Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:55

Qəşəm Nəcəfzadə "Gülümsəyən ağac" (Hekayə)


Elə bil Əliş bir udum işığı torpaq altına aparmaq istəmədi.

Gözlərini açdı.

– Ölürəm aaz, a Telli, gücüm canımdan yavaş-yavaş əkilib gedir. İşdi ölüb-eləsəm, gədəni prokurorluğa qoyarsan ha!

Tellinin üzünün bir tərəfində gün çıxdı, bir tərəfində çay axdı.

– Ölməzsən, ay kişi, Allah eləməsin. O ili də belə olmuşdun. Yaz gəlir, qan qaynayır.

Əliş dünyanın bir tərəfi kimi böyrü üstə yıxılmışdı. Canından həyat küsmüşdü. Ölüm yeriyirdi canının üstüynən.

– Ağız, yenə deyirəm, bənkdəki pulu götür, gədəni instituğa qoy. Qorxma, mən də tezliklə ayağa qalxacam.

Sonra ürəyində fikirləşdi: «Ay Telli, torpağın üzü soyuq olsa da heç nəyi itirmir…»

– Gələcəm, azz, mən də dalınca gələcəm. Mütləq gələcəm, – dedi. Sonra Tellinin üzünə elə baxdı Ki, Telli o saat başa düşdü. «Yadına gəlir, iydəliyə sənin yanına gəlirdim ha, bax elə».

Əliş canını yer üzündən çəkib apardı. Telli bir yumub, beş tökdü. Bu da dünyanın bir tərəfiydi, göz yaşı üstündə oturan tərəfi. Arvadların səs-küyü qab-qacaq cingiltisi kimi Əlişin böyük qardaşının qulağına dolurdu… Çox çəkmədi ki, arvadlardan bir «qırmızı ismarıc» gəldi: - «İndi ağlayaq, yoxsa sonra?» Əlişin böyük qardaşı elə bir zakaz elədi. Bir saatdan sonra – camaat yığışanda.

Bir saatdan sonra ağlaşma başlandı. Hər kəs öz ölüsünü ağlayırdı. Heç kəs Əlişi ağlamırdı. Bircə Tellidən başqa.

Birdən Kənd Sovetinin maşınından bir qırmızıpapaq düşdü. Hamının ürəyi düşdü içinə. Məlum oldu ki, Əlişin dostuymuş. O da ağlayırdı.

Başlar torpağa əyilmişdi. Ağlamaq hamını bərabər eləmişdi.

Günlər, aylar, illər Tellini çırpa-çırpa ötürdü.

Telli həmişə qəbristanlığa gedirdi. Elə bil Əlişin qəbri hamilə qalmışdı.

Torpağın qarnı başından aşırdı. Sanki qəbir Əlişi doğacaqdı. Telli ağlayırdı: «Dur, ay kişi, dur, nə vermisən torpağa tinini. Ay evin tikilsin, oğlun yekəlib, payız prokurorluğa aparıram».

Torpaq dinmirdi. Telli hiss eləyirdi ki nəsə torpaqda isti bir nəfəs var.

Həmişə ağzı üstə yatırdı, torpaqdan Əlişin ətri gəlirdi. Nəsə gecələr sinəsini döyürdü. Telli hiss eləyirdi ki, sinəsini döyən Əlişdi, torpağın altından çıxır. Hiss eləyirdi ki, dünyanın harasında torpaq varsa, orda Əliş var.

Deyirdi: «Başına döndüyüm kişi torpağa qarışdı, getdi». Pəncərənin ağzında körpə ağac şitilləri bitmişdi.

Elə bil Əliş öləndən sonra çiçəklər, ağaclar, otlar çoxalmışdı. Çiçəklərə, ağaclara, otlara Tellinin qanı qaynayırdı. Çiçəklər, ağaclar, otlar Əliş kimi gülümsəyirdi.

Əlişin balaca oğlu yekəlmişdi, bığ qoymuşdu.

Qoluna saat bağlamışdı. Hələ bir dəfə toyda bir şirvan «zakaz» verib qonşunun qızlarını oynatmışdı. Telli elə hey deyirdi ki, səni özüm bu qış prokurorluğa aparacam. Bütün Bəki dədənin tanışıdı.

Bir gün Telligilin qapısının ağzında nazik beton qatı partlamağa başladı. Bir neçə gün sonra çat yerindən körpə bir ağac şitili çıxdı. Tellinin ürəyi üşəndi: «İraq olsun».

Balaca şitil beton qatını yarıb boy atırdı. Şitil gülümsəyirdi, su istəyirdi.

Telli onun yanlarını təmizlədi, su tökdü. Ağac evə girib-çıxmağa mane olurdu, gündən-günə böyüyürdü.

Ağacın yanından keçəndə Tellinin ürəyi sancırdı. Gecələr elə bir ağac içəri girir, yarpaqlarını Tellinin üzünə qoyurdu. Gündüzlər Tellinin dalınca düşürdü, Tellini çağırırdı.

Bir gün səhər Telli çölə çıxanda gördü ki, ağac gülümsəyir, lap insana oxşayır.

Ağacdan elə bil səs gəlirdi:

– Qorxma, Telli, sənə demədimmi gələcəm.

Telli yüyürüb ağacın boynundan qucaqlayıb hönkür-hönkür ağladı.

– Əliş, Əliş, axır ki, qayıtdın.
XS
SM
MD
LG