Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:02

«Dağlıq Qarabağda rəy sorğusu üçün xüsusi komitə yaradılacaq»


Xarici İşlər naziri Elmar Məmmədyarov
Xarici İşlər naziri Elmar Məmmədyarov
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Qazaxıstanın Almatı şəhərində görüşəcəklər. «Media forum» saytının məlumatına görə, xarici işlər naziri Elmar Məmmədyarov iyulun 9-da jurnalistlərə açıqlamasında deyib ki, görüş iyulun 16-sı, ya da 17-də olacaq:

«Almatı görüşündə Ermənistanın danışıqlar prosesinə münasibəti, sülh istəyib-istəmədiyi, münaqişənin mərhələli həllində maraqlı olub-olmadığı dəqiqləşəcək».

(XARİCİ İŞLƏR NAZİRİNİN DANIŞIQLARIN GEDİŞİ HAQQINDA DEDİKLƏRİ MƏTNİN SONUNDA ONUN ÖZ DİLİNDƏN EŞİDİN)


E.Məmmədyarov Ermənistanla danışıqların detallarını açıqlayıb: «Azərbaycan yenilənmiş Madrid prinsipləri əsasında böyük sülh sazişi üzərində işə başlamağa hazırdır. Ermənistan tərəfi nə hə, nə də yox deyir. Prezidentlərin Sankt-Peterburq görüşündə Rusiya prezidenti Dmitri Medvedyev və xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistanın bəzi məqamları tezliklə yekunlaşdırmasını və yaxın bir mətn üzərində işin davam etdirilməsini istədilər. Düzünü deyim ki, bəzi təkliflər yenə səsləndirilib. Biz hesab etmirik ki, yenidən həmin məqamlara qayıtmaq lazımdır. Bu, Laçın və Kəlbəcərlə bağlı olan məqamlardır».

Nazir deyib ki, 2007-ci ildən Laçın və Kəlbəcərin məsələsi ilə bağlı iş aparılıb, prezidentlərin 9 görüşü olub, həmsədrlər regiona intensiv səfərlər ediblər:

Həmsədrlər Afinada «Madrid prinsipləri»nin yenilənmiş variantını təqdim ediblər, 1 dekabr 2009
«Həmsədrlər Afinada Madrid prinsiplərinin yenilənmiş variantını təqdim edəndə Azərbaycan bu məsələnin artıq tarixdə qaldığını və razılaşma əldə olunduğunu saydı. Madrid prinsiplərinə görə, 5 il ərzində Kəlbəcər və Laçın boşaldılmalıdır. Ermənistan tərəfi yenə də bu məsələ ilə bağlı müzakirələri davam etdirmək istəyir».

E.Məmmədyarov deyib ki, Kəlbəcər və Laçın tarixdə heç vaxt Dağlıq Qarabağın tərkibində olmayıb:

«Ona görə bu rayonlar da birmənalı olaraq digər 5 rayon kimi Azərbaycana qaytarılmalıdır. Biz hesab edirdik ki, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl və Laçının cənub hissəsi birinci mərhələdə Azərbaycana qaytarılmalıdır. Kəlbəcər və Laçına gəlincə, Ermənistanda Robert Koçaryan prezident olanda təklif edirdi ki, bu rayonlar 10 ilə qaytarılsın. Biz isə 1 il təklif edirdik. Sonra Serj Sərkisyan gəldi, 7 il təklif etdi. Azərbaycan isə 3 il müddətin üzərində dayandı. Həmsədrlər isə 5 il təklif etdilər. Azərbaycan tərəfi buna razılıq verib. Biz inanırdıq ki, Ermənistan rəhbərliyi də buna razılıq verəcək. Ancaq prezidentlərin Soçi və Sankt-Peterburq görüşündə ermənilər yenidən bu məsələyə qayıtdı».

Dağlıq Qarabağın statusunun necə müəyyənləşdiriləcəyinə gəlincə, XİN başçısı deyib ki, danışıqlar zamanı Ermənistan Dağlıq Qarabağda referendum keçirilməsini təklif edib:

2007-ci ildən prezidentlərin 9 görüşü olub
«Biz isə bildirmişik ki, Azərbaycan Konstitusiyasının 3-cü maddəsinə əsasən, referendum bütün ölkə ərazisində keçirilməlidir. Lakin bizdə rəy sorğusu da var və hüquqi qüvvəyə malikdir. Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək üçün erməni icması ilə birgə Azərbaycan icması da mövqeyini bildirməlidir».

«Azərbaycanlılar Dağlıq Qarabağa qayıdanda yenə azlıqda qalacaqlar. Rəy sorğusunun sonunda referendum keçirilməsi məsələsinin ortaya çıxacağından ehtiyat etmirsiz ki» sualına E.Məmmədyarov belə cavab verib:

«Masada olan prinsiplərə əsasən, Dağlıq Qarabağda rəy sorğusu keçirmək üçün xüsusi bir komitə yaradılacaq. Komitədə azərbaycanlı və erməni nümayəndələri ilə yanaşı Minsk qrupu həmsədri olan ölkələr də təmsil olunacaq. Orada konsesus əsasında hansı sualların rəy sorğusuna çıxarılması, bunun necə keçirilməsi müzakirə olunacaq. Bu məsələlər sonrakı mərhələyə qalır. Çünki indi bunu etmək heç cür mümkün deyil. Orada etnik təmizləmə olub. Azərbaycanlılar ora qayıtmalıdır. Qayıdandan sonra isə «Kalaşnikov» avtomatının altında rəy sorğusu keçirmək mümkün deyil. Bunun üçün orda sabitlik, demokratik mühit yaradılmalıdır».

Elmar Məmmədyarovun Qarabağ danışıqlarının gedişi haqqında jurnalistlərə dediklərini burada dinləyin:

XS
SM
MD
LG