Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:09

Sevinc Pərvanə. “Çörək…iş…Qarabağ” (Hekayə)


Qapımızın sonuncu qara toyuğunu da atam kəsmək istəyəndə nənəm ağladı. Nənəm bütün günü toyuqlarla oynayırdı.

Yeznəsi təzəcə rəhmətə getmişdi. Qızının dərdini unutdururdu.

Əmimoğlunu çağırtdırır, lazım oldu-olmadı həyətdə su quyusu qazdırırdı.

Evin arxasındakı nəcislə çoxdan dolmuş tualetin də yerini dəyişdirtdi. Atamın başının üstündə durub əmrlər verdi ki, tualetin taxtaları da çürüyüb.

Dədən öləli on beş il oldu, bu taxtaların da zayı çıxıb. Əmimgil daşdan dəbə uyğun tualet tikmişdilər, köhnə taxta tualetlərini nənəmə verdilər.

Atam deyinə-deyinə tualeti yenilədi nə isə ki… Anam yaxın Cəlilabad rayonuna gedib-gəlirdi mal dalınca.

Yollarda adı da çıxmışdı, canı da.

Vəziyyətimiz pis idi. Atam gedib-gəlib nənəmin toyuqlarını kəsir, anamınsa 3-4 qramlıq qızıllarını alıb dəyərindən də ucuza verirdi. Əvvəl -əvvəl nənəm toyuqların kəsilməyinə bir söz demirdi.

Amma sonra.

Nənəm görəndə ki, qapıda axsaq cücə də qalmadı… başladı mübarizə aparmağa. Toyuq-cücə bərəkətdir, ayağı qapıdan üzülsə, hər şey nissə çəkiləcək deyirdi.

Səhər yeməyimizi adətən yumurtaynan ödəyirdik.

Toyuqlarımız kürt düşəndə də nənəm yazıqların yatdığı yeri dağıdır, gedib-gəlib başlarını soyuq suya salırdı ki, ayılsınlar.Əvvəla, toyuğun altına qoymağa yumurta nə gəzirdi.

Həm də boş-boşuna kürt yatmaqdansa, ayılıb təzədən yumurtaya düşsünlər deyə nənəm belə eləyirdi. Belə hallarda, toyuqlarımıza yazığım gəlirdi.

Xoruzumuzu da atam toyuqlara toy tutmazdan əvvəl nənəm qurban kəsdirmişdi. Xoruzlu yumurtalar olmadığından da toyuqları kürt yatmağa qoymurdu nənəm.

Süfrəmizdə pendirin varlığından söhbət belə gedə bilməzdi.

Bir dəfə atam haradansa o vaxtlar yeni-yeni tanıdığımız Sana yağı gətirdi bir qutu. Əlimin içi kimi əmin idim ki, oğurlamışdı. Səhər-axşam-günorta çörəyin üstünə Sana yaxıb yeyirdim.

O qədər kökəlmişdim ki… Qonşular üzümə vurmağa başladılar. İlin-günün bu vaxtında kökəlmək nə demək idi? Çörəyi zavodda işləyən qonşumuz keçəl Şakir nisyə verirdi qonşulara. Həm də ancaq səhər saat 7-yə qədər.

Anam hər sabah 7-nin yarısında məni yuxudan ayıldırdı ki, gedim çörək növbəsinə. Hər dəfə də cəmi üç çörək verirdi Şakir. Bütün qonşulara çatsın deyə.

Anamgil özləri ancaq pulu verəndə gedirdilər təbii ki, şeşələnə-şeşələnə.

Keçəl Şakirin qapısında hər sabah boynunu burub durmaq boynumun borcu idi. Təsəllim bu idi ki, əmimqızının yaraşıqlı qaynı Ramazan da mənimlə bir vaxtda çörək almağa gəlirdi.

Cəmi on iki yaşım olduğuna görə Ramazanın sevgisi üçün heç bir şansımın olmadığını bilirdim.

Amma olsun. Xəyalını qurmaq da günah deyildi ki…

Evdəkilərdən eşitmişdim Ramazan “oblavadan ” gizlənir. Onu qapıdan soruşsalar, bacadan qaçır.

Ramazanın yerinə gözüm dörd olurdu ki, birdən onu tutub apararlar. Bilirdim ki, dayım da “oblavanın” əlindən qaçıb Rusiyaya.

Axırda Ramazan da getdi dayımın dalınca. Əlbəəttə, istəyirdim Ramazan da Rusiyaya getsin, amma ölməsin.

Atam qara toyuğun başına bıçaq çəkmək istəyirdi ki… nənəm əlində çəliyi peyda oldu. Evdə bişirməyə heç nə yox idi. Nənəm azaylandı ki, heç olmasa gündə bir yumurta götürüb nəvələrimə bişirirəm.

Üç uşağı bir yumurta doyuzdurmasa da, yenə bir şey idi də. Ürəyimizə qüvvət verirdi.

Nənəm haqlı idi. Bir dəfə balaca qardaşım acından ağlayanda nənəm dözmədi. Əlini salıb qara toyuğun arxasından hələ formalaşmamış yumurta çıxartdı.

Nənəm türkəçara idi. Əlindən hər şey gəlirdi. Ara-sıra bizə qonum-qonşulardan qıçı-qolu sınan, doğmayan arvadlar gəlirdi.

Nənəm deyəsən onlara şəfa verirdi ki, gəlirdilər. Bir də gördün birisi gəldi, nənəm deyirdi, bala qaç bir tikə çörək, bir dənə də xörək qaşığı gətir.

Çörəyi iki bölürdü. Qaşığa sap bağlayıb dodağının altında nə isə danışırdı.

Əgər qaşıq hərəkətə gəlirdisə pasiyentinə deyirdi: “Hə, səni əmin Rzanın ruhu tutub. Quran istəyir.” Başqa birisinin ölüsü bir qazan aş istəyirdi.

Əvvəllər gələnlər pul gətirirdilər özləriylə. Vəziyyət pisləşəndən sonra gələnlər bir də görürdün üç yumurta götürüb gəlib. Nənəm heç kimi naümid qoymurdu.

Hamıya əlindən gələn köməyi edirdi. Elə bil Hippokrat andı içmişdi.

Qara toyuq kəsildi. Nənəm atamın üstünə cumub əlindəki çəliyi onun kürəyinə-başına vurmağa başladı.

“Yekə kişisən, canın çıxsın get işlə, yük daşı, yer bellə. Arvad-uşağını saxla.” Atam birdən nənəmi özündən kənara itələdi.

Nənəm yıxıldı, başı turbaya dəydi. Arvad özündən getdi. Qaçdım telefona. Əvvəl əmilərimi, sonra təcili yardımı çağırdım.

Nənəm özünə gələnə qədər əmim polisə səbəbkarın atam olduğunu demişdi. Nənəmin yalandan özüm yıxılmışam sözlərinə heç kim inanmadı. Şahid kimi məndən soruşdular.

Gözüm atama sataşdı, nənəmi qucaqlayıb ağladım. “Uşaqdan əl çəkin, o, burda deyildi”-deyə nənəm məni elə bir intizardan qurtardı ki, ömrüm boyu unutmaram. Allah ona qəni-qəni rəhmət eləsin.

Atam əmilərimin qorxusundan polislə getməyi özü də istəyirdi. Bir də eşitdik ki, atam Qarabağa gedib.

Nənəm babamın şəklinin önündə diz çökür, “belin qırılaydı ay kişi, qarnım yırtılaydı ay kişi” deyə fəryad çəkirdi.

Bilmirdim atam Qarabağa getdiyi üçün yasa batım, yoxsa müəllimlərimin, yoldaşlarımın yanında öyünüm.

Üç aydan sonra atam evimizə gəldi. Gözlərimizə inanmırdıq. Nənəm atamı duz kimi yalayırdı, danlayırdı ki, bu axmaqlığı niyə elədi.

“Məni tutacaqdılar. Boynuma da çoxlu iş qoyurdular. Əksəriyyətini də eləməmişəm. Dedim könüllü gedirəm Qarabağa. ”

Nənəmin birdən qorxudan gözləri böyüdü. “Ay bala, birdən qaçıb eləyərsən ha. Evimi yıxarsan. Tutarlar səni.”

Atam güldü. “Az qorxmayın, silahı da təhvil verib gəlmişəm. Müharibə qurtardı. Day sülhdü”.

Sadəlövh nənəm “Qarabağı aldıq ay bala?”-soruşdu sevincək. “Əşi yox e… atəşkəsdi, day dava olmayacaq. Sevinmirsən, gəlmişəm?”

Nənəmin təzədən çiçəyi çırtladı. “Yox ay bala. Niyə sevinmirəm. Allah o kişini başımızın üstündən əskik eləməsin. Allah mənim ömrümdən kəsib onun ömrünə calasın” .

Çox çəkmədi dayım da, Ramazan da Rusiyadan qayıdıb rayona gəldilər. Ramazan əmimin o biri qızı ilə nişanlandı. Hirsimdən yenidən müharibənin başlanmasını istəyirdim.

www.kultaz.az
XS
SM
MD
LG