Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:09

Arif Qasımzadə "Qıfılbənd" (Hekayə)


Ələmdar kişinin yaşı olardı əlli, əlli beş arası. Az olar ki, çox olmaz.

Bu yaşına kimi çox şeylər görmüşdü, çox yerlər gəzmişdi, neçə - neçə ölkənin torpağını ayaqlamışdı. Indi də ömrünün kamillik çağını yaşayırdı.

Bir obyektdə müdir vəzifəsində canfəşanlıqla vuruşurdu. Vuruşurdu deyəndə sistemi elə qurmuşdu ki, hər şey İsveçrə saatı kimi dəqiqliklə işləyirdi.

Bu yaşda olanların böyük əksəriyyəti beləydi. Mühafizəkar olurlar. Nə qədər islahatçı ruhlu adam olursan ol, yenə də yaşlaşanda mühafizəkar olursan.

Axı başqa bir yolu da yoxdu. Şüurlu insan dərk edir ki, daha o əski cavanlıq bir də olmayacaq, bu qoca həyatda bir daha yaşamayacaq. Ona görə də nə etməli?

Heç olmasa bundan belə nə qədər ömrü var, nə qədər ki nəfəsi gedib gəlir, heç olmasa istədiyi kimi yaşasın. Bəli. Istədiyi kimi. Özü üçün. Ancaq özü üçün yaşasın.

Vallah, elə adamlar görmüşəm ki, çatıblar ahıl yaşa, hələ də əlləşib-vuruşurlar.

Nə bilim mal üçün, pul üçün. Sərvət, var-dövlət üçün. Misir fironları kimi elə bilirlər ki, hələ üç yüz il yaşayacaqlar, nə bilim özlərinin ikinci, üçüncü, “N”- inci həyatları olacaq. Yenə cavan olacaqlar...

Amma heç nə olmayacaq.

Bu bir insan ömrüdü. Bir dəfə verilir insana.

Vəssalam. Belələrinə ancaq demək olar : “zırrama”, “gönüqalın”, “iki eşşəyin arpasını bölə bilməyən” və sairə. Özünüz necə istəyirsiz adlandıra bilərsiniz.

Nə yaxşı ki, yaxından tanıdığım Ələmdar müəllim belə tip insan deyildi. Işini çox gözəl qurmuş, təşkilatçılığı ilə nadir olan bir insandı.

Kollektivdə hər kəs ondan razıydı. Bu isə az bir insana nəsib olan şeydi. Ömründə ola bilməz ki, hər kəs müdirdən razı qalsın.

Beş-on nəfər razı qalanda, böyük əksəriyyət narazı qalırdı. Ya da əksinə olurdu. Amma bir adam belə bu kollektivdə Ələmdar müəllimdən narazı qalmaz.

O böyüklə böyükdü, kiçiklə kiçik. Hamının nəbzini tutmağı bacarır. Yaltaqsifət insanlar kimi aşağı təbəqəli insanlarla bir cür, yuxarı vəzifəlilərlə başqa cür rəftar etmir.

O, hamıyla birsifətli insan kimi davranır, elə davranır ki, aşağılarda da, yuxarılarda da hörmət qazanıb.

Hörmətindən başqa işi, işgüzarlığı ilə də seçilir. Əgər belə olmasaydı onu bu böyüklükdə obyektə müdir qoyarmıydılar ?

Həmişəki kimi səhər saat doqquzdur, artıq Ələmdar müəllim kabinetindədir.

Çayçı qız çayını gətirmiş, stolun üstündə buxarlanırdı. Ələmdar müəllim çaydan bir – iki qurtum alıb, əlindəki kitabı nəzərdən keçirirdi.

Bir şeyi deyim ki, o, həm də, böyük ədəbiyyat həvəskarıdır.

Boş vaxt tapan kimi mütaliə ilə məşğul olur.

Bu bir çoxlarının dediyi kimi, ona nəinki “başıaşağılıq” gətirir, əksinə “başıuca” edir. Işlətdiyi sitatlar, sözlər, hikmətlərlə söz döyüşündə, dialoqlarda, iş görüşmələrində həmişə “rəqiblərinə” qalib gəlib bu adam.

Xüsusilə aşıq ədəbiyyatını çox sevər.

Əsasən də, aşıq deyişmələri olan qıfılbəndlərdən ötrü ürəyi gedər.

Indi də oxuduğu Aşıq Ələsgərlə Aşıq Bəhrəmin deyişməsinə aid olan bir qıfılbənd idi. Ələmdar müəllim çaydan ləzzətlə bir – iki qurtum da içdi, bərkdən oxumağa başladı :

“Aşıq Ələsgər:
Məğrurluq eyləyib ustadam deyən,
O hansı ağacdı, tağı yeddidi?
O ağacda bir quş yuva salıbdı,
Çarpaz sinəsinin dağı yeddidi.”

...Qəfil gələn zəng Ələmdarı təmiz dilxor elədi. Necə də eləməsin. Kişi bir – iki dəqiqə bundan əvvəl göyün yeddinci qatındaydı.

Bu “mərdimazar” kimiydisə, onu elə bil götürüb çırpmışdı kəllə - mayallaq yerə.

Ona görə də, kitabın qaldığı yerdə səhifəsini itirməmək üçün həmin yerə bir parça ağ kağız əlavə elədi, kitabı qatlayıb bir kənara qoydu. Hirslə telefonu götürdü. Bütün hirsini tökdü xəttin o biri başında olana:

- Kimdi, qızım? Nə istəyirlər?

- Gecə bir problem olub, sizə hesabat vermək istəyirlər, Ələmdar müəllim.

Bu onun katibəsiydi və Ələmdar müəllim ona həmişə “qızım” deyə müraciət edərdi.

- Calaşdır qızım! – dedi.

Xəttin o başından səs gəldi.

- Sabahınız xeyir, Ələmdar müəllim. Gecə olan bir problemə görə...

- Xəbərim var, keç mətləbə.

- Müəllim, gecənin bir aləmində sənədlərin buraxılmasına məsul olan Kərim Qədirli işə vaxtında gəlməmiş, onun günahı üzündən sənədlər düz üç saat gecikmişdir.

Nəticədə yüklərimiz təyinat məntəqəsinə gecikmə ilə çatmış, şirkət olaraq ayağımıza cərimə yazılmışdır...

- Qədirli indi hardadır ?

- Ələmdar müəllim, mühafizə xidmətinə tapşırmışdım ki, buraxmasınlar. Amma onlara müqavimət göstərib...

- Qaçıb?

- Yox, hara qaçacaq, bizdə “şkaf Əli” var, qolların burub, otuzdurub nəzarət buraxılış məntəqəsində. Başının üstündən də ayrılmır.

- Hə o şkafa de Qədirlini təcili yanıma gətirsin. – dedi və telefon dəstəyini yerinə qoydu...

...Qapı astaca döyüldü. Ələmdar müəllim - bəli, - dedi, - buyurun.

Içəriyə əvvəlcə gecə növbətçisi Qəribov, arxasınca “müttəhim” Kərim Qədirli daxil oldular. Günün qəhrəmanına çevrilmiş “şkaf Əli” isə ən sonda gəldi.

O, elə bil ki, cəllad idi və müqəssirimiz Qədirlini asmağa yaxud da boynunu vurmağa gətirib. Onun üçün fərqi yoxdu sanki, təki öldürmək olsun.

Bu situasiyada o Ələmdar müəllimə ancaq və ancaq “qəssab” təəssüratı yaratmışdı.

Uca boyu, enli kürəkləri, iri muskulları, qadın döşləri kimi şişib partlayan sinəsi ilə onu ancaq şkafa yox, əzəmətli pəhləvanlara da oxşatmaq olardı.

Yaxud da, əynində ağ xalat olsaydı, o yüz faiz qəssaba oxşayardı.

Ələmdar müəllim bir də onu gördü ki, “qəssab Əli” əynində ağ xalat, üstü-başı qana bulaşıq, sağ əlində iri balta ət doğrayır.

Bu cəfəng fikirləri başını yırğalamaqla dağıdan Ələmdar müəllim “şkaf Əliyə” işarə elədi ki, gedə bilər. O öz funksiyasını layiqincə yerinə yetirmişdi.

Sonra o, gecə növbətçisi Qəribova və “əsərin qəhrəmanı” olan Kərim Qədirliyə əli ilə işarə edib əyləşməyə yer göstərdi. Qəribov on ildən çoxuydu ki, bu müəssisədə işləyirdi, indiyə kimi belə böyük problemi çıxmamışdı.

Bir “uşağa” görə söz götürmək istəmirdi. Hətta Ələmdar kimi insandan belə. Ələmdar müəllim də onu yaxşı tanıyırdı.

Bilirdi ki, gecə-gündüz məqsəd üçün vuruşanlardan biridir.

O ki, qaldı bu “uşağa”, o həqiqətən də balacaboylu, arıq, çəlimsizin biriydi, amma di gəl ki, dili metrə yarımdı. Boynunda xalis qızıldan boyunbağı vardı, adamın gözünü qamaşdırırdı.

Bu ansamblı tamamlamaq üçün qoluna da qızıl qolbağ taxmışdı.

Hər dəfə danışanda da qolunu yellədirdi ki, bu qızıllarını nümayişkaranə adamın gözünə soxsun. Indi də belə elədi. Heç bir zaman müdafiə taktikası olmayan Napaleon kimi hücuma keçdi Qədirli :

- Siz heç bilirsiz neynirsiz?

- Neyləmişik ki? – dedi Ələmdar müəllim.

- Başqa bir insana təzyiq göstərmisiz.

- Bəs nə etməliydik? Bu gecikməni, bu cərimələri kim ödəyəcək bəs, hə?

- Mən nə bilim kim ödəyəcək, heç bilirsiz mən kiməm?

- Kim olursan ol, işi vaxtında görmək lazımdı...

Qədirli başqa müəssisənin işçisi idi deyə, Ələmdar müəllim çox üstünə gedə bilmirdi.

Uzaqbaşı onun böyüyünə zəng edib işçisinin dəyişdirilməsini tələb edə bilərdi. Onlar sənədləşmə işinə cavabdehlik daşıyırdılar. Gecikmə barədə söhbət belə ola bilməzdi. Götürüb mühafizə xidmətinin rəisinə zəng vurdu :

- Bundan sonra göstəriş ver tabeçiliyində olanlara, Kərim Qədirlini qapıdan içəri buraxmasınlar. İndi onların müdiri ilə də danışacam.

- Oldu. – dedi, mühafizə rəisi.

Ələmdar dəliyə dönmüşdü. Özündən yuxarı instansiyalara zəng etmiş, hadisəni olduğu kimi çatdırmış, nə qərar verilməsi barədə onların zəngini gözləyirdi.

Həyəcanından yerində otura bilməyib, on-on iki kvadrat metrlik otaqda deyinə - deyinə var gəl eləyirdi. Öz özünə deyinirdi :

- Kimi gəldi göndərirlər.

- Bu nə özbaşınalıqdır.

- Indi mən səni rədd eliyim, sən də bax.

- Buna bax, uşaqlığıynan mənə nömrə gəlir...

Qədirli isə, heç bir şey olmayıbmış kimi, laqeydcəsinə elə bil ki cavab verirdi : “eh, qoca şir, sən hələ məni yaxşı tanımırsan...”

Qəfil gələn zəng Ələmdar müəllimi həyəcandan, Qədirlini isə burda boş-boşuna saxlamaqdan qurtardı.

Ələmdar müəllim dəstəyi götürən kimi xəttin o başındakının kim olmasının fərqinə varmadan - bağla qızım, - dedi. Zəng vuran yuxarıdan idi, özü də məsul şəxslərdən biri. O az qala qışqırırdı :

- Ələmdar müəllim, neynəmisiz ? Heç bilirsiz o kimdi ?

- Mən sadəcə...-dedi Ələmdar.

- Nə sadəcə ay kişi. Səni də məni də sadəcə eliyib göndərərlər o dünyaya.

- İşdən başqa...

- O filankəsin oğludu biləsən. – böyük bir adamın adını çəkdi.

- Deməli.

- Hə deməli, yola verməlisən, sonbeşik ərköyün oğlun kimi davranmalısan. Xətrinə dəyməməlisən.

- Aha.

- Məni başa düşdün də...

- Bəli, bəli. Başa düşdüm...

Telefon dəstəyini əsəbiliklə yerinə çırpdı. Qədirliyə baxdı. O, öz keyfindəydi...

Ələmdar müəllim adətinə xilaf çıxıb ilk dəfə basılmışdı, söz altda qalmışdı. İş gününün axırına yaxın səhər – səhər oxuduğu kitabı yenidən əlinə götürüb, qaldığı yerdən davam etməyə başladı :

Aşıq Bəhram:
Ustadam deyənlər məğrur olmasın,
Cəsəd damarının səri yeddidi.
Sinə yuvasında məskən salıbdı,
Ürək bir quş olsa, pəri yeddidi. ”
XS
SM
MD
LG