Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:56

Sabir Əhmədli. Dənizdən gələn səda (20 yanvar hekayəsi)


-

Amerikalı ədəbiyyatşünas, Azərbaycan ədəbiyyatı üzrə mütəxəssis Betty Blair hələ 1990-cı illərin əvvəlində ingilis dilinə tərcümə edərək "Azerbaijan International" dərgisində nəşr etdiyi bu hekayəni belə təqdim edirdi:

"Sabir Əhmədlinin üslubu sürreal hesab oluna bilər. "Dənizdən səda" hekayəsində xaotik gecədə öldürülmüş bir oğul anasına məktub dilində ölümünü və ölüsünü təsvir edir. Bu müddətdə dəniz cəsədi kənara atıb, suitilər cəsədlə çarpışır."

Sabir Əhmədlinin 20 hekayədən ibarət "Yanvar hekayələri" silsiləsindən bir hekayə.

Sabir Əhmədli

DƏNİZDƏN GƏLƏN SƏDA

"Əziz ana!

Əvvəla, salam. İkincisi əgər zəhmət çəkib, mənim əhvalımı xəbər almaq istəsən...

Mən indi Dərbənd yaxınlığındayam. Çiskinli-dumanlı bir havadı. Əsla nigaran qalma, bircə gilə üşümürəm.

Dənizə qar yağır, amma vecimə deyil. Mən tək deyiləm, can ana.

Yaxşısı budur, hər şeyi olduğu təki sənə söyləyim. Bilərəm, gecən-gündüzün yoxdur.

Bilirəm, şəhərin bütün xəstəxanalarını, meyitxanaları dolaşmısan. Bircə saat gecikəndə, gəlib görürdüm ayağından asılmış quş təki eyvandasan...

Heç bir oğul öz anasına mənim danışacağım macəranı danışmaz.

Amma səni intizarda qoymayacam. Hər şeyi bilməlisən...

Bir dəqiqə... Huy, huy!

Yanvarın on doqquzundan iyirmisinə keçən gecə, haman qaramat gecə məni evdən buraxmaq istəmədin. Səni ovundurub inandırdım ki, heç nədən qorxma. Dostlarım oradadır, getməsəm inciyərlər.

Biz Tiflis prospektində, Biləcəri yoxuşunun şəhərə aşdığı yerdə dayanırdıq. Qoşun şəhərə soxulanda birinci bizimlə qarşılaşdı.

Tanklar yeridi üstümüzə. Heç birimiz inanmadıq. Dedik, bəs qorxudurlar, çatıb dayanacaqlar.

Tankların ardınca gələn soldatların avtomatdan atdığı güllələri fişəng sandıq...

Bir dəqiqə Huy-y-y! Dənizdə nə çox suiti varmış, ana... Ötdü getdi, başqa ovun üstünə yönəldi.

Hə, əziz ana! Həndəvərimdə neçə oğlan yıxıldı, yenə inanmadım.

Onda inandım ki, sinəmi gülləllər odladı.

... Tanklar ötdü, avtomatlar xiyabanboyu gurladı. Biçib tökdülər. Ardınca yeni dəstələr, maşınlar gəldi.

Küçə fanarları söndürülmüşdü. Nə baş verdiyini, yoldaşlarımın başına nə gəldiyini öyrənməkdən ötrü dikəlib, boylanmağa çalışdım.

Yaxında bir neçə hərbi-sanitar maşını dayandı. Oradan soldatlar düşdülər. Yır-yığış başlandı. Aralarında saqqallı, qarasifət cavanlar vardı. Bunlar lap insafsızdılar.

Kolların arasına cumur, küçəyə sərilmiş şəhidlərin üstünü alır, avtomatdan, tapançadan atəş açır, can verəni yenidən gülləyə tutur, öləni bir də öldürürdülər.

Səslərini eşidirdim: "Bıstro ubrat!" Çtobı do utro niçeqo ne ostalos. Çisto!"

Kürüdülər, topladılar. Ocaq çatıb yandırdılar...

Bizi örtülü maşınlara mindirib, aradan çıxartdılar.

Şəhərin bu yanlarına yaxşı bələd deyildim. Amma anladım, maşınlar dəniz körpülərinə gedirdi.

Torpaqdan çıxıb, taxta döşəmə ilə sürdülər.

Yaxınlıqda bir neçə hərbi kater dolanmaqda idi. Köpüyə iki "Hidroqraf" gəmi bağlanmışdı. Ardımızca "Ural" avtomobilləri, BMP sanitar - "təcili yardım" gəlməkdə idi. Yükü tezcənək gəmilərə keçirib, arxadan çatanlara yol verilməliydi.

Bir dəqiqə... bu dənizdə nə çox suiti varmış. Pirşağıda bir kərə bir uşağı dişləmişdi. Demə, qudurubmuş suiti. Uşaq dəli oldu...

Bizi "Hidroqraf"ın göyərtəsinə götürdülər. Sahmanlı tərpənirdilər, xərək-salacaları vardı. Düşürəndə dönə-dönə yoxlayırdılar. Fanarları üzümüzə saldılar, gözlərimizə tuşladılar. Əyilib, nəfəsimizi imsədilər.

Tək-tək tapançalar açıldı, baltalar, kumbullar işə düşdü; kambuzdan iri bıçaqlar, kordalar götürmüşdülər.

Patrona qənaət etdilər. Tam sakitlik olsun deyə, əl-ayağı tərpənəni oradaca bitirdilər. Göyərtədə üstümüzə çadır çəkdilər. Xeylisini büküb, kəndirlə sarıyıb, türümlərə endirdilər.

Gəmi açıldı, körpüdən aralandı. Səhər açılmışdı.

Səfərə yollanacağımızı, amma haraya aparılacağımızı bilmədiyimiz halda, göyərtədə təşvişə düşdülər.

Demə, Xəzər gəmiçilik idarəsi hərbi gəmilərin buxtadan çıxmağına icazə verməmişdi. Bizim neftdaşıyan, quru yük aparan böyük gəmilərimiz limanın giriş-çıxışını, kanalları tutub dayanmışdılar.

Körfəz blokadaya alınmışdı. Radio-ratsiya ilə danışığa başlamışdılar.

Bumbuz dəmir anbarlardan nə söyləndiyini eşidirdik: hərbi donanma Xəzər gəmiçiliyindən tələb edirdi ki, yolu açsınlar. Bizimkilər qəti etiraz edib, bildirdilər: "Sizin gəmilərə baxmalıyıq. Apardığınız nədir?" "Hərbçilərin ailəsini köçürürük", - dedilər.

Xəzər gəmiçiləri bildirdi ki, bizim adamlar sizin gəmiləri yoxlamalıdır. Əks halda, bircə hərbi gəmi limandan çıxa bilməyəcək.

Üç gün öcəşdilər. Xəzər gəmiçiləri hərbi gəmilərin yerləşdiyi "Sabit Orucov" tankerinə keçdilər, qərargah orada idi. Deputat komissiyasının bütün səyinə baxmayaraq, onları hərbi gəmilərə buraxmadılar.

Donanma katerləri yaxınlaşdı. Bizim gəmiləri hədələdilər: "Yol verməsəniz, atəş açacayıq". Xəzər gəmiçiləri dediklərində dayanıb, hərbi komandanlığa bildirdilər: "Sizin gəmilərə meyit yüklənmişdir.

Gecə, qoşun şəhərə soxularkən, həlak olanlar körpülərə daşınmışdır. Siz törətdiyiniz cinayətin izini itirmək istəyirsiniz".

Keşikçi katerlərin top lülələri Xəzər gəmilərinə tuşlandı...

Yanvarın iyirmi ikisi, səhər saat onda buxtanı tutmuş Xəzər gəmiləri fit verməyə başladılar.

Əllidən artıq gəminin göyərtəsindən qopan haray Bakı üzərində dalğalandı... Şəhidləri dəfn edirdilər, ana! Mikrofonla yasin oxuyur, gəmilər ulartı qoparır, sədası zindan türümlərə çatırdı.

Eşitmişdik, şəhidləri Dağüstü parkda basdıracaqdılar. Bizimkilərdən kimsə qımıldandı: "Bizə də ora qismət olsa idi, elə bilərdim, başımıza heç bu qəziyə gəlməyib".

Dördüncü gün, axşam hərbi donanma Xəzər gəmilərinə atəş açdı. Bizimkilər cavab verdi. Atışma düşdü. Dinc gəmilərimizin hərbi donanmanın top atəşlərinə dayanmağa gücü çatmadı. Tankerlərin neçəsi deşildi, yanğın düşdü. Mühasirə yarıldı.

Donanmaya qurudan kömək gəlmişdi, spesnaz soldatları gəmilərimizə doluşdular. Xəzər gəmiçilərinin bir qismi qayıqlara minib Zığ burnu, Əhmədli səmtə üz tutdular...

"Hidroqraf" açıq dənizə çıxdı... Bir dəqiqə, darıxma, ana. Bu dənizdə suiti nə çoxmuş. Ağ suitilərdi, batıb çıxır, gəlirlər...

Səhərə az qalırdı, bütün gecəni üzmüşdük.

Bakı limanında bizimkilər yaxınlaşa bilsəydilər, göyərtədə, türümlərdə kimin nə kökdə aparıldığını sezəcəkdilər.

Alatoranda göyərtə kranları işə düşdü. Türümlərdəki bağlamaları çıxartmağa əl qatdılar. Bəlkə, tonqal çatacaqdılar. Yox, bunların niyyəti özgə imiş. Brezent bağlamaları göyərtənin qırağına sürüdülər.

"Raz! Dva! Vzyali!" - meyit çatılmış mafraşlar dənizə quylandı.

Sonra... sahibindən ayrı düşmüş qollar, qıçlar, başlar tolazlandı.

Bu, bir məşəqqətdi. Bizi yandıran o idi ki, başımıza gətirdikləri bəs deyilmiş, ardımızca söyüş yağdırır, təpiklə vurub bağırırdılar: "Vot vam Şaxidlyar xiyabanı!"

Bir də gördük ki, ana, üstümüzdə vertolyotlar dolanır.

Köməyimi gəlmişdilər? Endi, az qaldı dalğalara toxunsun. Qapı açıldı, oradan dənizə atılmağa başladılar.

Paraşütləri yox idi, dalğaların arasına düşür, batır... çıxmırdılar. Hə, bunlar desant deyilmiş, eləcə bizdənmişlər. Amma onları vertolyotla gətirmişdilər.

Beləcə, başı Həştərxan, ayağı Lənkəran - dəniz oldu məzarımız, can ana.

İstəkli anam! Gözümün işığı ana! Yadındamı, bir axşam bacılarım, sən, qonşu xala oturmuşduq bizdə.

Yaz idi, imtahanlarımız başlanmışdı. Mən sənə öz istəyimi söylədim. Dedim, Odessaya gedib, Ali Dənizçilik Məktəbinə girmək istəyirəm.

Razı olmadın: "Gözümün qabağında ol, balam mənim. Beş bacının bircə qardaşı, evimizin kişisi sənsən" - dedin.

Taleyin qismətinə bax, ana. Ömrümdə ilk dəfə sənin istəyinin əksinə çıxdım. Dənizçi olmuşam, mənim anam. Üzürəm... Əzəlcə sualtı qayıqların görünməz, dərin yolları ilə düz 5 gün dolandıq. Sonra hərəmiz bir diyara tuş olduq.

Kimi Şah dilində üzə çıxdı, kimi Türkanda. Axı, dəniz ölü saxlamır; şaqqalayıb baş bir yana, bədən özgə yana atmışdılar, itib bataq. Çıxansa vardı. Bullada vertolyotlar alçaqdanca güllə yağdırır, dəlib deşirdi, getsin alta.

Türkan balıqçıları gördü. Kənd duyuq düşdü. Balıqçılar qayığa minib gəldilər. Xəzərə yiyələnmiş keşikçi katerlər pusquda imiş. Balıqçı da, onun gördüyü də yoxa çıxdı...

Bir dəqiqə. Ana, bircə dəqiqə. Bu dənizdə nə çox suiti varmış... Gör sənin dənizçi oğlun bir qol, bir qıçla necə şütüyür!

Dənizə qar yağır. Kiçik çillə girir bu gün. Kiçik çillə böyük çilləyə deyib: "Mən sənin vaxtında gəlsə idim, gəlinlərin əlini sənəyin qulpunda dondurardım".
Qarşıdan yaz gəlir.

Dənizə qar yağır, başıma qar əl ənir. Xəzər Dərbənd altında necə burulğanlı imiş. Bizə daha nə qar əsər edər, nə külək. Nə dalğalar batırar, nə fırtına susdurar.

Yamacda Dərbənd mayağı yanır. Dalğaların qucağında sahilə üzürəm. Allah üzümə baxar, qədim Azərbaycan şəhərinin sakinləri görər məni. Görsələr, xilas edəcəklər.

Bacılarımı öp, məni gözləmə.

Sənin dənizçi oğlun.
1 fevral 1990-cı il"

XS
SM
MD
LG