Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:34

Mitinqçilərə qarşı işgəncələr araşdırılır


Polis Rövşən Nəsirlini zorla maşına mindirir
Polis Rövşən Nəsirlini zorla maşına mindirir
- Bizi zalda saxlamışdılar, telefonu açdım ki, cavab verim, bu dəm general Yaşar Əliyev söyüş söyə-söyə üstümə şığıdı, telefonu aldı başıma vurdu, sonra yenə söyüş söyə-söyə təpiklədi məni, telefonu alıb çıxıb getdi.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Tofiq Zeynallı «Azadlıq» blokunun iyunun 19-da keçirdiyi etiraz aksiyasında saxlananlardan biridir. Deyir ki, Səbail rayon 8-ci Polis Bölməsində Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyevin fiziki təzyiqinə məruz qalıb, təhqir də olunub. Müxalifətin son aksiyasında polisin işgəncəsi ilə üzləşdiyini iddia edənsə təkcə Tofiq Zeynallı deyil.

ADP Gənclər Təşkilatından Cəmil Hacıyev də danışır ki, o və aksiyada saxlanan başqa bir neçə gənci də 8-ci Polis Bölməsinə gətiriblər. Onun dediyinə görə, ən çox döyülən bitərəf Rövşən Nəsirli olub:

RÖVŞƏN NƏSİRLİNİ ÇOX MÖHKƏM, PİS DÖYDÜLƏR

- Rövşən Nəsirlini çox möhkəm, pis döydülər. Hətta polisin adətən qarın boşluğuna, başa vurduğu görünüb, amma sifətə, göz nahiyəsinə elə zərbələr vurmuşdular ki, Rövşən Nəsirlinin gözləri tutulmuşdu, yəni zərbədən gözləri şişmişdi, açılmırdı.

Tofiq Zeynallı onu döydüyünü iddia etdiyi Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyevi məhkəməyə verməyə hazırlaşır. Rövşən Nəsirli isə hazırda Binəqədi rayonu ərazisində yerləşən Bakı Şəhər Baş Polis İdarəsinin inzibati həbs olunanların saxlanma məntəqəsindədir, ona 15 sutka həbs cəzası verilib.

VƏKİLİ DƏ HƏBS EDİBLƏR

Nəsirli ilə birgə həmin məntəqədə daha dörd nəfər aksiya iştirakçısı da saxlanır, onlardan Mənsum Bayramov vəkildir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı deyir ki, Mənsum Bayramov aksiyadan sonra Səbail rayon 8-ci Polis Bölməsinə orada saxlanan partiya üzvlərinə hüquqi dəstək göstərmək üçün gedib, amma əvəzində saxlanaraq təhqir olunub və nəticədə ona da 10 sutka həbs cəzası verilib.

Hüquq müdafiəçisi Elçin Behbudov
Aksiyada saxlananlara qarşı işgəncə faktlarının olub-olmamasını araşdırılmaq üçün İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov iyunun 21-də 5 nəfərin saxlandığı məntəqədə onlarla görüşüb. Onun dediyinə görə, saxlananlardan ikisi – AXCP üzvü Dəyanət Babayev və bitərəf Rövşən Nəsirli bölmədə onlara qarşı qeyri-insani rəftarın olmasından şikayətləniblər. Komitə sədri də bu şikayətin araşdırılması üçün dövlət orqanlarına üz tutub:

İŞGƏNCƏ FAKTI ÇOX QƏLİZ MƏSƏLƏDİR

- Bununla əlaqədar mən artıq Bakı şəhəri Baş Polis İdarəsinin rəisi Rafiq Abbasova müraciət etmişəm ki, bu iş araşdırılsın. Məni düzgün başa düşün, işgəncə faktı çox qəliz məsələdir, işgəncə müraciətlərinin araşdırılması dövlətin üzərinə düşür, işgəncə faktı ancaq məhkəmə tərəfindən öz həllini tapa bilər, məhkəmələr bunu araşdırmalıdır.

Şəkillərdən görünür ki, Rövşən Nəsirli polis bölməsinə düşməzdən əvvəl, yəni aksiya zamanı üzündə xəsarət izi olmayıb. Sonra, yəni məhkəməyə gətirilərkən isə Nəsirlinin gözünün altının göyərdiyi, üzündə və boynunda qançırların olduğu aşkar görünür.

OMBUDSMAN MƏSƏLƏNİNİ ARAŞDIRILMASINI İSTƏYİR

Ombudsman Elmira Süleymanovanın ofisi Rövşən Nəsirlinin aldığı xəsarətlər barədə daha açıq məlumat verməkdən çəkinməyib. Ombudsman Elmira Süleymanova gənc fəal ilə bağlı baş prokuror və daxili işlər nazirinə müraciət edib. Ombudsman Aparatının məlumatına görə, aparatın üzvləri Rövşən Nəsirli ilə saxlanma məntəqəsində görüşüblər və onun sifətində müxtəlif xəsarət izlərinin olduğunu müəyyən ediblər. Elmira Süleymanova bu məsələnin araşdırılmasını baş prokuror və daxili işlər nazirindən istəyib.

Elçin Behbudovsa deyir ki, əgər aksiya iştirakçılarına qarşı işgəncə faktı mövcuddursa, bunu yalnız kiçik məmurlar törətmiş olarlar. Komitə sədri problemin həlli yolunu həmin məmurların cəzalandırılmasında görür.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə ümumiyyətlə aksiya iştirakçısının döyülməsi, xüsusən də bunu Yaşar Əliyevin etməsi faktını təkzib edib. Məsələyə Yaşar Əliyevin münasibətini öyrənmək cəhdlərimiz baş tutmadı.

ÖLKƏDƏ QEYRİ-DÖVLƏT HÜQUQ MÜDAFİƏ MEXANİZMİNİN GÜCLƏNDİRİLMƏSİNƏ EHTİYAC VAR


Anar Məmmədli
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli isə hesab edir ki, bu günədək olan təcrübə dəfələrlə göstərib ki, bu cür faktlar dövlət orqanları tərəfindən birmənalı olaraq təkzib olunur. Anar Məmmədliyə görə, ölkədə qeyri-dövlət hüquq müdafiə mexanizminin gücləndirilməsinə ehtiyac var:

– Belə olan halda mütləq hüquq müdafiə təşkilatlarının prosesə aktiv şəkildə səfərbər olmasına və bu prosesə beynəlxalq təşkilatların da cəlb olunmasına ehtiyac var. Həm yerli, həm də beynəlxalq səviyyədə hüquq müdafiə təşkilatlarının təpkiləri yüksək səviyyədə qurulmalıdır.

Anar Məmmədli deyir ki, hazırda Azərbaycanda hüquq müdafiə təşkilatları sektorunda bir böhran hökm sürür və bu böhran cəmiyyəti ciddi şəkildə düşündürməlidir.
XS
SM
MD
LG