Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:36

Hammarberqin Azərbaycan hakimiyyətinə tövsiyələri


Avropa Şurasının İnsan Haqları Komissarı Tomas Hammarberq
Avropa Şurasının İnsan Haqları Komissarı Tomas Hammarberq
«Bu gün Azərbaycanda söz azadlığı məhdudlaşdırılır, ciddi irəliləyişlər lazımdır», bunu Avropa Şurasının İnsan Haqları Komissarı Tomas Hammarberq iyunun 29-da açıqladığı hesabatında deyir.

Hammarberq bu il martın 1-dən 5-dək Azərbaycanda olub, Naxçıvan Muxtar Respublikasına da baş çəkib. Onun hesabatı söz azadlığı, sərbəst toplaşma, hüquq-mühafizə işçilərinin davranışı məsələlərini əhatə edir.

JURNALİSTLƏRƏ QARŞI ZORAKILIQ EDƏNLƏR CƏZALANDIRILSIN


Tomas Hammarberq jurnalistlərə və insan haqları müdafiəçilərinə təhdidlərdən, zorakılıqdan, bu halların tam araşdırılmamasından narahatdır:

«Hakimiyyət tənqidi fikir söyləyən jurnalistləri və başqalarını istənilən zorakılıqdan daha yaxşı qorumalıdır. Belə hərəkət edənlər lazımi cəzasını almalıdır».

Tomas Hammarberq onu da vurğulayıb ki, «Eynulla Fətullayev, Emin (Milli) Abdullayev və Adnan Hacızadə kimi baxışlarına, fikirlərinə görə həbs olunanlar
«Baxışlarına, fikirlərinə görə həbs olunanlar dərhal buraxılmalıdır»
dərhal buraxılmalıdır». Komissar bildirir ki, qanunvericiliyi Avropa standartlarına uyğunlaşdırmaq üçün diffamasiya məsələsi Cinayət Məcəlləsindən çıxarılmalıdır.

MƏTBUAT ŞURASI REKET SIYAHISI TƏCRÜBƏSİNƏ YENİDƏN BAXSIN


Tomas Hammarberq jurnalistlərin professionallığının artırılmasının vacib olduğunu deyir, həmçinin Mətbuat Şurasının dərc etdiyi reket qəzetlər siyahısından narahatdır. Bu siyahıya 90 qəzetin adı daxildir, onların jurnalistikanın etik qaydalarını pozduqları, şantajdan istifadə etdikləri bildirilir. Komissar bu təcrübəyə yenidən baxmağı təklif edir.

XARİCİ RADİOSTANSİYALAR FM-Ə QAYTARILSIN


Tomas Hammarberq tövsiyə edir ki, hakimiyyət BBC, AzadlıqRadiosu, Amerikanın Səsi və Avropa+ radio stansiyalarını FM dalğalarına qaytarsın.

Komissar hakimiyyətin QHT-lərin qeydiyyatını asanlaşdırmaq yönündə addımlarını təqdir edir, ancaq sərbəst toplaşma azadlığını məhdudlaşdıracaq son qanunvericilik dəyişikliklərindən narahatdır.

QHT-LƏRƏ NƏZARƏTDƏN ÇƏKİNMƏLİ


«Hakimiyyət QHT-lərin fəaliyyətinə ciddi nəzarətdən çəkinməlidir. Təşkilatları qeydiyyatdan çəkindirməmək üçün qeydiyyat üçün tələblər və prosedurlar, həmçinin dini icmaların yenidən qeydiyyatı sadə olmalıdır».

Komissar hüquq-mühafizə işçiləri ilə bağlı bütün işgəncə iddialarının müstəqil və səmərəli araşdırılmasına, müvafiq sanksiyaların tətbiqinə çağırır.

Komissar Hammarberq həmçinin yerli məhkəmə qərarlarının icra olunmamasından narazıdır:
Komissar deyir ki, polisin Bənənyar sakinlərilə pis rəftarına aid bağlı bütün iddialar səmərəli şəkildə, beynəlxalq standartlara uyğun araşdırılmalıdır

«Məhkəmə qərarlarının müvafiq müddətdə icrası üçün lazımi addımlar atılmalıdır. Ədalətli məhkəmə istintaqına hörmət qoyulmalıdır».

BƏNƏNYAR İNSİDENTİ ARAŞDIRILSIN


Tomas Hammarberq Naxçıvanın Bənənyar kəndinə də baş çəkib. Məqsəd kənddəki son insidentləri araşdırmaq olub. Ötən ilin dekabrında, Aşura mərasimində polislə kənd sakinləri arasında qarşıdurma yaranıb. Polis kənddə Aşuranın qeyd olunmasına imkan verməyib. Komissar bu hadisələrlə bağlı ziddiyyətli informasiyalar aldığını, və çoxsaylı cavabsız suallar yarandığını deyir. Komissar xatırladır ki, yerli sakinlərlə pis rəftarla bağlı bütün iddialar səmərəli şəkildə, beynəlxalq standartlara uyğun araşdırılmalıdır.

TİBBİ KAĞIZ OLMADAN RUHİ DİSPANSERƏ SALMAQ OLMAZ


Komissar onu da vurğulayır ki, psixiatrik müəssisələrə məcburi yerləşdirmə ancaq tibbi ekspertizaya əsaslanan məhkəmə qərarları ilə olmalıdır.

Ötən il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova şikayət etdikdən sonra sahibkar Məhəmməd Qurbanov ruhi xəstəxanaya salınıb. 2008-ci ilin dekabrında isə şəhər mərkəzində yolka ağacını kəsən gənclərin valideynləri eyni aqibətlə üzləşib. Bundan əvvəl 70 yaşlı Ələsgər İsmayılov Muxtar Respublika rəhbərliyindən ölkə başçısına şikayət etdiyi üçün ruhi xəstəxanaya salınmışdı. Rəsmi dairələr isə həmin şəxslərin mental xəstəlikdən əziyyət çəkdiyini deyirdilər.

Hesabata hər bənd üzrə hökumətin cavabı da əlavə olunub.
XS
SM
MD
LG