Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:48

Rövşən Yerfi "Qadın düşərgəsi" (əsərdən bir parça)


Rövşən Yerfi

"Qadın düşərgəsi"
(əsərdən bir parça)

Zonda son günlər bir-birinin ardınca baş verən səsli-küylü hadisələr Zinyətə bəzən bətnində çoxalan ağrıları da unutdurmuş, adiləşdirmişdi.

Günlər keçdikcə qarnında tərpənən canlının böyüməsi, sancılarının artması doğuş gününün yaxınlaşmasını göstərirdi.

Həkimin hesablamasına görə doğum gününə həftədən çox qalırdı.

Ancaq sancıların saatbasaat aramla kəskinləşməsindən, dünyaya gəlmək istəyən körpənin səbirsiz-liyi, deyilən vaxta qədər tab gətirməyəcəyi hiss olunurdu.
Gündüz ağrılara birtəhər tab gətirən Zinyət gecə sancıların əzabına dözə bilmədi.

Naləsi göyə yüksəldi.

Yenə qaçhaqaç düşdü. Harayı eşidənlər hövlnak özlərini yetirdilər Zinyətin yanına, hərə bildiyindən ona kömək etmək istəyirdi ki, çəkdiyi zülüm mümkün qədər yüngülləşsin.

Kömək üçün ixtisasca tibb bacısı olan, gecə vaxtlarında halı dəyişən məhkumlara lazım gələrsə ilk tibbi yardım göstər-məyi bacaran Təravətin arxasınca getdilər.

Yanına gələnlər ağızlarını açmamışdan, onların təngnəfəsliyindən məsələnin nə yerdə olduğunu başa düşən Təravət danışmağa imkan verməyib gileyləndi:

- Yenə ölən var? Xaraba ölüxanaya döndü ki…

- Yox, doğan var, - gələnlər gülümsəyib sözünü kəsdilər, - Zinyət deyəsən doğacaq, dur gedək, gör nə edirsən. Yazıqdı, əzab çəkir…

O, həmişə ürəyiyumşaqlığının cəzasını çəkməsinə bax-mayaraq Allah verən xasiyyətini dəyişə bilmirdi.

Narkotikanı sərhəddən keçirmək istəyən bacısının izlənildiyini başa düşüb ona kömək edən Təravət özünü də duran yerdə türməyə salmışdı. Ürəyiyananlığı nədənsə həmişə başına artıq iş açırdı.

O, Zinyətin kimsəsizliyini xatırlayıb, yazığı gələrək arxasınca gələnlərlə Zinyətin barakına tələsdi.

Təravət özünəməxsus müayinədən sonra vəziyyətin heç də asan olmadığını ətrafında-kılara anladıb, necə var təcili yardım maşınının çağırılmasını vacib bildi:

- Mən görən iş deyil. Ölüb-eylər, günahı qalar üstümə. Azmı olub uşaq üstə ana rəhmətə getsin? Növbətçiyə deyin təcili yardım çağırtdırıb başı çıxan həkim gətirtsin.

Çoxları, o cümlədən Təravət də elə bilirdi ki, bu hami-ləlik Zinyətin ilkidir. İlk hamiləliyin məsuliyyətini boynuna götürmək heç də asan iş deyildi.

Vəziyyətdən xəbərdar olan növbətçi Təravətin təkidini nəzərə alıb yaxınlıqdakı doğum evlərindən birinə zəng vurub «təcili yardımın» göndərilməsini xahiş etdi.

İyirmi dəqiqə keçmədi, təcili yardım maşını gəldi. Mamaça da Təravətin sözlərini təkrarladı:

- Burada saxlamaq olmaz. Doğum şöbəsinə aparılma-lıdır. Doğuş hər dəqiqə baş verə bilər.

Məhkumlar üçün nəzərdə tutulmuş xəstəxanada doğum şöbəsi fəaliyyət göstərmədiyindən Zinyəti çağrılan «təcili yardımla» mülki vətəndaşlara xidmət edən doğum evinə gön-dərmək məcburiyyəti alınırdı.

Xəstə məhkuma vətəndaşlar arasında nəzarət etmək üçün iki nəfər nəzarətçi qadın ayrıldı.

Onlar xəstə ilə birlikdə maşına əyləşdilər. Əlavə olaraq xəstə-nin doğum evinə bir nəfər zabitin müşayiət etməsi vəzifəsi həmin gecə müəssisədə məsul növbətçi qalan baş mühasib Asifə həvalə olundu.

O, məhkumu doğum evinə təhvil verib müəssisəyə qayıdacaqdı.

Maşın yola düşəndə yaşlı nəzarətçilərdən biri üzünü Zinyətə tutub mühasibə söz atdı:

- Mühasibin növbəsində uşağın olsa, böyüyəndə əli pulla oynayacaq.

- Vallah, pul sarıdan bir söz deyə bilmərəm. Amma, baxarsız, mənim növbəm vaxtı olsa qız olacaq, oğlan olmaya-caq.

Hamı gülüşdü. Çünki hamısı onun qız sarıdan yanıqlı olmasını, ard-ardınca üç qızının dünyaya gəlməsini bilirdi.

Baş müsahib Asifin sözü fal çıxdı, səhərə yaxın müəs-sisəyə Zinyətin qız doğması xəbəri çatdırıldı.

Zinyət qızının olduğunu bilən andan əvvəldən olmayan kefinə soğan doğranmışdı.

Yenə qız?! Səkkiz gün dünyaya tez gəlməsinə heç dəymirdi. Güman edirdi ki, iki qızdan sonra oğlu olar.

Olmaya onun alnına təkcə qız anası olmaq yazılmış-dı? Doğrudur, qız ya oğlan, fərqi yoxdur, Allah payıdır. Təki haramzada olmasın.

Elə onun özü kimi ailəyə üzüqaralıq gətir-məsin. Anası tapşırsa da, utandığından xəbər etmədi.

Fikirləş-di ki, hər şey qurtarıb zona dönəndə xəbər göndərər. Lazım deyildi, olanlar azmış, anası doğum evində də, həkimin, tibb bacılarının qarşısında da sıxılsın, məhkum övladına görə daxili əzab çəksin.

Körpə balaca, arıq, çəlimsiz olsa da şirin idi. Gözləri eyniylə atasınınkı idi.

Yaman çox ağlayırdı, elə bil tezliklə onu anasından ayıracaqlarını duymuşdu.

Zona qayıdan kimi Əzizə də məktub yazıb qızının olmasını xəbər verəcəkdi.

Hərgah qız da olsa, yəqin Əziz çox sevinəcəkdi.

Əgər oğlu olsaydı, əlbət, uçmağa qanad axtarardı. Neyləsin, əvvəlki qızların olmasında Arazı səbəbkar hesab edərdi.

Əziz ki Araz deyildi. Kim bilir, bəlkə də günah özündə imiş. Allah bilən yaxşıdır. Onun işlərindən özündən başqa kimsə baş aça bilməz.

Deyirlər ki, atasına oxşayan qız xoşbəxt olar. Görəsən onun balasının taleyi necə olacaqdı!

Nə yaxşı ki, dünyaya türmədə gəlmədi. Vaxtında, tez onu doğum evinə çatdırdılar. Türmədə doğulsaydı, adını Türmə qoyacaqdı.

İndi atasına oxşadığını görəndən sonra ən yaxşısı adını da atasının adına uyğunlaşdırmaq idi: Əzizə. Baxmayaraq ki, Əzizə xoşbəxt-likdən türmə havası udmamışdı, tanış-biliş hamısı onu türmədə doğulan hesab edəcəkdilər.

Hələ doğuma getməmişdən əvvəl başa salmışdılar ki, onu bir sutkadan sonra körpədən ayıra-caqlar. Körpəni uşaq evinə göndərəcəklər, özü isə müəssisəyə qaytarılıb tezliklə tikiş sexində işlə təmin ediləcəkdi.

Əzizə ilə görüşü bir də cəzası qurtaranda baş tutacaqdı. Odur ki, tərəd-düd içərisində qalmışdı.

Sonrakı günlərdə ayrılığa dözmək üçün qızcığıza isinişməmək istəsə də, bir yandan da balasını qucağından yerə qoymayıb acgözlüklə gülüşünü gözlərinə, körpə ətrini, ilıq hərarətini canına köçürməyə, hopdurmağa çalışırdı.

Əzizi sevdiyi gündən, xoşbəxt anlarla yanaşı, yalqızlı-ğın da nə olduğunu dadmışdı.

Bu sevgi ona əksərən tənhalıq bəxş etmişdi. Hər dəfə Əzizi itirəndə dünyada kimsəsizlikdən karıxmışdı.

Qızı dünyaya gələnədək

Əzizin nişanəsini varlı-ğında hiss edib, bir müddət yalqızlığını unutmuşdu. Onu körpəsindən ayıranda təzədən kimsəsizliyinə, yalqızlığına qovuşacaqdı. Özü istəməsə belə məcbur edəcəkdilər...

Həyatı insan kimi yaşamaq, onu anlamaq qədər çətin idi.

Düşünərkən heyrət edirdi ki, insan həyatının əsası qaranlıq qapalı ana bətnindən başlayırdı.

Yeni əmələ gəlmiş vücud təcrid olunduğu yerdən işığa, azadlığa can atırdı.

Ana baladan, bala da anadan azad olurdu. Bu azadlığa görə hamı anaya gözaydınlığı verərək, «gözün aydın, yükdən azad oldun» deyib, uşağa görə sevinir, şadlıq edirlər.

Bir əzabdan qurtulub, onu gözləyən saysız-hesabsız digər əzabların duyğusundan ağlayan körpədən savayı. Bəlkə də o, Tanrı tərəfindən aldadıldığını başa düşüb etirazını bildirirdi.

Əslində, həbsxana da dünya içərisində öz qayda-qanunu olan kiçik, qapalı dünya idi, - Zinyət düşündü.

Burada da insanlar azad olmaq eşqi ilə yaşayırdılar. Haqq yolundan dönən, bu qəlbən kimsəsiz və zəifləri isə şeytan azdırıb dörd divar arasına salmışdı.

Sanki bura da cəmiyyətin cinayətlə tə-masından yaranmış günahkarlarının saf-çürük edildiyi bətni idi. Yenidən normal həyata qayıdanı da var idi, «ölü doğulanı» da.

Kim necə düşünür düşünsün, onun nəzərində ayağının altı cənnət sayılan, ana kimi şərəfli ad daşıyan qadının türmədə cəza çəkməsinə heç cürə haqq qazandırmaq olmazdı.

O, bəzən tək qalıb sakit başla, ürəyi ilə dərdləşəndə, iki qızından necə imtina etdiyini, istəmədən necə qardaş qatilinə dönməsini ağlı-na sığışdıra bilmirdi.

Üç qız anası olsa da, nə özü cənnətlik idi, nə də ayağının altındakı yer. Etdiyi ağılsızlıq və günahlara görə hələlik Axirətin deyil, qonağı olduğu dünyanın cəza çəkilən vadisinə salınmışdı…

Bir sutka tamam oldu. Gün təzə başladığından hələ arxasınca gələn yox idi.

Zabitlərdən kimsə gəlməli, nəzarət-çilərin müşayiəti ilə cəza evinə qayıtmalıydı.

Saatlar keçdikcə ötən sutkanı növbə ilə onunla keçirən nəzarətçilər darıxsalar da Zinyət sevinir, körpəsi ilə birgə keçirdiyi dəqiqələrin uzanma-sını istəyirdi. Heç ayrılmağı gəlmirdi.

Nəhayət, həmişəki kimi bu sevinci də uzun sürmədi. Nahardan iki saat sonra dəstə rəisi Nüşabə xanım taksidə təlaş-la arxasınca gəlmişdi. O, palataya daxil olan kimi nəzarətçilər-dən tələsməyi tələb etdi.

Nüşabə xanımın dediyinə görə, müəs-sisəyə nazirlikdən böyük yoxlama gəlmişdi. Təkcə rəisin yox, orda işləyən bütün əməkdaşların taleyi yoxlamanın nəticə-sindən asılı idi.

Əzizəni ondan ayıranda ehtiyatla qızının alnın-dan, gözlərindən öpdü. Körpə yuxulu olduğundan ayılmadı. Üzünə gülüş yayılmışdı. Belə olanda ya mələklər onu güldü-rürlər, ya da atasını yuxuda görür deyirlər.

Zinyəti isə qəhər boğduğundan yanaqları üzüaşağı diyirlənənən isti göz yaşları ara vermək bilmirdi. Könlündən dəlicəsinə hönkürmək keçirdi.

Dişini-dişinə sıxıb ürəyini boşaltmağı gecəyə, barakda hamı yatana saxladı. Bu da fələyin bir oyunuydu. Üç gül kimi qızın ola, onların telini tumarlamağa belə həsrət qalasan. Olacağa çarə yoxmuş…

Zinyət palatadan çıxıb taksiyə tərəf yeridikcə boşalmış dünyada addımladığını hiss edirdi. Özünün özünə yazığı gəlir-di. O, yenə yalqız, kimsəsiz, tənha idi…

- Hara gedirik? – Taksi sürücüsü qabaqda oturan Nüşabə xanımdan soruşdu. Yerini rahatlayan dəstə rəisi adətinə uyğun tərzdə sürücüyə göstəriş verdi.

- Sür, qadın kaloniyasına!

Qadın kaloniyası… Zinyətin qulağındla ilişib qalan bu sözlər iki günə yaxın unutduğu Səbirəni, Mahirəni, Püstəni, Rahibəni – az qala hamını bir-bir gözünün önünə gətirib xatırlatdı: zamanında hərəsi bir evin, bir oğlanın arzusu olmuş, ailə sevincindən, uşaq qayğısından məhrum, qəlbən tənha, həyatdan küskün, cinayətə yuvarlanmış talesizlər yığnağı…

Haqq söz imiş: həyat o biri dünyaya hazırlıq üçün Tanrı qarşısında sınaq imtahanıdır.

Heç demə, bu dünyanın cənnəti çöldəki azadlıqdır.

O cənnətin qədrini bilməyənlər yerin «inkir-minkiri» - polisin, müstəntiqin sorğu-sualından keçə bilməyəndə cəhənnəmin «filialı» olan həbsxanaya göndərilirlərmiş. Və bu-rada cismin oda-alova atılmasa da, ömrünün günləri yanıb kül olurdu…

Şəhərin enli küçələri ilə şütüyən avtomobil məhkumluq həyatının ardını davam etdirmək üçün onu anbaan qərib sakini olduğu talesiz qadınlar məskəninə yaxınlaşdırırdı.

Ağrılı olsa belə azadlıq deyilən məkanda yaşadığı qısa zamandan sonra yenə cəza evinə qayıtmaq heç ürəyindən deyildi. Əgər onu anlasaydılar balasından ayrılmamasını, qay-tarılmamasını yalvarardı. Kim idi onu eşidən.

Bəs qanun? Qanun tələb edirdi ki, cəza müddəti adlanan ağır, can çürüdən həyatı hələ neçə illər dözüb yaşamalıydı. Başına nələr gələcəkdi, nə günlər görəcəkdi, kim bilirdi. Kimə görə, nəyə görə səbr etməliydi?

Bu vaxta qədər bir neçə dəfə canına qıy-maq istəmişdisə balasının xatirinə yaşamağa məcbur idi. İndli onu da əlindən aldılar. Demək, daha o gərəksiz idi, bundan sonra balası onsuz da yaşayar.

Necə ki, o biri iki balası onu unudaraq yaşayıb böyüyürdülər. Heç xatırlmasalar yaxşıdı. Gələcəkdə ağılları kəsəndə xatırlasalar onun varlığı balalarına utanc olacaqdı.

Əksinə, ölərsə daim doyunca görmədikləri anasının səhvlərini bağışlayıb, xatirəsini əziz tutacaqdılar.

Bəs Əziz? Ondan yarı yolda əl çəksinmi? Başına gəlmiş bütün müsibətlər onunla xoşbəxtliyə can atmasına görə olma-dımı? Sınmaq, qırılmaq, bədbəxtlik üçünmü çalışırmış?

Sonuna qədər tab gətirməyə gücü çatmayacaqdısa, niyə həyatını hədər etmişdir?!

Amma bu günün sabahını kim bilir? İndi ayda-ildə bir dəfə Əziz çəkinə-çəkinə məktub yazırsa, kim zəmanət verə bilər ki, azadlığa çıxanadək əvvəlki sevgisini saxlayacaq, ona «türmədə yatmışın birisi» kimi baxmayacaqdı.

Bəlkə də sev-məyəcəkdi, olanlara ürəyində peşmançılıq çəkəcəkdi. Gəl ki, ölərsə, ömrünün son gününədək nakam sevgisini xatırlayıb sızlayacaqdı. İlahi, insanlar niyə ölümə belə pərəstiş edirlər.

Diridən çox ölənin xatirəsinin əziz tuturlar! Şübhəsiz, boş, mənasız həyatdan ölüm şərəflidir.

Qəlb ağrıdan bədbəxtlər məkanına, «nakam düşərgəyə» qayıtmaqdansa maşının qapısını açıb, özünü hamar, geniş asfalta çırparaq öldürməklə bütün əzablardan, dərdlərdən birdəfəlik can qurtara bilərdi.

O, nə yaxşı övlad olmamışdı, nə yaxşı ana, nə də ailə sahibi. Görü-nür, ola da bilməyəcəkdi... Belə mənasız həyatı yaşamaqdansa, yaşamamaq daha üstün idi...

Ürəyindən keçənləri düşünə-düşünə, ətrafına göz gəzdi-rib, sağ və solundakı nəzarətçilərə baxdı.

Qapını açıb sürətlə şütüyən maşından yola atılmağa çalışsaydı, fikrindəkilərdən duyuq düşərdilər.

Ya da qaçmaq istədiyini zənn edib əzabını artırardılar.

Qəlbindəki sıxıntıdan qurtulmaq üçün nə edəcəyini bilmədi, Allahdan məmnuniyyətlə özünə ölüm dilədi.

Ölmək, yaşadığı həyatın ürək üzən qeylü-qallarından canını birdəfəlik qurtarmaq...

Qəfildən beyninə qeyri-adi fikir gəldi. Həmişə qəribə bir maraq və qorxu ilə baxdığı iri dəmir qapılı elektrik şkafı yadına düşdü. Sonunu düşünmədən qərarlaşdırdı:

Kimsə-nin mane olmaması üçün gecə yarıyadək dözmək! Sonra da adi bir cəhdlə əbədi, nəhayətsiz azadlığa qovuşmaq...Bundan yaxşı heç nə ola bilməzdi!..

Maşın cəzaçəkmə müəssisəsinə çatanda düşündüklərini gizləməyə çalışan Zinyət içindəki təlatümdən yaşarmış gözlə-rini yummuşdu...

Körpəsindən ayrılmış ananın kədərini duyub, yol boyu dinməyən dəstə rəisi və nəzarətçilər də ürəklərində onun halına acıyıb susurdular.

Həmçinin oxu
Rövşən Yerfi kimdir?
XS
SM
MD
LG