəkli dağlar, məktəb illəri, quzu otardığı yerlər, çayda balıq tutduğu günlər gəlirdi.

Hər şey gözəl idi. Onun yadında daha çox günəş qalmışdı.

Amma bu gözəllik yox olmuşdu və bunun nə zaman baş verdiyini xatırlaya bilmirdi. İndi bu gözəlliyin və itkinin yerini acı bir boşluq doldururdu…

Səhər açılırdı. Həkimin ürəyi və yaddaşı hələ də diriydi…

Ölərkən hiss elədi ki, gözünə gün düşür…

Gözlərimi ovuşdurdum…

15-18 fevral 2010
XS
SM
MD
LG