Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:40

Eyvaz Zeynalov "Gülzarın hekayəti"


Mail. ru-dakı e-melimə tanışlıq məqsədi daşıyan təsadüfi mesajlar çox gəlirdi.

Əksəriyyətini də gənclər, cavanlar göndərirdi.

E-meilimdə şəklimi qoysam, yaşımı göstərsəm də yazıçı olduğumu bildirməmişdim.

Vaxt tapan kimi əlim dinc durmur, onlardan bəzilərini açıb oxuyur, hətta cavab da yazırdım.

Adətən, yaşı qırxdan çox aşağı, yaxud çox yuxarı olanları (bir sözlə, yaşıma uyğun gəlməyənləri) əlüstü bağlayırdım.

Yerdə qalanlarını da istər kişi, istər qadın olsun, qısa bir sorğu-sualla tezbazar ələkdən keçirirdim. Maraqsız hesab etdiklərimlə vaxt itirməyi özümə rəva bilmirdim...

Gülzar lap əvvəldən maraqlı adam təsiri bağışlasa da ilk tanışlıqdan sonra əlaqəni kəsmişdi.

Onu da deyim ki, internetdə yalan-gerçək dost axtarışına çıxanların əksəriyyəti niyəsini bilməsəm də yazıçı olduğumu öyrənən kimi bir daha məni itirib-axtarmırdılar.

Gülzarın da belələrindən biri olduğunu zənn etdiyimə görə tezcə unutmuşdum...

Aradan bir aydan da artıq bir vaxt keçmişdi.

Bir axşam noutbukumun ekranının aşağısında onun adının yanıb-söndüyünü gördüm. Əvvəlcə əhəmiyyət vermədim. Daha doğrusu, tez söndürdüm ki, diqqətimi yayındırmasın.

Ancaq bir azdan tanış ad yenə göründü. Açdım. Salamdan sonra yazmışdı: “Təsadüfən Sizə mane olmadım? Əgər oldumsa, üzr istəyirəm, bağışlayın...” Könülsüz cavab verdim: “Belə də, işləyirdim...” “Onda icazənizlə mən sizi sonra...” “Eybi yox, davam edin...” Onsuz da fikrimi dağıtmışdı. “Minnətdaram. Siz çox lütfkarsınız...” “Bəs niyə birdən yoxa çıxdınız?..” “Bilirsiz, fikirləşdim ki, yazıçıyla adi bir qadının nə dostluğu? İşləməyinizə mane olacağımdan qorxdum...” “Bəs nə əcəb təzədən yadınıza düşmüşəm?..” “İcazə verin, sizə öz taleyimi, başıma gələn əhvalatları yazıb göndərim. İşinizə yarasa, əyər-əskiyinə əl gəzdirib çap etdirərsiniz...” “Bəlkə ekranı açasınız, üzbəsurət danışaq?..” E-meilində özü haqqında nə düz-əməlli bir məlumat, nə də şəkli vardı. Onu təsəvvürümdə canlandırmaq üçün üzünü görmək, səsini eşitmək istəyirdim. “Allah xatirinə, üz vurmayın, belə daha sərbəstəm. Çəkinmədən, utanıb sıxılmadan hər şeyi necə var, eləcə, kənar adam haqqında bildiklərimi, eşitdiklərimi yazırmış kimi yazacağam... Hə, razısınız?..” Əlacım nəydi? Görünür o, qərarını əvvəldən vermişdi. “Yaxşı, mən razı, yazın göndərin...” “Axıracan oxumağa səbriniz çatacaq?..” “Çalışaram ki, çatsın...”

Gülzarın qırıq-qırıq yazıb göndərdiyi hekayətinə özümdən heç nə artırıb-əskiltməmişəm. Sadəcə, onları ard-arda düzmüş, cümlələrinin quruluşuna bir az əl gəzdirmişəm.

Çalışmışam ki, aydın, oxunaqlı olsun...

***

Atam Qarabağ müharibəsində həlak olandan sonra anamla mən tək, kimsəsiz qaldıq.

Atam sağlığında anamı işləməyə qoymamışdı. İndi işləmək lazımdı. Amma anamın, necə deyərlər, heç bir sənəti-sübutu yox idi.

Bir də, olsaydı xeyiri nəydi? Kişilər iş tapmırdı, o da olaydı qadın. Çox pis, qarmaqarışıq zamandı. Hərə özünün hayındaydı.

Gözümüzü atamın hökumət tərəfindən bizə təyin etdiyi “qanpulu”na dikmişdik.

Onu da mən on səkkiz yaşına çatanda kəsdilər...

Valideyinlərimin hər ikisi uşaq evində böyümüşdü.

Elə orada da bir-birinə könül vermiş, ailə qurmuşdular. Sonralar ora-bura yazıb çox axtarsalar da qohum-əqrəbalarından kimsəni tapmamışdılar...

Anam əlacsız qalıb imkanlıların evində qulluqçuluq eləyirdi.

Axşamlar evə əldən-ayaqdan düşmüş, yorğun-arğın qayıtdığını, səhərlər yatağından güclə qalxdığını görüb üzülür, ona kömək etmək istəsəm də imkan vermirdi.

Başımı deşirdi ki, nə qədər canımda can var, sən oxumalı, ali təhsil almalısan.

Deyirdi ki, səni oxutmasam, o dünyada atana cavab verə bilməyəcəyəm. Atamın arzusu məni həkim görməkdi...

Məktəbi qurtarana yaxın anam bərk xəstələndi.

Həkimə, dava-dərmana vermək üçün borca girməli olduq. Ödündə daş, qara ciyərində serroz aşkar etmişdilər.

Ciddi müalicəyə ehtiyacı vardı. Amma xəstəliyi ilə mübarizədə anamın əsas arsenalı türkəçarə müalicədə istifadə olunan cürbəcür müalicəvi otlardı...

Əvvəlki kimi işləyə bilmirdi.

Onu bu vəziyyətdə tək buraxıb paytaxta təhsil dalınca getmək yox, işləmək haqqında düşünür, özümə münasib iş axtarırdım. Anam hələ də öz xəyallarından əl çəkməmişdi.

Deyirdi, tezliklə ağatlı oğlan peyda olacaq, səni tərkinə alaraq gələcək xoşbəxt günlərə qovuşduracaq.

Mən də gözümü arxayınca yumacaq, xoş müjdə ilə o dünyaya, atayın yanına gedəcəyəm...

Amma nə nağıllardakı o ağ atlı görünürdü, nə də çeşidli otlarn anama xeyiri dəyirdi.

Xəstəliyi sağalmaqdansa daha da ağırlaşırdı. Axırıncı dəfə həkim açıq söyləmişdi ki, xəstəliyinin müalicəsi ölkəmizdə mümkün deyil.

Gərək ya Moskvaya, ya Türkiyəyə, ya da İrana gedəydi. Bu, ağzımızı dağa dirəməkdi...

Tanışların məsləhəti, öyrətməsiynən ana-bala bir-birimizə qoşularaq əlaqədar təşkilatların qapılarını döyməyə başladıq.

Utana-utana, sıxıla-sıxıla atamın Qarabağ uğrundakı döyüşlərdə şəhid olduğunu, ağır vəziyyətdə yaşadığımızı söyləyir, anamın xəstəliyinin müalicəsinə köməklik göstərmələrini xahiş edirdik. Əvvəl çox ümidliydik.

Elə bilirdik kandarına ayaq basdığımız hər yerdə dərdimizdən hali olanların ürəkləri yumşalacaq, rəhmə gələcək, bizi naümid geri qaytarmayacaq, əllərindən gələni əsirgəməyəcəklər.

Ancaq boz, soyuq üzlü, laqeyd baxışlı, daş ürəkli məmurlar yaxşı halda bizimlə ötür-ötür oyunu oynayır, ora-bura göndərir, süründürürdülər.

Üstəlik işimizi aşırmış kimi bizə minnət də vururdular...

Uzun süründürməçilikdən sonra yanıldığımızı anladıq. Kömək etmək əvəzinə, abır-ismətimizi, qürurumuzu ayaqlar altına atıb tapdaladılar...

Hər dəfə məcburiyyət qarşısında həkimə getmək, yazdığı dava-dərmanları almaq üçün ev əşyalarımızdan biri ilə vidalaşırdıq. Satılası fərli-başlı bir şeyimiz də qalmamışdı...

***

Bazarın yanındakı ərzaq mağazasının qabağından ötəndə təsadüfən içəridən şüşəyə yapışdırılmış elanı oxudum. Satıcı tələb olunurdu. Növbəti dəfə bəxtimi sınamaq fikrinə düşdüm.

Ərzaq mağazasının sahibi canavarın girinə quzu keçmiş kimi həris gözləriynən az qalırdı məni diri-diri parçalayıb yesin.

- Bu cür qəşəng qız oxumaq əvəzinə nə əcəb işləmək istəyir?.. - Nəhayət, stulunda fırlanaraq dilləndi.

Qısaca, üstüörtülü şəkildə səbəbini anlatdım. Mənə yazığı gəlməsini istəmirdim.

Onun iyrənc baxışlarına anamın xatirinə dözürdüm...

Mağaza sahibi məni işə götürəndən sonra məsləhətlərini, tapşırıqlarını verdi, şərtlərini bildirdi: işə vaxtında gəlib vaxtında getməli, müştəriləri gülərüzlə qarşılayb mehriban, şirin dillə yola salmalı, kənar işlərə baş qoşmamalıydım və s...

Mağazanın məndən başqa altı işçisi vardı. Biri yaşlı kişi, ikisi cavan oğlan, üçü də cavan gəlindi.

Mən yeddinciydim... İşə düzəlməyimdən anam ikinci gün xəbər tutdu.

Xəcalətli adam kimi başını aşağı salıb dinmədi...

Mağaza sahibi qırx, qırx beş yaşlarındaydı. Eşitdiyimə görə, arvadı, yekə oğlu, qızı vardı...

Onun hər addımbaşı məni izləyən baxışlarına tab gətirmək zülümdü.

O tərəf-bu tərəfə keçdikcə altdan-altdan mənə söz atır, sataşırdı. Özümü o yerə qoymur, cavab vermirdim. Zahirən sakit görünsəm də daxilən əsəbləşir, hirslənirdim.

Kobud cavab qaytarmaqdan, əlimə keçəni qapıb başına çırpmaqdan özümü güclə saxlayırdım...

Sonra birdən-birə əvəz çıxırmış kimi bu atmacaları istehzayla qarşılamağa, onu öz bildiyim kimi dolamağa başladım. O, “dilin yaman uzanıb...”, deyərək bir az özünü yığışdırdı...

- İşlərin necədi, qızım?.. - Anam tez-tez halımı soruşur, mənə görə narahat olurdu.

- Yaxşıdı, - deyirdim.

- İşdə bir problemin-zadın yoxdu?.. - Sanki nəsə duyurdu.

- Axı nə problemim olmalıdı?..

- Nə bilim, deyirəm bəlkə...

Hərdən hönkürüb doyunca ağlamağa, ürəyimi boşaltmağa yaman ehtiyac duyurdum. Lakin anamdan özgə ürəyimi açmağa, diz-dizə oturub dərdimi bölüşməyə kimsəm yox idi.

Di gəl dərdlərinin üstünə dərd qoyacağımdan, xəstəliyinin daha da şiddətlənməsinə bais olacağımdan qorxaraq susurdum. Ağrı-acılarım qəlbimin dərinliklərinə çökür, xılt kimi orada üst-üstə yığılırdı...

***

Piştaxta arxasında müştəriləri yola salırdım. Qəfil keçmiş sinif yoldaşımı müştərilərin arasında, düz qarşımda gördüm.

Üzümə baxıb gülümsəyirdi. Bir anlığa dondum. Sonra görüşüb qucaqlaşdıq.

- Burda neynirsən, ay qız?.. - Təəccüblə soruşaraq əlimdən tutub kənara çəkdi.

- İşləyirəm, - dedim.

- Bəs instituta sənəd verməmişdin?..

- Yox...

- Sənin yerin bura deyil axı, ay qız... - Canıyananlıqla dedi.

- Bəs haradı?.. - Gülərək zarafata keçdim. - Sən ağa, mən ağa, bəs inəkləri kim sağa?..

- Nə çoxdu sürünə-sürünə oxuyan...

Məsələdən agah olandan sonra dil-ağız elədi, ürək-dirək verdi. Ay nə bilim, qocalmamısan, ruhdan düşmə, allah qoysa, ardakı il gedib özünü sınayarsan, hər şey yaxşı olacaq və s. və i.

Sinif yoldaşım institutda oxuyurdu. Tətildəydi. Demək olar ki, hər gün yanıma gəlirdi.

Evlərinin gündəlik ərzaq ehtiyatını mağazadan almağı müvəqqəti boynuna çəkmişdi. Həm ziyarət, həm də ticarətdi...

Bir gün məni zorla dartıb evlərinə apardı.

Rəfiqəmin komputeri, noutbuku vardı. Elə təkcə bax buna görə ona çox paxıllığım tutdu.

Məncə, bu sehrli cihaz elə ən yaxşı dost, sirdaşdı...

Rəfiqəm mənə komputerin sirlərini öyrədə-öyrədə institutdan, tələbə yoldaşlarından, rəfiqələrindən danışırdı.

Şəhərli qızların rayon qızlarından oturuşları-duruşları, danışıqları, geyim-kecimləri, bir sözlə, hər cəhətdən fərqləndiklərini söyləyirdi. Amma rayon qızlarının çətini şəhər mühitinə düşmələri, o ab-havaya bir balaca öyrəşmələriydi.

Şəhər qızlarından da ötə olurdular...

- Bir misal çəkim də. Dərs ilinin əvvəlində qızlı-oğlanlı institutun qarşısında dayanıb gəlib-gedənə baxırdıq.

Birdən bizimkilərdən, rayon qızlarından biri şəhərli qızları göstərib lağ elədi ki, siz allah, onların üz-gözlərinə yaxdıqları boyaya, qaş-gözlərinə, bəzəkli saçlarına, damdar, gödək yubkalarına, dizi cırıq cins şalvarlarına baxın...

Bunu eşidən şəhərli oğlan qayıtdı ki, heç gülüb-eləməyin, beş-altı aydan sonra siz onlardan betər olacaqsınız...

Qonşuluğumuzda bir rayonlu qız öz qardaşıynan kirayə qalır.

Evdən çıxanda yubkası dizindən aşağı olur, instituta çatanda dizindən bir qarış yuxarı dartır. Saçları neçə rəngə çalır.

Gündə bir oğlanla bulvardadı. Bir dəfə avtobusdan düşəndə dayanacaqda qardaşı soruşdu ki, bəs bacım hanı?

Əvvəllər cüt gedib-gələrdik. Dəsmalı dişimə tutub yalandan dedim ki, institutdadı, mənim dişim ağrıdı, axırıncı dərsdən icazə aldım.

Necə deyəydim ki, oğlanla getdi...

Rəfiqəm tələbə qızların hansı oyunlardan çıxdıqlarından elə şeylər danışırdı ki, ağzım açıla qalmışdı. Adamın ona heç inanmağı gəlmirdi. Sadəlövhcəsinə soruşdum:

- Bəs qorxmurlar?..

- Eh, qızmış başda ağıl hardandı? Hamısı da bir-birinin bənsinədi. Əksinə, qorxurlar ki, oğlansız qalarlar, rəfiqələri onlara çuşka kimi baxarlar. Deyərlər, yaxşı qız olsan, sənə də yaxın duran tapılar...

- Doğrudan?..

- Bəs necə!..

- Yaxşı, sabah ərə gedəndə noolacaq? Gəzəntəyə kim yaxın duracaq? Bunu fikirləşmirlər?..

- Fikirləşirlər ki, ona hələ çox var. İkincisi də, vallah, elə o cür gözüaçıqların, bic-bicəltəklərin, gəzib keflərini sürənlərin bəxti yeyin olur.

Oğlanları dişlərinə vura-vura, saya-saya axırda varlı-hallısının, ana uşağının birini hərləyib-fırlayıb torlarına salır, süd gölündə üzürlər. Maymaq və sadəlövhləri də bic oğlanlar hərifləyir, başına yüz oyun açandan sonra buraxırlar..
.
- O varlı-hallıya gedənlərin yengə-mengələri olmur? Zifaf gecəsi maraqlanıb-eləmirlər ki, bu, həqiqətən, qızdı, bakirədi, yoxsa yox?..

- Gündə biriynən gəzən onun da əlacını yaxşı bilir. Əvvəldən işini ehtiyatlı tutur.

- Axı necə?.. - Təəccübləndim.

- Çoxu ərə gedənə qədər gəzdikləri ilə başqa sayaq yatıb-durur.

- Başqa sayaq, yəni necə də?.. - Mən onun nəyə işarə etdiyini, nə demək istədiyini heç cür başa düşmürdüm.

- Qeyri-ənənəvi yolla cinsi əlaqədə olurlar...

Yenə heç nə anlamadım.

- Ay qız, mus-mus musuldayınca birdəfəlik Mustafa de də...

Rəfiqəm gördü ki, üstüörtülü şəkildə fikrini çatdıra bilmir, utana-utana hər şeyi öz adıynan aydınlaşdırdı.

- Sonra kimə ərə gedir getsin, gəzdiyi ilə bu cür yaxınlıq eləyənin, yatıb-duranın zifaf gecəsi heç bir qorxu-hürküsü olmur. Bakirə, aydan arı, sudan duru, təmiz çıxır...

Əlim üzümdə qalmışdı. Bu dəhşətli şeylər haqqında haçansa ucundan-qulağından nəsə eşitsəm də inanmamışdım. Heç indi də inanmağım gəlmirdi.

- Bəs ərə gedənəcən başqaları ilə adi qaydada yatıb-duranlar zifaf gecəsi vəziyyətdən necə çıxırlar?..

- Toydan əvvəl tanış həkim tapır, özlərini tikdirirlər...

Bu haqda da bəzi şeylər qulağıma çatmışdı. Bütün bunlar hamısı mənimçün nağıl, röya kimiydi...

Birdən mən üzümə üz bağlayıb rəfiqəmdən soruşdum:

- Sən özün heç oğlanla yatmısan?..

- Yox... - Rəfiqəm suçlu kimi baxışlarını yayındıraraq qızarıb-bozardı.

- Gəzmirsən də?..

Handan-hana:

- Biri var, - dedi. - Bacıcanı, amma nə ətdi, nə də balıq. Özümü onda qoymur, hələ dözür, sınayıram...

***

Bir dəfə rəfiqəm bir saytı açıb mənə parnoqrafik filmləri göstərdi. Yəqin ki, mən başqasının yanında qorxumdan bu cür açıq-saçıq şeylərə baxa bilməzdim. Özümü çox həyəcanlı, birtəhər hiss edirdim.

Ömrümdə ilk dəfəydi ki, belə şeylər görürdüm. Ordakı oğlanların, qızların kamera qarşısında bu cür oyunlardan necə çıxdıqlarını ağlıma sığışdıra bilmirdim.

Rəfiqəmin nə düşündüyündən xəbərim yoxdu. Ancaq mən başımı qaldırıb onun üzünə baxmağa utanırdım...

Həmin gün rəfiqəm internetdə mənə qəşəng bir rus qızının yarıçılpaq şəklini göstərdi.

Qız elan vermişdi ki, bakirəliyini on min dollara satır. Kim irəli durub bu pulu ödəsə, onunla yatmağa hazırdı. İmkansız ailədəndi.

Moskvadakı pullu teatr institutuna girmək arzusundaydı. Pulu öz arzusunu həyata keçirmək üçün əldə etmək istəyirdi...

Rəfiqəm gülə-gülə məndən soruşdu:

- Sən ən böyük, ən əlçatmaz arzuna yetmək üçün bakirəliyini pula satardın?..

Fikirləşmədən:

- Yox, - dedim.

Sonra həmin sualı rəfiqəmin özünə ünvanladım.

- Sən necə, satardın?..

O, xeyli fikirləşəndən sonra:

- Nə bilim, - dedi.

Nədənsə mən həmin an öz-özümə fikirləşdim ki, axı olmayan şeyi necə satasan? Onun bakirəliyinə artıq şübhəm vardı...

***

Rəfiqəmin tətili başa çatdı. Yığışıb paytaxta getdi. Hər necə olsa da mən onsuz darıxmağa başladım...

Anamın həkiminə, dava-dərmanlarına pul çatdıra bilmirdim. Vəziyyəti günü-gündən ağırlaşırdı...

Işdə müdir mənə göz verib işıq vermirdi. Hər xırda şeydən yana məni dəqiqədə bir kabinetinə çağırtdırırdı. Bir dəfə hiss elədim ki, içkilidi. Sözünün sərhəddini itirmişdi.

Məni qucaqlayıb öpmək istəyəndə kəskin hərəkətlə sinəsindən geri itələdim. Səntirləyə-səntirləyə dalı-dalı gedib kreslosunda oturmağa çalışdı, amma bacarmadı. Kreslolu-zadlı döşəməyə aşdı.

Onu yerdə eşələnə-eşələnə qoyub hirslə bayıra çıxdım.

- Nə var, nə olub?.. - Həyəcanlandığımı görən satıcı yoldaşım soruşsa da cavab vermədim.

Səhərisi məni yenə kabinetinə çağırtdırdı. Qarşısındakı stulu göstərib:

- Otur, - dedi.

- Yaxşıdı, dayanmışam, sözünüzü deyin. - Yerimdən tərpənmədim.

Özünə məxsus kor-kobud formada üzrxahlıq etdi. Sonra qalxıb mənə sarı yaxınlaşdı. Əlimdən tutmaq istədi.

- Neynirsiniz?.. - deyib əlimi çəkdim.

- Deməmişəm, mənimlə “sən”lə danış?.. - Cavab vermədim. - Eşit, daha dözə bilmirəm, sənin dərdindən dəli-divanəyəm... - Gizlətməyə çalışsa da əli-ayağı əsirdi.

- Nahaq yerə, - dedim.

Düzü, onunla bundan artıq sərt davranmağa qorxurdum. Hamısı da işimə, anama görəydi. Başqa iş tapacağıma ümidim yox idi. Qovulsam, ya gərək küçədə dilənəydik, ya da yıxılıb öləydik.

- Mənə inanmırsan?..

- Sizin ailəniz, uşaqlarınız var...

- Sənə molladan kəbin kəsdirərəm, ayrıca ev kirayələyərəm, anana qulluqçu tutaram...

-Ayıbdı, camaat, kənardan baxan nə deyər?..

- Molladan kəbin kəsdirəndən sonra kimin nə borcuna qalıb?..

- Bütün bu dediklərinizi ailənizə xəbər versəm neyniyəcəksiniz?..

- Ağıllı qızsan, xəbər verməzsən... - Qayıdıb təzədən yerində əyləşdi. - Sən razı olsan, mən özüm hər şeyi tədricən yoluna qoyacağam.

- Siz hələ mənim dəliliyimi görməmisiniz. Bir də mənə sataşsanız, özünüzdən küsün... - Bu sözləri necə dediyimə məəttəl qaldım.

- Yaxşı, özündən çıxma.. - Ciddi danışdığımı görüb ehtiyatlandı. - Get işinlə məşğul ol...

Aradan iki-üç gün keçmişdi. Məni tək tutub pıçıltıynan soruşdu:

- Nə oldu?..

- Nə?.. - özümü qanmazlığa vurdum.

- Təklifimlə razısan?..

- Hə, - dedim.

- Doğrudan?.. - Deyəsən, bu cavabı gözləmirdi. - Demək, razısan?.. - Göz-qaşla bir də qandırdı.

- Dedim, hə də... - Sırtıq bir baxışla onun düz gözlərinin içinə baxdım. - Amma bir şərtim var...

- Onda gəl kabinetimə. - Yeyin addımlarla kabinetinə getdi, mən də arxasınca. - O nə şərtdi elə?.. - İçəri girən kimi soruşdu.

- Mənimlə bir gecə yatmağa on min manat verə bilərsən?.. - Birdən-birə Moskvadakı pullu teatr institutuna girmək üçün öz bakirəliyini hərraca qoyan gözəl rus qızı yadıma düşmüşdü. Bunu dəlilik, ən böyük həyasızlıq, nə adlandırırsınız, adlandırın.

- Nəə?.. - Sözlərim onu tərs şapalaq kimi tutdu, eşitdiklərindən yerində titrədi. - Sən nə danışırsan, qız?.. - Çaşıb qalmışdı. - On min manat sənin nəyinə lazımdı?..

- Bunun sizə dəxli yoxdu. Sizə mənimlə yatmaq lazımdı, mənə də on min manat pul, düzdü? Pulunuzu verin, istədiynizi alın, vəssalam!..

- Doğru sözündü?.. - O hələ də eşitdiklərinə inana bilmirdi. - Bunu sən deyirsən?..

- Hə, mən deyirəm!.. - Daha geri çəkilmək mümkün deyildi. Öz cəsarətimə heyrət edirdim.

- Mənim o qədər pulum yoxdu axı, - nəhayət, o, mağmın baxışlarla etiraf etdi. Halbuki bayaqdan fərsiz xoruzlar kimi böyür-başımda qanad silkələyirdi.

- Yoxdu, onda məni dinc buraxın, - deyib qapıya doğru yönəldim.

- Bəlkə bir az yenəsən?.. - Arxamca dilləndi.

- On min manatdan bir köpük də əskik olmaz!.. - Qəti şəkildə bildirdim.

Bu məbləğə anamı xaricdə yaxşıca müalicə etdirə bilərdim.

Gözümün qabağında əriyib çöpə dönürdü. Ona yazığım gəlirdi. Axı həyatda bir gün görməmişdi. Qisməti həmişə əzab-əziyyət olmuşdu. Axırı da belə. Anama görə özümü qurban verməyə hazırdım...

***

Növbəti tətil zamanı rəfiqəm rayona gələndə mən ondan soruşdum:

- Teatr institutuna girmək üçün bakirəliyini hərraca qoyan, satmaq istəyən rus qızı yadındadı?..

- Hə, - rəfiqəm təəccüblə üzümə baxdı, - noolub ki?..

- Bilmək istəyirdim görüm axırı necə qurtardı?..

- Vallah, sonra heç maraqlanmadım. Axı nəyinə gərəkdi?..

- Mən də onun kimi elan verə bilərəm?.. - Musuldamadan soruşdum.

- Nəə?.. - Rəfiqəmin gözləri az qala kəlləsinə çıxdı. - Sən də bakirəliyini satmaq istəyirsən? Mən düz eşitdim?..

- Hə, düppədüz eşitdin...

- Sən allah, doğru sözündü, yoxsa zarafatdı, məni dolamısan?..

- Belə dolaq, zarafat olar?..

- Bu hardan ağlına gəldi?.. Yoxsa sən də hansısa instituta girmək fikrinə düşmüsən?..

- Nədi, mənə olmaz?.. - Sınayıcı nəzərlərlə onu süzdüm.

- Olar, niyə olmur... Amma... başqa cür mümkün deyil?..

- Yox...

Anamın vəziyyətini bir daha rəfiqəmə anlatdım. Ona kömək etmək üçün başqa çarə tapmadığımı söylədim...

Rəfiqəm məni diqqətlə dinləyəndən sonra başıma ağıl qoymağa başladı.

Mentalitetimiz belə gəldi, elə getdi, biz rus-mus tayı deyilik, onların özlərinə rəva gördüklərini biz rəva görməməliyik və s. və i. Boş-boş sözlər...

Dedim, bütün bunların hamısını mən də səninçün sadalaya bilərdim.

Mən bu qərara bir günə, iki günə gəlməmişəm. O elanın təsirini də danmıram. Məsləhət vermək çox asandı. Əsas düşdüyün vəziyyətdən çıxış yolunu göstərməkdi. De görüm, mənim yerimə olsaydın, sən necə hərəkət edərdin?

Gözün baxa-baxa ananın ölməsinə dözərdinmi? Seçim qarşısında qalsaydın, ananı, yoxsa bakirəliyini seçərdin?..

Dəlillərim qarşısında rəfiqəm geri çəkildi. Çox götür-qoydan, məsləhət-məşvərətdən sonra yalançı bir ad, familiya ilə təzə e-meil yaratdıq. Orda yalnız yaşımı göstərdik.

Bizə görə, ən vacibi elə buydu. Nə şəklimi yerləşdirdik, nə haqqımda məlumat verdik. Bunlar sonranın işiydi. Elanı yazıb gözləməyə başladıq...

Rəfiqəmdən xahiş etdim ki, and içsin. And içsin ki, bu sirr ikimizin aramızda qalacaq.

Heç bir halda kimsəyə ağzından bir kəlmə də qaçırtmayacaq... Bir də, həmin an heç nə vecimə deyildi. Gözümdə yalnız anamdı...

Aradan iki-üç gün keçsə də elanın əks-sədası eşidilmədi.

Fikirləşdim ki, yəqin bunu axmaq bir zarafat, geydirmə şou-filan kimi bir şey sayıb baş qoşmayıblar. Amma sonrakı günlər, demək olar, dünyanın hər tərəfindən cavablar sel kimi axmağa başladı. Çoxu da cavanlardandı. Lağ yeri tapmışdılar.

Ağızlarına gələni döşəyirdilər. Ciddi təklif isə yoxdu.

Bunu imkanlarının məhdudluğuyla əlaqələndirirdim. Pişiyin ağzı ətə çatmıyanda mundardı, ya da iylənib, deyər. Yaşlı, oturuşmuş kişilərin cavabı daha konkretdi. Müxtəlif peşə sahibləriydi.

Elana şübhə ilə yanaşanlar fikrimin ciddi olub-olmadığını bir daha dəqiqləşdirməyə çalışırdılar.

Müraciətim kişilərə ünvanlansa da qadınlar da laqeyd qalmamışdılar.

Ərli qadınlar daha aqressivdilər. Məni söyür, lənətləyir, iblis, şeytan adlandırırdılar. Biri yazmışdı ki, səni asmaq, keçmişdə olduğu kimi meydanda, millətin gözünün qabağında tonqalda yandırmaq, daş-qalaq etmək lazımdı.

Üç qız anası olan bu ərsiz qadının dolanışığı çox ağırdı.

Qızlarına görə narahatdı. Qorxurdu elanı oxuyub məndən nümunə götürələr. Vəziyyətimi başa düşüb halıma yanan, quru-quru təskinlik verən, bir daha dərindən fikirləşməyə, götür-qoy etməyə çağıran da az deyildi.

Elələri məni bu yola sürükləyən, bu addımı atmağa məcbur edən zəmanəni, murdar cəmiyyəti söyür, lənətləyirdilər. Halıma yananlardan biri yazmışdı ki, çalış barı səni aldatmasınlar. Varlılar hər əclaflığa qadirdilər.

Boş tərpənsən, ehtiyatı əldən versən, iş-işdən keçəndən sonra o əclaflara gücün çatmayacaq, əlin boşda qalacaq...

Elanıma ciddi yanaşanlar şəkillərimi göndərməyi xahiş edirdilər.

Yazırdılar ki, heç olmasa bir az təsəvvürümüz olsun, baxaq görək pulumuzu kimə xərcləyirik? Bəlkə heç ürəyimizə yatmayacaqsan, sənə maya qoymağa dəyməz...

Həmin cavabları təbii qarşılayırdım. Onlardan qətiyyən incimirdim. Haqlı tələblərdi. Bu haqqı onlara mən öz qeyri-adi elanımla vermişdim...

Bir nəfər mənimlə görüşməyə, on min manatı ödəməyə hazır olduğunu bildirirdi. Amma işi başından aşdığına, boş vaxt tapmadığına görə onun yaşadığı şəhərə gəlməyimi təklif edirdi. Telefon nömrəsini göndərmişdi.

Yolhaqqını-filanı da artıqlamasıynan ödəməyi boynuna çəkirdi...

Təhlükəli saydığıma görə baş qoşmadım. Demə, elan vermək asan, onun dalında dayanmaq isə çətinmiş. Cavabları açıb oxuyur, düşünür və qorxurdum. Hələ də özüm öz qərarıma şübhə ilə yanaşırdım...

Bu vaxt televizorda bir verilişə dəvət olunmuş gənc qadının cəsarətli çıxışını gördüm. Kasıb ailədə, məhrumiyyətlərlə böyümüşdü. Universiteti öz gücünə, fərqlənmə diplomu ilə bitirmişdi.

Həmişə arzulayırmış ki, kaş ehtiyac içində yaşamaqdan canını qurtara biləydi. Hər şeyi olaydı, normal həyat sürəydi. Bir dəfə verilmiş ömründə xoşbəxtliyin nə olduğunu dadaydı.

Yolunun üstündə dayanan, onu sevdiyini söyləyən özü kimi kasıb gənci qətiyyətlə rədd etmişdi. Lakin evli, ailəli, özündən iki dəfədən də artıq yaşlı, varlı-hallı bir məmurun onunla yaşamaq təklifinə razılıq vermişdi.

Bu imkanlı kişi ona molladan kəbin kəsdirmişdi. Ayrıca ev, maşın almışdı, adına bankda hesab açdırmış, böyük miqdarda pul yatırtmışdı.

Gündəlik də qızı hər cəhətdən, ürəyincə təmin edirdi.

Qərarından peşiman olmadığını, əksinə, həyatından razılığını televiziyada, studiyadakı tamaşaçıların qarşısında çəkinmədən etiraf edirdi. Studiyadakılar da, verilişi aparan da, verilişə, canlı yayıma kənardan zənglə qoşulanlar da, onların hər cür qınaqları da vecinə deyildi.

Onu qınayanlara bir cavabı vardı: dünyaya bir dəfə gəlib, sürünə-sürünə yaşamaq, çürümək istəmir...

Aparıcı gəlini cəsarətli çıxışına, etiraflarına, heç bir peşimançılıq hissi keçirmədiyinə görə verilişindən yarımçıq qovdu. Guya çıxışı yanlış təbliğat xarakterliydi.
Verilişi efirə buraxanların məqsədi ictimai qınaq basqısı altında yalandan da olsa onun dilindən peşimançılıq kəlmələrini qopartmaq, səsləndirməkdi...
Mən əksinə, verilişi aparanı, o qadını qınayanları qınayır, günahlandırırdım.

Axı niyə onu başa düşmürdülər?

Niyə anlamırdılar ki, onu bu addımı atmağa məcbur edən yaşadığı iyrənc cəmiyyət, mühitdi?

Ona nifrətini bildirənlər onun yaşadığı məşəqqətləri yaşamamış, çəkdiyi əzab-əziyyəti çəkməmişdilər. Onların nifrəti də, qınağı da süni, boğazdan yuxarıydı.

Çürük mentalitetə söykənən ümumi rəydən qaynaqlanırdı.

Mən yüz faiz əmindim ki, o qızdakı cəsarət, şans onun kimilərin, onun taleyini yaşayanların hansında olsaydı, məhz o cür hərəkət edərdi, fürsəti əlindən qaçırmazdı.

Axı belə bir şans onun kimilərin hamısının bəxtinə düşmürdü. Hər halda, öz həyatını necə yaşamaq seçimi hər bir fərdin öz halal haqqıdı. O qız öz fərqli seçimini eləmişdi.

Kimin xoşuna gəlmirdi, o da yenə onun özəl, halal haqqıydı...

Şəxsən, ondakı cəsarətə heyran qalmışdım. O hisslər mənə tanış, doğmaydı. Yəqin onu anlamayanlar mənim yerimə olsaydılar, düşdüyüm vəziyyətə düşsəydilər, ona həqarət etmək əvəzinə, haqq qazandırardılar.

Məsləhət vermək kimi qınamaq, həqarət etmək də çox asandı.

O həqarət dağarcıqlarının hansından insanlıq naminə gücləri çatan koməyi diləsydim, min bir bəhanəylə yaxalarını kənara çəkəcək, guya halıma yanırmış kimi təəssüflənmək, can-can deməklə işlərini bitmiş sayacaqdılar.

Amma nə faydası? Yalançı “can-canlar” hələ indiyəcən heç kimin yarasını sağaltmayıb!

Bataqlıqda cənnət duyğusu ilə yaşamaq absurd bir şeydi!..

Mən həmin qadının çıxışına baxandan sonra fikrimi dəyişmək əvəzinə qərarımda daha da möhkəmləndim.

Fikirləşdim ki, kim nə deyir-desin, mən düz yoldayam. Bakirəliyimi itirmək bahasına da olsa anamı xilas etməliyəm. Başqa çıxış yolum yoxdu!..

Nə qədər gizlətsəm də anam mənin narahatlığımı, vurnuxmamı duyur, həyəcanlanırdı.

- Qızım, son günlər gözümə nəsə birtəhər dəyirsən, nə olub?..

- Heç nə, nə olacaq, ana?..

- Hər nədisə məndən gizlətmə...

- Heç nəyi səndən gizlətmirəm, ana.

- Təki sən deyən olsun, qızım. Amma hissim, duyğum məni heç zaman aldatmayıb...

Birtəhər sakitləşdirsəm də gözlərindən görürdüm ki, mənə inanmır...

***

Mən tələsirdim. Çünki anamın xəstəliyi ağırlaşırdı.

Hələ yaxşı ki, ayağa qalxa, evdə-eşikdə birtəhər hərlənə, biş-düşün öhdəsindən gələ bilirdi. Tamam yerə yıxılsa, yorğan-döşəyə gömülsə, əlində qalacaqdım.

Gərək ya qulluqçu tutaydım, ya da özüm işdən çıxıb ona qulluq edəydim. Hər ikisi mümkünsüzdü.

İşləyərək əməkhaqqımı qulluqçuya verməklə işdən çıxaraq əməkhaqqından məhrum olmaq elə eyni şeydi.

Ona görə də ilk ciddi təklifdən bərk yapışdım...

Bir iş adamı artıq neçənci dəfəydi elanımla maraqlanırdı.

İrəli sürdüyüm şərtlərlə tamamilə razıydı. Hətta mənə pulu necə qəbul etməyin yollarını da öyrətdi. Mən bankda şəxsi hesabımı açdırdım və hesab nömrəmi ona göndərdim.

İki gündən sonra on min manat pul artıq bankda, şəxsi hesabımdaydı...

Mənim təklifimlə biz şəhərdən aralıda, magistral yolun kənarında görüşməliydik.

Öz xarici görkəmimi, geyimimi, əlimdəki çantamı və s. ətraflı təsvir etmişdim. O da mənə maşınının rəngini, markasını, nömrəsini göndərmişdi...

Həmin gün işdən icazə almışdım. Aydındı ki, anam məsələdən xəbərsizdi. Evdən adi günlərdə olduğu kimi ona heç nə hiss etdirmədən çıxdım...

O, təxminən şərtləşdiyimiz zamanda gəldi. Maşın dayanan kimi həyacanımı zorla boğaraq arxa qapını açıb yuxarı qalxdım.

Həyatımda ilk dəfəydi ki, yad adamın maşınına minirdim. Həm də təmtək və görünməmiş, eşidilməmiş qeyri-adi bir aksiyanı həyata keçirmək üçün...

Əlli-əlli beş yaşlarında gümrah, gülərüz bir adamdı. Lakin bunun mənim üçün elə bir önəmi yox idi...

Biz günümüzü harda, necə birlikdə keçirəcəyimiz haqqında şərtləşdik. Mənim əsas qayğım bu haqq-hesabdan kimsənin xəbər tutmaması, məni onunla görməməsiydi...

Maşını bir qədər uzun, hündür, Cipfason bir xarici maşındı. İçərisində çay dəsgahı, yüngül qəlyanaltı və s. üçün bütün rahatlığı vardı. Görünür qabaqcadan hər şeyi nəzərə almışdı.

Razılıq əsasında maşınını şəhərdən xeyli aralıdakı meşəyə sürdü. Lövbər saldığımız yer çox mənzərəliydi. Başlıcası gözdən-könüldən uzaq bir məkandı. Kimsə bizə mane olmayacaqdı...

Qəribəydi ki, ilk həyacanım keçəndən sonra canımda heç bir qorxu-hürkü duymurdum. Bu adamın kefini çəkəndən sonra başıma nəsə bir pislik aça, lap elə məni öldürə biləcəyi ağlıma da gəlmirdi.

Sonralar elə təkcə həmin hadisəni xatırlayanda istər-istəməz ürpənirdim. Belə murdar bir iş üçün hansı ağılla tanımadığım, üzünü ilk dəfə gördüyüm yad bir kişiynən təmtək (özgə cür mümkün deyildi) meşəyə getdiyimi özüm də bilmirdim.

Bir daha o müdhiş addımı atmağa dünyasında cürət etməzdim. Görünür o cür addımlar hər bir adamın həyatında yalnız bir dəfə atılır...

Bütün günü birlikdə keçirdik. Pişik yumaqla necə oynayarsa mənimlə eləcə oynayırdı. Nəhayət, mən ona təslim oldum
...
Bilmirəm heç bu hardan ağlıma gəldi, mən əvvəl onu sınamaq fikrinə düşdüm.

- Yəqin on min manat sizin üçün elə də böyük bir pul deyil?.. - Soruşdum.

- Hə, - deyə başıynan təsdiqlədi.

- Onda bəlkə siz son anda fikrinizi dəyişə, mənimçün həyati əhəmiyyət daşıyan böyük bir xeyirxahlığa imza atasınız?..

- Hansı xeyirxahlığa?..

- Öz pulunuzdan keçin, mənə toxunmayın. Təsəvvür edin ki, bu çətin, çıxılmaz duruma düşən sizin doğmaca qızınızdı. Siz mənə yox, ona güzəştə gedirsiniz. - On min manatın nəyə lazım olduğundan xəbərdardı.

- Təsəvvür edə bilmirəm, -zarafata salıb güldü. - Ona görə ki, mənim bir oğlum var, qızım yoxdu...

- Mərhəmət hissiniz necə, o da yoxdu?..

- Bəlkə də səni görməsəydim mərhəmət hissindən danışmağa dəyərdi. Sən həddən artıq qəşəng, gözəlsən. Səni görən andan daxilimdə oyanan, aşıb-daşan yalnız kişilik hissləridi. İrəli düşməsəydim, sən onsuz da başqasına təslim olacaqdın. Şansımı qaçırtmaq istəmirəm...

- Birdən sizinlə yatmaqdan imtina etsəm necə?..

- Mənə elə gəlir ki, bunu etməzsiniz. Sizinçün ananız daha qiymətlidi...

O, məndən birdəfəlik ayrılmaq fikrində deyildi. Anamla məni paytaxta aparmaq, bizə ayrıca ev almaq, molladan kəbin kəsdirərək (son vaxtlar yamanca dəbə minmişdi) məni ikinci arvadı kimi saxlamaq istəyirdi...

Yadıma televizordakı qadın düşdü.

O, molladan kəbinə və ikinci olmağa razılaşmışdı. Bilə-bilə ki, o kəbinin heç bir hüquqi əsası yoxdu.

Yoxdusa, qanunlarımız, o qanunların keşiyində dayananlarımız qadınların adamları Allah qorxusuyla düz yola çağıran yalançı din xadimləri, mollalar tərəfindən şantaj obyektinə çevrilməsinə niyə göz yumur, dözürdülər?

Bu siçanyolu mollalara nəyin xatirinə güzəşt edilmişdi?..

Təkliflərini rədd etdikcə daha artıq dil tökür, yalvarırdı ki, heç olmasa bir dəfə də görüşək.

Əlavə nə qədər pul istəsəm, verməyə hazırdı.

Başa düşmürdü ki, bu addımı atmaqda özgə heç bir təmənnam, məqsədim olmayıb. Anamın xəstəliyinin müalicəsi üçün lazım olan qədər pul əldə etmişdim, bəsimdi...

Şəhərin kənarında maşından düşərkən hər ehtimala qarşı dalımca bir də təkrar etdi:

- İşdi-şayət haçan fikrini dəyişsən, e-meilimə xəbər göndərərsən...

***

İndi qarşımda əldə etdiyim pulu ortaya necə çıxartmaq məsələsi dururdu. Əvvəlcədən onun da planını qurub-qoşmuşdum. Kioskdan bir gün sonra oynanılacaq üç ədəd lotoreya aldım.

Onları anama göstərib şkafa qoydum. Oyun televizorda birbaşa yayımlanacaqdı.

Həmin axşamı anamın başını qəsdən elə qatdım ki, yayıma baxmağın vaxtını ötürdük. İş-işdən adladığını görüb birdən ayılmış kimi qara-qışqırıqla televizora sarı cumdum.

- Ana, görürsən, lotoreyanı yoxlamaq yadımızdan çıxdı...

- Bax haa, huşumdaydı ey, - anam heyifsiləndi. - Bəs indi noolacaq?..

- Qaldı sabaha. Gedib lotoreyanı aldığım kioskda yoxladacağam. Orda uduş tirajının qəzeti həmişə olur. Təki bir şeyə düşsün.

- Düşəcək, ürəyimə damıb, - anam dedi. - Amma ehtiyatlı ol, a qızım, birdən səni aldadarlar.

- Nə deyib aldadacaqlar, ay ana?..

- Nə bilim, sənin lotoreyanın əvəzinə başqasını qaytarıb deyərlər, udmadı. İndi kimə etibar qalıb? Əvvəldən nömrəsini bir yerə yaz götür...

Nahar vaxtı qaça-qaça gəlib anamı muştuluqladım ki, bəs lotoreyam çoxlu pula düşüb. Yazıq arvad məni qucaqlayıb sevindiyindən ağladı.

- Sənə dedim axı ürəyimə damıb, qızım. Pulunu haçan verəcəklər?..

- Uzaq başı bir-iki günə alacağam, ana, - dedim. - Alan kimi də səni aparıb xaricdə müalicə etdirəcəyəm.

- Sağalacağıma heç ümidim qalmayıb, ay bala.

- Ruhdan düşmə, ana. Eşitmədin həkim nə dedi? İran yaxındı, ora gedərik.

- Nə deyirəm, - anam yaylığının ucunu gözünə basıb ağlamsındı. - Səni tək qoyub bu zalım dünyadan hələ köçmək istəmirəm, qızım.

- Ay ana, ölmək nədi, zad nədi?. - Mən də ona qoşulub ağladım. - Bu fikirləri başından birdəfəlik çıxart. Bizim xoşbəxt günlərimiz hələ irəlidədi...

Üç gündən sonra pulu üzə çıxartdım. Birinci növbədə ən böyük arzularımdan birini həyata keçirtdim. Özümə bir noutbuk, bir də bir əl telefonu aldım. Sonra soraqlayıb ordan-burdan İrana necə getməyin, orada həkimlərə necə düşməyin yol-yolağasını, təhər-tövrünü öyrəndim. Yığışaraq yola düşdük...

***

Təəssüf ki, İrandakı həkimlər də anamın dərdinə çarə qıla bilmədilər.

Dedilər ki, gecikmişik. Əlacsız halda geri qayıtdıq. Pulumuzun bir hissəsi həkimlərə getdi, yollarda xərcləndi. Artıq anamdan bir dəri, bir sümük qalmışdı...

Anamın dünyasını dəyişməyi uzun çəkmədi. Sağ olsun qonşu-qonumu, yığılıb onu dəfn etdilər. Anamdan sonra mən evimizi də satıb paytaxta köçdüm. Burda rəfiqəm mənə dayaq durdu. Bir neçə gün onun yanında qaldım.

Darısqallıqdı. Qrup yoldaşı ilə balaca bir otaq kirayələmişdilər. Ondan ayrılaraq mənimlə başqa bir ev kirayələməyi təklif etdi. Cürbəcür bəhanələrlə razılaşmadım. Təkcə yaşamağı qərara almışdım.

Məncə, bu daha sərfəliydi. Nə qədər ki, əlimdə pulum, imkanım vardı (banka qoymuşdum), ciddi şəkildə imtahanlara hazırlaşmaq, instituta girmək fikrindəydim...

Kirayə tapdığım evin sahibi qoca, mehriban bir arvaddı. İki otağının birində özü yaşayırdı, o birini mənə vermişdi...

***

Kitabxanadan çıxanda bir oğlanın arxamca düşdüyünü gördüm. Sfetoforda yolu adlayanda mənimlə bərabərləşdi. Sonra birdən irəli keçib qarşımda dayandı.

- Sizinlə tanış ola bilərəm?.. - Üzümə gülümsədi.

- Yox, - kobud cavab verdim ki, əl çəksin.

- Siz xoşuma gəlirsiniz... - Amma o, yaxamdan qopmadı.

- Mümkündü. Nə olsun?..

- Siz hər xoşuma gələn deyilsiniz...

- Nə bilirsən? Bəlkə mən daha pisəm?..

- Inanmıram. Gəlin tanış olaq...

- Mən səninlə tanış olmaq istəmirəm.

- Niyə?..

- Niyəsi yoxdu, tanış olmaq istəmirəm, vəssalam. Yaxşısı budu yolunla düz gedəsən...

Yolumu dəyişib uzaqlaşdım. Yerində quruyub qaldığını gözümün ucuynan görürdüm. Dalımca bir az baxdıqdan sonra geri qayıtdı...

Səhərisi kitabxanadan çıxanda oğlan məni yenə qarabaqara izləyirdi.

- Gəldim ki, bəlkə fikrinizi dəyişmisiniz?..

- Hansı fikrimi?.. Hə, yadıma düşdü. - Birdən xatırladım. Nədənsə elə o saat da məni gülmək tutdu. Amma dodağımı dişləyərək özümü zorla saxladım. - Yox, hələ dəyişməmişəm, - dedim.

- Neynək, mən gözləyərəm...

Oğlan yenə dayanıb arxamca xeyli baxdıqdan sonra geri qayıtdı. Avtobus dayanacağındakı adamların arasında gizlənib uzaqdan-uzağa onu baxışlarımla güddüm.

Kitabxananın yanında, səkinin qırağında dayanmış xarici maşına yaxınlaşdı. Sükan arxasında əyləşərək sürüb getdi...

Gur saçlı, boylu-buxunlu, yaraşıqlıydı. Təxminən yaşdaş idik. Geyim-kecimindən, danışığından, hərəkətlərindən mədəni oğlana oxşayırdı. Bir az da utancaq təsiri bağışlayırdı...

Düz bir həftə gözə dəymədi. Boynuma alıram, kitabxanadan çıxanda gözlərim qeyri-ixtiyari ətrafda onu axtarırdı. Arxamda eşitdiyim addım səslərinə diksinir, istər-istəməz qanrılıb baxırdım.

Xəyalı gözümün qabağından çəkilmir, elə hey onu düşünürdüm. Deyəsən, artıq ona vurulmuşdum...

Həftə sonunda oğlan yenə birdəncə peyda oldu. Bu dəfə lap köhnə tanışlar kimi yaxınlaşdı.

- Mənə görə darıxmamısınız?..

- Sənsən?.. - Mən özümü laqeyd göstərməyə çalışdım, bilmədim alındı, yoxsa yox. - Niyə darıxmalıydım axı?..

- Nə bilim...

Tanış olduq. Günü-gündən bir-birimizə daha artıq bağlandıq...

O, hansısa tikinti şirkətində işləyirdi. İnstitutu təzəcə qurtarmışdı. Dediyinə görə, atası imkanlı adam, biznesmen, anası həkimdi. Ata-anasının yeganə övladıydı...

***

Oğlan evlənmək üçün məni tələsdirirdi. Mən yubadırdım. Qəbul imtahanlarına az qalmışdı. Deyirdim, darıxma, qoy imtahanları verim, instituta qəbul olunum, sonra evlənərik.

Tək qalanda sərhəddi aşmaqdan özümüzü güclə saxlayırdıq.

Bir dəfə ev sahibəsinin olmamasından istifadə edərək əməlli-başlı əl-qol açdı. Mən də özümü unudaraq onun altına yıxıldım. Lap son anda hisslərimi zorla cilovlaya bildim.

- Yaxşı, bəsdi, - deyib onu saxladım.

- Axı gec-tez bu baş verməlidi, - deyib yalvarmağa başladı, yumşalmadım. - Bunlar hamısı köhnəlik, gerilik əlamətidi. Başqa xalqlar belə şeyləri çoxdan unudublar. Bir də, mənim üçün fərqi yoxdu, indi, ya toy gecəsi...

- Sənin üçün fərqi yoxdu, amma mənim üçün var. Zifaf gecəsinə qədər mən bakirə qalmalıyam, - əgər diqqətli olsaydı, bu sözləri deyərkən baxışlarımı necə yayındırdığımı, xəcalət çəkdiyimi duyardı.

- Axı kim onun fərqinə varacaq?..

- Sizinkilər, - dedim. - Lap dəqiqi, ata-anan. Bütün ata-analar toy gecəsi hökmən maraqlanırlar ki, oğlanlarının evləndiyi qız bakirədi, yoxsa yox. Eşitməmisən, bakirə çıxmayan qızların başına nə oyun açırlar?..

- Yox...

- Saçlarını dibindən qırxır, eşşəyə tərsinə mindirib valideynlərinin üstünə göndərirlər.

- Deyərəm, hamısı mənim işimdi, - nə qədər zarafata çəksəm də o, ciddi danışırdı.

- Səbrini bas, onsuz da mən toy gecəsinə qədər sənə təslim olmayacağam!..

Qəribəydi, hər dəfə soruşanda ki, məni valideynləri ilə haçan tanış edəcək, araya başqa söz salır, cavab verməkdən yayınırdı.

Bu da məni şübhələndirirdi. Axı evlənmək haqqında ciddi fikrə düşən oğlaların hamısı sevdiyi qızı əvvəlcədən hökmən anasına göstərir, onun razılığını alırdı...

Lakin mən vaxtından qabaq onunla yatmaqdan buna görə qorxmurdum.

Qorxurdum ki, bakirə olmadığımı biləndən sonra evlənmək fikrindən daşına, məni ata. Elə toy məsələsini də buna görə uzadırdım. Gecə-gündüz baş sındırır, fikirləşir, çıxış yolu axtarırdım...

***

Nəhayət, imtahanları müvəffəqiyyətlə verib instituta qəbul olundum. Bunu ikilikdə təntənəli şəkildə qeyd elədik.

- Hə, nə deyirsən, indi sözün nədi? Evlənirikmi?.. - Oğlan məni öpə-öpə soruşurdu.

- Axı məni hələ valideynlərinlə tanış etməmisən, - dedim. - Bəlkə mən razı olsam da onlar məni öz gəlinləri kimi görmək istəməyəcəklər?..

- Onlar razı olsa da, olmasa da mən səninlə evlənəcəyəm! - Oğlan qətiyyətlə dedi. - Onlardan asılacağım yoxdu. Bu yaxınlarda ayrıca mənzil də alacağam.
Həmin gün o, bura qədər gizlətdiyi sirrini mənə açıb danışdı.

Demə valideynləri mənim yetim, kimsəsiz bir qız olduğumu eşidəndə daş atıb başlarını tutmuşdular. Oğlanın mənimlə evlənməyinə heç cür razı deyildilər...

Özüm də gözləmədiyim halda qəfildən dəliliyim tutdu.

- Bura bax, - dedim, - gəl bəri başdan səndən bir şey soruşum...

- Soruş...

- Zifaf gecəsi bakirə çıxmasam, neyniyərsən?.. - Səsimdəki əsəbilik açıq-aydın duyulmaqdaydı.

- Dəli olmusan? Bu nə danışıqdı?..

- Dünya işidi də... - Əl çəkmədim. Az qalmışdım hər şeyi açıb ona danışım, münasibətlərimizə tam aydınlıq gətirim. Əgər olub-keçənlərə görə məni bağışlayacaqsa, bağışlasın, bağışlamayacaqsa, bəri başdan işimi bilim. Ziyanın yarısından, deyib atalar.

- Axı biz hələ bir yerdə yatmamışıq, - o, sadəlövhcəsinə gülümsədi.

- Elə gərək səninlə yatam?.. - Bu lap son an, uçrumun kənarıydı. Burdan hətta uçrumun dibi də görünürdü.

- Axı deyirdin, sən bakirəsən?.. - Karıxmış halda üzümə baxır, gözlərini döyürdü.

- Deməyə nə verirlər? Mən çox şey deyə bilərəm...

- Bilmirəm bu nə axmaq söhbətdi... - Birdən partladı. Mən hələ onu bu cür görməmişdim.

Son addımı atmağa heç mənim də cürətim, iradəm çatmadı.

- Bağışla, səni sınayırdım, - deyərək fikirli halda onun saçlarını qarışdırdım...

***

O, təzə tikililərdən ikiotaqlı mənzil alan günün səhərisi məni yaxşı bir restorana apardı.

Ordaca bildirdi ki, bura yemək-içməyə yox, toy günümüzü təyin etməyə gəlmişik. Nə qədər bəhanə gətirsəm, işi bir az da təxirə salmağa çalışsam da məni eşitmədi...

Artıq həqiqi mənada dəli olmuşdum. Neyniyəcəyimi bilmirdim. Bu vəziyyətdən çıxış yolu görmürdüm. Yemir, içmir, bütün günü üzüqoylu yatağıma qapanıb ağlayırdım. Zəng vurur, telefonu açmır, söndürürdüm.

Elə bu zaman köhnə rəfiqəmi xatırladım. Çoxdandı görüşmürdük...

Giley-güzardan, ordan-burdan söhbətləşəndən sonra dərdimi açıb danışdım. Mənə ürək-dirək, toxtaqlıq verdi. Zarafatla:

- Qorxma, - dedi, - elə eləyərik ki, toy gecəsi sən hamıdan yaxşı qız çıxarsan...

Məni tanış ginekoloqun yanına apardı. Qadını inandırdı ki, məni uşaq vaxtı liftdə bir manyak zorlayıb. Pul-para ilə mənim paxırımı ört-basdır eləməyə razı saldı...

***

Bəzənmiş bəy-gəlin stolu arxasında yanaşı əyləşmişdik.

Özümüzü xoşbəxt sanırdıq. Arabir bir-birimizə baxır, gülür, qürur duyurduq. Onun valideynlərinin toyumuzda iştirak etməmələri də vecimizə deyildi.

Oğlan məni bəy maşınına mindirib restorana gətirəndə yolda daha bir sirrinin də üstünü açmışdı. Sən demə, onu böyüdən, boya-başa çatdıranlar doğma valideynləri deyilmiş. Uşaqları olmadığına görə onu uşaq evindən övladlığa götürmüşdülər...

Bax, buna görə indi mən ona təskinlik verirdim...

Toyumuzda oğlanın iş yoldaşları, ata-analığının qohum-əqrəbası iştirak edirdilər. Mən tərəfdən yalnız rəfiqəmdi...

Salon arı pətəyi kimi uğuldayırdı. Çalğıçılar çalır, oxuyur, salondakılar qol götürüb oynayırdılar. Arabir qohum-əqrəba yaxınlaşıb bizi təbrik edir, böyür-başımızda dayanıb şəkil çəkdirirdilər...

Birdəncə iki nəfərin, bir kişi və bir qadının bizə tərəf yaxınlaşdığını gördük.

Mənə elə gəldi ki, onları hardansa tanıyıram. Oğlan əyilib qulağıma pıçıldadı ki, onlar atalığıyla analığıdı. Yəqin sonradan peşiman olmuş, fikirlərini dəyişərək bizi təbrik etməyə gəlmişdilər...

Bizə çatanda yerlərində dondular. Sanki məni ildırım vurdu.

Gözlərim tor gətirdi. Son anda qadının yıxıldığını, kişinin mənə sarı tərs-tərs baxaraq əl-ayağa düşdüyünü gördüm.

Kişi bir vaxt bakirəliyimi satın alan adam, qadın isə ərinin pozduğu bakirəliyimi bacardığı kimi ört-basdır eləyən ginekoloq idi...

***

Möhtərəm oxucu, qəhrəmanımın sonrakı taleyi mənim üçün də qaranlıqdı.

Gülzar birdən peyda olduğu kimi, birdən də hekayətini yarımçıq qoyub qeybə çəkildi. Hələ də gözləyirəm, ondan heç bir səs-soraq yoxdu.

Əgər təsadüfən kimsə nəsə öyrənə bilsə, lütfən, mənə də xəbər çatdırsın, yaman nigaranam...
XS
SM
MD
LG