Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:28

Alpay Azər "Qız psixoloqu" (Hekayə)


Əmanəti verən nyu-yorklu biznesmen Condur, çatdırmalı olan isə Tovuzdan olan, Moskvanın böyük topdansatış meyvə bazalarının birində işləyən biznesmen otuz dörd yaşlı Veysəldir.

Con iki yüz əlli dolları Veysəllə Moskvadakı məşuqəsi, ginekoloq işləyən iyirmi səkkiz yaşlı Yekaterinaya göndərir.

Conla Veysəl biznes partnoylarıdırlar, Con il ərzində çox vaxt Moskvada olur, gəmilərlə Amerikadan gələn meyvə-tərəvəzi Moskvanın böyük bazarlarına çatdırılması işlərinə baxır, boş vaxtlarında Veysəllə bazlığa, saunaya, gecə klublarına, qız striptizinə tamaşa eləməyə gedir.

Əvvəllər bir yerdə ayda bir dəfə gecəsi səkkiz yüz – min dollar qiyməti olan elit fahişələri çağırırıdılar, Con Yekaterinanı, qısaca deyək Katyanı tapandan sonra gecə klublarının birində tanış olub evlərinə getmişdi, sonra da münasibətləri yaxınlıqla nəticələnmişdi, beləcə fahişələrdən uzaqlaşmışdı.

Nyu-Yorkdan Moskvaya uçan Veysəlin təyyarədə ağlına gəldiyi ilk suallardan biri “Görən bu Katya nətəhər şeydi?” oldu.

Moskvaya səhər enən Veysəl ofisə getdi, işçilərinə tapşırıqlarını verdi, banka dəydi, pul çıxartdı, lazımi zənglərini elədi, arada iki-üç məşuqəsinə sms atdı ki, “mən artıq Moskvadayam, orijinal hədiyyələr almışam”, yəni hazırlaşın, tezliklə “görüşəcəyik”, ən əsası Katyaya zəng edib ertəsi gün axşama görüş təyin etdi.

Axşam evə gəldi, cakkuzidə su masajı qəbul elədi, çimdi, fenləndi, qoltuqlarının altına anti-prespirant sürtdü, üzünü “Braun”la qırxdı, yekə plazma ekranlı televizoru açdı, Moskvada otura-otura, çiyələk mürəbbəsi ilə kəkotulu çay içə-içə ANS kanalından ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona növbəti mənasız səfəri ilə bağlı reportaja baxdı, amma deyilənləri yox, ancaq diktorun səsini eşitdi, o artıq plan cızmağa başlamışdı:

Katya ilə münasibətləri necə qurmalı, söhbəti nədən başlamalı, hansı kafeyə dəvət etməli və s.

Bir sözlə Katyanın səsi Veysəlin xoşuna gəlmişdi.

Onlar “Paveletski” metrosunun yanında bir-birini tapdılar.

Katya sadə geyimdə idi, ağ ucuz plaş, adi göy rəngli cins şalvar, bir az rəngi getmiş sviter , bir də ki, ağ krossovkalar.

Katya Veysəlin BMV X5 maşınında oturub söhbət etmək təklifinə etiraz etmədi.

- Çoxdan Conu tanıyırsız? – Veysəl soruşdu.

- Bir il olar.

- Mən də hardasa iki ildir ki, Conla işləyirəm, biz biznes partnyoruyuq. Bax bu sürdüyüm BMV-ni də onun köməkliyi ilə almışam.

- Onun köməkliyilə? – Katya nədənsə təəccübləndi.

- Hə o təşkil elədi, mənə bir az ucuz gəlib çıxdı.

- Aydındır. Con həmişə sizin haqqınızda xüsusi pafosla danışır. – Veysəl fikirləşdi ki, kompliment deməyin vaxtıdır. – açığı, mən buna elə indi tam əmin oldum.

- Ooo, çox sağ olun. Mənim haqqımda o daha nə deyib sizə?

- Bir də dedi ki, siz onu yaxşı başa düşürsüz. –Veysəl bunu uydurdu.

- Elə dedi? – Katya yenə təəccüblə soruşdu, Veysəl anladı ki, bu dəfə uydurduğu fikir deyəsən yersiz oldu, amma çaşmadı, sifətində bir cizgi belə dəyişmədi.

- Hə, elə dedi. – uydurmasını təkrar etdi.

- Maraqlıdı, ama o məni başa düşürmü?

- Necə?

- Heç, heç. – Katya əvvəl dediyinə peşman oldu, tez bu mövzuya son qoymaq qərarına gəldi.

Veysəl üzünə ciddi fəlsəfi görkəm verdi: yəni qıza işarə vurdu ki, “heç, heç” desən də hər şeyi başa düşdüm.

Sifətinə bu cür fəlsəfi ifadə vermək Veysəlin çoxdankı sınanmış fəndlərindən idi: çarpayılıq qızların sifətlərində əks olunan kədərli, sirli notları oxuyub, öz sifətinə ciddi, qəmli ifadə verməklə o sanki qızın dərdini bölüşməyə hazır olduğunu göstərmək üçün qızın qarşısında bu cür görünmək istəyirdi.

- Bilirsiz Katya, bayağı bir həqiqət var ki, bunu sözsüz ki, siz bilməmiş deyilsiz. – Veysəl susdu, Katyanın reaksiyasını öyrənmək istəyirdi.

- Nədi o bayağı olan şey? – Katya, deyəsən, yavaş-yavaş Veysəlin sehrinə düşməyə başlamışdı.

- Axı insanlar heç vaxt cinsindən asılı olmayaraq, həmyaşıdlar olsalar belə bir-birilərini tam başa düşə bilməzlər.

- Aydın məsələdi, bu mümkün olan şey deyil. Amma...

- Yox ammasız. – Veysəl onun sözünü kəsdi, artıq coşmuşdu, içindəki pafoslu fikirlərini boşaltmalı idi. – Elə məsələ də orasındadır ki, qızlar çox zaman natamamlıq kompleksindən əziyyət çəkirlər, onlar elə gəlir ki, oğlanlar, kişilər sevdikləri qızları tam başa düşməlidirlər. Axı bu heç zaman mümkün olmayıb, söhbət tək qızla oğlan arasında olan anlaşılmazlıqlardan getmir. Bunu dünya filosofları, psixoloqları deyir.

- Yox bir dəyqə, siz məni tam başa düşmədiniz.

- Gördünüz, deyirsiz ki, məni tam başa düşmürsüz, ümumiyyətlə insanı tam başa düşmək mümkün deyil, mən elə bunu deyirəm. Katya etiraz etmirsizsə, sənlə danışaq.

- Okey, mənimçün problem deyil.

- Katya, səndə əsas problem bilirsən nədir? Mən o zaman Bakıda psixologiya fakültəsinə qəbul olmuşdum, yeri gəlmişkən mən Azərbaycandanam.

- Bilirəm.

“Hmm, Con mənim haqqımda danışıb, sözsüz ki, yaxşı şey deyib, bu mənim xeyrimədir ki!” – Veysəl ürəyində sevindi.

- ......İki il orda oxumuşam, ama sonra atdım psixologiyanı. – Veysəl həvəslə bu yalanları üyüdüb tökürdü, – Yazdığım kurs işlərindən biri qadın-kişi münasibətlərində qadınların natamamlıq kompleksinə həsr olunub.

- Maraqlıdır.

- Mənə elə gəlir ki, - Veysəl siqaret çıxarıb yandırdı – istərmirsən ki?

- Yox, çəkmirəm.

“Bu yaxşı oldu, posteldə kefi istəyəndə siqaret çəkməyəcək, yoxsa siqaret iyi verən qızlara ikinci dəfə yaxınlaşmağa həvəs ölür məndə”.

- Onda etiraz eləmirsənsə çəkim?

Açığı Veysəl siqaret çəkən deyildi, ancaq kostyumunun sol döş cibində çəkən qızlar üçün yüngül, nazik Dunhill, sağ cibində isə qırmızı Marlboro saxlayırdı, söhbət elədiyi qızlardan kimsə çəkmək istəyəndə ona Dunhill uzadır, üstəlik qızılı suya çəkilmiş alışqanı ilə siqareti yandırırdı.

- Buyur.

- Onsuz da tüstünü pəncərədən çölə üfürəcəm. –maşının pəncərəsini tam açandan sonra qutudan Marlboro siqareti çıxarıb yandırdı.

- Hə, bayaq dediz ki, mənə elə gəlir ki...nə elə gəlir?

- Bilirsən Katya, mən Conla çoxdan tanışam, səni isə birinci dəfədir görürəm. Amma, – qol saatına baxıb, – on dəyqəlik söhbət bəs edir ki, sizin münasibətlərinizdə problemin Conla bağlı olduğunu müəyyən edim.

- Hmmm. Onu necə müəyyənləşdirdin? – Katyanın gözlərində maraq, səbirsizlik alışıb yanırdı.

- Bunu baxışlarında hiss etdim. Açıq deyim, Con tipik kapitalizm cəmiyyətinin nümayəndəsidir, vəssalam. O səninlə münasibətlərini, incisən də deyəcəm, sırf praktiki maraqlarına görə qurur, bunu o iki yüz əlli dolları mənə verəndə hiss etdirm. Az qala yadımdan çıxmışdı pulu verim.

- Yox mən bu pulu götürməyəcəm.

- Sən məni düz başa düşmədin, xahiş edirəm pulu götür, sənə izah edəcəm ki, bu pulu götürməyə sənin tam haqqın çatır.

Katya ona uzadılan konverti süni könülsüzlüklə də olsa götürür.

- Xətrinə dəymədim ki? – Veysəl guya alicənablıqla soruşur.

- Yox, yox sən olan şeyi deyirsən. Biz bəlkə gedək?

Veysəl istədi desin ki, “oturmuşuq da, harasa tələsirsən?”, fikrindən vaz keçdi, qorxdu ki, qız onun əsl məramını anlayar, hürkər: Veysəl dünyanın tülküsüydü.

- Oldu gedək, elə mən də getməliyəm. Hara aparım səni?

- Yox sağ ol, mən metro ilə gedəcəm.

- Mənim vaxtım var, yəni apara bilərəm.

- Yox sağ ol, mən özüm gedəcəm.

- Gələn bazar günü üçün planın yoxdur ki? – Veysəl nəhayət ki, əsas mətləbə keçdi.

- Elə bir planım yoxdur. – Katya o dəqiqə başa düşdü ki, Veysəl onu harasa dəvət edəcək, “planım yoxdur” – deməklə onun dəvətini qəbul etdiyinə işarə vurdu.

- Okey, gələn bazar səni Azərbaycan restoranına dəvət edirəm.

- Sağ ol, beş ya altıncı gün zəngləşirik.

Şənbə günüdür, onlar şam işığı ətrafında restoranda masa arxasında oturublar.

- Ürəyin nə istəyir seç. – Veysəl menyunu ehmalca Katyanın qabağına itələyir.

Hər ikisi ofisianta sifarişlərini verirlər.

- Burda tez-tez olursan? – Katya ətrafa göz gəzdirəndən sonra soruşur.

- Axşam yeməklərini adətən burda eliyirəm.

Katya isə ürəyində “hmmm” deyir, Veysəl, tülkü, onun heyrətləndiyini o dəqiqə hiss edir.

– Bilirsən, mən əvvəllər şam yeməyini müxtəlif restoranlarda yeyirdim, deyək bir gün Çin restoranında, o biri gün Yapon, başqa bir gün İspan, mən yemək məsələlərində müxtəlifliyi sevən adamam.

Katya gülür:

- Müxtəlifliyi sevən yox, sadəcə qurman. Sən qurmansan, bunun adı belədir.

- Elə də demək olar, ama görünür bu yaşla bağlıdır, son vaxtlar ancaq öz mətbəximizə üstünlük verirəm.

- Sizdə mətbəx çox zəngindir, həm də yeməklər super dadlıdır.

“Deyəsən məndən qabaq bizimkilərdən kimsə uje bununla olub.” – ani olaraq fikirləşir, qısqanclıq hissi bir andaca yanıb sönür.

- Elə də deməzdim, hər mətbəxin özünəməxsus dadı, estetikası var. Mən, məsələn, Yapon mətbəxini çox sevirəm, həftədə iki-üç dəfə suşi yeməsəm, elə bil nəyimsə çatmır. Elə olub ki, ofisə Yaponiyadan ofisə suşi sifariş etdirib gətirdirmişəm. – gop eliyir. - Bəs sən hansı mətbəxə üstünlük verirsən?

- Mən? – bayaqdan Veysələ heyranlıqla qulaq asan Katya sanki yuxudan ayılır, – mən konket hansısa ölkənin mətbəxinə üstünlük vermirəm. Sizin yeməklər, məsələn, çox superdir.

- Azərbaycanda olmusan?

- Təəssüf ki, yox.

“Desəydi ki, olmuşam, deməli yüz faiz bunu bizimkilərdən kimsə...”

- Azərbaycana nə vaxt gəlsən, Göygöl deyilən bir yer var, orda gölün qırağında səni lülə kababa qonaq edərəm.

- Çox sağ ol, yaxşı ideyadır. – Katyanın gülərüz sifəti bir növ genişləndi.

Ofisiant masaya əvvəlcə salatlar, göy-göyərti, turp, sonra tikə, lülə kababı, yarpaq dolması, dovğa, ayran, bir də “Şirvan” konyakı qoyur, Veysəl qədəhləri süzür.

- Tanışlığımızın sağlığına içək? – ilk tostu Veysəl təklif edir.

- İçək, tanışılığımıza şadam.

- Mən də.

İçirlər, yeyirlər, ordan-burdan söhbət edirlər, Katya xüsusi iştahla yeyir, hiss olunur ki, restorana tam ac gəlibmiş. İkinci qədəh konyakı yaşadıqları Moskva şəhərinin sağlığına içirlər.

- Con səni Amerikaya dəvət etməyib? – Veysəl soruşur.

- Ha! – Katya ironiya ilə cavab verir, yanaqları azca qızarıb, bir az keflidir, bu sual bir az da onu əsəbiləşdirib, – Amerikaya?!!. O məni heç Moskvadan qırağa bir yana aparıb ki, sən Amerikadan danışırsan. Ha!

- Açığı, – Veysəl sifətinə süni ciddilik ifadəsi verdi. – mən elə ona görə avropalıları, amerikanları heç cürə həzm edə bilmirəm.

- Veysa. – Katyanın gözləri xumarlanırdı.

- Veysa yox Veysəl, ama Vasya da deyə bilərsən, burda mənə dostlar Vasya deyirlər.

- Vasya, təsəvvür edirsən? Mən bu adamla bir ildən çoxdur dostluq edirəm. O, yəqin bilirsən, hər dəfə Amerikadan gələndə bizdə qalır. Paltarlarını yuyuram, yeməyini bişirirəm, mənimlə yatır, bütün seksual enerjimi ona verirəm. Onun elədiyi bircə şey, evə ərzaq almaqdır, vəssalam, o da ki, özü də bizdə qalır deyə! Ama özünü elə aparır ki, guya mənim buna borcum var?!! Təsəvvür edirsən?! Bura bax, gəl yenə vuraq, etiraz etmirsən ki?

- Yox, yox.- deyib Veysəl tez qədəhlərə konyak süzür.

- Mən bunu içirəm sənin sağlığına Vasyok, sən sadəcə əla oğlansan. Vasyok desəm?..

- Yox Katyuş, incimərəm. Tosta görə sağ ol.

Bir az sükut, konyak təmiz maldır, restoranda Veysəli yaxşı tanıyırlar, puluna görə hörmət edirlər, bir-iki ofisiant qızla firlanıb, arada restoranın rəqqasəsi Alyonaya girişmək istəyirdi, sonra biləndə ki, onu restoranın müdiri, öz yerlisi İmran saxlayır, fikrindən vaz keçdi.

Veysəl içkidən demək olar ki, sərşox olmur, onda bəzilərindəki kimi fikirlərində tormozlaşma yox, aktivləşmə gedir.

O hiss edir ki, Katyanın yarımqəmli, yarımkefli əhvalından istifadə edib söhbəti öz istədəyi kimi davam etdirə bilər.

- Yadında Katyuş, birinci görüşümüzdə mən sənə amerikanlıların praqmatizmindən danışmışdım. Demişdim ki. onlar insanlarla münasibətdə ancaq öz maraqlarını güdürlər, onlarçün mənəviyyat, kiməsə təmənnasız xeyir vermək anlayışı yoxdur.

- Yadımdadı, elə sən səmimi insan olduğuna görə ilk görüşümüzdə öz ürəyimi sənə açmışdım. Bağışla, mən səni öz dərdlərimlə yükləyirəm....

- Yox-yox elə düşünmə, biz səmimi söhbət edirik, burda heç bir qəbahət yoxdur.

- ... Artıq uzun müddətdir ki, yığılan əsəbilərimi boşaltdım sənin üstünə, biz bura şənlənməyə gəlmişik, mənsə..

- Düzdür biz bura şənlənməyə gəlmişik, – Veysəl artıq dördüncü dəfə qədəhləri konyakla doldurur, – elə içək bu sağ-lı-ğı ki, sənin əsəblərin, necə deyərlər, yox olsun.

- Əla tostdur, bravo! – deyib qədəhi ehmalca Vasyokunkuna vurub başına çəkir. – Oxx! Biz Conu deyəsən məhkəməyə verəcəyik.

- Bilirsən Katyuş, mən sadəcə düzlüyün tərəfdarıyam, hər halda Conu səndən qabaq tanıyıram, ama sən haqlısan.

Axı nəyə görə o sizdə qala-qala, hələ sən ona qulluq edə-edə, seksual enerjini ona verə-verə, o sənə minnət qoymalıdı, sənə üstdən aşağı baxmalıdı?! Bu düzgün deyil axı!

- Vasya, təsəvvür et, bir dəfə məndən soruşdu ki, ad gününə nə alım, mən də utana-utana dedim ki, mənim bir aylıq aerobika kursları üçün abonent kartımın pulunu, beş yüz dollar hədiyyə edə bilərsən. Neynəsə yaxşıdır?

- Yəqin ki, hirsini boğmağa çalışıb.

- Tamamilə düz deyirsən, bir az fikrə getdi, mənə nə desə yaxşıdır? Dedi yarısını göndərərəcəm, səninlə göndərdiyi iki yüz əlli dollar həmin abonent kartının, mənim ad günü üçün göndərdiyi puldur. Yarısını isə, dedi sonra göndərəcəm.

Yadında, mən o pulu götürmək istəmirdim, sən təkid etdin, sonra götürdüm.

- Dəhşət, nə simic adamıymış, hələ pulun yarısını göndərməyib? – ürəyində “Bu Con lap Çmoymuş ki, amma mənə sərf edir” – fikirləşdi.

- Elədir.

- Sən onda düz elədin ki, pulu götürdün. Sən ona həmişə təmənnasız xidmət göstərəsi deyilsən ki?

Buna sənin tam haqqın çatır, bayaq da dedim bu amerikanlara ona görə nifrət edirəm ki, bizimkilərə, keçmiş Sovet respublikalarından olan adamlara ikinci sort kimi adamlar kimi yanaşırlar, üstdən aşağı baxırlar bizlərə, elə bil biz bunlara borcluyuq!

- Vas! – Katyanın gözləri süzülürdü, – sən doğrudan da güclü psixoloqsan. Bəs niyə psixologiyanı atdın?

- Psixologiya, bilirsən, daha çox nəzəri sahədir, mənsə kabinet adamı deyiləm, mənimki biznesdir, xarici ölkələrə səfər etmək, şirkətlərlə kontraktlar imzalamaq.

Məsələ heç də pul qazanmaqda deyil, aydın məsələdi, pul qazanmaq da lazımdı, - lovğalalıq damarı tutub, – amma məsələ tək pulda deyil, Katyuş.

Mənə prosesin özü maraqlıdı, yeni biznes partnyorları tapmaq, danışıqlar aparmaq, kontrakt nəticədi, maraqlı olan kontrakta qədər olan işlərdi.

Fransız biznesmeni bir psixologiyaya malikdir, deyək ekvadorlu, çilili, çinli tamam başqa-başqa psixoliyalara. – Veysəl qəsdən müxtəlif qitələrdə yerləşən ölkələrin adını çəkir: ürəyindən Katyanın “sən neçə ölkədə olmusan ki?” sualını verməsini umur.

- Sən indiyə qədər neçə ölkədə olmusan?

- İnanırsan, artıq sayını da bilmirəm. Avstraliyadan başqa bütün qitələrdə olmuşam, ama yəqin ki yayda orda da olacam. İspaniya, Fransa, İtaliyanın demək olar ki, bütün şəhər və kəndlərini gəzmişəm, sadəcə maraq üçün, onların psixologiyalarını öyrənmək üçün.

- Oo nə maraqlıdı? Sən evlisən?

İstədi desin ki, “yox”, düşündü ki, otuz dörd yaşlı qafqazlının indiyə qədər evli olmaması ən azından Katya üçün inandırıcı olmayacaq, daha az olan yalana üstünlük verdi:

- Bir dəfə uğursuz evliliyim olub. Bəs sən?

- Yox mən evli deyiləm, heç vaxt da evli olmamışam. Hansı Avropa ölkəsində daha çox gözəl qızlar olur? – Katya bu sualı verəndən sonra bic-bic gülümsədi.

Nədənsə, Veysələ elə gəldi ki, Katya bu sualı verməklə onu provokasiyaya çəkmək istəyir, onun qızlara olan münasibətini bilmək istəyir.

- Deməzdim ki, hansısa ölkədə çoxdur, hansındasa az, fransız qızının öz gözəlliyi var, ispan qızının öz. Ama bir şeyi dəqiq deyə bilərəm ki, Rusiyadakı kimi qəşəng qız heç bir ölkədə yoxdur.

- Elə deyirlər. Bəs sizdə, Azərbaycanda?

- Azərbaycanda da gözəl qızlar çoxdur, xüsusilə Bakıda.

- Çində olmusan?

- Bizneslə bağlı ildə iki dəfə Çinə gedirəm.

- Maraqlıdır.

- Çin demişkən, sən burda çin masajına getmisən?

- Aha. Bir dəfə.

- Masajı çinlilər edib?

- Yox bizimkilər, moskvalılar.

- Eh, o Çin masajı olmadı ki, - Veysəl özündən razı halda dilləndi – Mən yaxşı bir yer bilirəm, orda masajı profesional masajistlər, Çin qızları edir. Sən Konfutsinin Çin masajı haqqında aforizmini eşitmisən? – Veysəl heç özü də bilmədi ki, Konfutsi hardan beyninə gəldi: bu təbii ki, “Şirvan” konyakının təsiri idi.

- Yox eşitməmişəm.

- Konfutsi deyir ki, Çin psixologiyasını, mentalitetini bilmək istəyən adam mütləq çin masajının nə olduğunu öz bədənində hiss etməlidir. – Əlbəttə Veysəl aforizmi konyakın təsiri altında uydurmuşdu. – Kayuş, gələn bazar Çin masajı qəbul etmək pis olmazdı.

- Böyük məmnuniyyətlə Vasya, mən hə deyirəm.

- Sən əsl Çin masajını gələn bazar öz bədənində hiss edəcəksən.

Masaya kəkotulu çay, limon, paxlava, şəkərbura, Katyanın istəyinə uyğun qoz mürəbbəsi gətirilir.

Veysəl Azərbaycandakı uca, qarlı dağlardan, dağlarda bitən kəkotundan, Novruz bayramından, şəkərbura, Gəncə, Şəki, Bakı paxlavasından danışdıqca Katya “Как ты вкусно рассказываешь” deyirdi.

Nəhayət onlar küçəyə çıxdılar, Katya təmiz havada gəzişməyi təklif etdi, tezcə də Veysəlin qoluna girdi.

Bir az gəzişdilər, yenə ordan-burdan söhbət etdilər, sonra Veysəl maşınla Katyanı evlərinə qədər apardı, vidalaşanda Vasya Katyanın əlini bir az əlində saxladı, bir az də bu vəziyyətdə söhbət etdilər, sonra bir-birilərinin yanaqlarından öpüb mehribancasına ayrıldılar.

Hər ikisi ağ kimano geyimində bir otaqdadırlar, klassik həzin Çin musiqisinin sədaları altında uşaqsifət, balacaboy, gülərüzlü çinli qızlar qarnıüstə uzanmış Veysəlin, Katyanın belini masaj edirlər.

Veysəl boş yerə kimano geyilən massaj salonunu seçməmişdi: paltarını soyunan Katyaya gözucu baxdı: pis deyil, gedər. Uzanıblar, Katya gözlərini yumub, üzündəki ifadədən görünür ki, şirin xəyallara varıb.

Çin masajının fəlsəfəsinə görə professional masajçı Tsi, yəni həyat enejisini təbiətin ritminə uyğun masaj olunan adamın bədənində düzgün yaymaqla bədəni təbiətlə harmoniya vəziyyətinə gətirməlidir.

Veysəl də Katya kimi gözlərini yumub, hərdən lap azca, qıraqdan hiss olunmayacaq dərəcədə gözlərini aralayıb qıza baxır, sonra gözlərini yenə yumur, fikirləşir: yərin ki, növbəti bazar günlərinin birində yaxınlıq etmək problem olmayacaq.

Veysəl indi çin fəlsəfəsinin əksinə qeyri-harmonik durumda olsa da, Katyanın gözlərini yumub ləzzət almağından xüsusi ləzzət alırdı, ürəyində öz-özünə deyirdi ki, “kayf elə ay Katyuşa, dünya sənin dünyandır”.

- Katyuş, ləzzət eliyir?

- Aha. – Katya elə gözüyumulu pıçıltı səslə cavab verir.

- Fərqi hiss edirsən?

- Aha.

Onlar çin masajı salonundan çıxıb kitab evinə yollandılar, Veysəl özünə iki-üç detektiv roman, Katyaya “Çin fəlsəfəsindən aforizmlər” kitabını aldı, axşam isə çin restoranında şam işığı altında yemək yedilər, balla yaşıl çay içdilər.

Axşam ayrılanda Katya Vaysyanın yanağından, Vasya isə əvvəlcə onun əlindən, sonra isə dodağından opdü, sonra isə onlar əməlli-başlı öpüşdülər. Veysəl maşını işə salıb yola düşəndə öz-özünə dedi: “Deməli hər şey qaydasındadır”.

Veysəl həftədə iki-üç dəfə Katyaya zəng edir, hal-əhvalını tutur, “problem olsa mənə zəng et, çəkinmə” mesajını atır, arada Conu soruşurdu. Məlum oldu ki, Con Amerikadan ona zəng edir, amma Katya telefonu götürmür.

Gecə söhbətləri get-gedə intimləşir, istiləşirdi, Veysəl belə işlərdə təcrübəli idi: gecə on bir, on ikidə başlayan bəzən fasiləsiz saat dördə, beşə qədər davam edən söhbətlərində o bayağı sevgidən yox, darıxmaq, havam çatmır, qəlbimdə boşluq var kimi bir az orijinal, əslində bayağı ifadələrdən yerində istifadə edir, daosizm, kamasutra ilə sevginin mahiyyətini Katyaya başa salırdı.

Və növbəti bazar günlərinin birində Veysəl Katyanı Finn saunasına dəvət edəndə, Katya utanıb eləmədən beləcə dedi:

- Bağışla Vasyok, məndə aybaşıdır, iki həftə sonra görüşərik.

- Okey Katyuş, üzrlü səbəbdir, bağışlayıram. .

Nəhayət Con biznes işləri ilə bağlı Moskvaya gəldi, söhbətlərinin birində Veysəl soruşdu:

- Katyanı görmürsən? Necədir?

- Telefonuma cavab vermir. – Con həvəssiz cavab verdi.

- Niyə? Nə olub ki? – Veysəl saxta təəccüblə soruşdu.

- Mən də başa düşmürəm. Nyu-Yorkda olanda da zəng edirdim, bura gələndən bir dəfə də olsun götürməyib zəngimi.

- İstəyirsənsə mən bu məsələni aydınlaşdıra bilərəm. – Veysəl guya barışdırıcılıq missiyasına girişib, özünü yaxşı oğlan kimi göstərmək istədi.

- Sən? – Con təəccübləndi.

- Hə də, - Veysəl “yaxşı oğlan” rolu oynamaqdan həzz almağa başlamışdı. – Hər halda çoxdan tanışsız, heç olmasa görüşüb söhbət edəydiz, səbəbləri aydınlaşdıraydız.

- Yox, yox ehtiyac yoxdur, - əlini yelləyərək, - mən artıq başqa bir qızla tanış olmuşam, – mənalı göz vurdu, – dizaynerdi, adı Maşadır, “Asturias” şirkətində işləyir. çox yaraşıqlı qızdır, MDU -da tələbə vaxtı gözəllik müsabiqəsində iştirak edib. İstəsəz sizi tanış edərəm.

- Olar. – həyacandan Veysəlin boğazı qurumuşdu, “gözəllik müsabiqəsi” sözünü eşidəndə içinə bir istilik gəldi, amma həyacanını gizlədə bildi.

- Səndən bir qonaqlıq. –Veysəlin xasiyyətini bilirdi, bildi ki, “yox” cavabı olmayacaq.

- Okey, həftə axırlarının birində sizi “Azərbaycan” restoranına dəvət edirəm.

- Okey, mən Maşa ilə də danışaram. Təşəkkür edirəm dəvətinə görə.

“Sonra təşəkkür eliyərsən...” – Veysəl ani olaraq düşündü.

Veysəl tələsmədi, ehtiyat etdi ki, gələn bazar onları dəvət etsə Con birdən onun məramını başa düşər.

İki həftə sonra Veysəl Katya ilə saunada “görüşdü”, düz bir həftə sonra, bazar günü o təzə aldığı JEEP Pathfinder maşını ilə Conu və hündürboylu, dekolteli, düz, uzunayaqlı, tez-tez gülərkən ağappaq dişləri görünən Maşanı “Azərbaycan” restoranına qonaqlığa apardı.

Restorana girəndə xüsusi ekzotik dizaynla bəzədilmiş salonu görəndə simic Con Veysəlin qulağına pıçıldadı “Bura baha deyil ki?”, Veysəl nırç elədi, Maşa pıçıltını eşitdi, nırçı da başa düşdü, ürəyində fikirləşdi “Varlıdır!!! Karyeram üçün bu da mənə lazım olacaq”.......
XS
SM
MD
LG