Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:06

ATƏT-in «rüsvayçılıq siyahısı»


Adnan Hacızadə və Emin Milli, 22 dekabr 2009
Adnan Hacızadə və Emin Milli, 22 dekabr 2009
«Azərbaycanda iki bloqqerin həbsi de-fakto hökumətin mətbuatı necə nəzarətdə saxlamasını nümayiş etdirir. Bu hadisənin İnternet vasitəsilə fikrini ifadə etmək istəyən digər azərbaycanlılara verdiyi mesaj tamamilə aydındır. Milli və Hacızadənin həbsi ilə bağlı Avropa Şurasından gələn tənqid Azərbaycan hökumətinə təsir etməyib».

Bunu iyunun 9-da ABŞ-ın Helsinki Komissiyasında «ATƏT məkanında mətbuat azadlığına təhlükə» mövzusuna həsr olunmuş dinləmələrdə çıxışı zamanı «Freedom House» təşkilatının Avrasiya proqramının direktoru Sem Patten deyib.

O, ABŞ Senatının Bakıya yeni səfir təyin etmək planlarına toxunarkən bildirib ki, bu təyinat nəinki bloqqerlərin, eyni zamanda Azərbaycanda ifadə azadlığının sürətlə pisləşməsi məsələsini qaldırmağa imkan ola bilər.

Gənc bloqqerlər Emin Milli və Adnan Hacızadə barədə təkcə «Freedom House» təşkilatının nümayəndəsi danışmayıb. ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç də tənqidi baxışlarına görə həbs olunan bloqqerlər və jurnalist Eynulla Fətullayevin dərhal azadlığa buraxılması üçün tələblərini davam etdirəcəyini deyib.

CƏZASIZ QALAN HÜCUMLAR VƏ REPRESSİV QANUNLAR

Miyatoviç keçmiş Sovet məkanında jurnalistlərə qarşı məhdudiyyətlərin və zorakılıqların artdığını qeyd edib. 56 dövlətin üzv olduğu qurumda 3 aydır mətbuat azadlığı nümayəndəsi işləyən Miyatoviç əlavə edib ki, cəzasız qalan hücumlar və repressiv qanunlar hesabına ATƏT-in «rüsvayçılıq siyahısı» genişlənib:

- Jurnalistlərə qarşı zorakılıq cəmiyyət və demokratiyaya qarşı zorakılığa bərabərdir. Bu hal sərt məzəmmətlə və təqsirkarların cəzalandırılması ilə qarşılanmalıdır.
Dunya Miyatoviç
Hökumətin əsas qurumları - məhkəmə və hüquq-mühafizə orqanları təkmilləşmədən yaxşılaşma ola bilməz.

Miyatoviç tənqidi danışanların sonradan şübhəli ittihamlarla həbs olunduğunun tez-tez şahidi olduqlarını bildirib və əlavə edib ki, təqsirkarların cəzasız qalması, hökumətin lazımi araşdırma aparmaması, bu halları pisləməməsi jurnalistlərə qarşı hücumların sayının artmasına səbəb olur.

JURNALİSTLƏR ƏN ÇOX RUSİYADA ÖLDÜRÜLÜR

ATƏT rəsmisi hesab edir ki, yazılarına görə qətlə yetirilən cəsur jurnalistlərin adları bundan sonra da yüksək səslə çəkilməlidir. Məsələn, Miyatoviç ATƏT məkanında jurnalistlərin ən çox Rusiyada öldürüldüyünü qeyd edib. O, ötən il Qırğızıstanda öldürülən jurnalist Qennadi Pavlyuku, Türkiyədə erməni jurnalist Hrant Dinki, Ukraynada qətlə yetirilən Georgi Gongadzeni, Azərbaycanda isə Monitor jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun adlarını çəkməyi unutmayıb.

Miyatoviç qeyd edib ki, bir ölkədə ki, jurnalistlər öz həyatları, təhlükəsizlikləri üçün qorxur,
deməli, həmin ölkədə mətbuat azadlığından söhbət gedə bilməz.

- ATƏT-in 56 üzvünün verdiyi vədlərə baxanda ancaq bir vədin yerinə yetirilməkdə olduğunu görürəm, o da yayımçıların lisenziyalaşdırılması ilə bağlı kosmetik dəyişikliklərdir.

ATƏT məkanında bəzi irəliləyişlərin olduğu da qeyd edilir. Məsələn, Gürcüstan, Moldova, Rumıniya və Ukraynada böhtan və təhqirə görə artıq cinayət məsuliyyəti nəzərdə tutulmur. Ermənistanda da bu istiqamətdə işlər gedir.

İnterentə nəzarət etmək cəhdi itirilmiş döyüşdür
ATƏT üzv dövlətləri mətbuatda plüralizmi artırmağa, internetə sərbəst informasiya axınını təmin etməyə çağırıb.

İNTERENTƏ NƏZARƏT CƏHDİ İTİRİLMİŞ DÖYÜŞDÜR

İnternetin ənənəvi mətbuatı getdikcə geridə qoyduğuna toxunan Dünya Miyatoviç mətbuat azadlığının sıxışdırılığı ən sonuncu məkanın da məhz İnternet olduğunu deyib:

- Dövlətin nə etməsindən asılı olmayaraq, İnterentə nəzarət etmək cəhdi itirilmiş döyüşdür. İnsanlar hər zaman imtina olunmuş hüquqlarını bərpa etməyin yollarını tapır. Tarix bunu dəfələrlə sübut edib.

İyunun 9-da Helsinki Komissiyası mətbuat azadlığının müdafiəsi ilə bağlı qətnaməsini təqdim edib. Qətnamənin iyul ayında ATƏT Parlament Asambleyasında təqdim ediləcəyi planlaşdırılır.

Helsinki Komissiyası ATƏT ölkələrini sərbəst informasiya axınını, böhtan və təhqirə görə cinayət məsuliyyətini ləğv etməyə və jurnalistlərə qarşı hücum və hədələri hərtərəfli araşdırmağa çağırmaq niyyətindədir.

Birləşmiş Ştatların Avropada Əməkdaşlıq və Təhlükəsizlik Komissiyası - Helsinki Komissiyası ABŞ-ın hökumət qurumudur. Qurum 1975-ci il Helsinki Aktının müddəalarının yerinə yetirilməsinə nəzarət edir. Komissiyaya Senatın, Nümayəndələr Palatasının 9 üzvü, Dövlət Departamenti, Müdafiə Nazirliyi və Ticarət Nazirliyinin hər birindən 1 üzv daxildir.
XS
SM
MD
LG