Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:59

Deputat kimlərinsə daha rahat rüşvət almaq üçün qanunu dəyişdiklərini deyir


HANSI CƏRİMLƏR NƏ QƏDƏR QALXDI…

“Nə olursa, kasıbın başında çatlayır, dövlətliyə qanun yoxdur ki, yol polisi varlını saxlayan kimi ya vəsiqə göstərir, ya da dayısına zəng edir, inspektor da deyir baş üstə, baş üstə, az qalır başı sükana dəysin. Vay bizim halımıza”.

20 ildən bəri paytaxt Bakıda taksi sürücüsü işləyən Fərhad Əzizovun Yol hərəkəti qaydalarına edilən əlavə və dəyişikliklərə münasibəti belədir. Deyir ki, rüsümlar nə qədər qaldırılsa, nə qədər sərtləşdirilsə də onun varlılara, məmur övladlarına heç bir dəxli yoxdur.

İyunun 22-də Milli Məslis “Yol Hərəkəti Haqqında” qanuna əlavə və dəyişiklikləri qəbul edib. Qəbul edilən dəyişikliklərə görə, cərimələrin məbləği artırılır.

Misal üçün, dövlət nömrə nişanı yerində olmadığına, maşını idarə edərkən telefonla danışdığına və avtomobilin şüşələrinə qanunla icazə verilməyən örtük vurduğuna görə sürücünün 50 manat cərimə olunması nəzərdə tutulur. Əvvəllər bu məsələlərə görə cərimənin məbləği 10 manatdan 30 manata qədər olub.

Bundan başqa, güclü səs və sayrışan işıq siqnallarından istifadə edən, sürəti ölçməyə maneçilik törədən cihazların istifadəsinə görə sürücüləri 40 manatdan 60 manata qədər cərimə gözləyir.

“DƏYIŞIKLIKLƏR RÜŞVƏTƏ MÜNBIT ŞƏRAIT YARADACAQ”

Kimlərsə oturub fikirləşirlər ki, nədən pul çıxar. Sonra da qanunun gözünə hardasa 70-80 texniki düzəliş qatılır, düzəlişlər olur və nəticədə də kimlərsə, oturduğu yerdə korrupsiya yolu ilə 10 milyonlarla manat pul qazanır...
Parlament müzakirələrində həmin əlavələrə etiraz edən millət vəkili Pənah Hüseyn hesab edir ki, sözü gedən dəyişikliklərdə zəruri olmayan və korrupsiyayönümlü xeyli məsələlər yer alib. Pənah Hüseynə görə, rüsümların qaldırlmasının təhlükəsizliyə xidmət etdiyi deyilsə də digər məsələləri heç kim əsaslandıra bilmir. Millət vəkili hesab edir ki, etibarnamənin verilməsi zamanı nəqliyyat vasitəsinin də hər dəfə dövlət qeydiyyatından keçməsilə bağlı məsələ rüşvət üçün münbüt şərait yaradır:

“Belə çıxır bir nəfər öz avtomobili öz övladlarına etibarnamə ilə verəndə hər dəfə dövlət qeydiyyatından keçməlidir. Bu da həm rüsümdur, həm də əlavə rüşvətdir”.

Bundan başqa, Pənah Hüseyn sürücülük vəsiqələrinin yeni formasının hazırlanması ilə bağlı qanuna edilən dəyişikliyin də rüşvətə hesablandığını düşünür:

“Son dövrlər bu qanunda xeyli dəyişikliklər olub. Kimlərsə oturub fikirləşirlər ki, nədən pul çıxar. Sonra da onun gözünə hardasa 70-80 texniki düzəliş qatılır, onun da içərisində beş-altı belə düzəlişlər olur və nəticədə də kimlərsə, oturduğu yerdə korrupsiya yolu ilə 10 milyonlarla manat pul qazanır.

Biz dəfələrlə demişik ki, bu sahədə qayda-qanun və məsuliyyət olmalıdır. Nə gəldi, kim necə apardı, o şöbələrdən keçirib, qol çəkdirib göndərirlər Milli Məclisə. Belə bir dəhşətli xaos əmələ gəlib.”.

HÜQUQŞÜNAS YOLDA BİR QANUN TANIYIR: MAŞININ MARKASI VƏ TELEFON ZƏNGİ

Adamlara sürdüyü maşının qiymətinə, nömrəsinə, kiminlə qohum olmasına görə yanaşılmamalıdır.

Hüquqşünas Ərşad Hüseynov isə hesab edir ki, yol hərəkəti qaydalarının pozulmasının qarşısını almaq üçün cərimələrin artırılmasından əvvəl bu qanunun hamıya tətbiq olunmasını təmin etmək lazımdır. Hüquqşünasın fikrincə, güclü səs və sayrışan işıqlı siqnalları hansısa taksi sürücüsü, hansısa adi adam quraşdırmır, belə hərəkətlər edən kiminsə himayəsinə arxalanır:

“Onları kim himayə edir, onu axtarmaq lazımdır. Bir göstəriş vermək lazımdır ay vəzifəlilər, ay məmurlar, ay dövlət qulluqçuları, ay generallar, ay nazirlər qohumlarınınzı müdafiə etməyin, qoyun, bu qanun hamıya şamil edilsin. Ondan sonra görün, necə sakitlik yaranacaq. Lap cərimə olsun 1000 manat, kimin cəsarəti catacaq ki, onu hansısa məmurun oğluna tətbiq eləsin. Əlbəttə yox, lap eləsə o pul məmur balasının vecinə olacaq ki? Mənim şəxsən fikirim belədir ki, cərimənin məbləği 10 manat olsun, amma hamı bilsin ki, polis qaydanı pozan istənilən adamı heç bir kənaraçıxma olmadan cərimə edəcək”.

Hüquqşünasa görə, cərimənin aşağı olması pozuntuların çox olması anlamına gəlmədiyi kimi, cərimələrin artırılması da pozuntuların azalmasına səbəb olmayacaq. Ərşad Hüseynov deyir ki, 2007-ci ilin noyabrında qayda pozuntularına görə, cərimələr iki-üç dəfə artırılıb, ancaq çox şey dəyişməyib.

YOL POLİSİNİN SUALI: HANSI MAŞININ ÜSTÜNƏ YAZILIB Kİ, BUNU SÜRƏN NAZİR BALASIDIR?

Dövlət Yol Polisinin İctimayyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev isə qanunların hamıya eyni cür şamil olunduğunu deyir və qayda pozuntusu zamanı kimlərəsə güzəşt edilməsilə bağlı fikirlərlə razılaşmır:

“Hansı avtomobildə görmüsüz ki, üstündə yazılıb ki, bu hansısa nazirin oğludur, hansısa dövlət məmurun yaxın qohumudur. Qayda pozuntusuna yol verilirsə, onu inspektor saxlayır və tədbir görür”.

Rüsümların qaldırılması məsələsinin büdcə kəsirlərinin doldurlmasına hesablanmış bir addım olduğu barədə də fikirlər səslənməkdədir.

İqtisadçı Məhəmməd Talıblı isə yol hərəkəti qaydalarının pozulmasına görə yığılan rüsümların artırılmasını büdcə kəsirlərinin doldurlmasına hesablanmış addım saymır. Amma hesab edir ki, cərimələrin artırılması qeyri-rəsmi ödənişlərin, rüşvətin, korrupsiyanın artmasına yüz faiz təsir edəcək.
XS
SM
MD
LG