Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:48

400 sabirabadlının aksiyası başa çatıb


Daşqınlardan zərər çəkənlər iyunun 16-sı səhər saatlarında başladıqları aksiyanı başa çatdırıblar. Yerli sakinlər AzadlıqRadiosuna deyiblər ki, onlar Sabirabad rayon icra hakimiyyətinin başçısı Heydər Abbasovla görüşdən sonra dağılışmaq qərarına gəliblər.

Rayon icra hakimiyyəti zərərçəkənlərin Novruzlu kəndi yaxınlığındakı bəndin dağıdılması ilə bağlı tələblərinin indiki halda yerinə yetirilməsinin mümkün olmayacağını bildirib.

***

İyunun 16-da Evləri su içərisində qalan Sabirabadın Qasımbəyli, Axtaçı, Əsgərbəyli, Dəlilər və Saatlı rayonunun Novruzlu kəndlərindən olan 400-ə yaxın sakin Sabirabad rayon icra hakimiyyəti qarşısında aksiya keçirir.

Qasımbəyli kənd sakini Fətulla Fətullayevin AzadlıqRadiosuna verdiyi məlumata görə, Kür və Arazda suyun aşağı düşməsinə baxmayaraq iki çay arasında yerləşən dörd kənd hələ də su altındadır.

Sakinlər hesab edirlər ki, kəndlərinin yaxınlığındakı qoruyucu bəndi yarmaqla suyu Kür çayına axıtmaq olar və bununla da kəndlərdəki su tamamilə çəkilə bilər. Amma daşqından zərərçəkənlərin bu təklifini rəsmi qurumlar qəbul etmirlər və bildirirlər ki, belə addım Kür çayında suyun səviyyəsi tam aşağı düşəndən sonra atıla bilər.

«Biz istəyirik ki, bənd yarılsın və ərazidəki su Kür çayına axıdılsın ki, adamlar evlərinə qayıda bilsinlər. İndi adamlar gedirlər Novruzlu kəndinə doğru və deyirlər, bəndi hardan yarmaq mümkündürsə, ordan yaracıyıq. Biz rəsmi qurumlardan tələb edirik ki, bu işi onlar görsünlər bizim evlərimiz tamamilə uçmasın, qayıdaq evimizə».

Hələ ki, rəsmilərdən sakinləri qəbul edən olmayıb.

Sakinlərdən aldığımız məlumata görə, rayon polisləri kənd sakinlərinin bəndi dağıtmaq istədiyi əraziyə cəlb edilib.
XS
SM
MD
LG