Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:43

Üç yoldan ikisi Azərbaycandan keçir…


Azərbaycan və azərbaycanlılar Əfqanıstandan Avropaya daşınan narkotik vasitələr trafikində önəmli yer tutur.

BMT-nin Narkotiklər və Cinayətlə Mübarizə Təşkilatının hazırladığı «Dünya narkotiklər hesabatı»nda belə deyilir.

ÜÇ YOLDAN İKİSİ AZƏRBAYCANDAN KEÇİR…

Hesabata görə, narkotik vasitələrin Əfqanıstandan Avropaya daşınması zamanı əsasən 3 yoldan istifadə edilir. Bu yolların da ikisi məhz Azərbaycandan keçir. Birinci yol İrandan Azərbaycana, Azərbaycandan da Gürcüstana gedir. Təbii ki, həmin yolda narkotik vasitələr Gürcüstandan da Avropaya ötürülür. Bu «Şimal Balkan yolu» da adlandırılır.

İkinci yol isə İran vasitəsi ilə Türkiyəyə, oradan da Avropa ölkələrinə keçir. Üçüncü yolda isə narkotik vasitələr Türkmənistan vasitəsilə Azərbaycana, oradan da Avropaya ötürülür.

Ancaq müstəqil ekspertlər hesab edirlər ki, kiçik marşrutların bəzisi bu hesabatda heç öz əksini tapmayıb.

Bu haqda araşdırmaların müəllifi, «Cənub Xəbərləri» qəzetinin baş redaktoru Zahir Əmənov deyir ki, belə marşrutlardan biri də Xəzər dənizi vasitəsi ilə İran Astarası ilə Azərbaycan Astarasını birləşdirir:

DƏNİZ YOLU

- Narkotik vasitələri gəmilərlə İran Astarasından Azərbaycan Astarasına daşıyırlar. Guya buna qarşı mübarizə aparmaq üçün də balıqçı gəmilərinə xəbərdarlıq ediblər ki, Xəzərə 9 kilometrdən çox girməsinlər.

Zahir Əmənovun sözlərinə görə, əslində balıqçılar iddia edirlər ki, bununla narkotik vasitələrin gəmilərlə daşınmasını gizlətmək istəyirlər. Yəni bir növ bu ticarət gözdən, könüldən uzaq olsun.

Zahir Əmənov
Onun fikrincə, narkotik vasitələrin daşınmasında Azərbaycanın tranzit bir ölkəyə çevrilməsi ən yüksək səviyyələrdə himayə edilir. Əks halda bu işin belə mütəşəkkil şəkildə gerçəkləşməsi baş tutmazdı. Üstəlik, Zahir Əmənov Azərbaycanın cənub rayonlarında narkotika aludəçiliyinin getdikcə genişlənməsini də təsadüf saymır:

- Hələ biz tranziti qoyaq kənara. Cənub rayonlarında getdikcə narkomanların sayı artır. Elə ay olmur ki, rayon mərkəzlərində cavanlardan bir nəfər, iki nəfər narkomaniya aludəçiliyindən vaxtsız vəfat etməsin…

Zahir Əmənov deyir ki, cənub rayonlarında narkomanların real sayı rəsmi statistikadan kəskin şəkildə fərqlənir. Bu da bir çox narkomanların müalicə dispanserlərində qeydiyyata düşməmələrindən irəli gəlir.

Lənkəranda şərti olaraq adını Əziz adlandırdığmız şəxs də deməsinə görə, çoxdan narkotik vasitələrə aludəçilik göstərsə də, narkoloji dispanserdə qeydiyata düşməyib:

AŞBAZ NARKOMAN

- Müalicə də olunmuşam, xeyri olmayıb. Adamın daim orqanizmi tələb edir. Əslində, mənim yaxşı sənətim olub. Aşbaz olmuşam, toylara gedərdim. İndi mənimlə heç kim maraqlanmır. Bizdə 20-dən çox yerdə narkotika satılır. Bundan polis də xəbərdardır…

Əziz deyir ki, narkotik yadına düşəndə pulu olmasa belə onu hansı yolla olursa-olsun əldə etməyə çalışır. Lənkəranda çox adam var ki, tez-tez evlərinə oğruların girməsindən şikayət edir. Əslində hüquq-mühafizə orqanları da hesab edirlər ki, narkotika müxtəlif cinayətlərə yol açır.

Lənkaran Ərazi Narkoloji Dispanserində isə cəmi 1190 nəfər narkoman qeydiyyatdan keçib. Ancaq bu dispanserin baş həkimi İlqar Əliyev də deyir ki, narkomaniya cənub bölgəsində ciddi problemə çevrilib. Onun sözlərinə görə, hər bir narkoman ətrafına 4-5 narkoman yığır:

- Bu adamlar müalicəyə asanlıqla tabe olmurlar. Narkotik asılılığı götürmək çox çətindir. Problemin kəskinliyi buradadır…

«Cənub Xəbərləri» qəzetinin baş redaktoru Zahir Əmənov isə düşünür ki, narkoloji dispanserdə müalicənin ciddi effekt verməsi üçün dövlət daha səxavətli olmalıdır. Üstəlik, o narkomanların sosial reablitasiyasına ciddi önəm verilməsini də zəruri sayır. Zahir Əmənov deyir ki, narkomanlar üçün iş yerləri yaradılmalı və cəmiyyətdə onlara qarşı mənfi münasibətin qarşısı alınmalıdır. Onun fikrincə, Azərbaycanda narkomanların sosial reablitasiyası kimi, narkoticarətlə mübarizəyə də ciddi önəm verilmir.

«KURYER»LƏRƏ QIRMIZI, «BARONLAR»A YAŞIL İŞIQ…

Zahir Əmənov deyir ki, İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınmasına görə, əsasən xırda alverçilər, «kuryer»lər məsuliyyətə cəlb edilirlər. Bu işin təşkilatçıları, onun himayədarları isə bir qayda olaraq məsuliyyətdən kənarda qalırlar. Bu isə mübarizənin görüntü xarakteri daşıdığından xəbər verir.

Zahir Əmənov deyir ki, cənub rayonlarında bəzi şəxslər «narkobaron» kimi ad çıxarıblar. Ancaq həmin şəxslərə hüquq-mühafizə orqanları gözün üstündə qaşın var belə demir. Hər halda cəmiyyət bunun şahidi deyil:

- İnsanların inamı olmalıdır ki, narkomaniyaya qarşı ciddi mübarizə gedir. Açığı, aldığımız informasiyalar səmimi mübarizədən xəbər vermir. Bilmək olmur, bu adam doğrudan da narkotika satdığını görə tutulub, yoxsa onun cibinə narkotika atıblar. Burada dəqiq sərhədlər yoxdur.

Ehsan Zahidov
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə narkomaniyaya qarşı mübarizənin görüntü xarakteri daşıması fikri ilə razılaşmır. Onun sözlərinə görə, əslində ölkənin bütün hüquq-mühafizə orqanları narkotik vasitələrin Azərbaycandan daşınmasına qarşı mübarizəyə səfərbər olunublar:

- Ağ ölüm deyək, və ya bəşəriyyətin ən böyük bəlasımı deyək, ona qarşı ölkənin bütün hüquq-mühafizə qurumları birgə səy göstərirlər. Həm DİN, həm Milli Təhlükəsizlik Nazirliyi, həm sərhəd qoşunları, həm də gömrük orqanları. İldən-ilə də aparılan mübarizə daha ciddi nəticələr verməkdədir.

AZƏRBAYCANDAN AXIN…

BMT-nin hesabatında isə deyilir ki, ümumilikdə hər il Azərbaycana təqribən 11 ton heroin gəlir. Bunun 4 tonu Azərbaycan, Gürcüstan və ümumilikdə Qafqazda ya istehlak olunur, ya da hüquq- mühafizə orqanları tərəfindən müsadirə edilir. Qalan 7 tonun 6 tonu Gürcüstan və Qara dəniz vasitəsi ilə Bolqarıstana çatdırılır. 1 ton isə Ukraynaya daşınır.

Hesabatda həmçinin deyilir ki, İrandan Azərbaycana kiçik yollarla da narkotika daşınır. Bu narkotiklər isə Dağıstan və Şimali Qafqaza ötürülür.
XS
SM
MD
LG