Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:32

Yol polisinin təhdid etdiyi sürücü tapıldı


Şərbaz Polis
Gözlə
Embed

No media source currently available

0:00 0:00:00 0:00
HƏM DƏ SƏNƏD-SÜBUTLA

«10 ED 481. Məni saxlayan dövlət yol polisi əməkdaşının avtomobilinin nömrə nişanı beləydi».

Bunu sürücü Hamlet İdrisov deyir. O Hamlet İdrisov ki, Dövlət Yol Polisinin əməkdaşı ilə onun dialoqunun videogörüntüsü bir qədər əvvəl youtube-da yerləşdirilmişdi.

Sürücüylə polis əməkdaşının mübahisəsi onunla nəticələnmişdi ki, polis əvvəlcə Hamlet İdrisovu dövləti təhqir etməkdə şərləmişdi, sonra da poqonunu cırdığını demişdi. Ardınca da əlavə etmişdi ki, «gör sənin başına nə oyun açacam». Amma sürücü kefini pozmadan «çəkiliş aparırıq, poqonun da yerində» deməklə kifayətlənmişdi.

Həmin görüntü ilə bağlı DYP-nin şöbə rəisi Kamran Əliyevsə AzadlıqRadiosuna bildirmişdi ki, bu quraşdırma səhnəyə bənzəyir. Və bunu da demişdi ki, bu görüntü real olsaydı, ən azından patrul avtomobilinin nömrəsini və ya inspektorun döş nişanını çəkərdi.

Bütün bunlardan sonradan xəbər tutan sürücü Hamlet İdrisov isə deyir ki, avtomobilin də nömrə nişanını da, polisin döş nişanını da qeyd eləyiblər.
Hətta bu məlumatları iki il öncə DYP rəhbərliyinə ünvanladıqları şikayətdə də göstəriblər. O ki qaldı, saxtakarlıq məsələsinə:

«Saxta çəkiliş deyil. Bu hadisəylə bağlı 102-yə də zəng eləmişəm. Mənim şikayətimə DYP-dən cavab da yazıblar. Amma məni qane edən cavab olmayıb. Hadisə də olub 2008-ci il avqustun 24-də. Yalandan polis mənə deyir ki, radara düşübsən».

POLİSLƏ QAÇDI-TUTDU

Sürücü deyir ki, polislə az qala qaçdı-tutdu oynayıblar. Protokola imza atmadığını görən DYP əməkdaşı iki dəfə sənədlərini götürüb qaçıb. Birinci dəfə polis əməkdaşı onun boş kağıza qol çəkməsini istəyib. Əsas da o götürülüb ki, Bakı-Quba yolunun 7 kilometrliyində nişan tələbini pozub.

«Protokolu verdi ki, qol çəkin. Dedim ki, sübut elə görüm inzibati xəta etmişəmmi? Boş kağıza qol çəkdirmək istəyirdi. Axı mən uşaq deyiləm. Dedim ki, o zaman protokolda şikayətimi qeyd edəcəyəm. O zaman yanındakı adam sənədi götürüb qaçıb».

Sürücünün sözlərinə inansaq, polis əməkdaşları ilə yalnız üç kilometr yol qət edəndən sonra, Bakı-Xırdalan yolundakı «ekologiya postu» kimi tanınan ərazidə yenidən qarşılaşıblar. Yenidən söhbət etmək istəyiblər. Və çəkiliş də o zaman aparılıb:

Kamran Əliyev
«Yenə də şər etdi ki, dövləti təhqir etdin, poqonumu cırdın və sairə…»

PROTOKOL BİR GÜN SONRAKI TARİXƏ İMZALANIB

Hamlet İdrisov bunu da söyləyir ki, əslində saxtakarlığı o yox, başqaları edib. Hadisə avqustun 14-də baş versə də, protokol nədənsə bir gün sonra tərtib olunub. Bir neçə gün avtomobilin sənədləri və sürücü vəsiqəsi DYP-də qalıb.

«İcraçı Əsgərov çağırdı bizi, ərizə yazmışdım. Amma yenə də guya bizim günahkar olduğumuzu dedilər. Hadisə avqustun 14-də olub, amma 15-nə yazıblar… Qardaşım, mən ordan ayın 14-də keçmişəm, necə olur bu? Ramiz Zeynalovun imzası ilə cavab da verilib mənə. Bax, sənəd də əlimdədir. Mən buna məəttəl qalmışam, saxtakarlığı onlar eləyiblər…»

DYP: AVTOMOBİLİN NÖMRƏSİNİ DÜZ DEMİRLƏR

Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevinsə ilk sualı bu olur ki, çəkilişi niyə iki il sonra üzə çıxardıblar?

Çəkilişi aparan sürücünün qardaşı Tariyel İdrisovdur. O deyir ki, bu çəkilişdəkilər Azərbaycan dövlətinin imicinə mənfi təsir göstərə bilər deyə, bunu nə televiziyalara ötürmək, nə də internet məkanına yerləşdirmək istəyiblər. Bundan başqa, qardaşı bir neçə gündən sonra DYP-yə gedərkən problem yoluna qoyulub deyə, bu işin ardınca düşməyiblər. Dediyinə görə, hətta Dövlət Yol Polisində onlardan üzr də istəyiblər. Və qardaşı cüzi miqdarda cərimə ödəməklə məsələ birdəfəlik xətm olunub. Amma telefondakı görüntünü dost-tanış bir-birinə ötürə-ötürə beləcə günün birində youtube-a yerləşdiriblər.

«Vicdanlı polis adamları da var, haqqına danışaq. Amma belələri çoxluq təşkil edir. Dövlət bu ünsürləri aradan qaldırmağa çalışsa, yaxşı olar. Bu çəkiliş də saxta deyil. Bunu inkar eləmək olmaz. Bu olan işdir».

DYR rəsmisi Kamran Əliyevsə deyir ki:

«Əvvəla avtomobilin nömrəsini düz demirlər. Bu seriyada bizdə avtomobil yoxdur. Əgər elə bir şey varsa, təkrar müraciət etsinlər. Görüntünü də, adlarını da, avtomobillərini də, sənədlərini də təqdim etsinlər. Biz də araşdıraq. Desinlər hansı vaxtda, harda olub. Bizdə hansı gündə kim harda, hansı inspektor, hansı avtobildə xidmətdə olub, Allaha şükür qeydlərimiz var. Sadəcə, bizə müraciət etsinlər…»

EKSPERT: ÇOXDAN DAXİLİ TƏHQİQAT APARLIMALIYDI

Keçmiş polis rəisi Mahmud Hacıyevsə bu fikirdədir ki, əslində DYP və ya Daxili İşlər Nazirliyi çoxdan daxili təhqiqata başlamalıydı. Çünki bu görüntü polisin, DYP-nin imicinə ciddi zərbə vurur.

Mahmud Hacıyevə görə, bu məsələni araşdırmaq bir su içim kimi asan məsələdir. Əvvəla hadisənin iştirakçısı adını, soyadını deyirsə, əlində DYP rəhbərliyindən sənəd-sübut varsa orda necə saxtakarlıq ola bilər. Bu məqsədlə üzləşmə aparıla, izahat alına bilər, hətta videogörüntünü ekspertizadan keçirmək olar:

«Quramadırsa, bu təşkilatın imicinə zərbə gətirir. Dövlət Yol Polisi bununla bağlı dərhal məhkəməyə müraciət edə bilərdi ki, siz bizim işgüzar nüfuzumuza zərbə vurursuz, şantaj edirsiz. Vermirlərsə, demək ki, razılaşırlar».
XS
SM
MD
LG