Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:35

Səməd Seyidov: «Avropaya demokratik dəyərlərə görə gəldik, amma başqa şey gördük»


AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov
AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov
«Artıq dəyərlər Avropası yox olub və maraqlar Avropası gündəmə gəlib».

Bu fikri AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

İyunun 23-də AŞPA-nın sessiyasında Avropada demokratiyanın vəziyyətinə dair hazırlanan «Demokratik rejimlərdə qeyri-institusional aktyorlar», «Avropada demokratiya : böhran və perspektivlər», «Avropada demokratiyanın vəziyyəti və AŞ PA-nın bu sahədə apardığı monitorinqin nəticələri» adlı bir neçə müxtəlif hesabatlar ətrafında müzakirələr aparılıb.

APA-nın məlumatına görə, Səməd Seyidov Avropada əsasən ikili standartların olduğunu Assambleya iştirakçılarının nəzərinə çatdırıb:

«İnsan haqları və qanunun aliliyi kimi fundamental prinsiplər əsasında qurulması Avropanı cazibədar edib və başqa ölkələri məhz Avropa istiqamətində inkişaf etməyə vadar edib. Ancaq hansısa bir mərhələdə Avropanın inkişafı dəyişib və onlar dəyərlərdən maraqları daha üstün tutmağa başlayıblar. Bilmək lazımdır ki, dəyərlər və maraqlar bir-birinə qarşı olan məsələlərdir. Yaxşı başa düşmək lazımdır ki, harada maraq başlayırsa, orada dəyər ölür. Biz Avropaya demokratik, insan haqları, qanunun aliliyi dəyərlərinə görə gəldik. Amma burada fərqli bir şey gördük. Avropanı yaradan insanların ən qorxduğu şeyi gördük», deyə parlamentari bildirib.

Onun sözlərinə görə, demokratik, insan haqları, qanunun aliliyi prinsipləri bəzi ölkələr, təşkilatlar və bəzi şəxslər tərəfindən öz güclərini, öz təsirlərini gücləndirmək, başqalarını zəiflətmək vasitəsi kimi istifadə olunur:

«AVROPADA SEPARATİZM YARANACAQ»

«Məsələn, bu yaxınlarda Albaniyada keçirilən parlament seçkiləri bütün dünya ictimaiyyəti tərəfindən obyektiv bir seçki kimi qəbul olundu. Lakin bu gün Albaniya öz parlamentini işə sala bilmir, çünki Avropa Birliyi, Avropa Parlamenti müxalifətə dəstək verir və müxalifət Albaniyanı yavaş-yavaş dağıtmaq istiqamətində gedir. Məsələn, Türkiyə Avropa tərəfindən bütün ona qarşı irəli sürülmüş məsələləri, şərtləri yerinə yetirib, lakin Avropa Birliyi tərəfindən indiyədək qəbul olunmur. Bu gün Azərbaycanın ərazisi işğal altındadır, amma biz görmürük ki, Avropa özü qəbul etdiyi qətnamələri özündə güc tapıb həyata keçirmək imkanını əldə etsin. Niyə bu gün beynəlxalq qanun və normaları pozmaq, etnik təmizləmələr aparmaq, ölkələri işğal etmək, onların ərazi bütövlüyünü pozmaq gündəlik bir hadisəyə çevrilib? Biz hər gün bununla rastlaşırıq. Niyə AŞ-də ölkələr mövcuddur ki, beynəlxalq qanunları pozaraq və bununla fəxr edərək, həmin təşkilatın layiqli üzvü kimi qəbul olunur. Suallar çoxdur, lakin bunların cavabı çox asandır. Konrad Adenauer və Rober Şuman tərəfindən düşünülmüş Avropa mövcud deyil», deyə Seyidov bəyan edib.

Parlamentarinin fikrincə «artıq dəyərlər Avropası yox olub və maraqlar Avropası gündəmə gəlib»:

«Bu maraqlar Avropası yalnız öz maraqlarını yerinə yetirmək və gözlərini başqa real hadisələrə bağlamaqla məşğuldur. Ancaq tarix göstərir ki, harada dəyərlər yox olursa, orada maraqlar hökm sürməyə başlayır. Dəyərlər insanları birləşdirirsə, maraqlar onları bir-birindən çəkindirir. Çəkindirən maraqlar Avropanı dağıdacaq, çəkindirən maraqlar Avropada separatizm yaradacaq».
XS
SM
MD
LG