Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:37

Nərmin Kamal "Times Roman Az-Lat" (Romandan parça)


...Bakı varlıları bir oturuma üç teşt halva yeməkdən, başında on girvənkə qoz sındırmaqdan, bir qoyunun kababını təkbaşına aşırmaqdan mərcləşdilər.

Şəhərdə isə məhəllə-məhəllə aclıq və səfalət yayılır, qiymətlər saatbasaat bahalaşır, ərzaq qıtlaşırdı.

Bu vəziyyət kasıb və kədərli kişiləri məğlub etmiş, onları öz qüssəli taleləri ilə barışdırmışdı. Qadınlar isə aclıqla razılaşmadılar.

Üç gün sürən, bütün şəhəri basıb əhalini ayağa qaldıran qadın iğtişaşları belə bir əhvalatla başlamışdı.

Aleksandr Nevski bazarında kartof alarkən qiymət üstündə dükançı ilə mübahisə eləyən bir qadın yeşiyi satıcının başına çırpır.

Günəbaxan tumu ilə dolu olan torbanı vurub dağıdır və tapdalayıb əzişdirir.

Bunu gözləyirmiş kimi Bazar (indiki Hüsü Hacıyev) küçəsindəki yüzlərlə qadın da başlayır qarışıqlıq salmağa, qarşılarına çıxan varlıları döyüb soymağa.

Hücum eləyib meyvə, tərəvəz, baqqal, bəzzaz, çörək, qəssab dükanlarını talan eləyirlər. Qarışıqlıq Quba (indiki Füzuli) meydanı və Basin küçəsindəki dükanlara da çatır.

Qız uşaqları ətəklərinə iri daş-çınqıl yığıb analarına təhvil verirlər. Anaları da Səbzə Bazardakı taxta köşkləri, bazar-dükanı dağıdıb üstünə nöyüt töküb yandırırlar.

Hadisə yerinə atlı polis və yanğınsöndürmə dəstələri göndərilir. Polis birinci gün atəş açmağa cəsarət eləmir, ancaq ümumi hədə-qorxularla da izdihamın öhdəsindən gəlmək olmur.

Polismeystr və əlaltılarının bütün cəhdləri boşa çıxır. Qadınları və onlara yardım eləyən uşaqları su çənləri və yanğınsöndürən maşınlar dövrəyə alırlar.

Ona görə də yanğınsöndürənin nasosunu işə salmaq mümkün olmur. Yanğın dükanların işini bitirib evləri qarsıyır. Həyəcanlanmış izdiham polisləri daşa basır.

İzdiham Aleksandr Nevski ticarət cərgələrini və Bazar küçəsindəki mağazaları talan eləyib dağıdandan sonra üç dəstəyə bölünüb Bakının üç istiqamətində ətraf küçələrə hücuma keçir, qabağına çıxan ərzaq anbarlarını dağıtmağa başlayır.

Bir neçə min nəfərlik qadın seli “Metropol” (indiki Nizami muzeyi) mehmanxanası olan yerdə polis və atlı kazak dəstələrinin gözü qabağında başlayırlar zəngin mağazaların vitrin və qapılarını daşlayıb sındırmağa, balta ilə dəlmə-deşik eləməyə.

Ən iri ticarət mərkəzləri olan Rəhimov və Fərhadovun mağazalarını bir anda viran qoyurlar, bu iki dövlətlinin adamları qorxudan qayıqla dənizə çıxıb Jiloy adasına tərəf götürülürlər.

Qadınların dəhşətli, ağlasığmaz qiyamı gecə yarıya qədər davam eləyir.

İkinci gün, fevralın 15-də qadınlar böyük un, düyü və qənd mağazalarını, Skoblevin, çolaq Ağabala Quliyevin və Qlazovun nəhəng dəyirmanlarını, “Rus” və “Samolyot” gəmiçilik şirkətlərinin müxtəlif çeşidli mal anbarlarını talan eləyirlər, şəhərdəki bütün anbarları sındırırlar.

Təkərlər gicəllənə-gicəllənə yerə çökür, un və torpaq tozanağının birləşib-qovuşub yaratdığı duman köhnə şəhəri bürüyür.

Bu un-torpaq dumanı günlərlə şəhərin üstündə laxtalanacaq, elə görünəcək ki, guya Bakının boyu balacadı, buludlar da həddən artıq aşağıdan uçur bu şəhərdə...

Ac-yalavac qadınlar, qız və oğlan uşaqları şəhərdə 116 ərzaq, 68 paltar mağazasını basqınla əldə eləyirlər.

Mənbələrdə belə bir məzəli əhvalatdan da danışılır. Həmin gün bir dəstə qadın həyət tərəfdən “Metropol” mehmanxanasının restoranına girib yemək tələb eləyib, istədikləri o dəqiqə yerinə yetirilib.

Yeyib-içəndən sonra bayıra çıxan qadınlar qapıda dayanan şişman pristavı hop götürüb hırıldaya-hırıldaya o qədər atıb-tutublar ki, kişi huşunu itirib.

Şəhər böyük palçıq ləyənini xatırladırdı. Axşam Şimali Qafqazdan taxıl yardımı gələcəyinə dair yuxarılardan qəsdən şayiə yayılır.

Qadınlar sakitləşmirlər. Dövlətliləri “matişkə” deyib söyür, bir-birinə hava-hava verib üsyanı qızışdırırlar.

Ayın 16-da olan qarışıqlığı isə təsvirə çəkmək mümkün deyil. İki gün əvvəl olub keçənlər bütün bunlarla müqayisədə heç nə... “Ləngər vuran arvad kütləsi əlinə keçəni gecə yarıya qədər daşıyıb aparır, polis və atlı kazaklara daş yağdırırlar”.

Qadınları sakitləşdirmək əməliyyatına Qafqaz canişininin sərəncamı ilə Bakı general-qubernatoru rəhbərlik eləyib. Ancaq şəhərdə hərbi qüvvə az olduğundan 270 nəfər piyada, 160 nəfər atlı əsgərlə heç bir qələt eləyə bilməyiblər.

Sonra Bakıya təcili polis və əsgəri hissələr idxal olunub. Tiflisdən, Mahaçqaladan, Dərbənddən, Yelizavetpoldan, Şuşadan yüzlərlə polis və atlı kazak gətirilib.

Əlahiddə Qafqaz Qarnizonundan daha güclü qoşun, top-topxana...

Yoxa çıxmış şəhər qalabəyi Martınov Bakıya qayıdıb əməliyyata şəxsən özü rəhbərlik eləməli olur.

Qadınlar onu da daşa basırlar. Həmin vaxt Martınovun başından açılan qanı bir uşağın dili ilə belə təsvir eləmək olar: “Daş, baş, qan, püfff!”

Ən maraqlısı isə budur ki, sənədlərdə deyilir: “Mübarizəyə qalxan qadınlar şallaq və güllələrdən qorxub tərksilah olmamışdılar.

Onlar Bakı tacirlərinə, mağaza, anbar və dəyirman sahiblərinə ultimatum kimi bir bəyannamə ilə müraciət eləmişdilər:

”Siz ey rəhmsiz qaniçənlər! Yaddan çıxarmayın ki, belə bir qadın tufanı bir də qopa bilər.

O, daha dəhşətli, daha amansız və qəzəbli olacaq. Heç bir qüvvə qarşımızı kəsə bilməyəcək. Bütün dükan və mağazalar, anbar və dəyirmanlar dağılıb yerlə yeksan olacaq.

Qaniçənləri öldürəcəyik! Hamınız məhv olacaqsınız!"

"Yeni Müsavat"

XS
SM
MD
LG