Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:47

«Fərdanın telefondakı çəkilişi niyə araşdırılmadı?»


Dövlət Neft Akademiyasındakı qətliamda təqsirləndirilənlər
Dövlət Neft Akademiyasındakı qətliamda təqsirləndirilənlər
Avqustun 4-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Dövlət Neft Akademiyasındakı qətliamda təqsirləndirilən Nadir Əliyev, Cavidan Əmirov, Nəcəf Süleymanov və Ariz Qabulov son sözlə çıxış ediblər.

Nadir Əliyev son sözünü ağlaya-ağlaya deyib. O, özünü yalnız cinayət barədə bilə-bilə xəbər verməməkdə təqsirli hesab edib və hakimdən xahiş edib ki, barəsində hökm çıxarılarkən ona qarşı irəli sürülmüş digər ağır ittihamlara bəraət verilsin:

«Mənə istintaqda işgəncələr verirdilər, hər yerimdən qan axırdı, mənə deyirdilər ananı, xalalarını gətirəcəyik bura. Belə yollarla təzyiq elədilər, ona görə hara dedilərsə, qol çəkdim, bu adamların da adlarını onların işgəncələri altında yazmalı oldum. Məni başa düşün».

«ƏSL CİNAYƏTKARLAR AZADLIQDA GƏZƏCƏKLƏR VƏ GÜLƏCƏKLƏR Kİ...»

Nadir Əliyev son söz çıxışını başa vurmamış Cavidan Əmirov ayağa qalxdı və dedi ki, zərərçəkmişlər ölən övladlarının qanını pula satıblar. Əsl cinayətkarlar azadlıqda gəzir, onlarsa günahsız yerə ömürlük həbsə gedirlər:

«Bizim heç bir günahımız yoxdur, bunlar balalarının qanını pula satıblar, ortada biz günahsız yerə ömürlük həbsə gedirik. Əsl cinayətkarlar azadlıqda gəzəcəklər və güləcəklər ki, bizim yerimizə həbsdə yatan var».

Cavidan Əmirov sonra üzünü zərərçəkmişlərə tutaraq: «Niyə gedib balalarınızın qatillərini tələb eləmirsiniz? Bizim həbsdə yatmağımızla onsuz da balalarınızın ruhu şad olmayacaq», – dedi.

Cavidan Əmirova zalda əyləşmiş zərərçəkən Tariyel Məmmədov (qətlə yetirilmiş tələbə Taleh Məmmədovun atası) cavab verdi:

«Biz tələb eləmişik, sizi tutublar. Mən başqa heç nə bilmirəm. Bizə deyiblər ki, qatillər bunlardır».

«ERMƏNİ DEDİ Kİ, HEÇ YANA QAÇMAMIŞAM, GÜNAHIM VARSA, TUTSUNLAR»


Nadir Əliyev
Hakim zalda sakitlik yaradandan sonra Cavidan Əmirov son çıxışına davam edib:

«Bu qanlı cinayəti guya ki, Gürcüstan vətəndaşı erməni Mardun Qumaşyan sifariş edib. Cənab prokuror da dedi ki, erməni barədə iş ayrılıb, Gürcüstana göndərilib, guya ermənini İnterpol axtarır. Mənim vəkilim də sənəd toplayıb ki, erməni barədə heç bir iş ayrılıb Gürcüstana göndərilməyib, axtarışda deyil. O erməninin ifadəsi də var ki, nə məni tanıyır, nə Fərdanı, nə də bu cinayətdən xəbəri yoxdur. Özü də bəyan edir ki, Gürcüstandayam, heç yana qaçmıram, günahım varsa tutsunlar.

İttiham aktında yazıblar ki, guya mənim «AZİ»-də Ramin adında dostum oxuyur, onunla dekan arasında mübahisəsi düşüb, biz gəlmişik dekanı öldürməyə. 1 il 4 aydır o Ramin adında dostum kimdir, üzə çıxarmayıblar. Ortada belə bir adamın adı hallanır, özü isə yoxdur».

«FƏRDANIN TELEFONDAKI ÇƏKİLİŞİ NİYƏ ARAŞDIRILMADI?»


Cavidan Əmirov dedi ki, Fərda özü özünü telefona çəkərkən bu cinayətdə kimlərin əli olduğunu deyib. Ancaq nədənsə istintaq Fərdanın telefonla çəkdiyi çıxışını ümumiyyətlə araşdırmayıb:

«Fərda öz çıxışını telefona yazıb. Orda deməyib ki, mənə bu işlərdə Cavidan, yaxud o biriləri kömək edir. Özünüz də o çəkilişə baxdınız gördünüz ki, deyir ki, ona silah almaqda Serqo adında dostu kömək edib. O Serqo kimdir, onu tutsunlar, o erməni kimdir, onu tutsunlar». Sonra üzünü zərərçəkmişlərə tutdu: «Siz də bilin ki, balalarınızın qanını kim töküb. Mən günahsız yerə getsəm, onda sizin balalarınızın ruhu şad olacaq?»

«SİZƏ PUL VERİLDİYİNƏ GÖRƏ BELƏ SAKİT DAYANMISINIZ»

Qətlə yetirilmiş tələbələrdən biri Taleh Məmmədovun anası Südabə Nağıyeva əsəbiləşdi:

«Bayaq deyirsən ki, balalarının qanını satıblar. Kimə satmışam balamın qanını, sənə satmışam?»

Qətlə yetirilənlər
Cavidan Əmirov: - «Sizə pul verildiyinə görə belə sakit dayanmısınız. Gedin tələb eləyin, balanızın əsl qatillərini tutsunlar».

Təqsirləndirilən şəxslərlə zərərçəkmişlər arasında mübahisə yarandı. Hakim məhkəmə zalında sakitlik yaradandan sonra Cavidan Əmirov son sözünə davam edərək özünü günahsız hesab etdiyini dedi, məhkəmədən onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi.

Ariz Qabulovla Nəcəf Süleymanovun çıxışları isə qısa oldu. Onlar ayağa qalxaraq məhkəmədən bəraət istədilər.

Hakim dedi ki, məhkəmə istintaqı başa çatıb və məhkəmə yekun qərar qəbul etmək üçün müşavirəyə gedir. Məhkəmə iclası qeyri-müəyyən vaxtadək təxirə salındı.

2009-cu aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxs binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə «Makarov» tipli tapançadan atəş açmaqla 12 nəfəri qətlə yetirib. Sonra həmin silahla özünü vurub. İstintaq orqanı hadisəni törədən şəxsin Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğunu müəyyən edib. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.
Bu iş üzrə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov tutularaq məhkəmə qarşısına çıxarılıblar. Bu şəxslər Fərda Qədirovla əlbir olmaqda təqsirli bilinirlər. Prokurorlar Nadir Əliyevə, Cavidan Amirova və Nəcəf Süleymanova ömürlük, Ariz Qabulova isə 11 il müddətinə cəza istəyiblər. Onlar ittihamları qəbul etmirlər və bu cinayətdən xəbərsiz olduqlarını deyirlər.
XS
SM
MD
LG