Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:48

İslam fundamentalizminin nəyi qorxuludur?


Altay Göyüşov
Altay Göyüşov
Radikallığı, cihadı, terroru məqbul bildiyi deyilən İslam fundamentalizmi ideyası necə yaranıb? Dövlət və cəmiyyətdən hansı boşluqlar bu ideyanın yayılmasına təsir göstərir? Azərbaycan bu təhlükə varmı?

AzadlıqRadiosunun «İnternyus-Azərbaycan» təşkilatı ilə birlikdə hazırladığı «İslam və demokratiya» proqramında məhz bu suallar ətrafında müzakirə açılıb.

Bu ideyanın yaranması tarixindən danışan tarixçi-alim Altay Göyüşov deyir ki, 18-ci əsrdə - müsəlman dünyası ilə Qərb aləmi üz-üzə gələndə İslam dininin intellektualları əski əzəmətlərini qaytarmaq yollarını axtarmağa başlayıblar:

«Onlar fikirləşirdilər ki, vaxtilə bizdən öyrənib elmə sahib olanlar indi niyə bu qədər gücləniblər ki, onlara müqavimət göstərə bilmirik? Onlar belə düşünüblər ki, öz keçmiş əzəmətlərini bərpa etmək üçün İslamın fundamentinə, peyğəmbər dövrünün ədalətinə qayıtmalı, bu ideyalara yenidən sahib çıxmalıyıq».

DİNİ QAYDALARI ZORLA TƏTBİQ ETMƏK – FUNDAMENTALİZM?

A. Göyüşovun sözlərinə görə, fundamentalizm ideyasının tətbiqində iki yanaşma növü olub. Birincisi - İslamı qorumaqla Qərbin nailiyyətini də tətbiq edərək inkişafa getmək, ikincisi isə bu günün nailiyyətlərindən imtina edib, yenidən orta əsrlərin formal qaydalarını tətbiq etməkdən ibarət olub.

«Bəzən bu qaydaları qəbul etmək istəməyən insanlar üçün belə cəmiyyətdə yaşamaq çətinləşir. Əfqanıstanda Taliban öz dini baxışlarını bütövlükdə cəmiyyətə tətbiq etmək istəyirdi. Yaxud İranda dini fərqlərə məhəl qoyulmadan qadın baş örtüksüz gəzə bilməz. Bu, dini qaydaların zorla tətbiqidir. Bax, bunu fundamentalizm adlandırırlar».

İSLAM GÖZƏLDİRSƏ, FUNDAMENTİ NİYƏ PİS OLSUN?

DEVAMM-ın rəhbəri hacı İlqar İbrahimoğlu isə İslam fundamentalizmini Qərbdə yaranan termin adlandırır. Və bu terminin əsl inanclı insan üçün qorxulu olmadığını deyir.

İlqar İbrahimoğlu
«Əgər insan islam Quranla yaşayırsa, peyğəmbərin, imamların buyurduqlarını edirsə, dünya görüşünü Allahın dediyinə uyğun qurursa, qorxulu bir şey yoxdur. Bəs fundamentalizm deyəndə kimi və nəyi nəzərdə tutub təhlükə görürlər? Bu ifadənin özünü sual altına almaq lazımdır. İslam öz gözəldirsə, bunun fundamentin yaşatmaq niyə pis olsun ki?»

TERRORUN DİNLƏ ƏLAQƏSİ YOXDUR


Hacı İlqar deyir ki, terrorun, insan şəxsiyyətini alçaltmağın, radikallığın, zorakılığın dinlə əlaqəsi yoxdur. Və İslam fundamentalizmi terminin bu qanunsuzluqlarla əlaqələndirəndə ehtiyatlı olmaq lazımdır. Din pərdəsi altında müasir cəmiyyətdə hansı təhlükələr yarana bilərsə, bunları qeyd etmək lazımdır.

Azərbaycan İslam fundamentalizminin yayılmasına gəlincə, Hacı İlqar İbrahimoğlu deyir ki, istənilən yerdə ədalət prinsiplərinin pozulması, savadsızlıq, insan haqları və azadlıqlarının pozulması, diskriminasiyanın olması radikal və ekstremist təfəkkürlü insanlara spekulyasiya üçün imkan verir.

İDEOLOGİYANIN YAYILMASINA SOSİAL PROBLEMLƏRİN ROLU BÖYÜKDÜR


Altay Göyüşov da razılaşır ki, istənilən ideologiyanın yaranıb yayılmasında sosial və siyasi problemlərin rolu danılmazdır. Misal kimi Misiri göstərən alim deyir ki, bu ölkədə demokratik mühitin olmaması ordakı problemlərə yol açmışdı:

«İstər Azərbaycan, istərsə başqa yer olsun. Bu proseslər yalnız o cəmiyyətlərdə təhlükəli həddə çatır ki, orada demokratik ab-hava olmasın. Bəşər tarixi göstərib ki, demokratik cəmiyyətlərə nisbətən qapalı cəmiyyətlərlə radikallığın öz həddini aşması ehtimalı qat-qat çoxdur. Narazılıq çox olduqca, yaranan şərait ekstremizmin inkişafına təkan verilir».
XS
SM
MD
LG