Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:32

Mülki geyimlilər həbsdəkiləri də hədələyirlər


31 iyul aksiyası
31 iyul aksiyası
Müxalifətin son mitinqində- iyulun 31-də həbs olunanlar avqustun 3-də aclığa başlayıblar.

Bu haqda AzadlıqRadiosuna Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib.

MƏNTƏQƏDƏ ACLIQ


Onun sözlərinə görə, avqustun 2-də bir neçə mülki geyimli şəxs müxalifətçilərin saxlandığı kameraya girərək onları ağır ifadələrlə təhqir edib. Buna etiraz olaraq orda saxlananlar aclığa başlayıblar. Avqustun 3-də onlara aparılan yeməkdənsə imtina ediblər.

MÜLKİ GEYİMLİLƏR TƏCRİDXANAYA NECƏ DÜŞDÜLƏR?

Fuad Qəhrəmanlı deyir ki, diqqət doğuran başlıca məsələ mülki geyimli şəxslərin təcridxanaya necə girməsidir:

«Bu onu göstərir ki, Azərbaycan hakimiyyəti ən adi hüquq normalarını belə nəzərə almır, öz vətəndaşları ilə cəngəllik qanunları ilə haqq-hesab çəkməyə çalışır. Bu, vətəndaşlarla dövlət tərəfindən hüquqi deyil, zor dilində danışmağın təzahürüdür. Məncə, bu dəhşətli, yolverilməz bir presedentin başlanğıcıdır. Bu artıq dövlət səviyyəsində özbaşınalığın, azğınlığın, hüquqsuzluğun stimullaşdırılmasıdır.
Fuad Qəhrəmanlı
Artıq dövlət təcridxanasında saxlananın təhlükəsizliyinə təminat yoxdur».

MƏQSƏD?

Fuad Qəhrəmanlı deyir ki, həmin mülki geyimli şəxslərin kimliyi haqda məlumatsızdırlar:

«Əgər doğrudan da həbsxanaya daxil olurlarsa, deməli, bu, ən yuxarı səviyyədə sanksiyalaşdırılıb. Adi vətəndaşın ora girmək imkanı yoxdur. Məqsəd də müxalifətçiləri qorxutmaqdır. Onlar görürlər ki, müxalifətçiləri həbs etməklə, Qobustana aparmaqla onları yollarından döndərə bilmirlər».

EHSAN ZAHİDOV: «ÖZLƏRİNİ GÜNDƏMDƏ SAXLAMAĞA ÇALIŞIRLAR»


DİN-in mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov deyilənləri təkzib edir. Onun sözlərinə görə, təcridxanaya mülki geyimdə ancaq müstəntiq girə bilərdi. Ehsan Zahidova görə, müxalifətçilərin təhqir olunmasına isə əsas yoxdur.

Ehsan Zahidov
«Onlar niyə təhqir olunmalıdır ki? Məhkəmə hökmü var, cəzalandırılıblar. Cəzalarını da çəkib çıxacaqlar. Buna ehtiyac yoxdur. Uydurmadır. Özlərini necə deyərlər gündəmdə saxlamaq istəyirlər. O məqsədlə də aclıq keçirirlər».

PƏNAH HÜSEYN SORĞU GÖNDƏRƏCƏK

Müsavat və AXCP baş verənlərin araşdırılması üçün müxalifətçi deputatlara, həmçinin hüquq müdafiəçilərinə və Ombudsman aparatına müraciət ediblər. Hələ ki, hüquq müdafiəçilərindən həbsdəki müxalifətçilərə baş çəkən yoxdur.

İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov deyir ki, o, aclıq haqda bu gün məlumat alıb. Çalışıb avqustun 3 və ya 4-də həmin məntəqəyə gedəcək. Onların saxlanma şəraiti ilə tanış olacaq, eyni zamanda, aclığa başlayıblarsa, bunun səbəbini öyrənəcək.

O ki qaldı, müxalifətçilərə qarşı mülki geyimlilərin təzyiqlərinə, hüquq müdafiəçisinin deməyinə görə, həmin məntəqəyə kənar şəxslərin girməsi həqiqətən də mümkün deyil. İnzibati həbs olunanların məntəqəsinə ancaq hüquq-mühafizə orqanlarının əməkdaşları, hüquq müdafiəçiləri və vəkillər girə bilər. Amma bununla belə, hadisəni yerində araşdıracaq.

Pənah Hüseyn
Millət vəkili Pənah Hüseyn isə hadisəylə bağlı Daxili İşlər Nazirliyinə deputat sorğusu göndərməyə hazırlaşır. O inzibati həbsdə olanlara qarşı təzyiqləri istisna etmir:

«Mən dəfələrlə inzibati həbsdə olmuşam. Sözün doğrusu, elə hala rast gəlməmişəm. Bir qayda olaraq həbsdən sonra təzyiq qurtarır. Amma bu da var ki, 2003-cü il oktyabr hadisələri zamanı işgəncələr, təhqirlər, hədələnmə kütləvi şəkildə olub. İndi də belə hadisə olubsa, bununla bağlı sorğu göndərəcəyik. Maraqlanacağıq bununla…»

On nəfər iyulun 31-də bir neçə müxalifət partiyasının keçirdiyi mitinq zamanı həbs olunub. Onlardan yeddisi AXCP üzvü, ikisi müsavatçı və biri KXCP üzvüdür.
XS
SM
MD
LG