Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:24

BMT özbək qadınların planlı şəkildə zorlandığını deyir


BMT Özbəkistan və Tacikistanı sərhədlərini qaçqınlara açmağa çağırıb
BMT Özbəkistan və Tacikistanı sərhədlərini qaçqınlara açmağa çağırıb
OTUNBAYEVA ÖLƏNLƏRİN RƏSMİ MƏLUMATDA DEYİLƏNDƏN QAT-QAT ÇOX OLDUĞUNU DEYİR

BMT-nin Qaçqınların İşlər üzrə Ali komissarı Antonio Guterres iyunun 16-da bildirib ki, əgər tezliklə beynəlxalq ictimaiyyət Qırğızıstan böhranının həllinə qoşulmasa, regionda fəlakət yaranacaq.

Qırğız rəsmilərinin məlumatına görə, iyunun 10-dan bəri ölkənin cənubunda qırğızlarla özbəklər arasında toqquşmalarda 180 nəfər yaxın adam həlak olub, 2000 nəfər də yaralanıb. Amma Qırğızıstanın müvəqqəti hökumətinin rəhbəri Roza Otunbayeva özü də etiraf edib ki, ölənlərin sayı rəsmi elan ediləndən bir neçə dəfə artıq ola bilər.

BMT-nin İnsan Haqları üzrə Ali komissarı bildirib ki, Özbəkistanla sərhəddə uşaqlar da daxil olmaqla adamların etnik zəmində qətlə yetirilməsi, zorlanması belə görünür əvvəldən hazırlanmış bir plan üzrə həyata keçirilir. ATƏT-in təmsilçisi də regionda etnik təmizləməyə cəhd olduğunu deyib. Amma Qırğızıstan hakimiyyəti etnik təmizləmə ittihamlarını rədd edir.

BURDA MAKSİMİN BARMAĞI VAR?


Onun hökuməti bu qarşıdurmanı devrilmiş prezident Kurmanbek Bakiyevin oğlu, bu yaxınlarda Britaniyada saxlanmış Maksim Bakiyevin planlaşdırdığını iddia edir.

Qırğız rəsmilərindən Almazbek Atambayev paytaxt Bişkekdə də daha bir təxribat hazırladığı haqqında məlumatlı olduqlarını deyir:

- Oşda baş verənlər əvvəlcədən hazırlanan yaxşı plan üzrə həyata keçirilib. Buna bənzər təxribatlar Bişkekin Çuski rayonunda da hazırlanıb. Amma artıq biz buna hazırıq.

Bakiyev bu hadisədə hər hansı formada iştirakını rədd edir
Amma Bakiyev bu hadisədə hər hansı formada iştirakını rədd edir.

YARDIM TƏYYARƏLƏRİ SNAYPERLƏRDƏN QORXUR

Zorakılıqlarda əsasən etnik özbəklər və onların əmlakları hədəf alınsa da qırğızlar arasında da tələfat var. BMT-nin məlumatına görə, 200 min adam da qaçqın düşüb. Əsasən qadın və uşaqlardan ibarət olan minlərlə etnik özbək qonşu Özbəkistanın Əndican əyalətinə qaçıb. Özbəkistan 45 min qaçqını qəbul etdikdən sonra sərhədi bağlayıb, bildirib ki, bu qədər insanı yerləşdirə bilməyəcək, bu ölkə həm də beynəlxalq yardım xahiş edib.

BMT Özbəkistan və Tacikistanı sərhədlərini qaçqınlara açmağa çağırıb, həm də artıq 75 min nəfər üçün bölgəyə yardım göndərdiyini bildirir.

Avropa Komissiyasının sözçüsü Ferran Tarradellas iyunun 16-da deyib ki, onun təşkilatı beş milyon avro dəyərində təcili humanitar yardım göndərmək qərarına gəlib.
Qırğızıstanın Təhlükəsizlik Şurasının sədri deyir ki, beynəlxalq təşkilatlar humanitar yardımlar göndəriblər, amma onları ölkənin cənub ərazilərinə çatdırmaq üçün təhlükəsizlik şəraiti hələlik təmin edilə bilməyib:

- Təhülkəsizliyə görə hələlik bizim qəbul etdiyimiz bütün humanitar yardımlar Manas aeroportunda qalır. Onları Oşa göndərməkdə çətinliyimiz var. Bir neçə təyyarəmiz var, onlar da snayperlərdən qorxaraq Oşa enmək istəmirlər.

ÇADIR ŞƏHƏRCİYİNDƏ DEZİNTERİYA...

Özbəkistanla sərhəddə Yorkişlok çadır düşərgəsindəki məskunlaşan özbək Gülçehra Əmirova «Reuters» agentliyinə orada vəziyyətin dözülməz olduğunu deyib:

- Burda adamlar dezinteriyadan, qızdırmadan əziyyət çəkir. Hamı xəstədir. Bəzi yaşlıların damarı partlayıb, ya da ürəkgetmələri var. Dərman yoxdur.

Calalabad rayon hakimiyyəti bəzi özbəkləri evlərinə qayıtmağa inandıra bildiklərini deyirlər. Məlumatlara görə, artıq iki min nəfər özbək evinə dönüb.

NAZİR DAHA XARİCİ ÖLKƏ SÜLHMƏRAMLILARINA EHTİYAC GÖRMÜR


İsmail Isakov (ortada)
Qırğızıstanın müvəqqəti hökumətinin Daxili İşlər naziri İsmail İsakov isə AzadliqRadiosunun qırğız xidmətinə deyib ki, daha xarici ölkələrdən sülhü mühafizə qüvvələrinə ehtiyac yoxdur, onlar özləri vəziyyətə nəzarət edirlər. Amma hadisələrin ilk günlərində müvəqqəti hökumət yardım üçün Rusiyaya müraciət etmişdi.

AzadliqRadiosunun müxbiri bildirir ki, ara-sıra hələ də Oş şəhərinin bəzi ərazilərindən atəş səsləri gəlir.

Ağ Evin sözçüsü də bildirib ki, Barak Obama müntəzəm şəkildə vəziyyət barədə məlumatlar alır, region ölkələri ilə əlaqə saxlayır.

Dövlət Departamenti də bildirib ki, ABŞ Qırğızıstana humanitar yardım göndərib, həmçinin də Moskva ilə birlikdə təhlükəsizlik addımlarını əlaqələndirir.
Amma Vaşinqton regiona sülhməramlılar göndərməyi planlaşdırmır. Həm də hesab edir ki, hər hansı xarici müdaxilə yalnız BMT-nin razılığı ilə olmalıdır.

ABŞ VƏZİYYƏTİ ÖZ GÖZÜ İLƏ GÖRMƏK İSTƏYİR

ABŞ-ın yüksək səviyyəli rəsmisi iyunun 16-ı Özbəkistan paytaxtına gedərək ora sığınan on minlərlə qaçqının vəziyyəti ilə tanış olacaq.

Dövlət Departamenti elan edib ki, Mərkəzi Asiya üzrə diplomat Robert Blake iyunun 16-da Daşkəndə gedəcək. Sonra isə Qırğızıstanla həmsərhəd olan Fərqanə vadisində olacaq. Dövlət katibi ona tapşırıb ki, vəziyyəti birinci əldən, sərhədi keçən adamlardan öyrənsin, humanitar vəziyyəti qiymətləndirsin.

İyunun 18-də isə Blake Bişkekə gedib müvəqqəti hökumətin təmsilçiləri ilə müzakirələr aparacaq.

Rusiya prezidenti Dmitri Medvedev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının toplantısını çağırıb ki, Qırğızıstana hərbi müdaxilə imkanları müzakirə edilsin. Amma hələlik bu təşkilat konkret bir qərar qəbul etməyib.
XS
SM
MD
LG